Məhkəmə qərarları › İş №2-1(103)-2472/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2472/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2472/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 13.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 13.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5453/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 04.05.1978-ci il tarixli hərbi biletdən görünür ki, xx.xx.1959cu il təvəllüdlü İddiaçı 04.05.1978-ci il tarixdən 16.05.1980-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Mühəndis İnşaat İnstitutu tərəfindən verilmiş HB seriyalı 001242 saylı 29 sentyabr 1986-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1977-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutda sənaye və mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 06.08.1977-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 23.07.1980-ci il tarixdə “Bakıbaştikinti” “Baksantexnikelektrikqur” trestinin 11 №li İxtisaslaşdırılmış tikinti idarəsində 3-cü dərəcəli çilingər-santexnik vəzifəsinə qəbul edilmiş, 08.08.1982-ci ildə “Bakıbaştikinti”nin 8 saylı tikinti idarəsinə keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. 07.09.1982-ci ildə 11 saylı Trestin 8 saylı tikinti idarəsində 2-ci dərəcəli fəhlə kimi işə qəbul edilmiş, 01.12.1986-cı ildə bənna vəzifəsinə keçirilmiş, 17.12.1986-cı ildə tikinti ustası vəzifəsinə keçirilmiş, 03.09.1990-cı ildə iş icraçısı vəzifəsinə təyin edilmiş, 27.11.1997-ci ildə işdən azad edilmişdir. 15.12.1997-ci il tarixdə "xxxx" Texniki-İstehsalat müəssisəsinə iş icraçısı vəzifəsinə təyin edilmiş, 10.01.2000-ci ildə baş iş icraçısı vəzifəsinə keçirilmiş, 09.01.2006-cı ildə işdən azad edilmişdir. 17.11.2009-cu ildə "xxxx" MMC Təmir-tikinti sexinə rəis vəzifəsinə qəbul edilmiş, 01.07.2011-ci ildə təsərrüfat-tikinti şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, 05.01.2012-ci ildə işdən azad edilmişdir. 01.06.2013cü ildə "xxxx" MMC-də mühəndis vəzifəsinə qəbul edilmiş, 29.05.2015-ci ildə işdən azad edilmişdir. 04.07.2017-ci ildə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə qəbul edilmiş, 28.01.2020-ci ildə öz xahişi işdən azad edilmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi 21.06.2021-ci il tarixli **********122800 saylı məktubunda göstərmişdir ki, idarədə olan reyestrə əsasən 05.01.1996-cı ildə dövlət qeydiyyatına alınmış "xxxx" QSC-nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 3ı barədə isə məlumat müəyyən edilməmişdir. İddiaçı onun zərərli işlərdə işlədiyinə görə güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya sonuncu dəfə ünvanlanmış **********8 saylı 12.02.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 6 avqust 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 15.12.1997-09.01.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" İstehsalat Tikinti müəssisəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri iddiaçının ümumi stajına daxil etmək mümkün deyildir. Bu səbəbdən onun ümumi iş stajı 25 ildən az (24 il 7 ay 28 gün) təşkiıl edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 37600,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27046,90 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtinadan narazı qalan İddiaçı cavabdeh inzibati orqana qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 13.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana dörd dəfə müraciət etmiş, müraciətlərindən ikisinə rəsmi qaydada cavab almışdır. Həmçinin cavabdehin hərəkətinin subordinasiya baxımından yuxarı inzibati orqana şikayət vermiş, lakin müraciətinə baxılması barədə ona məlumat verilməmişdir. Cavabdeh orqan tərəfindən onun tələbinin təmin olunmasından onun 15.12.1997-09.01.2006-cı il tarixlərində işlədiyi "xxxx" İstehsalat Tikinti Müəssisəsinin DSMF-də sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqlarının ödəməməsi, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən imtina edilmişdir. Onun 57 yaşı tamam olan vaxt “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu normadan göründüyü kimi, o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: həmin şəxs istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun; 57 yaşına çatmış olsun; bu şəxs azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayı Siyahıda göstərilən işlərdə işləmiş olsun. Onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilmiş və bu işin mübahisələnməyən halıdır. Həmçinin, inzibati orqan onun 15.12.1997-09.01.2006-cı il tarixlərində "xxxx" İstehsalat Tikinti Müəssisəsində işlədiyi illəri qanunsuz olaraq hesablamasalar da, yenə də onun 57 yaşı tamam olduğu vaxtda 25 il ümumi, 12 il 6 ay xüsusi stajı mövcuddur. Buna baxmayaraq inzibati orqan onun konstitusion hüquqlarını məhdudlaşdırır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “ƏPQ”-nin 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 57 yaşı tamam olduğu 13.06.2016-cı il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. Belə ki, iddiaçının 06 avqust 1977-ci il tarixli İT-1 ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının 15.12.1997 - 09.01.2006-cı illər ərzində “El-Seym" İstehsalat Tikinti müəssisəsində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə iddiaçının işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq”) proqram təminatında araşdırma aparılaraq həmin müəssisəsin Döxlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmir. “ƏPQ”-nun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “ƏPQ”nun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, iddiaçı tələb edilən 25 il ümumi iş stajını tamamlamamışdır. ƏPQnin 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. ƏPQ-nin 6.2-ci maddəsinə görə, sməkpensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19- cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cıı maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (26.846.58 manat) əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına (tələb edilən pensiya kapitalı 37,198.00 manat) imkan vermir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5453/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni 13.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (21.03.2020-ci il) əvvəlki üç il üçün, yəni 21.03.2017-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə yazılı münasibətin dəlilləri: Apellyasiya şikayətinə yazılı münasibətin dəlilləri onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətini əsassız hesab edir. Çünki pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi İş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Eyni zamanda, birinci instansiya məhkəməsində araşdırma zamanı iş stajının mötəbərliyi ilə bağlı hallar öz təsdiqini tapmışdır. Tərəflərin izahatları: 15.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. 14.12.2021-ci il tarixdə iddiaçı tərəfindən daxil olmuş teleqramda onun vaksin pasportu olmadığı üçün məhkəmədə iştirak edə bilməyəcəyi qeyd edilmiş və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi 01.02.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən hansı tarixdə alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə 02.04.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun ümumi iş stajının 25 ildən az olmasına, eyni zamanda pensiya kapitalının kifayət qədər olmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla onun 25 ildən artıq yəni, 29 il 8 ay 9 gün ümumi iş stajının olmasına istinad edərək tələbin təmin edilməsi və pensiyanın müraciət edilən tarixdən (21.03.2020ci il) əvvəlki üç il üçün, yəni 21.03.2017-ci il tarixdən hesablanaraq ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 13.06.2016-cı il tarixə (57 yaşının tamam olduğu tarixə) 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına və güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun bu şərtlərlə pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. İddiaçının 57 yaşının 13.06.2016-cı il tarixdə tamam olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ona istər “Əmək pensiyaları haqqında” Qanunun 9.1, istərsə də həmin Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: iddiaçının 01.01.2006-cı ilə qədər, yaxud da 01.07.2017-ci il tarixə azı 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil alması barədə sənədi (diplom), əmək kitabçasını, işləməsi barədə arayışlarını və güzəştli iş stajına dair arayışı təqdim etmişdir. İddiaçıya məxsus 04.05.1978-ci il tarixli hərbi biletdən görünür ki, o, 04.05.1978-ci il tarixdən 16.05.1980-cı il tarixədək (2 il 12 gün) həqiqi hərbi xidmət keçmişdir. Həmçinin 29 sentyabr 1986-ci il tarixli diploma əsasən iddiaçı 1977-ci ildən 1986-cı ilə qədər təhsil almışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Belə olan halda iddiaçı Qanunun tələbinə görə təhsil müəssisəsindəki təhsil müddəti və hərbi xidmət dövrü də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin və hərbi xidmət dövrünün yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun 23.07.1980-cı ildən 08.08.1982-cı ilədək, 07.09.1982-ci ildən 27.11.1997-ci ilədək, 15.12.1997-ci ildən 09.01.2006-cı ilədək, 17.11.2009-cu ildən 05.01.2012-ci ilədək, 01.06.2013-cü ildən 29.05.2015-ci ilədək, 04.07.2017-ci ildən 28.01.2020-ci ilədək müxtəlif peşələrdə işlədiyi dövlər nəzərə alınmaqla ümumi iş stajı həm 01.01.2006-cı il tarixə, həm də 57 yaşının tamam olduğu 13.06.2016-cı il tarixə 25 ildən çox təşkil edir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının təhsil aldığı dövrlə (1977-1986) onun hərbi xidmətdə olduğu dövr (04.05.1978-16.05.1980) və əmək kitabçasındakı məlumatlara əsasən işlədiyi müddətlərdən bəziləri bir hissədə üst-üstə düşdüyü üçün məhkəmə kollegiyası iddiaçının təhsil aldığı dövrü (1977-1986) nəzərə almır və hesab edir ki, həmin dövr nəzərə alınmadan da hər bir halda iddiaçının hərbi xidmətdə olduğu və əmək kitabçasındakı qeydlərə əsasən ümumi iş stajı 25 ildən artıqdır. “İddiaçının 15.12.1997-09.01.2006-cı il tarixləri arasındakı "xxxx" İstehsalat Tikinti müəssisəsində işlədiyi dövrdə müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi” barədə cavabdehin dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, həmin dövr nəzərə alınmasa belə, iddiaçının 57 yaşının tamam olduğu 13.06.2016-cı il tarixə digər müəssisələrdə işlədiyi dövrlər də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən artıqdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən tələbin təmin olunması məqsədilə bütün şərtlərin ödənilibödənilməməsi ilə bağlı araşdırma tam aparılmamışdır və bu hal inzibati icraatın qüsurlu olduğuna dəlalət edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Xüsusi stajla bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsə də, Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan "xxxx" MMC-nin 01 saylı 10 mart 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 07.09.1982-ci il tarixdən 01.12.1986-cı il tarixədək bənna kimi, 17.12.1986-cı il tarixdən 03.09.1990-cı il tarixədək tikinti ustası və 03.09.1990-cı il tarixdən 27.11.1997-ci il tarixədək iş icraçısı vəzifələrində “Bakıbaştikinti” İdarəsi “Bakışəhərtikinti” trestinin 8 saylı Tikinti idarəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarına əsasən 29 №li bölmənin “a” bəndi: fəhlələr, bənna briqadalarında və kompleks briqadaların xüsusi banna manqalarında daim işləyən bənnalar və “b” bəndi: rəhbərlər və mütəxəssislər: tikintiquraşdırma işləri üzrə ustalar, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. "xxxx" MMC-nin 133 saylı 12 mart 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 15.02.1997-ci il tarixdən 10.01.2000-ci il tarixədək iş icraçısı, 10.01.2000-ci il tarixdən 06.01.2006-cı il tarixədək baş iş icraçısı vəzifəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarına əsasən 29 №li bölmənin “b” bəndi rəhbərlər və mütəxəssislər: tikintiquraşdırma işləri üzrə ustalar, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. "xxxx" MMC-nin 12 mart 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 01.06.2013-cü il tarixdən 17.12.2014-cü il tarixədək mühəndis, 18.12.2014-29.05.2015-ci il tarixinədək iş icraçısı vəzifəsində, 04.07.2017-ci il tarixindən 28.01.2020-ci il tarixədək hazırda hüquqi adı "xxxx" MMC olan təşkilatda iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarına əsasən 29 №li bölmənin “b” bəndi rəhbərlər və mütəxəssislər: tikinti-quraşdırma işləri üzrə ustalar, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının yuxarıda adı çəkilən müəssisələrdən yalnız birində- 07.09.1982-ci il tarixdən 01.12.1986-cı il tarixədək işlədiyi “bənna”, 17.12.1986-cı il tarixdən 03.09.1990-cı il tarixədək işlədiyi “tikinti ustası” və 03.09.1990-cı il tarixdən 27.11.1997-ci il tarixədək işlədiyi “iş icraçısı” vəzifələri əsas götürülərsə, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda olduğu kimi, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş Siyahının 29-cu bölməsinin “a” bəndində: fəhlələr, bənna briqadalarında və kompleks briqadaların xüsusi banna manqalarında daim işləyən bənnalar və “b” bəndində: rəhbərlər və mütəxəssislər: tikinti-quraşdırma işləri üzrə ustalar, iş icraçıları sırasında nəzərdə tutuliuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir və həmin dövr üzrə onun güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşının tamam olduğu 13.06.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması barədə tələbi əsaslıdır və düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki işdə iddiaçının ona təyin edilmiş pensiyanın hesablanaraq müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə verilməsi barədə tələbi olmadığı halda, birinci instansiya məhkəməsi qərarının sonunda həmin dövr (3 il) üzrə pensiyanın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qənaətinə gəlmişdir. Bununla bağlı Kollegiya hesab edir ki, məhkəmə qərarı qeyd olunan hissədə ləğv edilməlidir. “İddiaçının fərdi hesabınınn sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” barədə cavabdehin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 13.06.2016-cı ildə yarandığı üçün və 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 01.07.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 13.06.2016-cı ildə ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan staja malik olmuşdur. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehin “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilini əsassız sayır və onu qəbul etmir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin hərəkətsizlik göstərməklə tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5453/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarı qismən, “iddiaçıya pensiyanın müraciət edilən tarixdən (21.03.2020-ci il) əvvəlki üç il üçün, yəni 21.03.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” hissəsində ləğv edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5453/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarı qismən, “iddiaçıya pensiyanın müraciət edilən tarixdən (21.03.2020-ci il) əvvəlki üç il üçün, yəni 21.03.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” hissəsində ləğv edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar