Məhkəmə qərarları › İş №2-1(103)-247/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-247/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-247/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair Açar söz: qeydiyyatdan çıxarma X9 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, iddiaçının nümayəndələri X1 (iddiaçının həyat yoldaşı), Nümayəndə (iddiaçının oğlu), üçüncü şəxslər X5 və Əliyev Hicran Fəxrəddin oğlunun oğlunun iştirakları ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)- 1612/2021 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İşin mübahisəsiz halları bundan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 28,15 kv.m sahəsi olan mənzil xx.xx.1995-ci il tarixdən iddiaçının mülkiyyətindədir və üçüncü şəxslər X6, Əliyeva Nərgiz Hicran qızı, X11, X10, X18, X13, X14, Əliyev Hicran Fəxrəddin oğlu, X5, X19, X7, Əliyeva Rüqəyya Hicran qızı, Əliyeva Fatimə Hicran qızı, X27, X12 qeyd edilən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar.

2. İddiaçının mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi və üçüncü şəxslərin qeyd edilən ünvanda qeydiyyatda olmaları barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışı işə əlavə edilmişdir. 3.İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, Sabunçu RPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli 073- 19912 saylı məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus ünvanda qeydiyyatda olan X6, Əliyeva Nərgiz Hicran qızı, X11, X18, X15, Əliyeva Fatimə Hicran qızı, X7, X20, X13, X27, X12, X5, X3, Əliyeva Rüqəyya Hicran qızı, X14 və Əliyeva Hicran Fəxrəddin qızının qeydiyyatdan çıxarılması Sabunçu RPİ Q və ŞVŞ-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab edilir.

4. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixdə verilmiş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan mənzil sahəsi 15,9 və 12,25 olan iki otqdan ibarətdir, ümumi sahəsi isə 28,15 kv.m-dir.

5. Məhkəmənin sorğusu əsasında iddiaçının mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olan sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsindən tələb edilmiş, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 28,2 kv.m olan mənzil dövlət mülkiyyətində olmuş, 32 №-li İSDM komissiyasının 24 aprel 1995ci il tarixli qərarı və xx.xx.1995-ci il tarixli müqavilə əsasında İddiaçı bağışlanmış və özəlləşdirilməsinə icazə verilmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 018-1241-1221 saylı məktubunda qeyd edilir ki, X6 xx.xx.2003-cü il, X5 xx.xx.2007-ci il, onun övladları Əliyev Xəqani və Əliyeva Nuranə xx.xx.2013-cü il, Əliyev Hicran Fəxrəddin oğlu xx.xx.2006-cı il, övladları Əliyeva Fatma, Əliyeva Rüqəyya və Əliyeva Nərgiz xx.xx.2014-cü il, X14 xx.xx.2004-cü il, övladları Əliyeva Zəhra xx.xx.2014-cü il və Əliyev Əliəkbər xx.xx.2016-cı il, X4 xx.xx.2005- ci il, övladları Əliyeva Zeynəb və Əliyev Hüseyn xx.xx.2015-ci il, X19 xx.xx.2010-cu il və X7 xx.xx.2005-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı Məmmədova (Əsgərova) Minarə Camal qızı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslərin ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 8.İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Maştağa qəsəbəsi İSMD32, ev 4 mənzil 3 ünvanında yaşayır. Qeyd etdiyi yaşayış evi 28,15 kv.m ibarətdir. Yaşayış evi 30/63384xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində qeydiyyata salınmış və iddiaçıya Qeydiyyat Vəsiqəsi verilmişdir. Xüsusi mülkiyyətində olan yaşayış evində təkcə iddiaçı pasport qeydiyyatındadır. İddiaçının xəbəri olmadan iddiaçıya məxsus olan yaşayış evinə qonşular qeydiyyata düşmüşlər. İddiaçıya məxsus olan xüsusi mülkiyyətində qanunsuz qeydiyyata düşən vətəndaşların adlı siyahısı arayışda qeyd olunmuşdur. Arayış ərizəsinə əlavə olunmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 9.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6266/2020 saylı xx.xx.2020-ci tarixli qərardadı ilə X6, Əliyeva Nərgiz Hicran qızı, X11, X10, X18, X13, X14, Əliyev Hicran Fəxrəddin oğlu, X5, X19, X7, Əliyeva Rüqəyya Hicran qızı, Əliyeva Fatimə Hicran qızı, X27, X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. 10.Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-1612/2021 saylı qərarı (hakim Mehriban Qarayeva) ilə iddia tələbi təmin edilmişdir. 11.Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ünvan 1 yerləşən daşınmaz əmlak üzərində İddiaçı xüsusi mülkiyyət hüququ dövlət qeydiyyata alındığından üçüncü şəxlərin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxlərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslərin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıdıığından iddia təmi edilməlidir.

Apellyasiya şikayətinin dəlilləri: 12.Qərardan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək qərarın ləğv edib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 13.ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.1988-ci ildə Əliyev Fəxrəddin Şahmirzə oğluna 7 saylı order əsında verilmişdir. Bakı şəhəri Maştağa qəsəbə nümayəndəliyinin xx.xx.1988-ci il tarixli 7 saylı protokol iclasın qərarına əsasən qeyd olunan mənzil sahəsinin 35 m2 olan sahəsi mənzil idarəsinin işçisi olan Əliyev Fəxrəddin Şahmirzə oğluna verilmiş, ailə tərkibi 8 nəfərdən ibarət olmaqla, yəni özü, yoldaşı və 6 uşaqları həmin mənzilə qeydiyyata alınmışdır. Həmin iclas qərarının 2-ci bəndinə əsasən 32 nömrəli İSMD-nin iclas protokolunda Həmkarlar İttifaqının sədri İbrahimov Z.T oğluna tapşırılmışdır ki, ev 4 mənzil 3 ünvanındakı order Əliyev Fəxrəddin Şahmirzə oğlunun adına tərtib edilsin. Həmin ildən üçüncü şəxslər ailə üzvləriylə qeyd olunan ünvanda yaşamış, bu 32 il ərzində qəsəbə nümayəndəliyindən arayış lazım olduqda ünvan 5 ünvanında qeydiyyatda olmaqları barədə arayış verilmişdir. Eyni zamanda 1988-ci ildən qeyd olunan ünvanda Maştağa qəsəbəsi nümayəndəliyində hər biri qeydiyyata alınmışdır və bu barədə reyestr kitabında qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsi sözügedən mübahisəli mənzillə bağlı Maştağa qəsəbə nümayəndəliyinə sorğu verməmişdir. İddiaçı qəzə üçüncü şəxslərin divar qonşusudur. Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD 32, ev 4, mənzil 3 ünvanında yaşayır. Qeyd edilən yaşayış evi 28,15 kv m ibarətdir. Yaşayış evi xx.xx.1995-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı Texniki İnventarlaşdırma cə MHQİ-də qeydiyyata salınmış vəsiqə verilmişdir. Qeyd olunan mübahisəli mənzil xx.xx.1988-ci ildə Əliyev Fəxrəddin Şahmirzə oğluna verilmişdir. Lakin iddiaçı eyni ünvanda olan mənzili 7 il sonra almışdır. Həmin qərar çıxarılarkən üçüncü şəxslərin məlumatı olmamış, eyni ünvanda qeydiyyatda ola-ola qərar verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14.Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxslər nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdilər. 15.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X8 və Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdilər.

Əsaslandırma hissəsi:

16. Tətbiq edilən hüquq

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

Apellyasiya məhkəməsinin mövqeyi 17.Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 18.Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia rədd edilməlidir. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, “mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti nəticəsində xitam verilə bilər.” Yaşayış sahəsindən istifadə hüququ olan şəxslərə münasibətdə isə qeyd edilmişdir ki, “bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.” 20.İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş 32 №-li SMD-nin Həmkarlar İttifaqının xx.xx.1988-ci il tarixli protokolundan görünür ki, qəsəbədə boşalmış ev 4, mənzil 3, sahəsi 35 kv.m olan mənzilinin idarənin fəhləsi Əliyev Fəxrəddin Şahmirzə oğluna 8 nəfər ailə tərkibi ilə birlikdə order əsasında verilməsi qərara alınmışdır. 21.32 №-li SMD-nin Həmkarlar İttifaqı tərəfindən qeyd edilən mənzilə dair Əliyev Fəxrəddin Şahmirzə oğluna verilmiş order iş materiallarına əlavə edilmişdir. 22.Məhkəmə tərəfindən Əliyev Fəxrəddin Şahmirzə oğlunun əmək kitabçasının əslinə baxış keçirilərək müəyyən edilmişdir ki, o həqiqətən 32 saylı SMD trestində işlədiyi müəyyən edilmişdir. 23.Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən həm iddiaçının, həm də üçüncü şəxslərin yaşadıqları mənzillərin sxemi tərtib edilmiş, sxemə əsasən müəyyən edilmişdir ki, hər iki mənzil tamamilə ayrı-ayrı mənzillərdir. 24.İddiaçının və üçüncü şəxslərin işə apellyasiya qaydasında baxılarkən verdikləri izahatlara əsasən müəyyən edilmişdir ki, yaşayış sahələri iddiaçıya və Əliyev Fəxrəddin Şahmirzə oğluna işlədikləri idarədən yataqxana otaqları kimi verilmiş, hər iki yaşayış sahəsinin eyni ünvanı olmuşdur. İddiaçı özünə aid mənzili özəlləşdirmiş, özəlləşdirilərkən mənzilə ünvan 1 ünvanı verilmişdir. Eyni qaydada üçüncü şəxslərin də qeydiyyatda olduqları mənzili özəlləşdirmək hüququ olduğundan hazırda onların qeydiyyatdan çıxarılması üçüncü şəxsləri yaşadıqları mənzili özəlləşdirmək hüququndan məhrum edir. 25.Qeyd edilənlərə məhkəmə hesab edir ki, üçüncü şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaçının razılıq ərizəsi əsasında mənzilə qeydə alınmış şəxslər kateqoriyasına aid olmadığından, Əliyev Fəxrəddin Şahmirzə oğlunun ünvan 1 ünvanında yerləşən və hazırda ailə üzvləri ilə birlikdə yaşadığı sahəsi 35 kv.m olan mənzilə istifadə hüququ xx.xx.2000-ci il tarixədək yarandığından iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında ifadə edilmiş hüquqi mövqeyə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə zidd olmuşdur. 26.Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qərar ləğv edilərək iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. 27.Məhkəmə izah edir ki, ünvan 1 ünvanı hazırda iddiaçının mülkiyyətində olan mənzilin ünvanı olduğundan üçüncü şəxslər öz mənzillərini özəlləşdirərkən həmin mənzilə digər ünvan verilərsə tərəflər arasında mübahisə həll edilmiş olar. 28.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə: 29.Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia rədd edilməlidir. 30.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-1612/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar