Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2473/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “hüquqi ünvan kimi silinmə” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1861/2023 nömrəli 08 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi şəxslərin Dövlət reyestrindəki hüquqi ünvana dair məlumatın dəyişdirilərək Bakı şəhəri, ünvan 2 ünvanın ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11076/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş və “Block Tech" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-1861/2023 nömrəli 08 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan ona Dövlət Vergi Xidmətinin əsasnaməsi üzrə verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Əsasnamə və qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh inzibati orqanın hər hansı üçüncü şəxs tərəfindən edilmiş müraciət əsasında hüquqi şəxsin reyestrində dəyişiklik aparmaq səlahiyyəti mövcud deyildir. Hüquqi şəxsin hüquqi ünvanı barədə yazının reyestrdən silinməsi hüquqi şəxsin (MMC-nin) nizamnaməsində də dəyişikliyin aparılmasını zəruri edir ki, bu da heç bir qanunvericilik norması ilə tənzimlənmir. Bu isə o deməkdir ki, hüquqi şəxsin hüquqi ünvanı yalnız dəyişə bilər. Silinməsi digər qanunvericilik aktlarında uyğunsuzluq yaradır. Hüquqi şəxsin hüquqi ünvanın və nizamnaməsinin dəyişdirilməsi səlahiyyəti, cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Odur ki, inzibati orqan iş üzrə onun səlahiyyətinə aid edilməyən və qanunvericiliklə dəyişdirilmə mexanizmi mövcud olan iş üzrə cavabdehlik daşıya bilməz. Belə ki, sözügedən məhkəmə işi üzrə hüquqi şəxsin ünvan məlumatlarında dəyişiklik aparılması da qanunvericiliklə tənzimlənmişdir. Qanunvericilik hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsinin icra mexanizmini müəyyən edib. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsinə əsasən qurumun hüquqi ünvanı Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilməli məlumatdır. Adı qeyd edilən hüquqi şəxslərin Qanunun 5-1-ci maddəsində nəzərdə tutulan qaydada “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı” formasında qeydiyyatdan keçmişdir. Bu zaman isə Qanunda hüquqi şəxsin hüquqi ünvanını təsdiq edən sənədin cavabdeh orqan tərəfindən tələb edilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, hüquqi şəxsin olduğu yerin - hüquqi ünvanın Cəmiyyətin nizamnaməsində qeyd olunması qanunla nəzərdə tutulduğundan, nizamnaməyə dəyişiklik isə təsisçinin qərarı ilə edildiyindən hüquqi ünvanın dəyişməsi üçün təsisçinin qərarının əsli, VÖEN və nizamnamənin hüquqi ünvanı göstərilən bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə edilmiş dəyişiklik layihəsi cavabdeh orqana təqdim edildikdən sonra həyata keçirilir. Göstərilənləri nəzərə alaraq, qeyd olunan Cəmiyyətlərin hüquqi ünvanının dəyişdirilməsi üçün Qanunun 12.12-ci maddəsində nəzərdə tutulmuş ərizəyə yuxarıda qeyd edilən sənədlər əlavə edilməklə hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Hüquqi şəxslərin qeydiyyatını həyata keçirmiş hazırki cavabdeh inzibati orqan iddiaçının heç bir hüququnu pozmamışdır. İddiaçının hüquqları onun ünvanını hüquqi şəxsin qeydiyyat ərizəsini təqdim edən Cəmiyyətin təsisçisi tərəfindən pozulduğundan iş üzrə cavabdeh qismində təsisçi cəlb edilməli və iddia mülki hüquq pozuntusuna aid olduğu üçün məhkəmə aidiyyəti məsələsinə də yenidən baxılmalıdır. Göstərilənlərə əsasən qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********377100 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Mülki Məcəllənin 91.3.1-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.2.-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Qanunun 12-ci maddəsinə əsasən, kommersiya qurumları üçün qeydiyyatla bağlı müraciət ərizəsinin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əlavə olaraq bildiririk ki, Cəmiyyətə hüquqi ünvan dəyişikliyi faktının dövlət qeydiyyatına alınması üçün idarəyə müraciət etməli olduğu və lazımi sənədlərin siyahısı barədə müvafiq məktub ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********416000 nömrəli məktubda bildirilmişdir ki, Cəmiyyətə hüquqi ünvan dəyişikliyi faktının dövlət qeydiyyatına alınması üçün idarəyə müraciət etməli olduğu və lazımi sənədlərin siyahısı barədə müvafiq məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Mülki Məcəllənin 91.3.1-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Qanunun 12-ci maddəsinə əsasən, kommersiya qurumları üçün qeydiyyatla bağlı müraciət ərizəsinin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göstərilənlərə uyğun olaraq, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün "xxxx" MMC-nin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi mümkünsüzdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-24622-1222 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanında xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixdən hazırkı vaxtadək qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********888600 nömrəli məktuba əlavə edilmiş Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsi xx.xx.2019-cu il tarixli, **********078400 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2019-cu il tarixdə ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı AZ1007, ünvan 3 X5 Hajı Abdul (Pakistan İslam Respublikası)-100%, qanuni təmsilçi X5 Hajı Abduldur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. 2.0.7-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. 2.0.8-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. 2.0.15-ci maddəsinə əsasən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 5.3-cü maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi. 5.4-cü maddəsinə əsasən ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən , publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 5.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. 5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyrihökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd; 5.4.5. hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd; 5.4.6. qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; 5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd; 5.4.9. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi; 5.4.10. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılması barədə sənəd. 14.1-ci maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.1. qurumun adı (firma); 14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); 14.1.3. qurumun təşkilatihüquqi forması; 14.1.4. maliyyə ili; 14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; 14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar; 14.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; 14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat; 14.1.9-1. məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar; 14.1.10. qurumun ləğv edilməsi barədə məlumat. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanında xx.xx.2002-ci ildən qeydiyyatda olmaqla həmin mənzilin xüsusi mülkiyyətçisidir. İddiaçının yaşadığı mənzilin ünvanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ona mülkiyyət hüququ ilə məxsus mənzil ünvanının adı çəkilən hüquqi şəxsin ünvan məlumatından çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qanunla qeydiyyat orqanına öz təşəbbüsü ilə hüquqi şəxsin hüquqi ünvanını dəyişdirmək səlahiyyətinin verilmədiyini, hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsinin hüquqi şəxsin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğu, bunun üçün hüquqi şəxsin reyestr məlumatının dəyişdirilməsi ilə bağlı ərizə, həmin dəyişikliyi təsdiq edən sənədlər ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalı olduğunu qeyd edərək müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin həmin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, xarici investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər sırasında təsisçi, qanuni təmsilçi olan fiziki şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədin surəti ilə yanaşı, həm də hüquqi şəxsin hüquqi ünvanını təsdiq edən sənədin surəti təqdim edilir. Hazırkı iş üzrə üçüncü şəxsin təsis sənədlərindən görünür ki, "xxxx" MMC xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla təsisçisi və rəhbəri (qanuni təmsilçisi) Pakistan İslam Respublikası vətəndaşı X5 Hajı Abduldur. Həmin sənədlərdən həmçinin görünür ki, qeyd edilən hüquqi şəxsin hüquqi ünvanı kimi ünvan 4ə məlumatı həmin hüquqi şəxsin təsisçisi X5 Hajı Abdul tərəfindən ərizə qaydasında doldurulmuşdur. Məhkəmə sorğusu ilə əldə edilmiş məlumatardan müəyyən olunur ki, hüquqi şəxsin tək təsisçisi olmuş X5 Hajı Abdul xarici ölkə vətəndaşı olmaqla müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası ərazisində yaşayış yeri kimi ünvan 5 ünvanı qeyd edilmişdir. Başqa sözlə, təsisçinin müvəqqəti yaşayış üzrə qeydiyyat ünvanı ünvan 6r. Hüquqi şəxsin qeydiyyatı zamanı X5 Hajı Abdul hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı sənədlər sırasında hüquqi ünvan kimi seçdiyi və ərizədə qeyd etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, 29 nömrəli mənzilə dair hüquqi bağlılığını təsdiq edən hər hansı sənədi təqdim etməmiş və ya belə bir sənədə istinad etməmişdir. Göründüyü kimi, hazırkı halda hüquqi şəxsin təsisçisi və rəhbəri (qanuni təmsilçisi) eyni şəxsdir, təsisçisi tərəfindən hüquqi şəxsin ünvanı kimi seçdiyi mənzilə dair hüquqmüəyyənedici sənəd (mülkiyyət, istifadə, icarə, mülkiyyətçinin razılıq ərizəsi və s.) təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh orqan hüquqi ünvan dəyişikliyi faktının dövlət qeydiyyatına alınması üçün MMC-nin müraciət etməli olduğu və bununla bağlı lazımı sənədlərin siyahısı barədə məktubu MMC-yə ünvanladığını bildirsə də, MMC-nin ilkin qeydiyyatı zamanı təsisçinin hüquqi ünvan kimi ərizəni doldurarkən həmin ünvanla hər hansı hüquqla bağlılığına dair hüquqi sənədi tələb etmədiyi və müvafiq qeydiyyat qovluğuna əlavə etmədiyi halda sonradan hüquqi ünvanla bağlı dəyişiklik üçün ünvana dair lazımı sənədlərin təqdim edilməsi ilə bağlı mövqeyi əsaslı deyildir. Hüquqi şəxsin qeydiyyatı qaydaları, həmin qaydaları bilavasitə tətbiq və nəzarət edən vergi orqanının səlahiyyətləri hər bir halda mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməlidir. İddiaçının tələbi üçüncü şəxsin qeydiyyat sənədlərinin etibarsızlığına deyil, hər bir halda təsis edilmiş hüquqi şəxsin hüquqi ünvan kimi iddiaçının mülkiyyətində olan mənzilə aid ünvanla qeydə alınmasına qarşı yönəlmişdir. Bu halda iddiaçının mülkiyyətçi statusundan irəli gələn hüquqları qorunmalı və təmin edilməlidir. Cavabdehin də istinad etdiyi hazırkı iş üzrə hüquqi şəxsin reyestr məlumatının dəyişdirilməsi ilə bağlı ərizə, həmin dəyişikliyi təsdiq edən sənədlər ilə birlikdə qeydiyyat orqanına təqdim olunmaması həmin ünvanın aid olduğu əmlakın mülkiyyətçisini Konstitusiya və digər qanunlarla ona verilmiş hüquqlardan irəli gələn hazırkı məzmunda tələb irəli sürmək (inzibati orqanının üzərinə öhdəlik qoyulmasını tələb etmək) hüququna təsir etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1861/2023 nömrəli 08 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2473/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2473/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver