Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2471/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın qismən ləğv edilməsi və tutulmuş pulun geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılan tutulmaların dayandırılması və iddiaçının pensiyasından tutulmuş 3018,31 manat pulun ona geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı əmək pensiyaçısıdır. DSMF-nin Tovuz rayon Şöbəsi tərəfindən 29 sentyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi ona pensiya təyin edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra Mərkəzi Filial) tərəfindən 2022ci ilin dekabr və 2023-cü ilin yanvar ayında aparılan yenidən hesablama zamanı 01 yanvar 2023-cü il tarixindən ona aylıq pensiya ödənişi 5411,77 manat məbləğində müəyyən edilərək, internetdə “e-sosial” proqramında şəxsi kabineti və Mərkəzi Filalın ona göndərdiyi məktubda göstərilmişdir. Lakin 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar aylarında təyin edilən pensiya ona tam məbləğdə ödənilməmişdir. Yəni, 2 (iki) ayda cəmi 9701,04 manat ödənilməli oldğu halda, həmin müddət ərzində ona 7566,85 manat pul ödənilmişdir. Nəticədə həmin aylar üzrə cəmi 2134,19 manat əskik pul vəsaiti ödənilmişdir. Bundan başqa 01 yanvar 2024-cü il tarixdən hesablanmaqla aparılan indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası 606,12 manat artırılaraq, 6.017,89 manat müəyyən edilməsinə baxmayaraq, yanvar ayında ona 5411,77 manat pul vəsaiti ödənilmiş, həmin ay üzrə pensiyasından 606,12 manat məbləğində fərq çıxılaraq büdcəyə bərpa edilmişdir. “Mərkəzi Filialın” 25 iyun 2023-cü il tarixli məktubunda göstərilir ki, “Mərkəzi Filial” tərəfindən iddiaçının pensiya işi yoxlanılarkən müəyyən edilib ki, ona 2022-ci ilin dekabr ayında 4289,27 manat məbləğində pensiya hesablanmalı olduğu halda 3603,26 manat ödənilmiş və bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 686,01 manat məbləğində pul vəsaiti hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 29-cu maddəsinə əsasən, indeksləşdirilmə ilə əlaqədar iddiaçıya 5411,77 manat məbləğdə pul vəsaiti hesablanmış və həmin ilin yanvar ayı üzrə 5411,77 manat məbləğdə əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 4657,16 manat ödənilmiş və bu səbəbdən də həmin ay üzrə ödənilməli olan 754,61 manat pul vəsaiti hesablanmışdır. Halbuki 2023-cü ilin yanvar ayında iddiaçıya 3963,59 manat məbləğində pensiya ödənilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 9902,62 manat artıq pul vəsaiti hesablanmaqla, həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədi ilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Bundan başqa həmin məktubda bildirilmişdir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 278,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilərək həmin məbləğ cari ilin fevral ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Beləliklə də Mərkəzi Filal tərəfindən 2022-ci il dekabr, 2023-cü ilin yanvar və 2024-cü ilin yanvar aylarında iddiaçıya ödənilən pensiyadan cəmi 3018,31 manat (2740,31+ 278 manat) pul tutulmuşdur. Pensiyadan qanunsuz pul vəsaiti tutulmalarının dayandırılması, qanunsuz tutulan cəmi 3018,31 manat pul vəsaitinin iddiaçıya ödənilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət olunmuşdur. Mərkəzi Filalının iddiaçıya 19 iyul 2024-cü il tarixində daxil olmuş 12 iyul 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2019-xx.xx.2022-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9902,62 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi aşkar olunmuş və bu günədək hər hansı bir məbləğdə tutulma aparılmamışdır. Əmək pensiyalarının 01 yanvar 2024-cü il tarixindən hesablanmaqla, indeksləşdirilməsi ilə əlaqədar pensiyanın 606,12 manat artırılaraq 6017,89 manat müəyyən edilmiş və yanvar ayı üzrə ona ödənilməli olan 606,12 manat 3 il üzrə artıq ödənilmiş 9902,62 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Göründüyü kimi məktubun əvvəlində əmək pensiyasından bugünədək hər hansı tutulma aparılmaması qeyd olunduğu halda, məktubun sonunda 606,12 manatın tutulub büdcəyə bərpa edilməsi qeyd olunmaqla bir-birinə ziddiyyət təşkil edir. Nəticədə şikayətin mahiyyəti üzrə araşdırılmadan artıq ödənilmiş məbləğdən qalan 9296,50 manat pul vəsaitinin pensiyadan tutulması üçün yazılı razılığının verilməsi xahiş edilmişdir. Məktubda pensiyadan tutulan cəmi 3018,31 manatın iddiaçıya qaytarılmasına toxunulmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-238898/2024 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, iddiaçının pensiya işinə dair sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi tərəfindən 29 sentyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2153,25 manat, qulluq illərinə görə əlavəsi 968,96 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 850,00 manat olmaqla orta aylıq əmək haqqı 4110,21 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4110,21 manat) 80 faizi 3288,17 manat məbləğində hesablanmalı olduğu halda, 3603,26 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 11343,24 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2834,75 manat, qulluq illərinə görə əlavəsi 1275,64 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 1113,20 manat olmaqla orta aylıq əmək haqqı 5361,59 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (5361,59 manat) 80 faizi- 4289,27 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında iddiaçıya 3603,26 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 686,01 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 4718,20 manat, 29cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 5411,77 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya cari ilin yanvar ayı üzrə 5411,77 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 4657,16 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 754,61 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 9902,62 (11343,24-686,01-754,61) manat artıq pul vəsaiti ödənilib. İddiaçının əmək pensiyası üzrə əmək pensiyasından bugünədək hər hansı məbləğdə tutulma aparılmayıb. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 278,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 278,00 manat vəsait 2023-cü ilin fevral ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa olunub. Artıq ödənilmiş maddi yardımın əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilməsi üçün razılıq ərizəsinin olmasına dair qanunvericilikdə hər hansı müddəa mövcud deyil. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası cari ilin fevral ayında 6017,89 manata artırılıb, həmçinin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 606,12 manat fərq məbləği hesablanıb. Həmin 606,12 manat fərq məbləği iddiaçıya son üç il üzrə artıq ödənilmiş 9902,62 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 9296,50 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1406/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın “14-cü, yəni “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında göstərilən 9902,62 manat artıq ödəmə məbləği” hissədə ləğv olunması” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin iş üzrə 2-1(112)-2336/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin həcmi artılaraq iddia yenidən dəqiqləşdirilmiş, iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1406/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının “14-cü, yəni “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında göstərilən 9902,62 manat artıq ödəmə məbləğinin müəyyən edilməsi hissədə” ləğv olunması, iddiaçıdan tutulmuş 884,12 manat pulun (əvəzləşdirilmiş məbləğ daxil olmaqla) ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası cari ilin fevral ayında 6017,89 manata artırılıb, həmçinin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 606,12 manat fərq məbləği hesablanıb. Həmin 606,12 manat fərq məbləği iddiaçıya son üç il üzrə artıq ödənilmiş 9902,62 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 9296,50 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmişdur. Eyni zamanda bildirilir ki, məhkəmə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini əks etdirəm üç ulduz nişanı ilə indeksləşdirilmiş xx.xx.2024-cü il tarixli 2- 1(102)-3135/2024 nömrəli qərarına istinad etmişdir. Həmin qərarın 39-cu bəndində qeyd edilir ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bununla əlaqədar olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda pensiya ödənişi növbəti ayın 1-dən dayanır. İddiaçı X1 əmək pensiyasının azaldılmasına əsas olan hallar tərəfimizdən xx.xx.2023-cü il tarixində aşkarlanmış və həmin tarixdə də tərəfimizdən inzibati icraat başladılaraq iddiaçıya dəvət məktubu göndərilmişdir. İddiaçının da iştirakı ilə mülahizələrin dinlənilməsinə dair xx.xx.2023-cü il tarixində birgə akt tərtib olunmuşdur. Daha sonra tərəfimizdən xx.xx.2024-cü il tarixində iddiaçının pensiyasının azaldılması, yəni inzibati aktın yenidən hesablanması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (xx.xx.2023-cü il) 1 il ərzində ləğv edilmişdir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz verərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İnzibati icraat haqqında Qanunun 73.2-ci maddəsinə görə isə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-1406/2023 saylı qərarın daha əvvəl iddiaçıya təqdim edilməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əsasən iddiaçı cavabdeh tərəfindən onun müraciətinə əsasən verilmiş imtina məktubunu aldıqdan sonra məhz həmin imtina məktubu əsasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir ki, həmin məktubdan cavabdeh tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsinə dair məlumatın iddiaçıya təqdim edilmədiyi aşkar edilir. İddiaçıya məhkəmə icraatı gedişatında müvafiq qərar təqdim edilmiş və onun tərəfindən məhkəmənin hüquqi yardımı əsasında iddia tələbinə müvafiq dəqiqləşmə təqdim edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən prosessual müddətlərə əməl edilməklə iddia qaldırılmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya 29 sentyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödəniş yenidən hesablanıb. 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşınının orta aylıq məbləği 2153 25 manat, qulluq illərinə görə əlavəsi 968 96 manat, rütbəyə görə əlavəsi 138,00 manat, dıgər nov əlavələr 850,00 manat olmaqla orta aylıq əmək haqqı 4.110,21 manat məbləğində təşkil edilmişdir. Bununla əlaqədar əmək pensiyasının “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-cı maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4110,21 manat) 80 faizi-3288,17 manat məbləğində hesablanmalı olduğu halda, 3603,26 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabınına köçürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 11343,24 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 2834,75 manat, qulluq illərinə görə əlavəsi 1275,64 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 1113,20 manat olmaqla orta aylıq əmək haqqı 5361,59 manat təşkil edilmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən 36 il 1 ay 28 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqının (5361,59 manat) 80 faizi-4289,27 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında iddiaçıya 3603,26 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə ödənilməli olan 686,01 manat pul vəsaiti hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 4718,20 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 5411,77 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, cari ilin yanvar ayı üzrə 5411,77 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 4.657,16 manat ödənilmış, bu səbəbdən də həmin ay üzrə ödənilməli olan 754,61 manat pul vəsaiti hesablanmışdır Hazırkı iş üzrə iddiaçının tələbinin əsasını onun barəsində artıq ödənilmiş 9962,02 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 1406/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” adlanan 14-cü qrafasının ləğv edilməsi və iddiaçıya ödənilməli olan lakin əksik ödənilən 884,12 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması təşkil edir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, xx.xx.2006-cı ildən prokurorluq orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin olunan zaman pensiyanın məbləği düzgün şəkildə hesablanmamış və bununla da iddiaçıya ümumilikdə 9962 manat 02qəpik artıq pul vəsaiti ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə iddiaçıya təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyanın yenidən hesablanması ilə bağlı tərəflərindən inzibati icraata başlanılıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 17 noyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Bundan sonra iddiaçı ilə bağlı xx.xx.2023-cü il tarixində inzibati icraat qaydasında əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərar qəbul edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə əsaslı hesab edir. Göründüyü kimi, cavabdeh inzibati orqan İnzibati icraat haqqında qanunun tələblərinə uyğun icraat apardığını iddia edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-1406/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarı “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” adlanan 14-cü qrafasına münasibətdə qanunsuz əlverişsiz inzibati akt olmaqla iddiaçının hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2-ci maddəsinə görə inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 62.1-ci maddəsinə görə İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə uyğun olaraq ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsini həyata keçirilmişdir. İddiaçıya artıq ödənilmiş pul vəsaitinin qaytarılmasının üsul və qaydalarını tənzimləyən normalar “Əmək pensiyaları haqqında” AR Qanununun 39-cu maddəsi, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6-cı bəndi ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq artıq ödəmənin əvəzləşdirilməsi pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər. İş materiallarına əlavə edilən və iddiaçıya məxsus pensiya işində olan sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əvəzləşdirilməsinə iddiaçının razılığı ifadə olunmamış, bununla bağlı ayrıca inzibati icraat açılmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil. Cavabdeh inzibati orqanın yanaşması ondan ibarətdir ki, hazırki halda tutulma yox əvəzləşdirilmə baş verir və bunun üçün vətəndaşın razılığı və ya məhkəmə qərarına, bir sözlə ayrıca inzibati icraat aparmağa ehtiyac yoxdur. Məhkəmə kollegiyası isə bu mövqe ilə razılaşmır. Belə ki, tutulma özü də iddiaçının məhz sosial təminat hüququna, iqtisadi durumuna təsir edən amildir. Sözügedən inzibati aktın mübahisələndirilən hissəsi iddiaçı üçün əlverişsiz vəziyyət yaradır. Hazırki halda iddiaçı müvafiq məbləğ əvəzinə ona daha az məbləğin son olaraq ödənilməsinə məruz qalır ki, adının tutulma yox əvəzləşdirilmə adlandırılmasından asılı olmayaraq bu özü də heç bir icraat aparılmadan həyata keçiriləcək prosedur hesab edilə bilməz. Həmçinin Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətə görə inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, bunun əvəzinə ondan artıqödəmə altında pul vəsaitinin tutulması məqsədilə yenidən pensiya məbləğinin hesablanması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan tərəfindən birtərəfli qaydada ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pensiya məbləği əvəzləşdirmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbinin ikinci hissəsi ilə bağlı da qeyd edir ki, iş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, cavabdeh inzibati orqanın həyata keçirdiyi müvafiq prosedur nəticəsində iddiaçının pensiya məbləğindən 606.12 manat və 278 manat cəmi 884.12 manat pul məbləği tutulmuşdur. Odur ki, sözügedən icraat çərçivəsində iddiaçıdan tutulan pensiya məbləğinin geri qaytarılmasını tələb etməkdə iddiaçı tam haqlıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəqiqləşdirilmiş iddia tələbinə uyğun olaraq dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2471/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2471/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver