Məhkəmə qərarları › İş №2-1(103)-2471/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2471/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2471/2022 26.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, iddiaçı X11, onun vəkili X6 və üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı üçüncü şəxs qismində X12 cəlb edilməklə mənzilin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3096/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23-26 avqust 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 67 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən ev 9-un 3 nömrəli mənzilini müəyyən edib iddiaçının, yəni İddiaçı istifadəsinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 nömrəli evin 3 nömrəli mənzili onun qaynatası Məmmədov Baladadaş (Babulla) Ağdaş oğluna 22/3712 nömrəli sərəncamla verilmişdir. O həyat yoldaşı mərhum X7 ilə ailə qurandan sonra, təxminən 1972-ci ildən həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşamışdır. 2000-ci ildə həmin mənzilə dair 11 nəfər ailə üzvü üçün şəxsi hesab vərəqəsi də açmışdır və evin kommunal xərclərini də daimi olaraq özü ödəmişdir, bu gün də ödəyir. 2014-cü ilin noyabr ayının 18-dən cavabdehin köməyi sayəsində mənzildən başqa şəxslər istifadə edirlər. Bu səbəblə mənzili müəyyən edib onun və ailəsinin istifadəsinə qaytarılması xahişi ilə cavabdehə rəsmi qaydada müraciət etmişdir. xx.xx.2018-ci ildə MKSN-dən ziddiyyətli imtina məktubu almışdır. Guya ki, onlar həmin mənzildən köçürülmüşlər. Onların kim tərəfindən və hansı əsaslarla sözügedən mənzildən çıxarılması barədə heç bir məlumat göstərilməmişdir. Bu barədə heç bir məhkəmə qətnaməsi və qərarı yoxdur. Sonradan məlum olmuşdur ki, həmin şəxslər onların mənzilindən 67 nömrəli MKİS köməyi ilə istifadə edirlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-1912/2018 nömrəli qərardadına əsasən 67 saylı Mənzil Kommunal-İstismar Sahəsinin inzibati məhkəmə icraatında cavabdeh qismində iştirakına xitam verilmişdir, həmin tarixli digər qərardada əsasən isə iddia tələbinin mənzilin iddiaçının istifadəsinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması hissəsi mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)1912/2018 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 nömrəli evin 3 nömrəli mənzilinin hansı mənzil olmasının müəyyən edilməsi vəzifəsi cavabdeh Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)1912/2018 nömrəli qərarından X12 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, X8 həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilərək, işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)- 1066/2020 nömrəli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1912/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarından X12 tərəfindən verilmiş apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin icraata qəbulundan imtina edilmişdir, X8 üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı vəsatət müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1912/2018 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki inzibati iş üzrə X12 tərəfindən verilmiş 3-cü şəxs qismində cəlb edilməklə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1912/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi rədd edilmişdir. Həmin qərardaddan X8 verdiyi apellyasiya şikayəti əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1016/2021 qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(82)-1912/2018 nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1912/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı X8 qanunla qorunan hüquqlarına toxunduğu üçün ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3096/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Hacıbəyova) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 nömrəli evin 3 nömrəli mənzili qayınatası Məmmədov Baladadaş (Babulla) Ağdaş oğluna 20 dekabr, 1971-ci il tarixli 22/3712 nömrəli sərəncamla verilmişdir. Qayınatasının vəfatından sonra sözügedən mənzil həyat yoldaşı X2, onun vəfatından sonra isə faktiki olaraq onun və ailə üzvlərinin istifadəsində olmuşdur. 1972-ci ildən Keşlə qəsəbəsi Puşkin küçəsi ev 9 mənzil 3-də pasport qeydiyyatında olmaqla yaşamış, bu gün də sözügedən mənzildə pasport qeydiyyatındadır. 2000-ci ildə isə sözügedən mənzilə dair 11 nəfər ailə üzvləri üçün şəxsi hesab vərəqəsi açmışdır. 2014-cü ilin noyabr ayının 18-də sözügedən mənzillərini cavabdeh idarənin köməyi sayəsində qanunsuz olaraq zəbt etdilər. Bildirdilər ki, guya onların köçürülməsinə dair məhkəmə qərarı var. Əslində isə bu barədə heç bir qərar və qətnamə yoxdur. Həmin vaxtdan məhkəmələrdədir. Həm Bakı şəhər, Nizami rayon Məhkəməsinin, həm Bakı Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin qətnamə və qərarında mübahisə predmeti olan mənzili müəyyən etməyin mümkün olmadığı göstərilib. Məhz bu səbəbdən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi iddianı mümkün saymamışdır. O, bu qərardadla razılaşmır. Aşağıda göstərdiyi əsaslara görə hesab edir ki, onun iddia ərizəsi baxılmalı, sözügedən mənzil müəyyən olunmalıdır. Ərazi üzrə 67 sayı MKİS-nin rəisi tərəfindən onlara verilən sənədlərin hamısında Keşlə qəsəbəsi, Puşkin küçəsi ev 9, mənzil 3-ün MKİS-nin fonduna aid olması, sözügedən mənzilin qayınatası Məmmədov Baladadaş (Babulla) Ağdaş oğlunun icarəsinə verildiyi və həmin mənzildə hal-hazırda o, daxil olmaqla 17 nəfərin pasport qeydiyyatında olduğu öz təsdiqini tapır. Mənzilin bütün kommunal xərcləri tərəfindən ödənilir. Həyətdə yeganə mənzildir ki, mişar daşları ilə deyil, bud daşlan ilə inşa olunub. Qayınatasına verilmiş sərəncamlı mənzil cəmi 1 otaqlı olub, ailə böyüdükcə əlavə olaraq özbaşına bir otaq da tikilib, sərəncamlı mənzilə əlavə edilib. Yəni otağın biri sərəncamlı, əlavə edilən otaq isə özbaşına tikilidir. Həmin 2 otaqdan hansının sərəncamlı, hansının özbaşına tikili olduğunu müəyyən etməyin çətin olduğu bəhanə edilərək bu günə kimi müxtəlif bəhanələrlə mənzilindən uzaq saxlanılmışdır. Cavabdeh idarə isə onun mənzilini dəqiq bilir, lakin onun məhkəmədə iştirakı təmin olunmadı. Hətta cavabdeh idarənin iştirakı olmadan iddia mümkün sayılmadı. Səbəb kimi sözügedən mənzilin sərəncamının əlində olmaması əsas gətirildi. Bu da onun günahı deyil. Cavabdeh idarə həmin sərəncamı hansı səbəbdən məhv edib, onu da bilmir. Bakı şəhəri, Keşlə qəsəbəsi, 20 dekabr, 1971-ci il tarixli 22/3712 saylı sərəncamla əlaqədar Bakı şəhər, Nizami MKTBnin 67 saylı mənzil-kommunal istismar sahəsinin rəisinə və Bakı şəhər Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəsmi şəkildə müraciət etsə də onlar ona, sözügedən sərəncamın onlarda qalmadığını bildiriblər. Az.Res-sı Dövlət Arxivinin Bakı Filialına müraciət etsə də onlar da sözügedən sərəncamın Dövlət Arxivinin Bakı Filialina təhvil verilmədiyini bildirirlər. O, isə sözügedən sərəncam olmadığı üçün mənzilə vərəsəlik hüququnu tanıtdıra bilməmişdir. Bunu bəhanə gətirən məhkəmə iddianı mümkün saymadı. Apellyasiya baxışı zamanı iddiaçı X11 və onun vəkili X6 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı üçüncü şəxsin vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən ev 9-un 3 nömrəli mənzilini müəyyən edib onun istifadəsinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İş materiallarında olan Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-619/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı “Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən ev 9, mənzil 3-ün X1 faktiki istifadəsində olan evlə eyni ev olmasının müəyyən edilməsi və sözügedən mənzildən istifadə hüququnun bərpa olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-7199/2017 nömrəli qətnaməsinə əsasən həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-534/2018 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-619/2017 nömrəli qətnaməsi ilə iddiaçının hazırki iddia ərizəsində göstərdiyi mənzildən istifadə hüququnun bərpa edilməsi barədə iddia ərizəsi rədd edilməklə təsdiq edilmişdir ki, iddiaçının (İddiaçı) ünvan 1 ünvanında mərhum X3 adındakı sahəsi 16,0 kv metr olan və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikintiyə hüquqları yaranmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-7199/2017 nömrəli qətnaməsi ilə isə müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən mənzil özbaşına tikilidir, iş üzrə tərəflər (yəni hazırki iş üzrə iddiaçı da) həmin yaşayış sahəsinə istifadə və digər mülki hüquqlar əldə etməmişlər. Eyni zamanda Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-10/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı özünün və 19 nəfər ailə üzvünün pasport qeydiyyatında olduğu Bakı şəhəri, Nizami rayonu, Puşkin küçəsindəki 9 saylı evdən cavabdeh X1 və ailə üzvlərinin çıxarılması və özünün sözügedən mənzilə köçürülməsi haqqında iddia tələbi üzrə işə baxarkən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda bir neçə tikilinin, tikintilərin ayrı-ayrılıqda elektrik, qaz və su xəttləri ilə təchiz edildikləri müəyyən edilmişdir, məhkəmə iddiaçının mübahisəli mənzildə X3 adındakı sahəsi 16,0 kv. metr olan və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikintiyə hüquqları yaranmadığından iddia tələbini əsassız hesab edərək təmin etməmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi mənzillə bağlı heç bir hüququ yoxdur, bu səbəbdən də qanunvericiliyin tələblərinə əsasən iddiaçının həmin mənzillə bağlı subyektiv hüquqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. İddiaçının həmçinin mənzildə qeydiyyatda olması barədə iddia ərizəsində göstərdiklərinə gəldikdə bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqlənmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2824/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən isə (ərizəçilər X1 və X4 maraqlı şəxs Nizami rayon Polis İdarəsinin Qeydiyyat və X5rşı ünvan 3 ünvanda yaşayış sahəsindən istifadə hüquqlarının tanınması haqqında) mübahisəli mənzildə X3 gəlini İddiaçı və digər ailə üzvləri ilə yanaşı 19 nəfər qeydiyyatdadır. Lakin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş mövqeyinə əsasən “..Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.... Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir.”. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddiaçı iddia ərizəsində göstərdiyi mənzildə qeydiyyatda olsa da həmin qeydiyyat onun mənzildən istifadə hüququnu ehtiva etmədiyindən, habelə iddiaçının mənzildən istifadə hüququnun olmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olduğundan iddiaçının qeyd edilən mənzillə bağlı hər hansı bir, o cümlədən iddia ərizəsində göstərilən tələbi irəli sürmək ücün subyektiv hüququ mövcud deyildir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının mənzildə qeydiyyatı onun yaşayış yerinin həmin mənzil olmasını təsdiq etmir, belə ki, iddiaçı qeydiyyatda olduğu mənzilin yerinin müəyyən etmə vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirsə o zaman o yaşadığı mənzilin yerini bilməli idi və mənzilin olduğu yerin müəyyən edilməsini tələb etməməli idi. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddia tələbi tələbə cavab verməyən orqana qarşı irəli sürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər.Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Həmin Əsasnamənin 4.9.3-cü bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir. Cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi də yerli icra hakimiyyəti nəzdində olan qurum olmaqla vəzifəsi rayonun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərmək, məişət tullantılarının yığılmasından və daşınmasından, abadlaşdırmasından, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərinin yerinə yetirilməsindən ibarətdir. Göründüyü hər hansı bir mənzilin yerini müəyyən etmək kimi vəzifə cavabdehə aid deyildir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3096/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar