Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2473/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı SOCAR Heydər Əliyev adına X8 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs X3 işə cəlb edilməklə “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3450/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı SOCAR Heydər Əliyev adına X11 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanında yerləşən 125.1 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün X2 ayrılması haqqında Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti başçısının 01 fevral 1999-cu il tarixli, 15 nömrəli sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 15 saylı sərəncamı ilə X2 ünvan 4 ünvanında fərdi yaşayış evi tikilməsi üçün 125.1 kv.m torpaq sahəsi ayrılmışdır. Sözügedən ünvanın yerləşdiyi torpaq sahəsində tikinti işləri aparıldığı aşkar olunduqda əraziyə Heydər Əliyev adına X9 əməkdaşları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X10 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 20 metrliyində yerləşir. Hesab edilir ki, neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahsinə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sözügedən sərəncam əsassızdır. Buna səbəb olaraq bildirilir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti ayrılan torpağın Heydər Əliyev adına X10 məxsus neft məhsulu nəql olunan Dş-300mm neft boru kəmərinin mühafizə zonasında olması nəzərə alınmamış, bununla bağlı Zavoda müraciət edərək razılığı alınmamış, qəbul etdiyi qərarı Zavoda təqdim edilməmişdir. İddiaçı qeyd edir ki, həmin qərarın mövcudluğundan ancaq müvafiq əraziyə baxış keçirildikdən sonra xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ilə müraciət etdikdən sonra cavab məktubunu faktiki aldığı zaman xəbərdar olmuş və xx.xx.2024-cü il tarixdə həmin qərarın etibarsız sayılması ilə əlaqədar Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Lakin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti bugünədək qərarın etibarsız hesab edilməsi barədə şikayətlərinə baxılması və nəticəsi barədə məlumat verməmişdir. İddiaçı tərəfindən bildirilir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Heydər Əliyev adına X10 məxsus neft məhsulu nəql olunan Dş-300 neft boru kəmərinin mühafizə zonasında yerləşən, dövlətin müstəsna mülkiyyətinə aid olan sənaye təyinatlı torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün X2 torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etməklə qanunvericiliyin tələblərini, iddiaçının isə hüquqları pozulmuşdur. İddiaçı hesab edir ki, dövlətin müstəsna mülkiyyətində olan, mühafizə zonasında yerləşən torpaq sahəsinin buna səlahiyyəti olmadığı halda, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən X2 ayrılması barədə inzibati akt qəbul edilməsi nəticəsində Zavod tərəfindən boru kəmərinin texniki vəziyyətinin yoxlanılması, eyni zamanda gələcəkdə baş verə biləcək qəzaların aradan qaldırılmasını mümkünsüz edir. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirinin azaldılmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirilir. İddiaçının fikrinə əsasən bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünsə də, lakin, neft-qaz əməliyyatlarının aparılması üçün Heydər Əliyev adına X10 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizəsi zonasında yerləşən torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gələ bilər. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüququ rejimini diqqətlə araşdırması və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-14510/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3450/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmadan, faktiki hallara düzgün qiymət verilməklə obyektiv baxılmadan qərardad qəbul etmişdir. İddiaçı mübahisələndirilən qərar qəbul olunarkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmədiyini, torpağın fərdi yaşayış evi tikilməsi üçün verilməsinin mümkün olub-olmaması aydınlaşdırılmadığını, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən razılıq alınmadığını, qərarın çıxarılması barədə Azərbaycan Respublikası Dövlət neft Şirkətinə məlumat verilmədiyini, qərarın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göndərilmədiyini qeyd edir. İddiaçı hesab edir ki, bu işdə həmin qərarın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddətin qərarın çıxarıldığı tarixdən hesablanması mənasızdır, eyni zamanda qərarın etibarsızlığı həmin iddiaya müddət şamil edilməməlidir. İddiaçı həmin qərarın mövcudluğundan ancaq müvafiq əraziyə baxış keçirildikdən sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındsa Əmlak Məsələri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ilə müraciət etdikdən sonra cavab məktubunu faktiki aldığı zaman xəbərdar olmuş və xx.xx.2024-cü il tarixdə həmin qərarın etibarsız sayılması ilə əlaqədar cavadehə ərizə ilə müraciət etdiyini bildirir. Cavabdeh tərəfindən qərarın etibarsız hesab edililməsi barədə şikayətə baxılması və nəticəsi barədə məlumat verilmədiyi qeyd edilir. Cavabdehin iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-300mm neft boru kəmərinin mühafizə zonasında yerləşən, dövlətin müstəsna mülkiyyətinə aid olan sənaye təyinatlı torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün Üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etməklə, qanunvericiliyin tələblərini, iddiaçının isə hüquqlarını pozduğunu iddiaçı hesab edir. İdddiaçı dövlətin müstəsna mülkiyyətində olan, mühafizə zonasında yerləşən torpaq sahəsinin buna səlahiyyəti olmadığı halda, Cavabdeh tərəfindən üçüncü şəxsə torpaq ayrılması barədə inzibati akt qəbul edilməsi nəticəsində iddiaçı tərəfindən boru kəmərinin texniki vəziyyətinin yoxlanılmasını, eyni zamanda gələcəkdə baş verə biləcək qəzaların aradan qaldırılmasının mümkünsüz edildiyini hesab edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs qismində cəlub olunmuş şəxs apellyasiya şikayətinin təmin edilməməsini, 1-ci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş, səbəb olaraq digər məhkəmə prosesinə görə gecikəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi iştirak etməmiş, səbəb barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 15 saylı, xx.xx.1999-cü il tarixli sərəncamı ilə X2 ünvan 5 ünvanda fərdi yaşayış evinin tikilməsi məqsədilə 125.1 kv.m torpaq sahəsi ayrılmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, iddia tələbindən göründüyü kimi, hazırki mübahisənin predmetini qeyd olunan sərəncamın etibarsızlığı təşkil edir. Hazırki iş üzrə iddia tələbinə münasibətdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, “mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına görə iddiaçı tələbində inzibati aktın etibarsızlığını mübahisələndirsə də, əslində iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır. Eynilə iddiaçı hazırkı iddiasında inzibati aktın etibarsızlığını tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın ləğvi ilə bağlıdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının mübahisə açdığı inzibati akt 1999-cu ildə qəbul edilmişdir. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi sərəncamı mübahisələndirməyə dair subyektiv hüququnun yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiаçının 15 saylı, xx.xx.1999-cü il tarixli sərəncama münasibətdə öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə). Həmçinin, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli bildirişdən aydın olur ki, X11 2011-ci ildə 3-cü şəxsin mülkiyyətində olan tikili barədə məhkəməyə müraciət etmişdir. Bu fakt özü də sübut edir ki, iddiaçı bu sərəncam barədə ən azı 2011-ci ildə məlumatlı olmuşdur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3450/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3450/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2473/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2473/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver