Məhkəmə qərarları › İş №2-1(103)-2477/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2477/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2477/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial müavinət hüququnun təmin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6141/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2020-ci il tarixdən layiqli həyat yaşayışının təmin edilməsi üçün işsiz kimi hər ay orta aylıq 727 manat əmək haqqı səviyyəsində yəni - 727 AZN sosial müavinətlə təmin olunması haqda işlə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 24 mart 2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər X2 ölkədə tətbiq etdiyi qeyri-qanuni koronavirus epidemiyası (COVİD-19) karantin rejimi ilə əlaqədar o, qeyri-rəsmi işlədiyi günəmuzd işlərindən məhrum olmuşdur. 17 aprel 2020-ci ildən “işsiz” statusu ilə yanaşı həm də iş axtaran kimi ƏƏSMN-nin internet saytında rəsmi qeydiyyata düşmüşdür. Qeydiyyata düşməsindən 16 ay keçməsinə baxmayaraq bu günə qədər ona cavabdeh tərəfindən heç bir layiqli iş yeri təklif olunmamışdır. Cavabdeh onu ya layiqli həyat səviyyəsini təmin edən işlə təmin edilməli, ya da orta aylıq əmək haqqı miqdarında ona layiqli sosial müavinat verilməlidir. 2021-ci ilin proqnozuna görə orta aylıq əmək haqqı 727 AZN-dən az olmamalıdr. Belə ki, Azərbaycan Respublikasının Prezidentin aylıq maaşından ən aşağı orta aylıq əmək haqqı 240 manat olduğundan, orta aylıq əmək haqqı 27 mana orta aylıq əmək haqqı miqdarında olmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6141/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilib, onun sosial müavinət hüququnun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim yanlış şərhlər verərək, onun sosial müavinət almaq hüqununu təmin etməmişdir. Buna da əsas kimi göstərmişir ki, guya cavabdeh kimi X5 qoyulmadığı və bundan əvvəlki xx.xx.2012-ci il tarixli 2-1(112- 9843/2021 saylı Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadının olmasını əsas gətirmişdir. Görünür, hakim iddianın əsil mahiyyətini və cavabdeh tərəfin müxtəlif subyektlər olduqlarını bilmədiyindən yanlış qərar çıxarmışdır. Belə ki, iddia ərizəsində də cavabdeh tərəf kimi, AR ƏƏSMN qoyulsa da o, işə baxan hakimin hüquqi yardımı ilə X5 qoyulması, sonradan, bədnam qərarın qəbul edilməsi ilə başa çatmışdır. Həmin iddiasında o, hər kəsə dövlət tərəfindən ödənilən sosial müavinət ödənişi tələbini qoysa da, “X5 haqqında” Qanunda bu hüquq anormallaşdırılaraq, konstitusion hüquqlarının pozulması deməkdir. Deməli, X5 sosial sığorta ödənişi olan vətəndaşlara bu və ya digər səbəbdən işsiz olduqları halda, onlara sosial sığorta öhdəçiliyi ilə nəzərdə tutulan ödənişlərin ödənilməsini nəzərdə tutur ki, bu ödəniş də işsizlikdən ödəniləcək sosial müavinət hüququnu əvəz etmir. Bunlardan biri sosial sığorta orqanlarının vətəndaş işsiz olduqda ödəməli olduqları müqavilə üzrə sosial müavinət, yəni pul yardımı, sayıla bilməz. Bu mahiyyətin müxtəlifliyini yəqin ki, hakim bildiyi halda, nədənsə onun iddiasını mümkünsüz hesab etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci madddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onun tələbi üzrə əsl cavabdeh olduğunda israrlı olaraq və iddia tələbini dəqiqləşdirmək istəmədiyini bildirmiş və iddia tələbini müdafiə edərək onun hər ay orta aylıq 727 manat əmək haqqı miqdarında sosial müavinətlə təmin olunmasının cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən T.Vəliyev izahatında bildirmişdir ki, işsizliklə bağlı sığorta ödənişi, bununla əlaqədar araşdırmaların aparılması, ödənişlər üçün kartların sifarişi və məbləğlərin köçürülməsi qanunvericiliyə əsasən X5 tərəfindən həyata keçirilməlidir. Əsl cavabdeh nazirlik yox, Agentlik olmalıdır. Bundan əlavə, işsizlik müavinəti də qanundan çıxarılmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak şəxsləri dinləyib və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsi nəzərdə tutulur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, iddia mümkün sayılır. Maddənin mənası onu ehtiva edir ki, iddia - prosessual qanunvericiliklə müəyyən olunan inzibati məhkəmə icraat qaydalarına uyğun forma və məzmun tələbələrinə, subyektiv hüququ olan şəxs tərəfindən və iddia müddəti çərçivəsində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və müvafiq sübutlar da əlavə edilməklə, formal baxımdan qanunla qorunan hüquq və azadlıqlarının pozulması əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda, iddiaçının hazırkı iddiasının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. İlk öncə, qeyd olunmalıdır ki, iddia cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. Belə ki, iddia ərizəsinin məzmunu ilə ifadə olunan mahiyətindən göründüyü kimi, cavabdeh Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönələn iddia tələbində, xx.xx.2020ci il tarixdən işsiz kimi qeydə alınan iddiaçı, həmin tarixdən hər ay orta aylıq 727 manat əmək haqqı miqdarında sosial müavinətlə təmin olunmasının cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını məhkəmədən tələb etmişdir. Lakin iddiaçının həmin tələbi qanunvericiliyə görə X3 səlahiyyətlərinə aid edilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X3 Nizamnaməsi”nin 1.1-ci bəndi nəzərdə tutur ki, X5 aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin,“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 1.7-ci bəndinə əsasən Agentlik “Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.” “X3 Nizamnaməsi”nin qeyd olunan müddəasından göründüyü kimi, aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin,“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarət tədbirlərinin həyata keçirilməsi Agentliyin səlahiyyətləri daxilindədir. Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 19 yanvar 2013-cü il tarixdən 18 may 2018-ci il tarixə qədər qüvvədə olan, işsizlik müavinəti ilə bağlı olan normaları, o cümlədən: 4.0.1.11-ci, 7.0.10-1-ci, 9.4-cü və 11.3-cü maddələri 24 aprel 2018-ci il tarixli 1082-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. (4.0-cı maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, işsizlik müavinəti; 7.0-cı maddəsinə əsasən müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.10-1. işsizlik müavinəti - şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işsiz statusu aldıqda; 9.4-cü maddəsinə görə işsizlik müavinətinin ödənilməsi müddəti “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir;11.3-cü maddəsinə görə işsizlik müavinətinin ödənilməsinin dayandırılması və ya ona xitam verilməsi halları “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.) Qeyd olunmalıdır ki, 30 iyun 2017-ci il tarixdə (№:765-VQ) “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanuni qəbul edilmiş və həmin Qanunun preambulasına əsasən bu Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Həmin Qanunun 25-ci (”Keçid müddəası) maddəsinə əsasən isə bu Qanun qüvvəyə mindiyi günədək “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş işsizlik müavinətinin ödənişi həmin müavinətin ödənilməsi müddəti başa çatanadək davam etdirilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən isə Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Göründüyü kimi, 2018-ci ilin may ayından etibarən işsizliklə bağlı sosial müavinət növü ləğv olunmuş və bu qəbildən olan münasibətlər artıq 1 yanvar 2018-ci il tarixdən qüvvədə olan “İşsizlikdən sığorta haqqında” Qanunvericiliklə tənzimlənir. İş materiallarında da görünür ki, iddiaçı əvvəllər məhkəmədə “işsizlikdən sığorta ödənişinin verilməsi barədə” iddia qaldırmış və onun həmin iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9843/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı ilə rədd edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2022-ci il tarixli, 2-1(103)1453/2022 saylı qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkün sayılmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hazırkı iddiası əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi də, məhz, öz qərardadında qeyd olunan əsaslardan çıxış edərək, İPM-in 35.3-cü maddəsinə müvafiq olaraq, iddianın mümkün sayıllmaması barədə qərardad qəbul etmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan da, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən onun sosial müavinət hüququnu pozulması ilə yanlış və əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)- 6141/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-6141/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Xəyal Sarıyev Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar