Məhkəmə qərarları › İş №2-1(103)-2475/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2475/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2475/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1088/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1 aprel 1959- cu il tarixdə doğulmuşdur. 1 iyun 1976-cı il tarixdən 16 iyul 1978-ci il tarixədək 12 nömrəli Peşə Məktəbində “soyuducu qurğuların mexaniki” ixtisası üzrə təhsil almış, 1976 – 1978-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmişdir. 30 may 1980-ci il tarixdən 29 iyun 1984-cü il tarixədək Dəmiryol Xidmətinin 9-cu Distansiyasında sürücü-maşinist, 3 dekabr 1984-cü il tarixdən 24 avqust 1992-ci il tarixədək 2-ci dərəcəli elektrik montyoru, 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək X1 3-cü dərəcəli yol montyoru vəzifələrində çalışmışdır. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda, həmçinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilmişdir. Qeyd edilənlərə görə iddiaçı hesab olunur ki, onun (iddiaçının) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı ona əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və bu barədə ona 21 aprel 2022-ci il tarixli məktub ünvanlamışdır. İmtina məktubunda göstərilmişdir ki, onun təqdim etdiyi "xxxx" QSC-nin 12 aprel 2022-ci il tarixli A/110 nömrəli arayışında 15 iyul 1997ci il tarixdən bugünədək sözügedən müəssisənin Yol xidmətində yol montyoru vəzifəsində işlədiyi göstərilmişdir. Həmin yol montyoru vəzifəsi yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. İddiaçı hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası əsassızdır. İmtina məktubunda həmçinin qeyd edilmişdir ki, onun (iddiaçının) 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək olan dövr ərzində "xxxx" QSC-nin 9 nömrəli X3 yol montyoru vəzifəsində işləməsi faktı öz əksini tapmamışdır. Lakin bu, iddiaçının iradəsindən aslı olan səbəb deyildir. Əmək kitabçasında onun həmin qurumda sözügedən vəzifədə işləməsi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9- cu bandinə görə Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (1 yanvar 2006-ci il tarixədək) 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş və 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7, 9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: (2.4.1) şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İddiaçının çalışdığı müəssisədən, yəni "xxxx" QSC-dən 12 aprel 2022-ci il tarixli arayışı cavabdehə təqdim etsə də, cavabdeh həmin arayışda göstərilənləri nəzərə almaqdan imtina etmişdir. Həmin arayışda qeyd edilir ki, şəxs güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 12 aprel 2022-ci il tarixə 24 il 8 ay 28 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı 21.5-ci (Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir. Bu, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarında “XXVİİİ Nəqliyyat” bölməsinin 2-ci “Metropolitenlər” bəndində “23002000а a) yalnız gecə vaxtlarında tunellərdə va yeraltı qurğularda daim məşğul olan fəhlələr” kimi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən iş yerindən verilən arayışın nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 3, 9-cu maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə, İPM-in 2.2.3, 14.3, 34.1, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin nümayəndəsi etirazda göstərmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın iddiaçıya ünvanlanmış 13 dekabr 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, 1 aprel 1959-cu il tarixdə doğulmuş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 60 yaşının tamam olduğu 1 aprel 2019-cu il tarixdə çatmışdır. Ona həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1) ümumi iş stajının 25 il olması; 2) güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının güzəştli iş stajı «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Onun ümumi iş stajı 14 il 2 ay 8 gün (21 may 1978-ci il tarixdən 9 may 1980-ci il tarixədıək, 30 may 1980-ci il tarixdən 29 noyabr 1984-cü il tarixədək, 3 dekabr 1984-cü il tarixdən 24 avqust 1992-ci il tarixədək olan dövrlər) təşkil edir və tələb olunan 25 ildən azdır. İddiaçının güzəştli iş stajı isə yoxdur. Mərkəzi Filiala təqdim edilmiş 30 noyabr 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək olan dövrdə “Azərbaycan Dəmir Yolları" QSC-nin 9 nömrəli X3 yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində sözügedən müəssisədə iddiaçının işləməsinə dair faktın öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bu fakt 9 nömrəli X4 6 dekabr 2022-ci il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat (minimum əmək pensiyasının 280 manat olması ilə əlaqədar) hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13.139,58 manat təşkil edir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1088/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyası hüququ yarandığı tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1088/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 1 aprel 1959-cu il tarixdə doğulmuşdur. O, 1976 – 1978-ci illərdə texniki peşə məktəbində təhsli almış, 1978 – 1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuş və 1980-ci ilin may ayndan əmək fəaliyyətinə başlamışdır. 30 may 1980-ci il tarixdən 29 iyun 1984-cü il tarixədək Azərbaycan Dpövlət Dəmir Yolunun 9 saylı Distansiyasında sürücü – maşinist, 3 dekabr 1984-cü il tarixdən 24 avqust 1992-ci il tarixədək həmin qurumda elektrik montyoru, 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək "xxxx" QSC-nin 9 nömrəli X2 yoll montyoru kimi çalışmışdır. O, 60 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 1992 – 2005-ci illərdə X2 işləməsi faktı müəssisədəki sənədlərdə təsdiqini tapmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın “XXİ. Nəqliyyat” bölməsinin “1. Dəmir yolu nəqliyyatı və metropoliten” bəndində “etil mayesi olan çənlərin təmiri ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingərlər” və “çənlərin təmiri, doldurulması və klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingərlər” 1200100a – 18540 kodu ilə nəzərdə tutulmuşdur. Həmin qərarla təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “XXVİİİ. Nəqliyyat” bölməsinin “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər” bəndində “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” 12001000 – 19825 kodu ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və həmin Siyahının “21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndində magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 28 dekabr 2014-cü il tarixli 468 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 30 may 1980-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək Azərbaycan Dəmir Yolları 9 saylı Yol Distansiyasında yol montyoru vəzifəsində işləmişdir. Bu vəzifədə ümumi iş stajı 12 il 6 ay təsdiq edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarına uyğundur (1200100a – 18540), pensiya hüququna malikdir. Sözügedən arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarına istinad dəqiq olmasa da, İddiaçı 19 dekabr 2005-ci il tarixədək iş stajı təsdiq olunur. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı 24 avqust 1992-ci il tarixədək olan dövr üzrə hərbi xidmət və əmək fəaliyyəti dövrünü mübahisələndirmir və 14 il 2 ay 8 gün müddəti onun sığorta stajı kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat çərçivəsində inzibati orqan tərəfindən hazırkı iddiaçının əmək fəaliyyətinin 31 avqust 1992-ci il tarixədək olan dövrünün sığorta stajına daxil edilməklə və həmin tarixdən sonrakı dövr üzrə fəaliyyəyin xüsusatlarının mübahisələndirilməklə müşayiət olunan fərqli davranışı ziddiyyətlidr. Zəngilan rayonu (Mincivan qəsəbəsi həmin rayonun ərazisində yerləşir) 29 oktyabr 1993- cü il tarixdə erməni silahlı birləşmələri tərəfindən işğal olunması nəzərə alınsa belə, iddaçının 31 avqust 1992-ci il tarixdən sonrakı əmək fəaliyyətinin 1 il 2 ay hissəsi məhz həmin məlum hadisədən (işğal tarxindən) əvvəlki dövrə təsadüf edir. Həmçinin iddiaçının 1976 – 1978-ci illərdə texniki peşə məktəbində aldığı təhsil müddəti də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinə əsasən sığorta stajı kimi qəbul edilməlidir. Nəzərə alınalıdır ki, həmin dövrlə xüsusatlara bağlı cavabdeh inzibati orqan imtinasında və iddiaya qarşı yazılı etirazında toxunmamış, məhkəmə icraatında da qurum bu halı təkzib edən dəlil bildirməmişdr. İddiaçı 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək olan dövr üzrə əmək fəaliyyətinə gəldikdə isə, məhkəmə vurğulayır ki, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəlləri və digər sənədlərin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Bundan başqa, İddiaçı yuxarıda sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyəti müddəti 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 19 dekabr 2005-cı il tarixədək olan hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən bunun təkzibi ilə bağlı tutarlı arqument və sübutlar təqdim edilmədiyindən, iddiaçının əmək kitabçasındakı qeydlər üzrə 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək olan əmək fəaliyyəti sığorta stajı kimi nəzərə alınmalıdır. Odur ki, iddiaçının 19 dekabr 2005-ci il tarixədək 27 il 5 aydan artıq ümumi iş stajı, 13 il 3 aydan artıq güzəştli şərtərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajı toplanmış olur Əmək pensiyaları haqqında qanunvericiliyin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş normalarına görə 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən vəzifələrdə (peşələrdə) iş stajına malik kişilərin 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Hazırkı işin hallarına görə də İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yaranması üzrə yuxarıda sadalanan bütün şərtlər – 57 yaşın tamam olması, 25 ildən artıq ümumi staj, 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın toplanması şərtləri ödənilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1088/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1088/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar