Məhkəmə qərarları › İş №2-1(103)-2467/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2467/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2467/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, 4 nömrəli ev üzərində mülkiyyət hüququnun mərhum X24 məxsus olması haqqında arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1662/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi (əvvəlki Kirov) rayonu, M.Ə.Rəsulzadə (əvvəlki Kirov) qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, 4 nömrəli (əvvəlki Məmmədyarov küçəsindəki (döngəsindəki) 38 nömrəli) ev üzərində mülkiyyət hüququnun mərhum X24 məxsus olması haqqında arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Kirov (hazırda Binəqədi) rayonu, Kirov (hazırda M.Ə.Rəsulzadə) qəsəbəsi, Məmmədyarov küçəsindəki (döngəsindəki) 38 nömrəli (hazırda İ.Hacıyev küçəsi, döngə 2, 4 nömrəli) evin sahibi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi forma üzrə, 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportuna əsasən - X25r; X29 xx.xx.1988-ci ildə vəfat etmişdir. Həmin ev, X21 1-ci növbəli vərəsələri olan övladlarından, 3 nəfəri, yəni X16, X17 və X18 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Həmin evlə bağlı 3 qardaş arasında sonradan məhkəmə mübahisəsi yaranmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2000-ci il tarixli, 2405/2000 saylı qətnaməsi əsasında, ev 3 qardaş arasında bölünməklə, hər birinə aid olan yaşayış və həyətyanı sahədən istifadə qaydaları müəyyən edilmişdir. Həmin qətnamə ilə 20 kvadrat metr və 12 kvadrat metrdən ibarət 2 yaşayış otağı və 18 kvadrat metr olan yardımçı sahə X8 istifadəsinə verilmişdir. X16 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun ailəsi və 1-ci növbəli vərəsələri olmadığına görə, Rafiqdən qalan bütün miras əmlaklar onun 2-ci növbəli vərəsəsi olan bacısı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməklə, idarə edilmiş və bunu bütün vərəsələrə bəyan etdirilmişdir. Eyni zamanda, İddiaçı 2 övladı ilə birlikdə hal-hazırda da həmin sahələrdə yaşamasını davam etdirir. X8 digər 2-ci növbəli vərəsələri (qardaş və bacıları) olan X9 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-11122 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsində göstərilmişdir ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X6 miras qalmış miras əmlakı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair heç bir iddiası yoxdur (X18 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir). X10 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-11121 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsində göstərilmişdir ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X6 miras qalmış miras əmlakı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair heç bir iddiası yoxdur. X7 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-11120 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsində göstərilmişdir ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X6 miras qalmış miras əmlakı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair heç bir iddiası yoxdur. X3 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-54370 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsində göstərilmişdir ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X6 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair iddia ilə məhkəməyə müraciət etməyəcəkdir. X8 digər qardaşı və 2-ci növbəli vərəsəsi olan X17 xx.xx.2014-cü il tarixdə vafat etmişdir. X17 2-ci növbəli vərəsə olaraq, xx.xx.2012-ci ildən xx.xx.2014-cü il tarixədək (ölənədək), yəni sağlığında Rafiqdən miras qalmış əmlakları qəbul etməmiş və bacısı İddiaçı və onun 2 övladının həmin yaşayış sahəsində yaşamasını hər hansı bir formada mübahisələndirməmişdir. X3, X7, X10 və X2 notarial qaydada təsdiq olunmuş xx.xx.2018ci il tarixli ərizələrində göstərilmişdir ki, X8 yaşadığı, eləcə də atasının ölümündən sonra istifadəsində olan ünvan 1 ünvanında yerləşən evin yaşayış sahəsi iki yaşayış otağı 20 kv.m. və 12 kv.m., veranda 18 kv.m. üzərində istifadə etmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2000 saylı, xx.xx.2000-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X8 ailəsi olmadığı üçün onun hüzr mərasimlərini əsasən bacısı İddiaçı idarə etmiş və həmin dövrdən sonuncu 2 qızı ilə mərhum X8 istifadəsində olan yaşayış sahəsinə köçməklə hal-hazırda həmin sahədən istifadə edirlər. X6 miras qalmış bütün əşyalar bacısı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, sonuncunun digər vərəsələrə də bəyan etdirmiş və hal-hazırda da həmin yaşayış sahəsində 2 qızı ilə birlikdə yaşayaraq mərhum qardaşı X6 miras qalmış bütün əşyalardan istifadə edirlər. Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1981-ci il tarixində tərtib edilən texniki pasportda hüquq sahibi kimi adı qeyd edilmiş şəxslə X29 arasında əlaqəli sənəd təqdim edilməmişdir. Fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X36 nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən, daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(112)-1662/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həqiqəti müəyyən etməməklə iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirmiş, tərəflər arasında yaranmış hüquq münasibətlərini, həmçinin iş materiallarında olan bəzi sübutları və iddia ərizəsində göstərilən bəzi faktları nəzərə almadan cavabdehin hüquqlarına əsassız üstünlük vermiş, işin hallarına tətbiq olunması nəzərdə tutulmayan, eləcə də aidiyyəti olmayan, müxtəlif sayda maddi-hüquq normalarını qərarda sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmış, iddiaçı tərəfindən təqdim olunmuş sübutları əlaqəli şəkildə tam və hərtərəfli şəkildə araşdırmamış, eləcə də bəzi sübutları ümumiyyətlə dəyərləndirmədən və dəyərləndirməmənin səbəblərini Qərarda açıqlamadan əsassız və ədalətsiz nəticəyə gəlmişdir. Mübahisə predmetinin obyekti olan, hazırda ünvan 2 ünvanı kimi qeydə alınmış evin, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi forma üzrə 1964-cü il tarixdə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Pasportuna görə sahibi X25r. ... xx.xx.1961-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamə və nikah haqqında şəhadətnamələrdə X5 – xx.xx.1961-ci il tarixdə anadan olduğu və atası - X29 olması və ərinin soyadı Şərifova soyadını qəbul etməsi açıq-aşkar göstərilsə də, məhkəmə nədənsə həmin şəhadətnamələri olmamış kimi qəbul etmiş və əsassız olaraq dəyərləndirməmiş, eləcə də dəyərləndirmədiyinin səbəbini də qərarda açıqlamamışdır. Açıq-aşkardır ki, iddiaçı Şərifova (Hüseynova) Solmaz Qurban qızı hazırda mübahisə olunan evin sahibi olan X21 qızı və eyni zamanda X8 isə bacısıdır. Odur ki, iddiaçının iş materiallarına təqdim etdiyi doğum haqqında və nikah haqqında şəhadətnamələrdə açıq-aydın qeyd olunur ki, Şərifova (Hüseynova) Solmaz Qurban qızı miras qalmış evin sahibinin qızı olduğundan və hal-hazırda miras əmlak payı üzərində istifadə hüquqları qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə tanındığından onun vərəsəliyinin məhkəmə qaydasında tanıtdırmasına ehtiyac yoxdur. Qeyd olunmalıdır ki, Şərifova (Hüseynova) Solmaz Qurban qızının atası X29, eləcə də qardaşı X11 miras qalmış əmlak üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmadan (həmin hüququ təsdiq edən çıxarış almadan) vəfat etmişlər. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirmişdir ki, valideynlərin kim olduğunu təsdiq edən sənədlər doğum haqqında şəhadətnamə və ana-atanın nikah haqqında şəhadətnaməsidir. Məhkəməyə notarial qaydada təsdiq edilmiş müvafiq sənədlər təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət verilməmiş, sadəcə olaraq cavabdehin imtinasına əsas olan sənədlərə istinad edilmişdir. İddiaçı ilk dəfə 2017-ci ildə notariusa müraciət etmiş və ona hüquqmüəyyənedici sənədlərin mövcud olmadığı, vərəsələr arasında mübahisənin mövcud olduğu bildirilirərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həqiqətən də, vərəsələr arasında mübahisə mövcud idi. Vərəsələr arasında mübahisə mövcud olduğu halda, məlum olduğu kimi, məhkəmə qaydasında fakt təsdiq edilmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının tələbi təmin edilmişdir. Azərbaycan Respublikası qanunvericiliyində 2 növ vərəsəliyin qəbul forması tanınır. Belə ki, vərəsəliyin bir növü olan formal üsul üzrə iddiaçı tərəfindən 2017 və 2022-ci illərdə notariusa müraciət olunsa da, müsbət yöndə cavab alınmamışdır. Nəhayət, mübahisə predmeti olan evdə iddiaçının yaşaması, qeydiyyata olması və miras əmlakını qanuna uyğun olaraq qəbul etməsi faktını təsdiq etmək məcburiyyəti yarandı. Vərəsələr arasında mübahisənin mövcudluğuna səbəb olan əsaslardan biri artıq aradan qaldırılmışdır. Yeganə olaraq mülkiyyət hüququnu təsdiq edən sənəd üzrə mübahisə mövcuddur. Mülkiyyət hüququnu təsdiq edən sənədin əldə edilməsi üçün evin mərhuma məxsus olması haqqında arayış təqdim edilməlidir. xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanladığı məktubunda evin pasportunun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi forma üzrə 1964-cü il tarixdə tərtib edilməsi faktı təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bu sənəd hüquqmüəyyənedici sənədlər kimi qəbul edilməli olsa da, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 1 saylı Bakı Ərazi İdarəsi və məhkəmə tərəfindən sözügedən sənədlər hüquqmüəyyənedici sənəd olaraq qiymətləndirilmir. Həmin iclasda sədrlik edən tərəfindən iddiaçının nümayəndəsindən mübahisə predmeti olan daşınmaz əmlakın hər hansı hissəsinə hüquqların hal-hazırda dövlət qeydiyyatına alınıb-alınmaması soruşuldu və nümayəndə tərəfindən aşağıdakı məzmunda cavab verildi: “ ... miras əmlak 3 nəfər, yəni X17, X18 və X16 tərəfindən faktiki olaraq qəbul edildikdən sonra 3 qardaş arasında mübahisə yaranmışdır. Qeyd olunan sual birinci instansiya məhkəməsində aparılan icraat zamanı qarşı tərəfə ünvanlansa da, sualın üstündən səthi şəkildə keçilmişdir. Ev üzərində mülkiyyət hüququnun mərhum X24 məxsus olması işin mübahisələndirilən halı deyil. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1964-cü il tarixdə təsdiq etdiyi pasportuna görə evin sahibi X25r”. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında məhkəməyə bildirmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu qərar tam əsaslıdır. Belə ki, iddiaçı ilə evin texniki pasportunda adı keçən şəxsin bir-biri ilə əlaqəsi yoxdur. Məhkəmə tərəfindən həmin şəxslər arasında əlaqənin müəyyən edilə bilməməsi səbəbindən mübahisə predmeti olan ev üzərində mülkiyyət hüququnun mərhum X24 məxsus olması haqqında arayışın təqdim edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmamışdır. Cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq məhkəməyə bildirdi ki, notarius tərəfindən verilən iddiaçı ilə ev üzərində hüquq sahibi olan şəxs arasında əlaqənin mövcudluğunu təsdiq edən məktuba əsasən şəxslər arasında əlaqə müəyyən edilməlidir. İddiaçı ilə X29 arasında əlaqə doğum haqqında şəhadətnamə əsasında müəyyən edilə bilməzdi. Hər bir halda notarius tərəfindən sözügedən faktı təsdiqləyən, yəni iddiaçının X21 vərəsəsi olub-olmamasını təsdiq edən məktub təqdim edilməlidir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (Kirov) qəsəbəsi, Məmmədyarov döngəsi 38 nömrəli fərdi yaşayış evinə dair 1964-cü il tarixdə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşa Bürosu tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X21 adına texniki pasport tərtib edilmişdir. Həmçinin fərdi yaşayış evinə dair 1981-ci il tarixdə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşa Bürosu tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X21 adına texniki pasport tərtib edilmişdir. X29 xx.xx.1988-ci ildə vəfat etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin fərdi yaşayış evinin mərhum X24 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan İdarənin arxivində mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1981-ci il tarixində tərtib edilən texniki pasportda hüquq sahibi kimi adı qeyd edilmiş şəxslə iddiaçı arasında əlaqəli sənəd yerləşdiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1084/2020 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İşdən görünür ki, Xuraman Hüseynova və digərləri İddiaçı və digərlərinə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və digərlərinin istifadələrində olan və zəbt etdikləri ünvan 3 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılmaları, həmin sahələrin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı və digərləri Xuraman Hüseynovaya və digərlərinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən və Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 02 may 2000-ci il tarixli Qətnaməsi ilə X14 istifadəsinə verilmiş (2 otaqlı, sahələri 20; 18 kv.metr olan yaşayış otaqları) və ölümündən sonra hazırda onların yaşadığı yaşayış sahəsi üzərində hüquqlarını məhdudlaşdıran və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, cavabdehlərin iddiaçılara aid yaşayış sahəsindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması və törədilmiş deliktə görə müştərək qayda hər birinə 10.000 manat miqdarında mənəvi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. ... İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 02 may 2000-ci il tarixli qətnaməsi ilə X12 X15 qarşı “yaşayış sahəsindən və həyətyanı sahədən istifadə qaydasının müəyyən edilməsi” barədə iddiası təmin edilərək, evdən istifadə qaydası müəyyən edilməklə, X1 20 kv.metr olan yaşayış otağından və sahəsi 12 kv.metr olan verandadan; X16 və F.A.Yeniskanyanın isə sahəsi 20 və 12 kv.metr olan 2 yaşayış otağından və sahəsi 18 kv.metr olan verandadan; X13 isə sahəsi 24 kv.metr olan yaşayış otağından və sahəsi 12 kv.metr olan verandadan istifadə etmələri qət edilib. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, habelə işdə iştirak edən şəxslərin izahatlarını digər sübutlarla müqayisəli şəkildə tədqiq edib müəyyən etmişdir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb və həmin evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Mübahisəli ev özbaşına tikilidir və həmin ev X4 məxsusdur. ... Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsindən və əşyalardan istifadə etmə faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, İddiaçı 25 oktyabr 2012-ci il tarixdən mübahisəli evdən və Binəqədi rayon məhkəməsinin 02 may 2000- ci il tarixli qətnaməsi ilə mərhum qardaşı Rafiq Hüseynov tərəfindən istifadə edilməsi üçün (istifadə etmə qaydaları) müəyyən edilmiş yaşayış sahəsindən və orada yerləşən əşyalardan istifadə etmək faktı müəyyən edilib”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göründüyü kimi, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlara əsasən məhkəmə tərəfindən Bakı şəhəri 20 saylı Notariat ofisinə (*X29 və X15 münasibətdə vərəsəlik işinin açılıbaçılmadığı, vərəsəlik işinin açıldığı təqdirdə isə, vərəsəlik işinə dair məlumatların/sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətlərinin sorğu alınan gündən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi barədə) və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X36 1 saylı Bakı Ərazi İdarəsinə (*Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, 4 nömrəli evə dair arxiv qovluğunun və müayinə (baxış) aktının qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətinin sorğu alınan gündən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi barədə) sorğular ünvanlanmışdır. İş materiallarında olan ünvan 7an görünür ki, X29 və X15 münasibətdə Bakı şəhəri 20 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. Hazırkı məhkəmə iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, 4 nömrəli evə dair arxiv qovluğu təqdim edilmiş və qovluqdan daşınmaz əmlakın hər hansı hissəsinə hüquqların dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmədi. Göründüyü kimi, hal-hazırda cavabdeh inzibati orqan ilkin hüquqmüəyyənedici sənədin legitimliyini mübahisələndirmir, imtinanın yeganə əsası iddiaçının (*texniki pasortda adı qeyd edilən şəxsin qızının) vərəsə olmasını təsdiq edən sənədin təqdim edilməməsidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı verdiyi imtinanın dəlilləri əsassızdır və bu dəlillər iddiaçının iddia etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə reyestrdən müvafiq arayışın verilməsini istisna edə bilməz. Birinci instansiyası məhkəməsi qərarında belə qənaətə gəlmişdir ki, təqdim edilən məhkəmə qərarları iddiaçının X21 vərəsəsi olmasına dair deyil, fərdi yaşayış evindən X21 vərəsələrinin həmin evdən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. İş materiallarında iddiaçının miras əmlakı qəbul etməsi və vərəsə olmasına dair Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və ya miras əmlakın qəbul edilməsinə dair məhkəmə qətnaməsi mövcud deyildir. ... iddiaçının X21 vərəsəsi olmasına dair vərəsəlik şəhadətnaməsi və ya miras əmlakın faktiki qəbulu ilə bağlı ilə bağlı məhkəmə qətnaməsi olmadığı halda, inzibati mühakimə icraatında qeyd edilən məsələləri qiymət vermək inzibati mühakimə icraatında işə baxan hakim tərəfindən araşdırılmalı məsələ deyildir. İnzibati orqanın nümayəndəsi də məhkəmə iclasında iddiaçının X21 vərəsəsi olubolmamasını təsdiq edən məktubun təqdim edilməli olmasını bildirmiş, lakin qanunvericiliyin tələbləri baxımından vərəsəlik hüququnun təsdiq edilməsi üçün hər hansı məktub deyil, müvafiq şəhadətnamənin verilməsi nəzərdə tutulub. Vərəsəlik haqqında şəhadətnamənin verilməsinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 atası X25r. Cavabdeh inzibati orqan və ya hər hansı üçüncü şəxs tərəfindən qeyd olunan sənədin mötəbərliyi şübhə altına qoyulmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1151.1-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə, qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Təlimatın 95-ci maddəsinə müvafiq olaraq, mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Göründüyü kimi, şəxsə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlakın mövcud olması zəruridir. Hazırkı işin materiallarından isə göründüyü kimi, vərəsə olması qanunvericiliklə təsbit olunmuş iddiaçı hal-hazırda məhz daşınmaz əmlaka mərhum atasının hüquqlarının dövlət reyestrində qeydiyyata alınması istiqamətində hərəkət edir, həmin əmlaka mülkiyyət hüquqları X29 vəfat etdiyi zaman dövlət reyestrində qeydiyyatdan keçməmiş və daşınmaz əmlak miras kütləsinə daxil olmamışdır. Belə olan halda iddiaçıdan hazırkı tələblə çıxış edə bilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin tələb edilməsi ağlabatan deyil. Cavabdeh tərəfindən qeyd olunan daşınmaz əmlaka dair gözlənti hüququ olan iddiaçıya arayış verməkdən imtina etməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququ (gözlənilən) pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin dairəsi müəyyənləşdirilmişdir. İstinad olunan Siyahının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2.4-cü bəndində isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli 439 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında aşağıdakılar göstərilmişdir: “ ... 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 15 (Cild İ) aşağıdakı dəyişikliklər edilsin: ... 1.3. həmin Fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” üzrə: ... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda)”. “X26rşı”” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında İnsan hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları», «mülkiyyət» kimi qiymətləndirilə bilər «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunanlarla bağlı iddiaçının iddia etdiyi daşınmaz əmlakın iddiaçının mərhum atasına məxsusluğuna dair arayışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir, apellyasiya şikayəti qərarın ləğvinə əsas verir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1662/2025 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1662/2025 saylı qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Kirov (hazırda Binəqədi) rayonu, Kirov (hazırda M.Ə.Rəsulzadə) qəsəbəsi, Məmmədyarov küçəsindəki (döngəsindəki) 38 nömrəli (hazırda - İ.Hacıyev küçəsi, döngə 2, ev 4) fərdi yaşayış evinin mərhum X24 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar