Məhkəmə qərarları › İş №2-1(103)-247/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-247/2021

22.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-247/2021 22.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Nağıyeva Elmira Eyvaz qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Maraqlı şəxs Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(81)-844/2019 saylı qərarından Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş apellyasiya şikayətinin, apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təsdiq olunmuş layihəyə uyğun qeyriyaşayış sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(81)-844/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır (hakim T.Əsədova). İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2019-ci il tarixli, 2-1(81)-844/2019 saylı qərarı tərəflərə təqdim edilmişdir. Həmin qərardan yuxarı instansiya məhkəməsinə şikayət verilməmişdir və xx.xx.2019cu il tarixdə qərar qüvvəyə mindiyindən məhkəmə cavabdehə həmin qərarın icra olunması üçün xx.xx.2019-cu il tarixdə məktub göndərmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə məktub ünvanlayaraq qərarın icrasının təmin edildiyini, Bakı şəhəri, Nəsimi rayonu, Dilara Əliyeva küçəsi, 227 ünvanında yerləşən qeyri-yaşayış binasına dair İddiaçı adına ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli elektron çıxarışın hazırlandığı bildirilmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərar hüquq və vəzifələrinə toxunan şəxs - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən həmin qərardan apellyasiya şikayəti, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət və müvəqqəti xarakterli müdafiə tədbiri haqqında qərardadın qəbul edilməsinə dair ərizə vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin vəkili və nümayəndəsi Vəkil çıxışında göstərmişdir ki, 1 saylı Bakı inzibatiiqtisadi məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(81)-844/19 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı təsdiq olunmuş layihəyə uyğun qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbi təmin edilmişdir. Həmin qərar onların hüquq və vəzifələrinə toxunur, lakin onlar işdə iştirak etməyə cəlb edilməmişdir. Azərbaycan Neft və Sənayə Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Dilara Əliyeva küçəsi, 227 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi ərazi və tikililər Universitetin balansındadır və dövlət mülkiyyəti hesab olunur. Sözügedən çıxarış və texniki pasport məhz Universitetə aid olan ərazidə yerləşən qeyri-yaşayış sahəsinə verilmişdir. Eyni zamanda, vəkil və nümayəndə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edərək vəsatətin təmin edilməsini xahiş etmişdir. Bundan əlavə, vəkil və nümayəndə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi ərazidə mövcud tikilinin özgəninkiləşdirilməsinin ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qadağan edilməsi və həmin tikili üzərinə həbs qoyulması barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin də təmin edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən şəxsin çıxışını dinləyib, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb olunmuş üçüncü şəxslər aiddir. Həmin Məcəllənin 81.1 və 81.2-ci maddələrinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-nin 84-cü maddəsinə əsasən şikayətçi və birinci instansiya məhkəməsində icraatın iştirakçıları olmuş digər şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız birinci instansiya məhkəməsində inzibati icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir və həmin normaya görə istənilən şəxs deyil, yalnız inzibati icraatın iştirakçıları olmuş şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-nin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Lakin iş materiallarından görünür ki, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti birinci instansiya məhkəməsində inzibati icraatın iştirakçısı olmamış, nə birinci instansiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə yuxarıda adı çəkilən qərarın Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin qanunla qorunan maraqlarına toxunubtoxunmaması məsələsini araşdırmamış, nə də Universitet onu üçüncü şəxs qismində inzibati icraata cəlb edilməsi barədə birinci instansiya məhkəməsində vəsatət verməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə həticəyə gəlir ki, Azərbaycan Dövlət və Sənayə Universiteti tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(81)-844/2019 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmadığından, Azərbaycan Dövlət və Sənayə Universiteti tərəfindən verilmiş apellyasiya şikayətin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi barədə vəsatət və müvəqqəti xarakterli tədbiri barədə ərizə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 81.2, 87.3-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs Azərbaycan Dövlət və Sənayə Universiteti tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(81)-844/2019 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Maraqlı şəxs Azərbaycan Dövlət və Sənayə Universiteti tərəfindən apelyasiya şikayətin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi barədə vəsatət və müvəqqəti xarakterli tədbiri barədə ərizə mümkün sayılmasın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməmsi vasitəsi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Elmira Nağıyeva Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar