Məhkəmə qərarları › İş №2-1(103)-2469/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2469/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2469/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)- 4788/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinə qarşı X5, X14, Qurbanov Fazil “Qurban oğlu, X1, X6, X2, X8, X9, X10, X7 və X12 üçüncü şəxslər qismində cəlb edilməklə “X5, X14, X11, X1, X6, X2, X8, X9, X10, X7 və X4 Bakı şəhəri Yasamal rayonu, Rahib Tağıyev küçəsi 79 saylı evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu, Rahib Tağıyev küçəsi 79 saylı ev 32 saylı Mənzil-Kommunal İstismar sahəsinin ev jurnalına əsasən iddiaçının adına qeydiyyatdadır. Lakin evin iddiaçıya məxsus olmasına baxmayaraq bir çox şəxslər orada yaşamasada, hələ də sözügedən mənzildə qeydiyyatdadırlar. X5, X14, X11, X1, X6, X2, X8, X9, X10, X7 və X4 həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı xx.xx.2021-ci il tarixində Yasamal rayon Polis İdarəsinə qeydiyyatdan çıxarılması ilə əlaqədar müraciət edilsədə, hələ də cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-4788/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinə qarşı X5, X14, X11, X1, X6, X2, X8, X9, X10, X7 və X12 üçüncü şəxslər qismində cəlb edilməklə “X5, X14, X11, X1, X6, X2, X8, X9, X10, X7 və X4 Bakı şəhəri Yasamal rayonu, Rahib Tağıyev küçəsi 79 saylı evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmiş ,əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərardad qəbul edərkən prosessual hüquq normalarını pozmuş, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş vəzifəsini yerinə yetirməmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə qərardadında qeyd etmişdir ki, “Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı hazırkı iddia tələbi ilə digər şəxslərin Bakı şəhəri Yasamal rayonu, Rahib Tağıyev küçəsi 79 saylı evdən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.Məhkəmə tərəfindən ona evə dair hər hansı hüquqmüəyyənedici sənədin təqdim olunması barədə hüquqi yardım göstərilsə də, iddiaçı evin ona məxsus olmasına dair sənədi nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi 79 saylı evin qanuni əsaslarla ona məxsus olması barədə hər hansı sənədləri nə inzibati orqana, nə də məhkəməyə təqdim etmədiyindən, onun hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ mövcud olmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərindən müəyyən edilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tələbinin məzmunundan görünür ki, iddiaçının xahişi konkret olmaqla, məqsədi müvafiq ünvanda qeydiyyatda olan digər şəxslərin qeydiyyatdan çıxarılmasıdır. Eyni zamanda iddia tələbində hər hansı formal xətaya yol verilməmişdir. Hazırkı iş üzrə əsas məsələ iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi 79 saylı evin qanuni əsaslarla ona məxsus olmasını təsdiq edən sübutların təqdim edilməsi olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış məhkəmə bildirişində onun hüquqları izah edilərək, iş üçün əhəmiyyətli olan sübutların təqdim edilməsi təklif edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş və iddiaçının apellyasiya şikayətinin bu dəlili əassız olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)- 4788/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar