Məhkəmə qərarları › İş №2-1(103)-2476/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2476/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2476/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə (cəmiyyətin sədri X10 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “cavabdehin müraciətə cavab verməsindən imtinasının qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5851/2021 saylı, 17.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 30 mart 2020-ci il tarixli 220/20 saylı məktuba cavab verməkdən imtina etməsinin qanunsuz və əsassız hesab edilməsi və həmin məktuba cavab verməsi vəzifəsinin ona həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslarına görə iddiaçının etibarnamə əsasında nümayəndəsi olduğu X1 rayonunun Navahi kəndində ********** saylı çıxarışa əsasən mülkiyyətində olan 17,54 ha torpaq sahəsində arpa əkməsi, lakin ötən 4 aydan artıq müddətdə əkin sahəsinin suvarılmasının mümkün olmaması, bu səbəbdən maddi zərər çəkməsi ilə əlaqədar olaraq qəbul qrafikindən kənar onu qəbul etməklə, bu barədə 21 mart 2020-ci il tarixdə həm elektron, həm də poçt vasitəsilə cavabdeh müraciət etmişdir. Bundan başqa,R.İsmayıllı 20-28 mart 2020-ci il tarixdə ASC rəhbərliyinin növbətçilik qrafıkinə uyğun olaraq əkin sahəsinin suvarılmasına köməklik göstərilməsi məqsədilə cavabdehin şöbə müdirləri X8, X12 və X2 telefon vasitəsilə müraciət etmiş, lakin heç bir tədbir görülmədiyi üçün İddiaçı MMC tərəfindən 30 mart 2020-ci il tarixli 220/20 saylı məktubla müraciət edilərək, R.İsmayıllının pozulmuş hüquqlarının bərpa edilməsi, həmçinin, adı çəkilən vətəndaşın nümayəndəsi ilə birlikdə qəbul edilməsi cavabdeh təşkilatın sədrindən xahiş edilmişdir. Lakin məktub poçt xidmətinə təhvil verilmiş, 02 aprel 2020-ci il tarixdə cavabdehin ünvanına daxil olsa da, sonuncu həmin məktuba qanunla müəyyən edilmiş müddət və qaydada cavab verilməsini təmin etməmişdir. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. İddiaçının həmin qərardaddan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-827/2021 №li 17.02.2021-ci il tarixli qərardadı ilə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin həmin qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5851/2021 saylı, 17.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə, qərardadı cavabdeh tərəfindən iddiaçının 30.03.2020-ci il tarixli məktubuna cavab verilməsi ilə əsaslandırıb. Lakin bu düzgün nəticə deyil. Çünki, əgər cavab verilmişdirsə, cavabdeh bu barədə məhkəməyə məlumat verərdi. Halbuki, məktuba cavab verməsini bildirməmiş, iş apellyasiya məhkəməsindən qayıtdıqdan sonra yalnız cavabdeh məktuba cavab verməsini bildirmiş, məhkəmə isə cavabdehin dəlillərinə iddiaçının münasibətini öyrənmədən işin icraatına xitam vermişdir. Bundan başqa, məhkəmə qeyd edtmişdir ki, cavabdeh iddiaçının 30.03.2020-ci il tarixli məktubuna 14 iyul 2021-ci il tarixli məktubla cavab vermişdir. Bu isə hüquqi və məntiqi əsaslara malik deyil. Belə ki, cavabdeh iddiaçının sonrakı müraciətinə verdiyi cavab məktubunu məhkəməyə təqdim edərək, həmin məktubun 30.03.2020-ci il tarixli məktuba verilmiş cavab olması görüntüsünü yaratmış, tarix fərqin olmasına əhəmiyyət vermədən iddia tələbinin ödənilməsi nəticəsinə gələrək iş üzrə icraata xitam vermişdir. Bundan başqa, məhkəmə cavabdehin 16 iyul 2021-ci il və 14 iyul 2021-ci il tarixi məktublarını iddiaçının ünvanına göndərərək həmin etiraza və məktuba münasibət bildirməsinə şərait yaratmamış, tərəfin məhkəmə müdafiəsi hüququnu və çəkişmə prinsipini pozmuşdur (İPMin 13-cü maddəsinə istinad olunur). Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, eləcə də, gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi X9 iddiaçının 30.03.2020-ci il tarixli müraciətinə cavab verildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Vətəndaşların müraciəti haqqında” Qanunun 7.10-cu maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Cavabdehin iş materiallarına əlavə olunmuş birinci instanssiya məhkəməsinə ünvanladığı 16.07.2021-ci il tarixli 16/1-24 №li məktubunda qeyd olunur ki, "xxxx" MMCnin direktoru Yaşar Ağazadənin 30.03.2020-ci il tarixli, 220/20 nömrəli müraciəti, ASC-nin dəftərxansında İ-44 nömrəsi ilə 03.04.2020-ci il tarixində qeydiyyata alınmış, onun həmin müraciət, eləcə də, etibarnamə əsasında nümayəndəsi olduğu X3 eyni məzmunlu 21.03.2020-ci il tarixli müraciəti, problemin aidiyyəti üzrə həlli məqsədilə ASC-nin X6 İdarəsinə göndərilmiş və həmin X6 İdarəsinin Hacıqabul rayon İcra Hakimiyyəti və digər qürumların iştirakı ilə mübahisəli əkin sahəsinə baxış keçirilmiş, nəticələrinə dair 26 aprel 2021-ci il tarixdə müvafiq akt tərtib edilmiş və qeyd olunan hər iki müraciətə əsaslandırılmış şəkildə cavablandırılmışdır. O cümlədən, iddiaçının ünvanına (ünvan 1ab məktubu göndərilmişdir. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının 30.03.2020-ci il tarixli müraciəti ilə əlaqədar sonuncuya ünvanlanmış 14.07.2021-ci il tarixli 16/11-23 saylı cavab məktubu, iddiaçının təmsil etdiyi R.İsmayıllıya məxsus əkin sahəsinə baxış keçirilməsi ilə bağlı tərtib edilən aktın surəti məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, qeyd olunanlar hər bir halda, onu deməyə əsas verir ki, cavabdeh tərəfindən müraciətdə göstərilən problemin həlli istiqamətində hərəkətlər olunmuş, məsələ ilə bağlı iddiaçıya cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə icraata xitam verilməsini işin halları və prosessual qanunvericiliyin tələbləri baxımından düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. İddiaçının məhkəmə müdafiəsi hüququnun və çəkişmə prinsipinin pozulduğunu mübahisələndirməsinə gəldikdə isə iş materiallarından görünür ki, iddiaçıya iş üzrə məhkəmə iclasları barədə bildirişlər göndərilsə də məhkəmə iclaslarına maraq göstərdiyi müəyyən olunmur, sonuncu dəfə isə onun işdə olan eyni ünvana üzrə göndərilmiş məhkəmə bildirişi geri qayıtarılmış və məhkəmə 3 gün fasilədən sonra iş üzrə icraata itam verilməsi barədə qərardıdı elan emişdir. İPM-in 1.2-ci maddəsinin tələbi baxımından MPMin 146-cı maddəsinin tələbinə görə isə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5851/2021 saylı, 17.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d i: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5851/2021 saylı, 17.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar