Məhkəmə qərarları › İş №2-1(103)-2470/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2470/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2470/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1202/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Kaspiyets-2” Kooperativində yerləşən, İddiaçı məxsus olan 26 saylı qarajın sökülməsi nəticəsində 20.000 (iyirmi min) manat məbləğində vurulan ziyanın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 12/829 saylı Qərarı ilə Xəzər Gəmiçiliyinin zabitlərinə məxsus avtomobillər üçün qarajların tikilməsi barədə torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahələrində kollektiv qaraj tikintisinin aparılması üçün xx.xx.1987-ci ildə 26 Bakı Komissarı rayonunun İcraiyyə Komitəsinin 98/9075 saylı Qərarı ilə “Kaspiets-1”, sonradan isə “Kaspiets-2” və “Kaspiets-3” kooperativləri təsis edilmişdir. 26 Bakı Komissarı rayonu XDS İK-nın xx.xx.1987-ci il tarixli 11/938 saylı və sonrakı müvafiq qərarları ilə kooperativlərin üzvlərinin siyahısı təsdiq edilmişdir. xx.xx.1987-ci il tarixli 6 nömrəli Protokoldan görünür ki, X3 və digərləri “Kaspiets-2” kooperativinə üzv qəbul edilmişdir və onun adına 26 nömrəli order verilərək qaraj ayrılmışdır. Daha sonra isə X1 və İddiaçı xx.xx.2003-cü il tarixli ərizələri nəzərə alınaraq Y.Yevqeniyeviçin əvəzinə İddiaçı “Kaspiets-2” kooperativinə üzv qəbul edilmiş, həmçinin Y.Yevqeniyeviçə ayrılmış qarajın əvəzi (********** manat) İddiaçı tərəfindən ödənilməklə 26 nömrəli qaraj İddiaçı adına keçirilmişdir. Bununla bağlı İddiaçı adına 26 nömrəli arayış-order verilmişdir. Elə həmin vaxtdan da iddiaçı kooperativin üzvü olaraq həmin ərazidə tikilmiş qarajın mülkiyyətçisi və qanuni istifadəçisi olmuşdur. “Kaspiets-1” kooperativi üzrə 29 ədəd, “Kaspiets-2” kooperativi üzrə 70 ədəd, “Kaspiets-3” kooperativi üzrə 20 ədəd, cəmi 119 qaraj mövcud olmuşdur. Qeyd edildiyi kimi iddiaçı qarajın qanuni əsaslarla istifadəçisi olmuşdur. Bu Bakı şəhəri 26 Bakı Komissarı rayon X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 263 saylı, “A" seriyalı arayış-orderlə tam təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən iddiaçı “Kaspiyets-2” kooperativinin payçısıdır. Azərbaycan Respublikası Prezidentinin X7 yaradılması ilə bağlı xx.xx.2007-ci il tarixli 2504 N nömrəli sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xx.xx.2008-ci il tarixli 580N-H sərəncam vermişdir. Həmin sərəncamla ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, ərazidə olan qarajların və digər tikililərin sökülməsi Səbail rayon icra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Sərəncamı icrası ilə əlaqədar olaraq iddiaçının qanuni əsaslarla istifadəsində olmuş qaraj sökülmüş və ona bununla bağlı kompensasiya ödənilməmişdir. İddiaçının qanuni əsaslarla istifadə hüququna malik olduğu qaraj söküldüyündən və ona bununla bağlı hər hansı kompensasiya məbləği ödənilmədiyindən, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Lakin, onun müraciətinə hər hansı cavab verilməmişdir. Həmçinin, “Kaspiyets-2” kooperativinin payçıları olan digər fiziki şəxslər tərəfindən məhkəmədə iddialar qaldırılmış və məhkəmə qərarları ilə onların iddiaları qismən də olsa təmin edilmişdir. Məhkəmələr tərəfindən qarajların hər bir kv.m bazar dəyəri 300 manat təşkil etsə də, keçən müddət ərzində manatın 2 dəfə devalvasiya olunması və hal-hazırda davam edən inflyasiya nəzərə alınaraq iddiaçıya məxsus, sahəsi 31,1 kv.m olan qarajın sökülməsi nəticəsində ona ən azı 20.000 (iyirmi min) manat dəyərində ziyan dəymişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1202/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1202/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhər X6 İcraiyyə Komitəsinin 01 avqust 1986-cı il tarixli qərarına əssən X10 Donanmasının müraciətinin təmin olunaraq QXD-ya 26 Bakı Komissarı adına rayonun 29- cu məhəlləsində zabitlər üçün qarajlar tikintisinə icazə verilmişdir. - Bakı şəhər X6 İcraiyyə Komitəsinin 11/197 saylı, 14 aprel 1987-ci il tarixli qərarına əsasən X10 Donanmasının müraciəti nəzərə alınaraq 26 Bakı Komissarı adına rayonun 29-cu məhəlləsində ayrılmış sahədə zabitlər üçün qaraj tikinitlərinin layihələşdirilməsinə icazə verilmişdir. - Bakı şəhər 26 Bakı Komissarı adına rayon X6 98/9015 nömrəli, 15 may 1987-ci il tarixli qərarına əsasən ayrılmış torpaq sahələrində kollektiv qaraj tikintisinin aparılması məqsədilə “Kaspiyets-1” kooperativinin təşkil edilməsi qərara alınmışdır. - Bakı şəhər 26 Bakı Komissarı adına rayon X6 99/9080 nömrəli 22 may 1987-ci il tarixli qərarına əsasən ayrılmış torpaq sahələrində kollektiv qaraj tikintisinin aparılması məqsədilə “Kaspiyets-2” kooperativinin təşkil edilməsi qərara alınmış, həmin kooperativin üzvlərinin siyahısı təsdiq edilmiş, nizamnaməsinin üzvlərinin ümumi yığıncağında qəbul edilməsi qərara alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 580 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Səbail rayonu, F.Mehdiyev küçəsi 1 saylı yaşayış binasında mənzili olan vətəndaşlara və F.Mehdiyev küçəsi 9 saylı ünvandakı şəxsi evin sahibinə ünvan 1 verilməsi Bakı şəhər Mənzil Kooperativ İdarəsinə həvalə edilmiş, ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı “Kaspiets-2” kooperativinin üzvü olaraq onun sözügedən ərazidə 26 saylı qarajın qanuni əsaslarla istifadəçisi olduğunu, Bakı Şəhər İcra Hakimiyyətinin adıçəkilən xx.xx.2008-ci il tarixli 580N-H sərəncamının icrası ilə əlaqədar həmin qarajın söküldüyünü, bununla bağlı kompensasiya ödənilmədiyini iddia edərək qarajın sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 20.000 manat kompensasiyanın ödənilməsini mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 580 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən həmin ünvanda söküntü və tikinti işlərin aparıldığı işin mübahisələndirilməyən halıdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ilk növbədə iddiaçının sökülən ərazidə iddia olunan qaraja dair mülkiyyət hüququnun və ya “qanuni gözləntisi”nin olub-olmaması araşdırılmalıdır. Belə ki. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyrimütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Hazırkı iş üzrə iddiaçı “Kaspiets-2” koperativində 26 nömrəli qarajın əvvəlcə X2 məxsus olduğunu, bu barədə ona 26 nömrəli order verildiyini, daha sonra X3 ilə öz aralarında razılaşmaya əsasən ayrılmış qarajın əvəzinin Y.Yevqeniyeviçə ödənilməklə, hər ikisinin xx.xx.2003-cü il tarixli ərizələri nəzərə alınmaqla həmin 26 nömrəli qarajın İddiaçı adına keçirildiyi və bununla bağlı sonuncunun adına 26 nömrəli arayış-order verildiyinə istinad etmişdir. İş materiallarında olan “Kaspiyets-2” kooperativi üzvlərinin 6 nömrəli xx.xx.1987-ci il tarixli protokoluna əsasən X4 “Kaspiyets-2” kooperativinin üzvlüyünə qəbul edilmişdir. 26 Bakı Komissarı X6 icraiyyə komitəsinin 31/3248 nömrəli xx.xx.1989-cu il tarixli qərarı əsasında A seriyalı 26 nömrəli orderinə əsasən vət. V.E.Yakovlevə “Kaspiets-1” qaraj tikinti kooperativində maşın saxlamaq (boks) üçün yer tutmağa icazə verilmişdir. Göründüyü kimi X3 “Kaspiets-2” kooperativinin üzvlüyünə qəbul edildiyi halda A seriyalı 26 nömrəli order V.E.Yakovlevə “Kaspiets-1” kooperativi tərəfindən və həmin koperativə aid ərazidə maşın saxlamaq üçün yer tutmağa icazə verilmişdir. Eyni zamanda qaraja dair hüquqmüəyyənedici sənəd olan orderdə hansı nömrəli qarajın V.Y.Yakovlevə aid olduğu qeyd edilməmişdir. Həmçinin X4 və iddiaçının adından adi gözlə müşahidə ediləcək dərəcədə eyni şəxs tərəfindən yazılmış yazı mətni olan xx.xx.2003-cü il tarixli ərizələr iddia ərizəsinə əlavə edilsə də, iddiaçı ilə V.E.Yakovlev arasında qaraja dair alqı-satqı aktı tərtib olunmamışdır. Eyni zamanda istinad edilən “Kaspiets-2” koperativinin V.Yakovlevin üzvlükdən çıxarılması, onun əvəzinə İddiaçı “Kaspiets-2” kooperativinə üzvlüyə qəbul edilərək ona 26 nömrəli boksun ayrılması barədə 90/03 nömrəli xx.xx.2003-cü il tarixli protokolu “Kaspiets-2” kooperativinin sonuncu qanuni təmsilçisi “A.Eldarxanov” tərəfindən imzalanmışdır. İddiaçının kooperativ üzvlüyünə qəbulu xx.xx.2003-cü il tarixli protokol əsasında həyata keçdiyi halda adına A seriyalı 26 nömrəli arayış-order X1 üzvlüyə qəbul edilməsi barədə olan Səbail rayon İcraiyyə Komitəsinin 31/3248 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına istinadən verilmişdir. Həmçinin, işdə olan xx.xx.2003-cü il tarixli protokol “Kaspiets-2” koperativinin rəhbəri “A.Kuzmenko” tərəfindən imzalanmadığı və kooperativin möhürü ilə təsdiq edilmədiyi (“A.Eldarxanov” tərəfindən imzalandığı) halda iddiaçının adına olan arayış-order “Kaspiets2” koperativinin keçmiş rəhbəri “A.Kuzmenko” və komendant “B.Dubrovin” tərəfindən imzalanmışdır İş materiallarına iddia olunan 26 nömrəli qarajın texniki göstəricilərini ifadə edən sənədplan (sxem) əlavə edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2023-cü il tarixli **********11 nömrəli məktubundan da müəyyən olunur ki, “Kaspiets-2” koperativinə aid 26 saylı qaraja dair daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanda texniki pasport aşkar edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, kompensasiya tələb edilən Kaspiets-2” koperativinə aid 26 saylı qarajın iddiaçının istifadəsinə verilməsi ilə bağlı mötəbər hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, iddia olunan qarajın daş tikili olmaqla, ölçüsü, texniki parametrləri, yerləşdiyi yer (cizgi) göstərilməklə əmlakın naturada mövcud vəziyyətdə mülki dövriyyənin obyekti olmasını təsdiq edən texniki pasportu təqdim edilməmişdir. Göründüyü kimi iddiaçının sökülən ərazidə iddia olunan qaraja dair mülkiyyət hüququnun və ya “qanuni gözləntisi”nin olmadığı işin faktiki halları ilə müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1202/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1202/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar