Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-247/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3975/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,08 ha torpaq sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarı və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X3 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1991-ci il tarixli, 7 nömrəli qərarına əsasən Abşeron rayon Donuzkökəltmə Sovxozunun fəhlə və qulluqçularına 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərarlara uyğun olaraq Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmri əsasında iddiaçıya 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələrinə dair cizgi və xəritədən çıxarış Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Daha sonra iddiaçı tərəfindən həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair ərizə ilə cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Halbuki, sadalanan hüquqmüəyyənedici sənədlər iddiaçının ərizəsinə əlavə edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi Donuzkökəltmə sovxozundan 243 metr kənarda yerləşir. Bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunanlardan əlavə, torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq vardır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3975/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi Donuzkökəltmə sovxozundan 243 metr kənarda yerləşir. Qeyd olunanlardan əlavə torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq vardır. Apellyasiya və kassasiya instansiya məhkəmələrində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3315/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 877/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3315/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********41 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilir: “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətnizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi Donuzkökəltmə sovxozundan 243 metr kənarda yerləşdiyindən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir”. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sorğuda qeyd olunan torpaq sahəsin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, sorğuya əlavə edilmiş Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş yerləşmə cizgisində göstərilən koordinatların əks etdirdiyi torpaq sahəsi Binə qəsəbəsində deyil, Qala qəsəbəsinin ərazisi olmaqla Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşir”. - Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarda qeyd edilir: “Binə qəsəbəsi, Bünyatzadə küçəsi, döngə 3, ev 30 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrindən çıxarışla Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün ona ayrılmış torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı müraciəti ilə bağlı ona ayrılmış torpaq sahəsinin hüquqi sənədlər əsasında Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində baxış keçirilmiş və həmin torpaq sahəsinə cizginin və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun olduğu hesab edilmişdir. Bu səbəbdən də Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrindən çıxarışla Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək vətəndaşa göndərilmişdir”. Həmin məktublara əlavə edilmiş Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika İstehsalat-elm damazlıq-heyvandarlıq birliyi RİEB “Azərdamazlıq birliyi” Abşeron Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrinə əsasən Abşeron RİK-nin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün aşağıdakı işçilərin hər birinə 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır - İddiaçı. Həmin məktublara əlavə edilmiş cizgi və xəritədən çıxarışdan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmri ilə Binə qəsəbəsində İddiaçı ayrılmış sahənin cizgisi və xəritədən çıxarışı hazırlanaraq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “Abşeron Rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 saylı qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda vətəndaş İddiaçı adı 378 sıra sayı ilə qeyd edilmişdir”. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, H203 saylı məktubla təqdim edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrindən çıxarışdan (Arxiv çıxarışı) görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün aşağıdakıların hər birinə 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır - 378…İddiaçı. Əsas: Fond.101, s.1a, s.v. 70.səh. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrinə əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün işçilərin hər birinə 0,08 ha torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda İddiaçı adı 378-ci sıra sayı ilə qeyd edilmişdir. Həmin torpaq sahənin cizgisi və xəritədən çıxarışı Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanaraq təsdiq edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan həmin torpaq sahəsinin sovxozdan kənarda yerləşdiyini qeyd etsə də, iddiaçının müraciəti ilə bağlı ona ayrılmış torpaq sahəsinin hüquqi sənədlər əsasında Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində baxış keçirilmiş və həmin torpaq sahəsinə cizginin və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun olduğu hesab edilmişdir. Bundan sonra Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrinə əsasən Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək iddiaçıya göndərilmişdir. Həmin cizgi və xəritədən çıxarışda torpaq sahəsinin koordinatları da qeyd olunmuşdur, lakin torpaq sahəsinin Donuzkökəltmə sovxozundan kənarda yerləşməsi halı müəyyən edilməmişdir. Bundan başqa, torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluğun olması, torpaq sahəsinin sovxozdan kənarda yerləşməsi hallarına iddiaçı cavabdehlik daşımır. Qeyd olunan hallar iddiaçının təqsiri deyil, həmin məsələlər cavabdeh tərəfindən yerinə yetirilən vəzifələrə aiddir. Həmin hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Həmçinin, qeyd olunan hallarla əlaqədar sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apelyator tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-877/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. İddiaçının tələbinin faktiki əsasları, işin digər halları ilə yanaşı, həm də Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının yuxarıda qeyd olunan müddəalarının tələbləri baxımından araşdırılmalı və qiymətləndirilməli idi. Hazırkı işdə bu, baş verməmişdir. Həmin göstərişləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(103)-3009/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur; 1. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika İstehsalat-elm damazlıqheyvandarlıq birliyi RİEB “Azərdamazlıq birliyi” Abşeron Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrinə əsasən Abşeron RİK-nin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinin koordinatları (sahə sərhədləri), ölçüsü müəyyən edilsin. 2. İddiaçı ayrılmış həmin torpaq sahəsinin sovxozun ayrıc aktından kənarda yerləşib-yerləşməməsi, yerləşirsə hansı hissədə yerləşməsi müəyyən edilsin. 3. İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi ilə başqa şəxslərin faktiki istifadəsində olan torpaq sahələri üst-üstə düşürmü (tam və ya qismən)? Düşürsə hansı hissələrdə? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/2597 nömrəli rəyində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-1469/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 900,0 kv.m təşkil edir. Sahə ümumi hasarlanmış ərazinin bir hissəsidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 900 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Donuzkökəltmə sovxozunun ayrıcından 250 metr kənarda yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə ümumi hasarlanmış ərazinin bir hissəsidir. Sahənin qeydiyyatı və üst-üstə düşmə ilə bağlı məlumat yoxdur. Faktiki olaraq göstərilən 900,0 kv.m sahənin 169,0 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsinin məhdudlaşdırılması (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; -65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. -67. 1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1.Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanı: 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Təkrar apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və texniki pasportun verilməsini tələb etdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşdiyini iddia etdiyi 0,08 ha torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən Donuzkökəltmə sovxozunun ayrıcından 250 metr kənarda yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə ümumi hasarlanmış ərazinin bir hissəsidir. Faktiki olaraq göstərilən 900,0 kv.m sahənin 169,0 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşdiyini iddia etdiyi 0,08 ha torpaq sahəsinin faktiki olaraq Donuzkökəltmə sovxozunun ayrıcından 250 metr kənarda yerləşməsi faktı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının hüquqlarının qeydiyyata alınmasını iddia etdiyi sahə faktiki olaraq Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşir. Buna görə də iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3975/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3975/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(103)-247/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-247/2024
20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver