Məhkəmə qərarları › İş №2-1(103)-2472/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2472/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2472/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qzının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “məktubun ləğv edilməsi və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinin davam etdirilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9724/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsində tikinti işlərinin aparılmasını qadağan edən Səbail rayonu İH başçısının 28 iyul 2020-ci il tarixli 3/10-625 №-li sərəncamının etibarsız edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, son olaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsində tikinti işlərinin aparılmasını qadağan edən Səbail rayon İH-i başçısının 28 iyul 2020-ci il tarixli 3/10-625 №-li məktubunun qanunsuz hesab edilməklə ləğv edilməsi və verilmiş layihə sənədlərinə uyğun olaraq tikinti işlərinin aparılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqlədirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1506/2021 saylı, 17 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh 28 iyul 2020-ci il tarixli 3/10-625 nömrəli məktubu qanunsuz hesab edilməklə ləğv edilməsi və verilmiş layihə sənədlərinə uyğun olaraq tikinti işlərinin aparılmasının davam etdirilməsi qərara alınmışdır. Daha sonra X1, X6 və X8 “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatətlə məhkəməyə müraciət edərək, onların iş üzrə üçüncü şəxs qismində cəlb olunması, Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)- 1506/2021 saylı qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9724/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadı ilə X1, X6 və X5 “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)-1506/2021 saylı qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, X7, X6 və X8 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, ləğv edilməsini və vəsatətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müraciət etmiş şəxslər vəsatətdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1506/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının onların hüquqlarını və qanunla qorunan maraqlarını hansı şəkildə pozmasını əsaslandıra bilməmiş, heç bir konkret fakt əsas götürülməmiş, İddiaçı mülkiyyətində olan torpaq sahəsində aparılan tikinti işlərinin onların hüquqlarını pozmasını iddia etmələrinə baxmayaraq bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişlər. Lakin bütün bunlara baxmayaraq məhkəmə vəsatəti rədd etmək əvəzinə yalnız və yalnız vəsatətlə müraciət etmiş şəxslər tərəfindən təqdim olunan fotoşəkillərə əsaslanmaqla vəsatəti təmin etmişdir. Bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsini İddiaçı xx.xx.2018-ci ildə X4 daşınmaz əmlakın alqı- satqı müqaviləsi əsasında almış, torpağı alan zaman orada hazırda vəsatətlə müraciət etmiş şəxslərə məxsus tikililərdən daha əvvəl tikilmiş bina mövcud olmuşdur. İddiaçı da köhnə binanı sökərək onun yerində daha müasir tikili inşa etmiş və artıq tikinti işləri tamamlanmışdır. Bundan başqa Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, sahə 261 ünvanında yerləşən 0.0228 ha torpaq sahəsi xüsusi mülkiyyətdir, torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarış verilmiş, dövlətin ali qurumları tərəfindən tikinti aparılmasına icazə verilmiş və vəsatətlə müraciət etmiş şəxslərin həmin torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayəti onu verən şəxsə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9724/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadı üçüncü şəxsin cəlb edilməsi ilə bağlıdır və qanunvericiliklə mübahisələndirilməsinə yol verilmir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbulundan imtina edilərək, şikayət onu verən şəxsə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9724/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar