Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2474/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-2216/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində əlilliyin təyin olunması barədə xx.xx.2021-ci il tarixində verdiyi imtina cavabının qanunsuz hesab olunması, onun yenidən komissiyadan keçirilməyinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi xx.xx.2016-cı il tarixində ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliklə bağlı xəsarəti İ Qarabağ Müharibəsi zamanı Zəngilanın müdafiəsi uğrunda aparılan döyüşlərdə aldığı üçün səbəbli əlaqə kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yekun rəyində göstərilmişdir ki, əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınmışdır. Əlillik 5 il müddətinə verildiyi üçün xx.xx.2021-ci il tarixində yenidən komissiyadan keçməyi tövsiyə olunmuşdur. Ona görə də o, 2021-ci ilin mart ayının əvvəllərində 3 saylı Xəstəxanaya müraciət etmişdir. 10 gün orada qalıb müvafiq müalicə və müayinələri aldıqdan sonra sənədləri yenidən həkim komissiyasına göndərilmişdir. Lakin əvvəlkinə nisbətən səhhətində yaxşılığa doğru heç bir əlamətlər olmadığı halda, ona imtina cavabı verilmişdir. xx.xx.2021-ci il tarixində onun üçün yazılan imtina cavabı 2021-ci ilin avqust ayının əvvəllərində ona təqdim olunmuşdur. O da təbii ki, həmin imtina cavabı ilə razılaşmır. Çünki Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlər nəticəsində səhhətində həqiqətən yaranan ciddi problemlər daha da kəskinləşməkdə davam etdiyi halda 54 yaşda daha ağır sağlamlığını itirmişdir. Onun əlilliyinin müddətinin uzadılmasından imtina etmək absurtdur. Çünki tapdığı xəstəliklər indi ona daha çox əziyyət verir. Ağırları bəzən o qədər şiddətli olur ki, ikinci bir şəxsin, yəni həyat yoldaşının köməyi olmadan hərəkət edə bilmir. Bəzən isə sistematik olaraq köməyə ehtiyacı olur. Çünki, bəzən ayaqlarının damarlarında elə şiddətli qıcolma və keyləşmə (suturqa) halları baş verir ki, sanki həmin dəqiqə ölər. Dəhşətlisi odur ki, bəzən ayaqları açılmamış bel ağrıları da şiddətlənir. Həmin dəqiqlərdə həyat yoldaşı onun köməyinə çatıb ayaqlarının damarlarını masajla açmasa keyləşmə və qıcolma ürəyinə qədər davam edib onu öldürəcək. Dəfələrlə təsadüf nəticəsində belə ölüm hallarından qurtara bilmişdir. Belə həyat yaşayıb günlərini sayan əlilə qarşı bu kimi ədalətsiz münasibət həqiqətən dəhşətdir. Bütün bu özbaşınalıqlara son qoymaq üçün onun yenidən müayinədən keçirilməyi təmin olunmalıdır. Cavabdeh onun barəsində əlilliyin təyin olunması barəsində xx.xx.2021-ci il tarixində imtina cavabı verərkən onun xəstəliklərini nəzərə almadan şəxsi mülahizələri əsasında imtina qərarı verilmişdir. Bununla da 3-4 aydır ki, onun hüquqları kobud surətdə pozulur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli, 2788003AAA90 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban.; Diaqnozun mətni: Obliterasiya edən trombangiit.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli, 2788003AABAP saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban...; Diaqnozun mətni: Obliterasiya edən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban...; Diaqnozun mətni: Əsas diaqnoz İ73.1 Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], aşağı ətrafların obliterasiyaedici trombangiti, İİİ dərəcəli xroniki işemiya Ağırlaşma İ77.1 Arteriyaların daralması, aşağı ətraf arteriyalarının abliterasiyaedici tromboangiti İİ dərəcəli işemiya, aşağı ətrafların barmaq arteriyalarının angiovegetodistoniyası, spastik vəziyyət, sağ ayağın İİİ barmaq arteriyalarının trombozundan sonrakı vəziyyət. Enən torasik aortada fokal məsafədə divaryanı parsial dolma defekti, axsama. Yanaşı xəstəliklər İ11.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], ÜİX-yi, stabil gərginlik stenokardiyası İİ f.s, essensial hipertrofiya İİ f.sş. Yanaşı xəstəliklər D47.3 Essensial (hemorragik) trombositemiya, ÜİX-yi, stabil gərginlik stenokardiyası İİ f.s, essensial hipertrofiya İİ f.s, OU xroniki blefarokonyuktivit, qaraciyər hemangioması, sol dirsək oynağının postravmatik kontrakturası, hər iki çənənin tam adentiyası; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-9928/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-2216/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinə dair ədalətli məhkəmə araşdırılmalarının aparılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasının təmin olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi, o, xx xxxxxx 1969-cu il tarixində Zəngilan rayonunda anadan olmuşdur. 1987-1989-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmətdə olmuş, 1991-ci ildən 1993-cü ilə qədər Zəngilanda Hərbiləşdirilmiş Yanğından Mühafizə Dəstəsində işləyəndə Zəngilan Polisinin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. Zəngilanın müdafiəsi uğrunda aparılan döyüşlərin birində, həmin vaxtı onlarla bir yerdə xidmət aparan Rusiya hərbiçilərin təxribatları nəticəsində ermənilərə əsir düşmüşdür. 3-4 gün əsirlikdə olduğu vaxtlarda ona qeyri-insani rəftarlarla dolu ölümünə olmazın işgəncələr verdilər. Əvvəlcə məqsədləri onu öldürmək olsa da, sonralar onu ermənilərlə dəyişdirdilər. Məlumat üçün onu da bildirir ki, ona verilən işgəncələr onu öldürmək məqsədilə verildiyi üçün, əsirlikdən azad olunduqdan sonra aparılan müalicədən sonra təsadüf ucbatından salamat qalmışdır. Əsirlikdə ona verilən işgəncələrlə bağlı səhhətində yaranan problemlərlə bağlı 10 ilə yaxın işləyə bilməmişdir. Səhhəti bir balaca düzələndən sonra, yəni 2000-ci ildə həmin vaxtı DİN-nin tabeliyində olan X4 Xidmətinin 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsində işləməyə başlamışdır. xx.xx.2012-ci il tarixində xidməti vəzifəsinin yerinə yetirərkən pilləkəndən yıxılaraq sol dirsək nahiyəsində mil sümüyü sınmışdır. Uzun müddətli müalicələrdən sonra özünə gəlsə də 2015-ci ildə əmək qabiliyyətini itirərək ehtiyata buraxıldım. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən 10 dekabr 2015-ci il tarixində verilən 2050 nömrəli X2 əsasən "sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı" hesab olunmuşdur. 1991-1993cü illərdə Zəngilanın müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirakı və ermənilərə əsir düşərək işgəncələrə məruz qalmağı nəzərə alınaraq xx.xx.2016-cı il tarixində ona 5 illik İİ qrup Müharibə əlili dərəcəsi verilmişdir. xx.xx.2021-ci ildə 5 il qurtarandan sonra onu yenidən komissiyadan keçirdərək sağlam diaqnozu qoyaraq təqaüdünü kəsdilər. 2 ilə yaxındır ki, xəstə olduğu halda bir manat pul da dövlət tərəfindən ona verilmir. 30 il qabaq əsirlikdə olduğu vaxtı verilən işgəncələrdən tapdığı xəstəliklər də daxil olmaqla müalicə üçün zəruri olan dərmanları ala bilmədiyi üçün həyatı təhlükədədir. Yuxarıda göstərilənlərlə təsdiq olunur ki, həqiqətən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti onun barəsində əlilliyin təyin olunması barəsində xx.xx.2021-ci il tarixində imtina cavabı verərkən onun xəstəliklərini nəzərə almadan şəxsi mülahizələri əsasında imtina qərarı verilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan verilən imtina cavabını qanuni və əsaslı saymışdır. Belə ki, məlumat üçün onu da bildirir ki, qəribə də olsa məhkəmə qətnaməsində göstərilmişdir ki, guya onun əlilliyi barəsində İİ və İİİ qrup olmaqla 2 qərar verilmişdir. Eyni belə bir qərarın, yəni eyni vaxtda ona həm İİ və İİİ qrup əlilliyinin barəsində sənədin olmasını bilən məhkəmə bu hala da hüquqi qiymət verməmişdir. Belə olan halda hakimim mövqeyi təəccüb doğurur. Bundan əlavə 20 ilə yaxın xidməti olduğunu təsdiq edən sənədlərin iş materiallarında olmasına baxmayaraq ona münasibət bildirilməmişdir. Ona münasibət bildirsəydi yuxarıda göstərdiyi kimi, ya onun əlilliyinin verilməsini təmin etməli idi, ya da sağalmışdırsa xidmətinə qaytarılmasının təmin edilməsi barəsində qərar verməli idi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 031194 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan cavabdehin elektron informasiya sistemindən xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı ildə səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik”, TSEK diaqnozu “Obliterasiya edilən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması”, əlilliyin müəyyən olunması meyarı “2.1 İkinci dərəcə əlillik => ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcəli çatışmazlığı (İ01-İ09, L11.0, İ13.2, İ20-İ25, İ30-İ31.1, İ33)” qeyd olunmaqla xx.xx.2021-ci il tarixədək qüvvədə olan ilkin ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı ildə səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik”, diaqnozu “Obliterasiya edilən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması” göstərilməklə xx.xx.2021-ci il tarixədək qüvvədə olan üçüncü dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri, 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 278803AAB55 №-li “Tibbi-sosial ekspert komissiyasına” göndəriş Forma 88-dən görünür ki, İddiaçı TSEK-ə göndərilən zaman vəziyyəti- status localis: Aşağı ətrafların dəri örtüyü avazıyıb, ayaqların iç səthi barmaqlar, sianotikdir, yerli hiperemiya qeyd olunur. Sağ pəncənin İİİ barmağı hissiyyatı azalıb və qaralma qeyd olunur. Sol pəncənin V barmağında hissiyyat azalıb. Bud arteriyalarında zəif pulsasiya qeyd olunur. Sol dirsək oynağının hərəkət məhduddur, hərəkət həcmi açma 150 dərəcə, bükmə 80 dərəcə. Xəstə müalicələr almışdır, 3 saylı ŞKX-da xx.xx.2021-xx.xx.2021-ci ildə, MHTİ-da xx.xx.2021-ci il, Topçubaşov ad. ECM-də xx.xx.2021-ci il tarixlərdə. Xəstənin əlillik müddəti bitdiyindən HMK-da müayinə olundu. Əlillik əlamətləri davam etdiyindən forma 88 yazılır və TSEK-iddiaçının nümayəndəsi reyestrinə daxil edilir. Əsas diaqnoz: İ73.1 Obliterasiya edilən trombangiit (Byuger xəstəliyi), aşağı ətrafların obliterasiyaedici trombangiti, İİİ dərəcəli xroniki işemiya. Ağırlaşma: İ77.1 Arteriyaların daralması, aşağı ətraf arteriyalarının abliterasiyaedici tromboangiti İİ dərəcəli işemiya, aşağı ətrafların barmaq arteriyalarının angiovegetodostaniyası, spastik vəziyyət, sağ ayağın İİİ barmaq arteriyalarının trombozundan sonrakı vəziyyət. Enən torasik aortada fokal məsafədə divaryanı parsial dolma deffekti, axsama. Yanaşı xəstəliklər: İ11.0 (Durğunluq) ürək çatışmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (yi), stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s. D47.3 Essensial (hemorragik) trombositopeniya. ÜİX-yu, stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s, OU xroniki blefarokonyuktivit, qararaciyər hemangioması, sol dirsək oynağının posttravmatik kontrakturası, hər iki çənənin tam adentiyası olmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, xxxxxxx0005 №-li aktdan görünür ki, İddiaçı əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi kimi “diaqnoz əlillik əlaməti təyin etmir” kimi qeyd edilmişdir. İşdən görünür ki, iddiaçı ona ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı iddiaçının xəstəliklərinin ona əlillik təyin olunması üçün “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə sadalanan hallarda əksini tapmadığından məhkəmə iddiaçıya əlillik dərəcəsi verilməsi üçün əsasların olmaması barədə məhkəmə tibbi ekspertizasının rəyini əsaslı hesab etmişdir. Məhkəmə işin hallarına qiymət verərək hesab etmişdir ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2 və 2.3-cü bəndlərində səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bənd. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bənd. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-ci bənd. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
2. Əlilliyin müəyyən olunması meyarları. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərə çarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0- E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İşdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən cavabdeh tərəfindən İddiaçı xx.xx.2016-cı ildə səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar”, diaqnozu “Obliterasiya edilən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması” göstərilməklə xx.xx.2021-ci il tarixədək qüvvədə olan üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçının xəstəlikləri ilə bağlı qeydiyyatda olduğu poliklinika tərəfindən xx.xx.2021-ci il tarixdə əsas diaqnozu “Obliterasiya edilən trombangiit (Byuger xəstəliyi), aşağı ətrafların obliterasiyaedici trombangiti, İİİ dərəcəli xroniki işemiya”, ağırlaşması “Arteriyaların daralması, aşağı ətraf arteriyalarının abliterasiyaedici tromboangiti İİ dərəcəli işemiya, aşağı ətrafların barmaq arteriyalarının angiovegetodostaniyası, spastik vəziyyət, sağ ayağın İİİ barmaq arteriyalarının trombozundan sonrakı vəziyyət. Enən torasik aortada fokal məsafədə divaryanı parsial dolma deffekti, axsama”, yanaşı xəstəliklər (Durğunluq) ürək çatışmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (yi), stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s., Essensial (hemorragik) trombositopeniya. ÜİX-yu, stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s, OU xroniki blefarokonyuktivit, qararaciyər hemangioması, sol dirsək oynağının posttravmatik kontrakturası, hər iki çənənin tam adentiyası” qeyd olunmaqla cavabdeh inzibati orqana müvafiq göndəriş göndərilmiş, cavabdeh inzibati orqan göndərişdə qeyd olunmuş diaqnozun əlillik əlaməti təyin etməməsini əsas gətirərək iddiaçıya əlilliyin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı onda olan xəstəliklərin ona ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas olmasını iddia edərək cavabdeh inzibati orqanın üzərinə buna dair qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını istəyir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əlillik vəziyyətinin cavabdeh tərəfindən düzgün qiymətləndirilməsini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, T38/2022 nömrəli sağlamlıq vəziyyətinin təyininə dair ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərişlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışda göstərilmiş diaqnozlar aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edilmişdir. Həmin diaqnozlar nəzərə alınmaqla vətəndaşın əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində ikinci dərəcə əlilliyin müəyyən olunması meyarları və halları göstərilmişdir. Göründüyü kimi iddiaçı barəsində tərtib edilən sonuncu göndərişdə qoyulmuş diaqnoz ikinci dərəcə əlillik təyin olunması üçün Əsasnamədə sadalanan hallarda əksini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın qərarın ləğv olunmasına əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-2216/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.