Məhkəmə qərarları › İş №2-1(103)-2473/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2473/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2473/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. Azərbaycan Rəssamlar İttifaqının yaradıcılıq emalatxanası tərəfindən verilmiş orderdən görünür ki, Azərbaycan Rəssamlar İttifaqının İcraçı Katibliyinin qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 3215-ci məhəllə, 1410 keçid, X6 küçəsi, “Rəssamlar evi” ünvanında sahəsi 34,44 kv.metr olan 136 a saylı yaradıcılıq emalatxanası Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İddiaçı verilmişdir.

2. Azərbaycan Rəssamlar İttifaqının xx.xx.2023-cü il tarixli 81 nömrəli məktubundan görünür ki, rəssam, Rəssamlar İttifaqının üzvü İddiaçı, Azərbaycan Rəssamlar İttifaqının İcraçı Katibliyinin qərarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 3215 məhəllə 1410 keçid, X6 küçəsi 86 ünvanında, sahəsi 34,44 kv.metr olan 136 «a» saylı fərdi yaradıcılıq emalatxanasının orderi verilmişdir. Azərbaycan Rəssamlar İttifaqı, sözügedən emalatxananın həqiqətən Rəssamlar İttifaqının balansında olan “Rəssamlar evi”nin həyətində yerləşdiyini təsdiq edir. Emalatxana, “Rəssamlar Evi”nin həyətində olan nasos qurğuları üçün tikilmiş bir mərtəbəli tikilinin üzərində, sonradan tikintisinə icazə verilən yaradıcılıq emalatxanası kimi nəzərdə tutulmuş və hazırda emalatxana, istedadlı dekorativ-tətbiqi sənət rəssamı, Rəssamlar İttifaqının üzvü, Azərbaycanın Əməkdar Rəssamı İddiaçı tərəfindən yaradıcılıq emalatxanası kimi istifadə edilməkdədir.

3. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı ayrılan qeyri-yaşayış sahəsi 1 mərtəbəli binanın zirzəmi mərtəbəsi olmaqla daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd və faktiki sahəsi üzrə ölçüləri 34,44 kv.metr təşkil edir.

4. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid, X6 küçəsi 86 ünvanında yerləşən, 34.44 kv.m ibarət, 136 “a” saylı qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanasının) onun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

5. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə baxaraq tələbini təmin etməkdən imtina edərək göstərmişdir ki, qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid, X6 küçəsi 86 A ünvanında yerləşən, 34.44 kv.metrdən ibarət, 136 “a” saylı qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanasının) onun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Rəssamlar İttifaqının üzvü olmaqla, Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Bir çox beynəlxalq sərgilərin iştirakçısı olmaqla dövləti beynəlxalq arenada layiqincə təmsil etmişdir. Buna görə də dövlət başçısı tərəfindən mükafatlandırılmışdır. Ona Azərbaycan Rəssamlar İttifaqının İcraçı Katibliyinin qərarı ilə Bakı şəhəri, ünvan 3 ünvanında, sahəsi 34.44 kv.m olan 136 “a” saylı fərdi yaradıcılıq emalatxanasının orderi verilmişdir. İddia ərizəsinə əlavə edilmiş yaradıcılıq emalatxanasının orderindən görünür ki, həmin emalatxana yaradıcılıq emalatxanası olmaqla X1 balansındadır. Emalatxana iddiaçının istifadəsinə verilməklə ona məxsusluğu Azərbaycan Rəssamlar İttifaqı tərəfindən də təsdiq edilir. Uzun müddətdir ki, həmin emalatxanadan iddiaçı fərdi yaradıcılıq emalatxanası kimi istifadə edir. “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncamın 2-ci bəndinə əsasən dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirmək vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Göründüyü kimi qeyd edilən sərəncamla X3 üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur.

8. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək etirazında göstərmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən heç birini təqdim etməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən tikili yaşayış binasının həyətində, ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşir. Həmçinin iddiaçının idarəyə müraciəti zamanı təqdim edilən sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, xx.xx.2022-ci il tarixli müraciəti zamanı təqdim edilən orderdə yaradıcılıq emalatxanasının nömrəsi “136”, xx.xx.2023-cü il tarixli müraciəti zamanı 136 “a” qeyd olunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid, X6 küçəsi 86 A ünvanında yerləşən, 34.44 kv.metrdən ibarət, 136 “a” saylı qeyri-yaşayış sahəsinə (yaradıcılıq emalatxanası) dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-9376/2023 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410-cu keçid X6 küçəsi 86 ünvanında yerləşən, 34.44 kv.metrdən ibarət, 136 “a” saylı qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanasının) onun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə yazılı və rəsmi etiraz təqdim olunaraq qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Eyni zamanda elektron kadastr baza məlumatlarına əsasən tikili yaşayış binasının həyətində ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşir. Həmçinin iddiaçının idarəyə müraciəti zamanı təqdim edilən sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, xx.xx.2022-ci il tarixli müraciəti zamanı təqdim edilən orderdə yaradıcılıq emalatxanasının nömrəsi “136”, xx.xx.2023-cü il tarixli müraciəti zamanı 136 ”a” qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 1410cu keçid, X6 küçəsi 86 A ünvanında yerləşən, 34.44 kv.metrdən ibarət, 136 “a” saylı qeyriyaşayış sahəsinə (yaradıcılıq emalatxanasına) dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsi üzərində hüquqların iddiaçıya məxsus olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Ona görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9376/2023 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri:

12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları:

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

16. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;

21. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

22. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu:

23. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

24. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

25. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

26. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu:

27. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

28. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

29. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

30. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

31. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1251 saylı Sərəncamı

32. Bənd 1. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilsin.

33. Bənd 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

34. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

35. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

36. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

37. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

39. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

41. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

42. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

43. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

44. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

45. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

46. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).” Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri:

47. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

48. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. Tədqiq olunmuş sübutlarla qeyri-yaşayış sahəsinin, yəni yaradıcılıq emalatxanasının rəssam olan iddiaçının istifadəsinə verilməsi müəyyən edildiyindən iddiaçı “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1251 saylı Sərəncamının tələblərinə uyğun həmin emalatxanaya mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, istinad olunan Sərəncam Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsini birbaşa müəyyən etmiş və bu zaman hər hansı bir qeyd şərt nəzərdə tutmamışdır.

52. Daha sonra cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədləri təqdim etməməsinə istinad etsə də, kollegiya cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, cavabdehin bu zaman istinad etdiyi Qanun xx.xx.2004cü ildə qüvvəyə minmiş, iddiaçı isə tələbinin hüquqi əsası kimi həmin Qanun qəbul edilməzdən əvvəl qəbul edilmiş, yalnız müəyyən kateqoriya şəxslərə şamil olunan xx.xx.2003-cü il tarixli 1251 saylı Sərəncama istinad etmişdir.

53. Bundan başqa, işdə olan sənədlərdən görünür ki, cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlə eyni olan sənədlər əsasında digər rəssamların müvafiq yaradıcılıq emalatxanalarına yaranmış mülkiyyət hüquqlarını qeydə almış, bununla da artıq hazırkı mübahisə üzrə müvafiq inzibati praktikasını formalaşdırmış, bu praktika davamlı və ardıcıl olmuşdur. Belə ki, cavabdeh 2019-2020-ci illərdə həmin ünvanda yerləşən 7 yaradıcılıq emalatxanasına mülkiyyət hüququnu qeydə almışdır.

54. Kollegiya qeyd edir ki, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

55. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

56. Məhkəmə kollegiyası tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya imtina cavabı verərkən formalaşdırdığı əvvəlki inzibati praktikaya zidd hərəkət etmiş, bu zaman həmin halı əsaslandırmamış, iddiaçının qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici əsaslara malik olmasını da nəzərə almamışdır. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

57. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar