Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2468/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6920/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən 6,02 ha torpaq sahəsində "xxxx" MTK tərəfindən yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi qeyd olunan kooperativə icarə əsasında istifadəsinə verilmişdir. Sərəncam onun hüquqlarına toxunur. Belə ki, onun mənzili Sərancamda qeyd olunan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 231.1-ci və 231.1.1-ci maddələri ilə aşağıdakılar nəzərdə tutulmuşdur: Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, torpaq yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Beləliklə, o, həmin hüquq normalarına əsasən mənzilin yerləşdiyi binanın altında olan torpaq sahəsinin paylı mülkiyyətçisidir. Ona mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin başqa şəxsə hər hansı hüquq və əsasla verilməsi yolverilməzdir. "xxxx" MTK onun icazəsi və razılığı olmadan, onunla razılaşma əldə etmədən və müqavilə bağlamadan ona mülkiyyət hüququ əsasında məxsus mənzili sökmək niyyətindədir. Sərəncam və onun əsasında "xxxx" MTK-nın ona qarşı bütün hərəkətləri Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya ziddir. MM-nin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən həmin Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə həmin Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbuledilən, torpağın alınmasınızəruriedən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 38 nömrəli Fərmanının 1.1-1-ci bəndi ilə müəyyə edilmişdir ki, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Belə hallar mövcud deyil. Belə hallar olmadığına görə əmlakın mükiyyətçidən məcburi alınması, mülkiyyətçinin öz əmakından çıxarılması, həmin əmlakın sökülməsi və mülkiyyətçinin məcburi qaydada başqa yerə köçürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə tam ziddir. "xxxx" MTK tərəfindən həyata keçirən layihə kommersiya xarakter daşıyır, mənzilin yerləşdiyi binanın və onun altında olan torpağın dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəbul edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti mənzillərin mülkiyyətçiləri ilə "xxxx" MTK arasında yeni tikiləcək binalarda mülkiyyətçilərə yeni mənzillərin verilməsi haqqında imzalanacaq müqavilələr üzrə "xxxx" MTK-nin üzərinə götürdüyü bütün öhdəlik və vəzifələrinin qarantı (təminatçısı) və müvafiq olaraq qeyd olunan hüquqi status şəklində həmin müqavilələrin tərəfləri olmayacaqlar. Bundan əlavə, "xxxx" MTK torpaq sahəsinin mülkiyyətçisi olmadığına görə mənzillərin mülkiyyətçiləri ilə bu kooperativ arasında tikiləcək binalarda olan mənzillərin alınmasına dair notarial qaydada təsdiq olunan müqavilələr bağlandığı təqdirdə həmin mənzillərə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində mənzillərin mülkiyyətçilərinin xeyrinə təminat qeydlərin aparılması mümkün deyildir. Mənzil üzərində onun mülkiyyət hüququna onun razılığı olmadan məhkəmə qaydasında məcburi xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil. Mənzil yerləşdiyi binanın və onun altında olan torpağın dövlət ehtiyacları üçün alınması məqsədilə qərar olmadığına görə mənzilin "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən məcburi satın alınması və bununla da mənzil üzərində onun mülkiyyət hüququna xitam verilməsi MM-nin 6.1.2, 6.1.5 və 390-cu maddələrinin müddəaları nəzərə alınmaqla yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında, yəni müqavilə bağlamaqla mümkündür. Ona görə də mənzil, onun yerləşdiyi binanın və bu binanın altında olan torpağın dövlət ehtiyacları üçün məcburi qaydada satın alınmasına əsaslar olmadığından onun iradəsinə zidd olaraq onun mülkiyyət hüququna xitam verilməsi və mülkiyyətindən məhrum edilməsi Konsitusiyanın 13 və 29-cu maddələrinin və Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) e-2-1(112)-6920/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. İddiaçı apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsini pozmuşdur. Belə ki, o, cavabdehin ona münasibətdə faktiki xarakterli fəaliyyətini (hərəkətlərini) nəzərə almamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh sərəncamın qəbul edilməsi haqqında ona rəsmi məlumat verməmişdir (ona birbaşa elan etməmiş və təqdim etməmişdir), habelə dərc edilməsi yolu ilə verməmişdir. O, Sərəmcamı almamışdır və cavabdeh Sərəncamın ona təqdim olunması faktını və müddətini sübut etməmişdir. Cavabdehin səlahiyyəti olmamışdır ki, xüsusi mülkiyyətdə olan torpaq sahəsini başqa şəxsə icarəyə versin. Hakim bunu nəzərə almamışdır. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Bütün mülkiyyəçilərin razılığı yalnız ümumi mülkiyyətin sərəncamı üçün tələb olunur. Beləliklə, o, sərəncam ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. O, mənzilin yerləşdiyi binanın altında olan torpaq sahəsinin paylı mülkiyyətçisidir. Ona mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin başqa şəxsə hər hansı hüquq və əsasla verilməsi yolverilməzdir. O, bu qanunsuz verilməni mübahisələndirir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerşuruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" MTK-nın icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş edir (həmin sərəncamı mübahisələndirir). İddiaçı cavabdehin xx.xx.2021-ci il tarixdə qəbul edilmiş sərəncamının ləğv edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddianın irəli sürülməsi üçün iddia müddətinə riayət edilməmişdir, iddiaçı sərəncamını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və sənədlərdən görünür ki, daha əvvəl tərəflər arasında mülki mübahisə olmuş və həmin məhkəmə mübahisəsində iddiaçı hazırda mübahisələndirilən sərəncamdan məlumatlı olmuşdur. İddiaçı mübahisələndirdiyi sərəncamdan həmin tarixdən məlumatlı olmuş, lakin iddiaçı sərəncamdan məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Beləliklə, iddiaçı mübahisələndirdiyi sərəncamın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamların ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6920/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2468/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2468/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver