Məhkəmə qərarları › İş №2-1(103)-2476/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2476/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2476/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarış və texniki pasportun tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)- 448/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 23 saylı evin 31 saylı mənzilinə 6.0 (1 saylı, ön giriş), 8.4 (2 saylı, mətbəx), 14.5 (3 saylı, 1-ci otaq), 18.0 (4 saylı, 2-ci otaq), 15.0 (5 saylı, 3-cü otaq), 11.9 (6 saylı, mətbəx), 4.5 (7 saylı, daxili dəhliz) və 3.0 (8 saylı, tualet) sahələrin, ümumi sahənin 81,3 kvm., yaşayış sahəsinin 47,5 kvm. göstərilməklə yeni çıxarışın və texniki pasportun tərtib olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil qüvvədə olan qanunvericilik normaları əsasında tərəfindən alınmışdır və Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatının Texniki İnventarlaşıdrma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə onun həmin mənzilə toxunulmaz mülkiyyət hüququ qeydə alınmışdır. Bu qeydiyyat vəsiqəsi ilə birlikdə həmin mənzilə həmin İdarə tərəfindən ona xx.xx.1994-cü il tarixli texniki pasport da tərtib edilib verilmişdir. Həmin xx.xx.1994-cü il tarixli texniki pasportda mənzilin sahələri müvafiq olaraq 6.0 (1 saylı, ön giriş), 8.4 (2 saylı, mətbəx), 14.5 (3 saylı, 1-ci otaq), 18.0 (4 saylı, 2ci otaq), 15.0 (5 saylı, 3-cü otaq), 11.9 (6 saylı, mətbəx), 4.5 (7 saylı, daxili dəhliz) və 3.0 (8 saylı, tualet) sahələrin, ümumi sahənin 81,3 kvm., yaşayış sahəsinin 47,5 kvm. mövcud olması göstərilmişdi. Cavabdeh təşkilata müraciəti ilə bağlı ona məxsus mənzilə xx.xx.2019-cu il tarixli reyestrdən çıxarış verilmişdir. Həmin çıxarışda mənzilin ümumi sahəsi 57 kvm. qeyd edilmişdir. Bu çıxarışla birlikdə onun mənzilinə dair yeni texniki pasport da tərtib edilib verilmişdir. xx.xx.2019-cu il tarixli texniki pasportda mənzilin sahələri 9.7 (1 saylı, dəhlizmətbəx), 15.3 (2 saylı, yaşayış otağı), 16.7 (3 saylı, yaşayış otağı) və 15.3 (4 saylı, yaşayış otağı) sahələrin, ümumi sahənin 57 kvm., yaşayış sahəsinin 47,3 kvm. olması göstərilmişdir. Mənzilinə dair göstəricilər arasında əhəmiyyətli ziddiyyətlərin olmasına ilk əvvəl o qədər də əhəmiyyət verməsə də, sonradan əsl göstəricilər üzrə sənəd tərtib edilməsi üçün cavabdehə müraciət etmək qərarına gəlmişdir. Belə ki, istər mənzilin say tərkibləri, istərsə də ölçüləri üzrə pasportlardakı göstəricilər uyğunluq təşkil etmir. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan bu mənzildə yenidənqurma, rekonstruksiya, yeni planlama işləri görülməmiş, mənzilin tərkib hissələri dəyişməz qalmışdır. Belə olan halda Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 23 saylı evin 31 saylı mənzilinə dair çıxarışın və xx.xx.2019-cu il tarixli texniki pasportunun yenidən tərtib olunması zərurəti yaranmış oldu. Tərəfindən hazırkı iş üzrə cavabdehə müraciət olunmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********613 saylı məktubu ilə onun xahişinin yerinə yetirilməsindən imtina olunmuşdur. Cavabdehin bu məktubunda göstərilmişdir: “Müraciətinizə cavab olaraq bildiririk ki, qeyd olunan mənzil yaşayış sahəsi 47,3 kv.m, ümumi sahəsi 57,0 kv.m kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Təqdim edilmiş xx.xx.1994-cü il tarixli texniki pasporta mənzilin faktiki vəziyyəti öz əksini tapsa da, əlavə 22,2 kvm. sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və mənzil sahəsinin dəqiqləşdirilməsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, əlavə sahənin altında yerləşən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bundan əlavə, mənzildə daxili rekonstruksiya işləri aparılaraq faktiki qeyri-yaşayış sahəsi kimi istifadə edilir.” Ümumi məlum olan hala görə daşınmaz əmlaka dair köhnə nümunəli qeydiyyat vəsiqələrində mənzilə dair göstəricilər qeyd olunmurdu. Həmin göstəricilər mənzilə dair texniki pasportda öz əksini tapırdı. Bu isə sahənin reyestrdə qeydiyyatı kimi nəzərə alınırdı. Ona görə cavabdehin bu imtina məktubunda “əlavə sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir” kimi qənaəti əsaslı hesab oluna bilməz. Digər bir halda məktubda “Həmçinin, əlavə sahənin altında yerləşən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bundan əlavə, mənzildə daxili rekonstruksiya işləri aparılaraq faktiki qeyri yaşayış sahəsi kimi istifadə edilir” qeydi işin faktiki hallarına və mövcud sənəddəki qeydlərlə uyğun gəlmir. Belə ki, xx.xx.1994-cii il tarixli texniki pasportda qeyd olunan əlavə sahələr daim onun mülkiyyətində olmaqla, tərəfindən istismar olunmuşdur və hazırda da onun istifadə və sahibliyindədir. Hesab edir ki, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 23 saylı evin 31 saylı mənzilinə dair çıxarışın və xx.xx.2019-cu il tarixli texniki pasportunun yenidən tərtib olunması barədə müraciətindən əsassız olaraq imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan mənzil yaşayış sahəsi 47,3 kvm., ümumi sahəsi 57,0 kvm. kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Təqdim edilmiş xx.xx.1994-cü il tarixli texniki pasportda mənzilin faktiki vəziyyəti öz əksini tapsa da əlavə 24,3 kvm. sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və mənzil sahəsinin dəqiqləşdirilməsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin əlavə sahənin altında yerləşən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bundan əlavə mənzildə daxili rekonstruksiya işləri aparılaraq faktiki qeyri-yaşayış kimi istifadə edilir. Bu barədə idarə tərəfindən iddiaçıya **********13 qeydiyyat nömrəli, 16 oktyabr 2020-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-448/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 23 nömrəli evin 31 nömrəli mənzilinə dair ümumi sahəsi 81,3 kvm., yaşayış sahəsi 47,5 kvm. (1 saylı, ön giriş 6,0 kvm., 2 saylı, mətbəx 8,4 kvm., 3 saylı, 1-ci otaq 14,5 kvm., 4 saylı, 2-ci otaq 18,0 kvm., 5 saylı, 3-cü otaq 15,0 kvm., 6 saylı, mətbəx 11,9 kvm., 7 saylı, daxili dəhliz 4,5 kvm. və 8 saylı, tualet 3,0 kvm.) göstərilməklə İddiaçı adına yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qarabağ küçəsindəki 23 №-li yaşayış evinin 31 №-li mənzili İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən tərtib edilmiş vətəndaş İddiaçı məxsus Nərimanov rayonu, Qarabağ küçəsi, ev 23, mənzil 31 ünvanına dair tərtib edilmiş xx.xx.1994-cü il tarixli texniki pasportun surətindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Ümumi sahəsi 81,3 kvm., yaşayış sahəsi 47,5 kvm., 1-ci otağın sahəsi 14,5 kvm., 2-ci otağın sahəsi 18,0 kvm., 3-cü otağın sahəsi 15,0 kvm., mətbəxin sahəsi 20,3 kvm., ön girişin sahəsi 6,0 kvm., daxili dəhlizin sahəsi 4,5 kvm., ayaqyolunun sahəsi 3,0 kvm. qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57 kvm. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdən İddiaçı məxsusdur. İdarə tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********65-05101-093022 reyestr nömrəli İddiaçı məxsus ünvan 3 ünvanına dair texniki pasportun surətindən görünür ki, mənzilin otaqlarının sayı 3, ümumi sahəsi 57,0 kvm., yaşayış sahəsi 47,3 kvm., dəhlizmətbəxin sahəsi 9,7 kvm., yaşayış otağının sahəsi 15,3 kvm., yaşayış otağının sahəsi 16,7 kvm., yaşayış otağının sahəsi 15,3 kvm. qeyd olunmuşdur. İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********99 №-li, xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 29 №-li sərəncamına əsasən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cu il tarixli qanununa əsasən Qarabağ küçəsi, ev 23, yerli sovetə məxsus sahəsi 47,59 kvm. olan, 1 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən tam kommunal şəraitli 3 otaqlı, 31-ci mənzil əvəzsiz olaraq şəxsi mülkiyyət kimi İddiaçı verilmişdir. Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli Qanuna əsasən göstərilən şəxslərə yaşadıqları dövlət evlərində və mənzillərinin pulsuz olaraq şəxsi mülkiyyət köçürmək hüququnun verilməsi ilə əlaqədar Qarabağ küçəsi 23, mənzil 31 İddiaçı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/4546 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsinin faktiki olaraq 84 kv.m təşkil etdiyi və həmin daşınmaz əmlakın texniki göstəricilərinin xx.xx.1994-cü il tarixli, 30/1187 reyestr nömrəli texniki pasporta uyğun olduğu müəyyən edilir. ünvan 1 ünvanında yerləşən əmlakın texniki göstəricilərinin xx.xx.2019-cu il tarixli, **********65-05101-093022 reyestr nömrəli texniki pasporta uyğun olmadığı müəyyən edilir. İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********13 №-li məktubdan görünür ki, qeyd olunan mənzil yaşayış sahəsi 47,3 kvm., ümumi sahəsi 57,0 kvm. kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Təqdim edilmiş xx.xx.1994-cü il tarixli texniki pasporta mənzilin faktiki vəziyyəti öz əksini tapsa da, əlavə 22,2 kvm. sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və mənzil sahəsinin dəqiqləşdirilməsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, əlavə sahənin altında yerləşən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bundan əlavə, mənzildə daxili rekonstruksiya işləri aparılaraq faktiki qeyri-yaşayış kimi istifadə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı xüsusi mülkiyyətində olması işin mübahisəsiz haldır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4546 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsinin faktiki olaraq 84 kvm. təşkil etdiyi və həmin daşınmaz əmlakın texniki göstəricilərinin xx.xx.1994-cü il tarixli, 30/1187 reyestr nömrəli texniki pasporta uyğun olduğu müəyyən edilmiş və ünvan 1 ünvanında yerləşən əmlakın texniki göstəricilərinin xx.xx.2019-cu il tarixli, **********65-05101-093022 reyestr nömrəli texniki pasporta uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. İddiaçı mülkiyyətində ümumi sahəsi 81,3 kvm., yaşayış sahəsi 47,5 kvm. olan daşınmaz əmlakın olması müəyyən edildiyindən, həmin hal ekspert rəyi ilə də təsdiqini tapdığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunsuz olmaqla iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 23 saylı evin 31 saylı mənzilinə 6.0 (1 saylı, ön giriş), 8.4 (2 saylı, mətbəx), 14.5 (3 saylı, 1-ci otaq), 18.0 (4 saylı, 2-ci otaq), 15.0 (5 saylı, 3-cü otaq), 11.9 (6 saylı, mətbəx), 4.5 (7 saylı, daxili dəhliz) və 3.0 (8 saylı, tualet) sahələrin, ümumi sahənin 81,3 kvm., yaşayış sahəsinin 47,5 kvm. göstərilməklə yeni çıxarışın və texniki pasportun tərtib olunmasından imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-448/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar