Məhkəmə qərarları › İş №2-1(103)-2474/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2474/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2474/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrlər əsasında araşdırmanın nəticəsi barədə qərar qəbul edilməsi və qərardan irəli gələn iddiaçının ehtiyata buraxılmasına dair arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-1429/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə qarşı «əmrlər əsasında arxiv arayışının verilməsi» tələbiə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1988 – 1990-cı illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. 24 iyul 1993-cü il tarixdə Bakı şəhəri Xətai RHK (SHXÇDX Xətai Rayon İdarəsi) tərəfindən təkrar hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N saylı hərbi hissə komandirinin N sentyabr 1993-cü il tarixli 0175 nömrəli əmrilə ona kiçik çavuş rütbəsi verilmişdir. N saylı hərbi hissənin N avqust 1993-cü il tarixli siyahılarına əsasən həmin tarixdən ştat cədvəlinə uyğun vəzifəyə təyin olunaraq, bütün növ təminatlarla təmin olunmuşdur. 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü il tarixə qədər (yəni atəşkəs elan edilənədək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin bu günədək digər döyüş yoldaşları “müharibə veteranı” adı və vəsiqəsi alsa da, o, həmin adı ala bilmir. AR Müdafiə Nazirliyinin 16 yanvar 2015-ci il tarixli 9/2-171 nömrəli arxiv arayışında qeyd edilir ki, onun xidməti barəndə N saylı hərbi hissə komandirinin N sentyabr 1993-cü il tarixli 0175 nömrəli əmrilə (pr-1, səh. 207, sıra-4 əmrdə rütbəsi kiçik çavuş yazılmışdır) N saylı hərbi hissənin N avqust 1993-cü il tarixli adlı siyahılarına əsasən həmin tarixdən ştat cədvəlinə uyğun vəzifəyə təyin olaraq, bütün növ təminatlarla təmin olunmağı və uzun müddət hərbi hissədən уayınmağına görə komandirin 1 noyabr 1993-cü il tarixli 0208 nömrəli əmrilə (pr- 9, səh. 93, sıra 717) şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar olunmağı barədə məlumat vardır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir, N saylı hərbi hissə komandirinin N sentyabr 1993-cü il tarixli 0175 nömrəli əmrilə ona kiçik çavuş rütbəsi verilmişdir. N saylı hərbi hissənin N avqust 1993-cü il tarixli siyahılarına, əsasən həmin tarixdən ştat cədvəlinə uyğun vəzifəyə təyin olaraq, bütün, növ təminatlarla təmin olunmuşdur. 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin arayışa əsasən AR Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etsə də, xidmət etdiyi dövr barədə arxiv arayışında dəqiq məlumat olmadığına görə “müharibə veteranı” adı və vəsiqəsini ala bilmir. İşin faktiki halları ilə təsdiq olunur ki, X1 göndərilən arxiv arayışında onun hərbi xidməti barədə arxiv məlumatının olmaması onun təqsirindən olmamışdır. Əgər xidmətdə olduğu hərbi hissənin həmin vaxtı əhatə edən əmrlər arxivə göndərməyibsə, bu ondan (iddiaçıdan) asılı hal deyil. Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərin də olduğu yer dağıdılmışdır. Problem ondadır ki, arxiv arayışında bu halların araşdırılmasının mümkünsüz olduğu göstərilmişdir. Halbuki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Belə ki, qanunla Arxiv İdarəsi həm də Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə şəxsi heyyətlə bağlı verilən əmrlərin müəyən vaxtdan sonra Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verilməsini də təmin etməlidir. Ona görə də Arxiv İdarəsi tərəfindən hərbi hissədən əmrlərin Arxiv İdarəsinə təqdim olunmaması səbəbindən ona arayışın verilməsindən imtina qanunsuzdur. Çünki, Arxiv İdarəsi həmin hərbi hissədən əmrləri tələb etməklə müvafiq hərbi qulluqçuların xidmətini bərpa etməlidir. Belə olan halda Arxiv İdarəsi tərəfindən hərbi qulluqçuya belə arayışın verilməsi, onun timsalında hüququnun kobud surətdə pozulmasıdır. Bununla da Arxiv İdarəsi hüququnu pozur. Yuxarıda göstərildiyi kimi, qanunla onun hərbi xidmətini Müdafiə Nazirliyinin Arxivi təmin etməlidir. Zərurət yaransa onun xidməti barədə hərbi hissədən əmrləri tələb etməlidir. Ona görə də Müdafiə Nazirliyinin Arxiv İdarəsi bu sahədə pozulmuş hüquqlarının bərpa olunması isi üçün məsuliyyət daşımalıdır Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, - İddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivi iddiaçının xidmət keçməsinə dair arxivdə olan müvafiq əmriər əsasında araşdırma aparmış və 16 yanvar 2015-ci il tarixli arxiv arayışı təqdim etmişdir. Həmin arayışda iddiaçının N nörməli hərbi hissə komandirinin N sentyabr 1993-cü il tarixli əmri ilə vəzifəyə təyin olunması və bütün növ təminatlarla təmin edildiyi, uzun müddəi hərbi hissədən yayındığına görə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edildiyi qeyd edilmişdir. Beləliklə də, Mərkəzi Arxiv iddiaçının xidmətinə dair arxivdə olan nizami hissə üzrə əmriər əsasında arxiv arayışı tərtib etdiyindən, iddiaçının 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü i tarixədək N nömrəli hərbi hissədə xidmətinə dair arxiv arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi əsassızdır. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olmaqla iddianın dəyişdirilərək «iddiaçının 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N (saylı hərbi hissələrdə) saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmanın nəticəsi barədə qərar qəbul edilməsi və həmin hərbi hissələrdə döyüş əməliyyatlarında iştirakı barədə qərardan irəli gələn onun ehtiyata buraxılmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-1429/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-1429/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı hazırda iki tələb irəli sürür: iddiaçının 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N (- saylı hərbi hissələrdə) saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmanın nəticəsi barədə qərar qəbul edilməsi; həmin hərbi hissələrdə döyüş əməliyyatlarında iştirakı barədə qərardan irəli gələn onun ehtiyata buraxılmasına dair arayışın verilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İddiaçı müvafiq müraciətinə cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyi tərəfindən arxiv arayışı verilmişdir. Həmin arayışda iddiaçının 1993 – 1994-cü illərdə müvafiq hərbi hissələrdə xidməti barədə xüsusatlara toxunulmuş, lakin onun xidmətdən tərxis olmasına dair məlumatlar əks olunmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, habelə iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması (hətta, buna etimal olunan) barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddiaçı tələbi üzrə xidmət barədə əmrlər əsasında yenidən araşdırma aparılması və onun tərxis olunması barədə ərayışın verilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və həmin imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-1429/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar