Məhkəmə qərarları › İş №2-1(103)-2478/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2478/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2478/2022 26.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4360/2022 saylı 16 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 23- 26 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 mart 2018-ci il tarixli 2215-001-18-N-li Əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Baş X6 İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü Tağımının yol patrul xidməti inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində işləyərkən əsassız və qanunsuz olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun 14 mart 2018-ci il tarixli 2215-001-18 №li Əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub. Məlum edir ki, xidmətdən xaric olunmağı üçün əsas göstərilmiş hadisədə, yəni 28 fevral 2018-ci il tarixdə saat-15-47-dən saat 15-57-dək müddətdə iştirak etməyib. Çünki həmin gün, yəni 28 fevral 2018-ci il tarixdə xidmətdə olsa da, 28 fevral 2018-ci il tarixdə saat-15-30-dan 17-00-dəк İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında-“Kəskin respirator xəstəliyi” diaqnozu ilə X1 Yardım Stansiyada müayinədə olaraq ilkin tibbi yardım alaraq ambulator müayinəyə göndərilib. Bu faktı Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Üzrə X3 planlama departamentinin rəhbəri Hikmət İbrahimlinin 28 oktyabr 2021-ci il tarixli PHŞ/1-2-2021- 27522№li məktubu və məktuba əlavədən və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Üzrə X3 Ərazi Bölmələrini İdarəetmə Birliyi İsmayıllı Rayon X2 Hüquqi Şəxsinin 21 oktyabr 2021-ci il tarixli, xx-xx-1946/2021 №-li Arayışından da aydın görünür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun 14 mart 2018-ci il tarixli, 2215-001-18 №-li Əmri 06 oktyabr 2021-ci il tarixli, 016-116977-1121 N-li məktub vasitəsilə 19 oktyabr 2021-ci il tarixdə 27 sentyabr 2021-ci il tarixli Ərizələri və vəkil sorğusu əsasında ona təqdim edilmişdir. Bildirir ki, onun əsassız və qanunsuz olaraq xidmətdən xaric olunmağı barədə dərhal rəhbərliyə məlumat verib və qəbullarda olub, xidmətə bərpa ilə bağlı ona vədlər verilib, xidmətə qaytarılmağı barədə müraciətləri pandemiya ilə əlaqədar qəbulların dayandırılması və gözləməli olduğu bildirilmişdir. Son nəticə olaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh 14 mart 2018-ci il tarixli, 2215-001-18 №-li Əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair məhkəmə tərəfindən Qərar qəbul edilməlidir. Əlavə olaraq məlum edir ki, nümayəndəsinin müraciətinə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin 13 noyabr 2021-ci il tarixli, 023-71512H-3221 №-li imtina məktubu ilə mənfi cavab verilmiş və mediasiya sessiyasında iştirakdan imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, etiraza əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr 14 sentyabr 2018-ci il tarixdə iddiaçıya elan olunmuş, İddiaçı məxsus hərbi bilet və əmək kitabçası ona təqdim olunmuşdur. İddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı xidmətdən xaric edilməyi barədə əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni hüququnun pozulduğu barədə ona məlum olan gündən sonra 30 gün müddətində məhkəmə qaydasında mübahısələndirməmış, iddia müddətini ötürmüşdür. “Azərbaycan Respublikasının daxılı işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 150-ci bəndinə görə xidmət keçmə yerim dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxılı işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxılı işlər orqanlarından xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4360/2022 saylı 16 may 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: G.Sevdimalıyeva) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, inzibati işə əsassız, qanunsuz, birtərəfli mövqe tutmaqla və ədalətsiz olaraq yanaşmaqla aşağıda göstərilən sübutlara əhəmiyyət verməyərək və maddi və prosessual hüquq normalarının tələbi pozulmaqla yanlış nəticəyə gəlinmişdi. Belə ki, onun əsassız və qanunsuz olaraq xidmətdən xaric olunmağı barədə dərhal rəhbərliyə məlumat vermiş və qəbullarda olmuşdur. Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri polis polkovniki Balakişi Əhmədov və Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi polis general-mayoru Sahib Mirzəyev onu qəbul edərək araşdırılmanın aparılması üçün 6 (altı) ay vaxt lazım olduğunu və nəticəsi barədə X4 məruzə olunub onu qəbula salacaqlarını və xidmətə qəbul barədə Qərar qəbul olunacağını bildirmişlər. Sonrakı xidmətə qaytarılmağı barədə müraciətləri pandemiya ilə əlaqədar qəbulların dayandırılması və gözləməli olmağı bildirilmişdir. Son nəticə olaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmiş, lakin göründüyü kimi məhkəmə iddia tələbi üzrə qeyri-obyektiv, qanunsuz və ədalətsiz olaraq maddi və prosessual hüquq normalarının tələbi pozulmaqla iddia mümkün sayılmamışdır. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan “DİN BDYPl-yə bilavasitə tabe olan YPX Alayının 4-cü taqımının YPX əməkdaşı İddiaçı DlO-da xidmətdən xaric edilməsi barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 14 mart 2018-ci il tarixli Ə215-001-18 nömrəli əmrinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 84, 85-ci maddələrinin, DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 6-cı, 17-ci, 22-ci maddələrinin, xx.xx.2009-cu il tarixli 330 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi”nin 3.2-ci bəndinin, xx.xx.2017-ci il tarixli Q25- 001- 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın tələblərini pozaraq xarici ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsini saxlayaraq elektron protokollar barədə bildirişləri özünə məlum olan səbəblərdən təqdim etmədiyinə, xidməti təhqiqat prosesində qeyri-səmimiliyə yol verdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in Baş X6 idarəsinə bilavasitə tabe olan Yol-patrul Xidməti Alayının 4-cü taqımının YPX inspektoru polis baş serjantı İddiaçı Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Sabiq polis əməkdaşı İddiaçı daxili işlər orqanlarında xidmətə bərpa edilməsi və işləmədiyi müddət ərzində əmək haqqının ödənilməsi ilə bağlı mediasiya prosesinin tətbiqi barədə xx.xx.2021-ci il tarixdə Nazirliyə daxil olmuş müraciətə cavab olaraq bildirilmişdir ki, N.X5 Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol-Patrul İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 4-cü taqımının yol patrul xidməti inspektoru vəzifəsində işləyərkən ciddi nöqsanlara yol verdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Qəbahətləri, eləcə də xidmət müddəti ərzində 8 dəfə intizam məsuliyyətinə cəlb edilməsi, o cümlədən ciddi nöqsanlarına görə 2 dəfə DİOda xidmətdən xaric olunması nəzərə alınaraq İddiaçılə bağlı qaldırdığı vəsatət Nazirliyin rəhbərliyi tərəfindən təmin edilməmişdir. İşdən görünür ki, iddiaçı Cavabdeh 14 mart 2018-ci il tarixli 2215-001-18-N-li Əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 150-ci bəndinə əsasən, xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxili işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxili işlər orqanlarından xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir. Cavabdeh qurum tərəfindən məhkəməyə təqdim edilmiş və iddiaçı tərəfindən imzalanmış qəbzə əsasən, iddiaçı xx.xx.2018-ci ildə xəbərdar edilmişdir ki, o, müvafiq xx.xx.2018-ci il tarixli əmrlə xidmətdən xaric edilmiş və Ağsu RHK-ya xx.xx.2018-ci il tarixdə bildiriş göndərilmişdir, hərbi bileti ona təqdim edilmiş və 5 gün müddətində rayon hərbi komissarlığına getməsinin zəruriliyi ona izah olunmuşdur. Eyni zamanda iddiaçı əmək kitabçasını və hərbi biletini təhvil almasına dair qəbzi də imzalamışdır. Məhkəmə iclasında iddiaçı qeyd edilən imzaların ona məxsus olduğunu bildirmişdir. İddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir, qəbzlərdəki imzaların ona məxsus olmadığını mübahisələndirmir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi təklif edilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcud olmadığını bildirmişdir. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən, ...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddiaçının hazırkı iddiası İnzibati Prosessual Məcəllənin 2.2.1 və 32.1-ci maddələrində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı onun hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın DlO-da xidmətdən xaric edilməsi barədə əmrin ləğv edilməsi və işlədiyi vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirilən inzibati aktı xx.xx.2018-ci il tarixdə qəbzə imza etməklə qəbul etmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2021-ci il tarixdə, yəni mübahisələndirilən əmrin ona təqdim edildiyi vaxtdan 3 il 2 ay 22 gün sonra daxil olmuşdur. Müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci və 73.2-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 78.1-ci maddəsinə əsasən Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Həmin Qanunun 78.2-ci maddəsinə əsasən şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4360/2022 saylı 16 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar