Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2467/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi) «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-913/2021 saylı 14.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxxxx 1962-ci il tarixdə Ağdərə rayonunun İmarət-Qərvənd kəndində doğulmuşdur. Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar 1989-cu ildən 1991-ci ilin oktyabr ayınadək Ağdərə rayonunun İmarət-Qərvənd kənd özünümüdafiə dəstəsinin üzvü kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Barəsində hər hansı bir cinayət işi və ya təhqiqat materialı olmamışdır. Bu faktları sübut edən Tərtər RİH başçısının 20 iyul 2016-cı il tarixli 720 nömrəli arayışı, AR SHXÇÜDX Tərtər Rayon Şöbəsinin 10 noyabr 2016-cı il tarixli 829 nömrəli arayışı, Tərtər RİHB-nın Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin 21 iyul 2016-cı il tarixli 273 nömrəli arayışı, Tərtər Hərbi Prokurorluğunun 20 sentyabr 2016-cı il tarixli 19HP4452 nömrəli məktubu və 5 səhifədən ibarət olan Tərtər RİH-ə və AR SHXÇÜDX-nin Tərtər Rayon Şöbəsinə təqdim olunmuş adlı siyahı (həmin siyahıda iddiaçının və qardaşı X3 adları 1-2-ci sırada yazılmışdır) bu ərizəyə əlavə edilir. Qeyd olunan mötəbər və təkzibedilməz sənədlərə əsasən o, faktiki olaraq müharibə veteranı sayılır. Lakin faktiki olaraq müharibə veteranı sayılsa da, rəsmi olaraq «müharibə veteranı» adı və vəsiqəsi almadığından, müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də o, rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün əvvəlcə AR Müdafiə Nazirliyinə, sonra isə cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və üçüncü şəxs AR SHXÇDX-nin Tərtər Rayon Şöbəsinə dəfələrlə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Belə ki, üçüncü şəxs AR SHXÇÜDX Tərtər Rayon Şöbəsi 10 noyabr 2016-cı il tarixli 829 nömrəli rəsmi arayışı ilə onun 1989-cu ildən 1991-ci ilin oktyabr ayınadək Ağdərə rayonunun İmarət-Qərvənd kənd özünümüdafiə dəstəsinin üzvü kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etdiyini təsdiq etsə də, cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisinin imzası ilə ona cavab kimi göndərilmiş 6 mart 2020-ci il tarixli A/913 nömrəli məktubunda (ölkə ərazisində xüsusi rejimli karantin vəziyyətinin elan edilməsi ilə əlaqədar həmin məktub ona poçt vasitəsilə 30 mart 2020-ci il tarixdə çatdırılmışdır) bildirilmişdir ki, təqdim edilən sənədlər «müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə əsas vermədiyindən, sənədlər geri qaytarılır. Ona görə də o qeyd olunan imtina məktubunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. O, Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar 1989-cu il tarixdən 1991-ciilin oktyabr ayınadək Ağdərə rayonunun İmarət-Qərvənd kənd özünümüdafiə dəstəsinin üzvü kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etdiyindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsinin, bu zaman adının adlı siyahıda olmadığı əsası ilə imtina edilməsinin özü tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh inzibati orqan mübahisəli hüquq münasibətinin yarandığı həmin vaxt qüvvədə olan maddi hüquq normalarına, yəni «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən və AR Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə istinad etməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar çıxartmağa borclu idi. Lakin cavabdeh inzibati orqan onun ərizəsində iddianın qanuni əsasını göstərən halları (1989-cu il tarixdən 1991-ci ilin oktyabr Ağdərə rayonun İmarət Qərvənd kənd özünümüdafiə dəstəsinin üzvü kimi onun könüllü özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak edib-etmədiyini və adının könüllülərin adlı siyahısında olub-olmadıgını) hərtərəfli, tam və obyektiv araşdırmamış, ona münasibətdə mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarını, yəni «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsini və AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin müddəalarını tətbiq etməli olduğu halda, «İnzibati icraat haqqında» AR Qanunun 11.1, 16, 19.1, 12, 24, 45, 46, 47.1, 67.1-ci maddələri və İPM-nin 1-ci maddəsi, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi, 17 fevral 2011-ci il tarixdən qüvvədə olan «X8 haqqında» Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli 21-İVKQ №-li Konstitusiya Qanunun 85.1-ci maddəsinin müddəalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» AR Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Qərarının hüquqi mövqeyini tətbiq etməmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da cavabdeh inzibati orqanın imtina məktubunun qanunsuz və əsassız olduğunu təsdiq edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-913/2021 saylı 14.04.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: R.Kərimli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, qətnamənin əsaslandırıcı hissəsindən aydın olur ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndi və «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi ilə əsaslandırmışdır. Qərarın qanunsuz və əsassız olmasına dair birinci dəlili ondan ibarətdir ki, məhkəmə işin faktiki hallarını və hüquqi tərəfini obyektiv, hərtərəfli və tam araşdırmamış və bu səbəbdən də iş üzrə mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndini tətbiq etmiş, iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 24, 25, 60, 71, 125, 127, 129-cu maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «X2 şikayətinə əsasən» 9 iyul 2007-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Qərarlarında, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu şikayətdə göstərdiyi bir çox qərarlarında formalaşmış hüquqi mövqeləri tətbiq etməmiş, iş üzrə tətbiq etdiyi «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin, 1-ci bəndini isə düzgün tətbiq və şərh etməmiş, hüququn tətbiqində səhvə yol vermiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da birinci instansiya məhkəməsinin qərarının apelyasiya qaydasında ləğvi üçün əsasdır. Qərarın qanunsuz və əsassız olmasına dair ikinci dəlili ondan ibarətdir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin faktiki hallarını və hüquqi tərəfini obyektiv, hərtərəfli və tam araşdırmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun olmamış, qərar iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, işin faktiki halları bundan ibarətdir ki, o, xx.xx.1962-ci ildə X10 Vilayətinin tərkibində olan Ağdərə (keçmiş Mardakert) rayonun İmarət-Qərvənd kəndində anadan olmuşdur. Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar 1989-cu il tarixdən 1991-ci ilin oktyabr ayınadək X10 Vilayətinin tərkibində olan Ağdərə (keçmiş Mardakert) rayonun İmarət-Qərvənd kənd özünümüdafiə dəstəsinin üzvü kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Barəsində hər hansı bir cinayət işi və ya təhqiqat materialı olmamışdır (bu faktları sübut edən Tərtər rayon İcra Hakimiyyəti Başçısının 20 iyul 2016-cı il tarixli, 720 №li arayışını, AR SHXÇÜDX Tərtər Rayon Şöbəsinin 10.11.2016-cı il tarixli, 829№-li arayışını, Tərtər RİHB-nın Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin 21.07.2016-cı il tarixli, 273№-li arayışını, Tərtər Hərbi Prokurorluğunun 20.09.2016-cı il tarixli, 19HP4452№-li məktubunu və 5 səhifədən ibarət olan Tərtər rayon İcra Hakimiyyətinə və AR SHXÇÜDX-nin Tərtər rayon Şöbəsinə təqdim olunmuş adlı Siyahını bu ərizəyə əlavə edir. Qeyd olunan mötəbər və təkzibedilməz sənədlərə əsasən o, faktiki olaraq müharibə veteranı sayılır. Lakin o, faktiki olaraq müharibə veteranı sayılsa da rəsmi olaraq «müharibə veteranı» adı və vəsiqəsi almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də o, rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, sonra isə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və üçüncü şəxs AR SHXÇÜDX-nin Tərtər rayon Şöbəsinə dəfələrlə müraciət etsə də bunun heç bir nəticəsi olmamışdır. Belə ki, üçüncü şəxs AR SHXÇÜDX Tərtər Rayon Şöbəsi 10.11.2016-cı il tarixli, 829№-li rəsmi arayışı ilə onun 1989-cu il tarixdən 1991-ci ilin oktyabr ayınadək X10 Vilayətinin tərkibində olan Ağdərə rayonun İmarət-Qərvənd kənd özünümüdafiə dəstəsinin üzvü kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etdiyini təsdiq etsə də, cavabdehə etdiyi müraciətinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Əjdər Vahabzadənin imzası ilə ona cavab kimi göndərilmiş 06.03.2020-ci il tarixli, A/913 №-li məktubunda ona bildirilmişdir ki, təqdim edilmiş sənədlər «müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə əsas vermədiyi üçün sənədləriniz ünvanınıza geri qaytarılır. Ona görə də o, qeyd olunan imtina məktubunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edərək müvafiq iddia ilə məhkəməyə müraciət etməli oldu və ümid etdi ki, məhkəmə bərabərlik və ədalətli araşdırma prinsiplərini gözləməklə iddiasının təmin edilməsi barədə qərar çıxaracaqdır. Lakin qeyd etdiyi kimi birinci instansiya məhkəməsi də onun Ağdərə rayonun İmarət-Qərvənd kənd özünümüdafiə dəstəsinin üzvü kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etdiyini təsdiq etməmiş və bununla da ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsini qani hesab etmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh inzibati orqan mübahisəli hüquq münasibətinin yarandığı həmin vaxt qüvvədə olan maddi hüquq normalarına, yəni «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən və ən pis halda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə istinad etməklə mənə müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar çıxartmağa borclu idi. Lakin cavabdeh inzibati orqan onun ərizəsində iddiasının qanuni əsasını göstərən halları hərtərəfli, tam və obyektiv araşdırmamış, ona münasibətdə mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarını, yəni « Veteranlar haqqında » Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin müddəalarını tətbiq etməli olduğu halda, «inzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 11.1, 16.1, 16.2, 19.1, 19.2, 24.1, 24.2, 24.3, 24.4, 24.5, 45.46, 47.1, 67.1-ci və AR İPM-nin 1.1, 1.2-ci, AR MPM-nin 217.2-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin, 17.02.2011-ci il tarixdən qüvvədə olan «X8 haqqında» Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli, 21- İVKQ №-li Konstitusiya Qanunun 85.1-ci maddəsinin müddəalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin « Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Qərarının hüquqi mövqeyini tətbiq etməmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da cavabdeh inzibati orqanın imtina məktubunun qanunsuz və əsassız olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi də qeyd olunan mötəbər və təkzibedilməz sübut və dəlilləri tam, obyektiv və hərtərəfli qiymətləndirməmiş və bununla da AR MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Bu hallar həm də onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş «işin hallarının araşdırılması» prinsipinin tələbləri pozulmuşdur. Qeyd olunan maddələrin tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan birinci məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdududlaşmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın qanunsuz və əsassız hesab edilməsinə dair üçüncü dəlili ondan ibarətdir ki, məhkəmə iddianı rədd edərkən AR İPM-nin 12.1-12.3-cü maddələrinin müddəalarını pozmuşdur. Belə ki, AR İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. AR İPM-nin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Lakin məhkəmə onun döyüşlərdə iştirak edibetməməyinə dair məlumatı sorğu əsasında Tərtər rayon icra Hakimiyyətindən və Arxivdən alınaraq iş materiallarına əlavə edilməsini dəfələrlə və israrla tələb etsə də məhkəmə xidməti vəzifəsinə görə yerinə yetirməli olduğu bir vəzifəni, yəni işin faktiki hallarını tam və obyektiv müəyyən etməli olan həmin əmrlərin təsdiq edilmiş surətinin alınmasını təmin etməmiş və bununla da birinci instansiya məhkəməsi işin faktiki hallarını xidməti vəzifəsinə uyğun olaraq araşdırmamış, bununla bağlı hər hansı bir araşdırma aparmamış və hətta iddiaçıya bu barədə yardım etməmiş, yalnız işdə olan materiallarla kifayətlənməli olmuşdur ki, bu da məhkəməsinin qərarının apelyasiya qaydasında ləğvi üçün əsasdır. Qərarın qanunsuz və əsassız hesab edilməsinə dair dördüncü dəlili ondan ibarətdir ki, məhkəmə iddianı rədd edərkən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 13.11.2019-cu il tarixli, 2-l(102)-2454/2019 №-li, 05.02.2020-ci il tarixli, 2-l(102)-177/2020 №-li, 18.02.2020-ci il tarixli, 2- l(102)-122/2020 №li və 09.06.2020-ci il tarixli, 2-l(102)-848/2020 №-li Qərarlarında formalaşdırılmış hüquqi mövqeləri nəzərə almamışdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.11.2019-cu il tarixli, 2-l(102)-2454/2019 №li Qərarında göstərilmişdir ki, sadalanmış bu müddəaların əlaqəli təhlilinə görə müharibə veteranı adı və vəsiqəsi özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə o halda verilir ki, əgər həmin şəxslər 01.02.1988-ci il tarixindən 12.05.1994cü il tarixinə qədər olan dövr çərçivəsində erməni millətçi dəstələrinə qarşı, o cümlədən Laçın rayonunun ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmişdirlərsə və bu hal verilmiş arayış və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda əks olunmuşdur. Birinci instansiya məhkəməsi Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeləri nəzərə almamış və öz qərarında həmin qərarların hüquqi mövqelərindən istifadə etməmişdir. Qərarın qanunsuz və əsassız hesab edilməsinə dair beşinci dəlili ondan ibarətdir ki, məhkəmə iddianı rədd edərkən «Ə.M.Həsənovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30.12.2008-ci il tarixli qərarlarında formalaşmış hüquqi mövqelərinə və Avropa İnsan Hüquqları Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə 19.04.1993-cü il tarixli, «X6rşı iş üzrə 10 noyabr 2009-cu il tarixli, «Çastravet Moldovaya qarşı» iş üzrə 13 mart 2007-ci il tarixli qərarlarında müəyyən edilən «qərarların ədalətli, əsaslandırılmalı olmasına və hər bir tərəfin dəlillərinə hərtərəfli baxılmasına dair » hüquq presedentlərinə əhəmiyyət verməmişdir ki, bu hallar da AR MPM- nin 385.1.1-ci və AR İPM-nin 82, 87.6 və 87.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsi qərarının apelyasiya qaydasında ləğvi üçün əsasdır. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakı ilə bağlı inzibati icraatda və inzibati məhkəmə icraatında aidiyyəti yerli icra hakimiyyəti orqanı (RİH) tərəfindən təsdiq edilmiş siyahı, hansı ki, iddiaçının həmin döyüşlərdə iştirakını əks etdirmiş olsun, təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlər isə, Tərtər RİH-in arayışı, Tərtər rayonu Çardaxlı kənd İƏD üzrə nümayəndəsinin arayışı və siyahısıdır ki, həmin sənədlər də AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələbləri baxımından onun həmin hər hansı müddət ərzində (daxil olduğu və tərxis olunduğu tarix konkret əks olunmaqla) döyüş əməliyyatlarında iştirakını tam təsdiqləmək üçün yetərli sayıla bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Ağdərə rayonu, İmarət-Qərvənd kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tərtər RİHB tərəfindən verilmiş 720 №-li, 20.07.2016-cı il tarixli arayışdan görünür ki, Ağdərə rayonundan məcburi köçkün, Tərtər RİHB-nın Çardaxlı kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatda olan İddiaçı həqiqətən vətəndaş 1989-cu il tarixdən 1991-ci ilin axırlarınadək yaşamış olduğu İmarət- Qərvənd kəndinin müdafiəsi üçün yaradılmış özünümüdafiə dəstəsinin tərkibində erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin 829 nömrəli, 10.11.2016-cı il tarixli arayışından görünür ki, ehtiyatda olan əsgər 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən o, 18.10.1980-cı il tarixdə SSR-i Müdafiə Nazirinin 1973-cü il tarixli 185-saylı qərarı ilə 39-cu maddəsinin “b" bəndlərinə əsasən Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. Əlavə olaraq bildirilir ki, 1989-cu il tarixdən 1991-ci il tarixədək erməni millətçi quldur dəstələrinə qarşı keçmiş DQMV-nin Ağdərə rayonun İmarət-Qərvənd kəndinin müdafiəsi üçün yaradılmış özünümüdafiə dəstəsinin tərkibində erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir, səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmamış və fərarilərin qeydiyyatından keçmir. İş materiallarında olan Tərtər RİHB-nın Çardaxlı kənd İƏD-i üzrə nümayəndəsi tərəfindən verilmiş 273 nömrəli 21.07.2016-cı il tarixli arayışından görünür ki, Ağdərə rayonundan məcburi köçkün Tərtər RİHB-nın Çardaxlı kənd İƏD-i üzrə nümayəndəliyində qeydiyyatda olan İddiaçı həqiqətən vətəndaş 1989-cu il tarixdən 1991-ci ilin axırlarınadək yaşamış olduğu İmarət-Qərvənd kəndinin müdafiəsi üçün yaradılmış özünümüdafiə dəstəsinin tərkibində erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Tərtər RİHB-nın Çardaxlı kənd İƏD-i üzrə nümayəndəsi tərəfindən verilmiş siyahıdan görünür ki, 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı döyüşlərdə Ağdərə rayonun İmarət-Qərvənd kəndinin müdafiəsində iştirak etmiş Çardaxlı kənd sakinlərinin siyahısında İddiaçı 1-ci sırada göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan A/913 №-li, 16.03.2020-ci il tarixli məktubdan görünür ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə “Müharibə veteranı" statusu müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı verilir. Belə ki, təqdim edilmiş sənədlər “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas vermədiyi üçün sənədlər ünvana geri qaytarılır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Həmin qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 09 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Tərtər RİHB-nın Çardaxlı kənd İƏD-i üzrə nümayəndəsi tərəfindən verilmiş siyahıya əsasən İddiaçı 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı döyüşlərdə Ağdərə rayonun İmarət- Qərvənd kəndinin müdafiəsində iştirak etmiş Çardaxlı kənd sakinlərinin siyahısında adı keçir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilə bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Ağdərə rayonun İmarət-Qərvənd kəndi ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında İddiaçı adının 1-ci sırada göstərildiyi qeyd edilsə də, iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən digər sübutlar nə cavabdeh orqana, nə məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən, hərbi bilet əsasında müharibə veteranı adı həmin şəxslərin hərbi bileti ilə eyni zamanda hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda verilir. Hazırkı iş üzrə isə iddiaçının hərbi biletində səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılması barədə qeyd edilməmişdir. İddiaçının, eyni zamanda, qanuni əsaslarla ordudan tərxis olunması barədə nə hərbi hissələrin nizami hissə üzrə əmrləri, nə də arxiv arayışları mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 46.1-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-913/2021 saylı 14.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2467/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2467/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver