Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2470/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2593/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-18192/2024 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 18192/2024 saylı, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-131380/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-271728/2024 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçının şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-2- 3/218192/2024 saylı qərarla 2023-cü il üçün 122.865,31 manat mənfəət vergisi hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə hesablanmış kameral vergi məbləğinin hesablanmamasına dair müraciət edilməsinə baxmayaraq, inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq, hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən xx.xx.2023, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azneft” İstehsalat Birliyi ilə müqavilələr bağlanılmış və müvafiq olaraq müqaviləyə aid onlardan bir və iki qapılı dəmir paltar şkafları alınmışdır, Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-lərin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Əlbəttə ki, müəssisə tərəfindən həmin MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-lərin riskli vergi ödəyicisi olması barədə məlumatları olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. İddiaçı həmin MMC-lər ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olubolmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda, bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir. Qeyd edilənlərə əsasən də iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. xx.xx.2024-cü il tarixli 3- 21-2-3/2-18192/2024 saylı qərarla mənfəət vergisinin hesablanmasına əsas məhz bu elektron qaimə fakturaların nəzərə alınmaması üzərindən vergi orqanı tərəfindən əvəzləşməmiş kimi götürülən dövriyyəyə mənfəət hesablanması olmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) e-2-1(112)-2593/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-18192/2024 saylı, xx.xx.2024-cu il tarixli № 3-21-2-3/2-131380/2024 saylı və xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-271728/2024 saylı Qərarları ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş, xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-18192/2024 saylı qərar əsasında 122.865,31 manat vergi məbləği hesablanmışdır. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində aparılmış 707014,00 manat (ƏDV-127262,52 manat) məbləğində qarşılıqlı əməliyyatlar zamanı malların və xidmətlərin həcminin və seçiminin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə xərclərə salınmış 707014,00 manat məbləğində EBDİ seriyalı 423555 nömrəli riskli elektron qaimə faktura xərc sənədi kimi nəzərə alınmayaraq 122865,31 manat əlavə vergi məbləği ((707014,00 - bəyannamə üzrə zərər məbləği 92687,47)*20%) hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********075400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı MMC "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə ƏDV məbləği 127262,52 manat, yekun məbləği 707014 manat olan qarşılıqlı əməliyyat aparmış, müvafiq elektron qaimə fakturaları xərc sənədi üçün təqdim etmişdir (riskli elektron qaimə fakturalar etiraza əlavə olunur). “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********442900 saylı qərar əsasında "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş, həmin qərarda qeyd edilmişdir ki, xx.xx.2021-xx.xx.2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 50132257 manat dəyərində “Etilen polimer qirintilari, armatur və s.” mallar təqdim edilmişdir. Həmin mallar vergi ödəyicisinin alışında və idxalında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş operativ vergi tədbir tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. Göründüyü kimi, "xxxx" MMC-nin xx.xx.2021-xx.xx.2023-cü il tarixdə apardığı əməliyyatlar araşdırılmış, İddiaçı MMC "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə əməliyyat aparmışdır. Yəni, müvafiq tarix aralığında "xxxx" MMC İddiaçı MMC-yə də mal təqdim etmişdir. Həmçinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********442900 saylı qərar mübahisələndirilmədiyindən həmin qərarın təsdiqlədiyi faktlar və hallar qüvvədədir. Operativ vergi nəzarəti idarəsinin Monitorinq və sahə nəzarəti şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən “Ə.H.ASLANOV KƏNDLİ- FERMER TƏSƏRRÜFATİ”-nın baza məlumatlarına əsasən həmin ünvandakı obyektin yerləşdiyi ünvan dəqiqləşdirilib yerində müşahidə aparılmışdır. “Ə.H.ASLANOV KƏNDLİ- FERMER TƏSƏRRÜFATİ”-nın Abşeron rayonu, X3 ünvanında yerləşən **********-31001 kodlu təsərrüfat subyekti 4670 kv.m olmaqla xx.xx.2022-ci il tarixdə vergi orqanında qeydiyyata qoyulmuşdur. Ümumlikdə həmin ünvanda hazırda uçot məlumat bazasına əsasən icarə müqaviləsi əsasında 29 vergi ödəyicisinin aktiv təsərrüfat subyekti (cəmi 3400 kv.m) mövcuddur. Həmin ödəyicilərdən biri də "xxxx" MMC-dir (obyektin kodu: **********-31002, sahəsi 500 kv.m dəmir sexi). Ərazidə müşahidə zamanı yalnız quşçuluq təsərrüfatı ilə məşğul olunduğu, hər hansı digər fəaliyyətin aparılmadığı müəyyən olunmuşdır. xx.xx.2024-cu il tarixli qərara münasibətdə qeyd edir ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü il iyul ayı üzrə ƏDV bəyannaməsi təqdim edilmiş, bəyannamədə əldə edilmiş və müvafiq dövrlərdə əvəzləşmə üçün təqdim edilmiş riskli elektron qaimə fakturalarla bağlı elektron uyğunsuzluqlar müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyul ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinə 28689.12 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********365600 nömrəli “********** ƏDV İyul 2024 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Belə ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBEA seriyalı 403068 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrə 19538.28 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyi nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19538.28 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (02.2024) əvəzləşmə üçün təqdim adilmiş EBDY seriyalı 205317 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 9150.84 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,00 manat olması nəticəsində 9150,84 manat kənarlaşma yaranmışdır. İddiaçı MMC "xxxx" GROUP MMC və "xxxx" MMC ilə əmtəəsiz əməliyyatlar aparmışıdr. Belə ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********786400 saylı qərara əsasən elektron qaimə faktura məlumatlarına əsasən xx.xx.2024-cü il tarixdə 128084 manat (ƏDV daxil) dəyərində “Dəmir paltar şkafı (2 qapılı,1900x800x450mm)” təqdim olunmasına baxmayaraq, qeyd edilən mallar cəmiyyətin alışında, idxalında müəyyən edilməmişdir. Əlavə olaraq, vergi ödəyicisinin qeydiyyatda olan aktiv təsərrüfat subyekti müəyyən edilməmişdir. "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********605400 saylı qərara əsasən "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 59988,84 manat dəyərində “Dəmir paltar şkafı (iki qapılı) 1900x800x450mm” təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Baza məlumatlarına əsasən vergi ödəyicisinin aktiv obyekti yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.1, 2.1.3 və 3.1.1-ci bəndlərinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-271728/2024 saylı qərara münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2024-cü ilin avqust ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş, 26.404,56 manat vergi məbləği hesablanmışdır. 3-21-2-3/2- 271728/2024 saylı qərar iddiaçının "xxxx" MMC-dən əldə etdiyi MT2407 seriyalı və 11928504 nömrəli elektron qaimə ilə bağlıdır. "xxxx" MMC xx.xx.2024 tarixli **********472500 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. xx.xx.2024-cü il tarixdə elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 173379,76 manat dəyərində “ŞO-70 (paylayıcı şit)” və digər mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən, həmin mallar müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Məhkəmə qərarında qeyd edilmişdir ki, «təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Həmçinin riskli hesab olunan müəssisələrin riskli hesab olunmasına səbəb olan hallar, o cümlədən təsərrüfat subyektlərinin uçota qoyulmaması, işçilərin müqaviləsiz işə cəlb edilməsi, satdığı malların həmin vergi ödəyicilərinin alış aklarında olmaması və sair bu kimi hallarla bağlı yaranan risklərə görə iddiaçıya əlavə vergi məbləğləri hesablana bilməz. Belə ki, bu hal həmin şəxslərin məsuliyyət kateqoriyasına aiddir və hər bu pozuntulara görə özləri fərdi şəkildə məsuliyyət daşıyırlar». Məhz əmtəəsiz əməliyyatların araşdırılması zamanı əməliyyatlar sənədlər üzərində baş tutur, müqavilələr, təhvil-təslim aktları hazırlanaraq əməliyyatın baş tutmasının bu sənədlərlə sübut edilməsinə cəhd edilir. Lakin əsas məsələ sənədlərdə əks edilmiş əməliyyat həqiqətən də baş tutmuşdurmu, baş tutmuşdursa, həmin şəxslər arasında baş tutmuşdurmu, həmin qiymətdə baş tutmuşdurmu və s. tipli sualların cavablandırılmış olmasındadır. Bu sualların araşdırılması üzrə inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində müvafiq addımlar atılmış, vergi ödəyiciləri riskli ödəyicisi hesab edilmədən əvvəl xəbərdarlıq məktubları göndərilmiş, inzibati orqanın binasına dəvət edilmişdir. Həmçinin iddiaçı ilə qarşılıqlı əməliyyat aparmış "xxxx" MMC barəsində cinayət işi də açılmış, cinayət işinin istintaqı zamanı "xxxx" MMC-nin fəaliyyətində əmtəəsiz əməliyyatlar həyata keçirmələrinə dair sübutlar müəyyən edilmişdir. Qeyd edilən xüsusatlar şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Əməliyyatların əmtəəsiz olmasının müəyyən edilməsi şirkətlərin real işçilərinin və rəhbərinin, anbar və ya istehsal obyektinin, mal qalığının olmaması və s. kimi faktların yoxlanılması ilə həyata keçirilir. Bununla yanaşı, "xxxx" MMCnin nümayəndələri ilə dindirmə istintaq hərəkətləri aparılmış, onların müəssisənin fəaliyyəti ilə bağlı iradə ifadələrinin olmadığı aşkar edilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə qarşılıqlı əməliyyatlar aparmış vergi ödəyicilərinin məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətlər verilmiş, məhkəmə tərəfindən vəsatətlər təmin edilmiş, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlb edilməsinə dair Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərardadlar qəbul edilmişdir. Hətta "xxxx" MMC-nin rəhbəri məhkəmə iclasında iştirak etmiş, "xxxx" MMC iddiaçı barədə heç bir məlumatının olmadığını, aparılan əməliyyatlardan xəbərdar olmadığını, hər iki müəssisə arasında bağlanmış müqavilələrdəki imzaların ona məxsus olmadığını bildirmişdir. Lakin Bakı İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadla "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərardadlarını ləğv etmiş, həmin şəxslərin üçüncü şəxs kimi prosessual statusunu ləğv etmişdir. Məhkəmə qeyd edilən qərardadlarının ləğv edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlər üzrə mövcud olan qərarları ilə əsaslandırmış, lakin nəzərə almamışdır ki, məhz icraatında olan inzibati işin hallarının araşdırılması zamanı zərurət yarandığından "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmişdir, "xxxx" MMC-nin rəhbərinin verdiyi izahat da məhkəmənin bu istiqamətdə mövqeyinin düzgün və əsaslı olmasını bir daha sübut etmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, digər tərəfdən iddiaçının nümayəndəsinin (əvvəlki işçisinin) izahatı ilə də müəyyən edilir ki, alqı-satqı müqavilələrinin predmeti olmuş dəmir şkaflar həqiqətən alınmışdır. Məhkəmə iddiaçının əvvəlki işçisinin izahatını sübut kimi qiymətləndirmiş, lakin "xxxx" MMC-nin rəhbərinin məhkəmə iclasında verdiyi izahatı, ümumiyyətlə, nəzərə almamışdır. Məhkəmə baxış iclasında cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə suallar verilən zaman həmin şəxsin baş tutmuş əməliyyatlarda, aparılan danışıqlarda iştirakçı olmadığı, müqavilələrin bağlanmasında bilavasitə iştirak etmədiyi aydın olmuşdur. Göründüyü kimi məhkəmə hər iki tərəfin verdiyi izahatdan biriniəsas götürmüş və nə səbəbdən digərini nəzərə almamasına münasibət bildirməmiş, belə bir izahatın olmasını yox saymışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın və iş, xidmətin alıcısına münasibətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın və iş, xidmətin alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların və iş, xidmətin faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Əvvəla, bu dəlilin məhkəmə qərarında əksini tapmış olması məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi sübutlara etinasız yanaşması və ümumiyyətlə, onları təhlil etmədiyini göstərir. Vergi Məcəlləsinin 32.4-cü maddəsi vergi orqanları tərəfindən vergi nəzarətinin aparılması formalarını əks etdirir. Bu maddədə qeyd edilir ki, vergi orqanı vergi ödəyicisinin gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda vergi nəzarətini həyata keçirir. Həmçinin, Operativ vergi nəzarəti idarəsinin Monitorinq və sahə nəzarəti şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən “Ə.H.ASLANOV KƏNDLİ-FERMER TƏSƏRRÜFATİ”-nın baza məlumatlarına əsasən həmin ünvandakı obyektin yerləşdiyi ünvan (X4 yaxınlığında) dəqiqləşdirilib yerində müşahidə aparılmışdır. “Ə.H.ASLANOV KƏNDLİ-FERMER TƏSƏRRÜFATİ”-nın Abşeron rayonu, X3 ünvanında yerləşən **********-31001 kodlu təsərrüfat subyekti 4670 kv.m olmaqla xx.xx.2022-ci il tarixdə vergi orqanında qeydiyyata qoyulmuşdur. Ümumlikdə həmin ünvanda hal-hazırda uçot məlumat bazasına əsasən icarə müqaviləsi əsasında 29 vergi ödəyicisinin aktiv təsərrüfat subyekti (cəmi 3400 kv.metr) mövcuddur. Həmin ödəyicilərdən biri də "xxxx" MMC-dir (obyektin kodu**********-31002, sahəsi 500 kv.m dəmir sexi). Ərazidə müşahidə zamanı yalnız quşçuluq təsərrüfatı ilə məşğul olunduğu, hər hansı digər fəaliyyətin aparılmadığı müəyyən olunmuşdır. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin aktiv təsərrüfat subyekti olmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının qarşılıqlı əməliyyat apardığı vergi ödəyicilərinin təsərrüfat subyektlərinin uçota qoyulubqoyulmamasının, işçilərin müqaviləsiz işə cəlb edilib-edilməməsinin, həmin ödəyicilərin nəqliyyat vasitələrinin mövcud olub-olmamamasının və bütun bu dəlillərin iddiaçı və vergi ödəyiciləri arasında aparılmış əməliyyatların tarixləri ilə uzlaşdırılaraq araşdırılması və bu hallarla bağlı məhkəməyə sübutlar təqdim etməsinin səbəbi iddiaçı və müəssisələr arasında aparılmış əməliyyatların əmtəəsiz olmasının sübut edilməsidir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyul 2024-cü il tarixli, 3-21-2-3/2-18192/2024 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2023-cü il üçün mənfəət vergisi üzrə 122.865,31 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2- 131380/2024 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2024-cü il iyul ayı üçün əlavə dəyər vergisi üzrə 28.689,12 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2- 271728/2024 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2024-cü il avqust ayı üçün əlavə dəyər vergisi üzrə 26.404,56 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”: 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin tələblərindən göründüyü kimi, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilir, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatların aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-lərin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyiciləri ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddiaçının, əməliyyat apardığı vergi ödəyicilərindən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı vergi ödəyicilərindən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya eqaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə, bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz olması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və eqaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz olması kimi qiymətləndirilməməlidir. Başqa sözlə, elektron qaimə-fakturanın əmtəəsiz əməliyyat hesab edilməsi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Bir sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Belə ki, vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicisinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmış, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2593/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2470/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2470/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver