Məhkəmə qərarları › İş №2-1(103)-2478/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2478/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2478/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4545/2023 nömrəli 16 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 18 yanvar 2022-ci il tarixli 1000/089Ş nömrəli, iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postuna baş inspektor vəzifəsinə bərpa olunması, 01 fevral 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək bildirmişdir ki, cavabdeh Dövlət Gömrük Komitəsinin 18 yanvar 2022-ci il tarixli 1000/089Ş nömrəli əmrin surəti qanunla müəyyən edilmiş müddətdə iddiaçıya təqdim edilməmişdir. Dövlət Gömrük Komitəsinə dəfələrlə müraciət olunsa da, 18 yanvar 2022-ci il tarixli əmrin surəti ona rəsmi qaydada yalnız 18 oktyabr 2022-ci il tarixdə, yəni Dövlət Gömrük Komitəsinin rəhbərliyinin dəyişməsi ilə əlaqədar qəbulda olduqdan sonra rəhbərliyin göstərişi əsasında təqdim olunmuşdur. Əmrin surəti ona rəsmi qaydada təqdim edildikdən sonra cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6257/2022 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatına qəbulunun yolverilməz hesab edilməsi və iddia ərizəsinin sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bundan əlavə, ərizəyə əlavə edilmiş tibbi sənədlərlə də təsdiq edilir ki, iddiaçı "miokardın ön divarının kəskin transmural infarktı, sol mədəcik çatışmazlığı, böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi” diaqnozu ilə qoyulmuş xəstəliklərdən əziyyət çəkir və ona 11 oktyabr 2021-ci il tarixdə koronar angioqrafiya əməliyyatı icra olunmuşdur. Xəstəliyi hazırki vaxta kimi də davam edir. Belə ki, cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia vermə müddətinin ötürülməsinin səbəblərindən biri də ona qoyulmuş diaqnozlar üzrə aparılan müalicələr və icra olunan ağır əməliyyatlar olmuşdur. “X1’’ xx.xx.2022-ci il tarixli arayışı ilə “ürəyin işemik xəstəliyi, sol mədəciyin ön divarında keçirilmiş miokard infarktı, koronar arteriya stenləşmə” diaqnozu qoyulmuş və stres, psixi-emosional gərginlikdən uzaq durulması tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddia müddətinin bərpa edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4545/2023 nömrəli 16 mart 2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4545/2023 nömrəli 16 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinin 18 yanvar 2022-ci il tarixli 1000/089Ş nömrəli əmri ilə xidmətdə olmanın son yaş həddinə çatması səbəbi ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Əmrin surəti qanunla müəyyən edilmiş müddətdə iddiaçıya təqdim edilməmişdir. İddiaçı tərəfindən Dövlət Gömrük Komitəsinə dəfələrlə müraciət olunsa da, 18 yanvar 2022-ci il tarixli əmrin surəti ona rəsmi qaydada yalnız 18 oktyabr 2022-ci il tarixdə, yəni Dövlət Gömrük Komitəsinin rəhbərliyinin dəyişməsi ilə əlaqədar sədr əvəzi cənab Şahin Bağırovun qəbulunda olduqdan sonra onun göstərişi əsasında təqdim olunmuşdur. Əmrin surəti iddiaçıya rəsmi qaydada təqdim edildikdən sonra İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6257/2022 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatına qəbulunun yolverilməz hesab edilməsi və iddia ərizəsinin sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bundan sonra iddiaçı tərəfindən cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2-1(112)-4545/2022 saylı hüquqi yardımın göstərilməsi barədə məktubu ilə ona qaldırdığı mübahisələndirmə haqqında iddia növü üzrə iddia müddətinin ötürülməməsi barədə müvafiq sübutların məhkəməyə təqdim edilməsi və qanunvericlikdə nəzərlə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi təklif olunmuşdur. Beləliklə, İddiaçı cavabdeh orqan ilə yaranmış mübahisənin məhkəməyə qədər alternativ həlli üsullarından istifadə etdikdən sonra xx.xx.2022-ci il tarixdə mövcud iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının ən geci əmək kitabçasını götürərkən işdən azad edildiyi əmrin tarixi və nömrəsi qeyd olunmuş sırada imza etdiyi, əmrin nömrəsi, tarixi barədə qeydlərin də olduğu əmək kitabçasının əslini əldə etdiyi vaxtdan onun sözügedən əmrdən məlumatlı olduğunun təsdiq olunması, eyni zamanda əmrdən sonra iddiaçının xidməti vəzifəsinin icrasına bıraxılmamasının da iddiaçıya həmin vaxtdan əmrin elan edildiyini sübut etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmaq olmaz. Belə ki, əmrin surətinin iddiaçıda olmadığı halda təbii ki, həmin əmrin qanunsuzluğu və əsassızlığı barədə iddia sənədlərinin tərtib edilməsi və hazırlanması, iddianın əsaslılığının sübut olunması ağlabatan deyildir. İddiaçının adına tərtib edilmiş və məhkəməyə təqdim olunmuş tibbi sənədlərlə təsdiq olunur ki, iddiaçının üzərində ağır ürək cərrahiyyə əməliyyatı aparılmış və ona ixtisaslaşmış müalicə və ciddi həkim nəzarəti hazırda da tətbiq olunur. Ona stress və gərginlikdən uzaq olmasına dair həkim tövsiyəsi verilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçının uzun müddətli, stabil stasionar müalicə şəraitində olmaması, səhhəti ilə əlaqədar stress və gərginlikdən uzaq olmasına dair həkim tövsiyəsi verilməsinin üzrlü səbəb saymaması, onu şəxsən olmasa da, istər inzibati icraatda, istərsə də məhkəmədə nümayəndəsi vasitəsilə hüquqlarının müdafiəsi üçün müraciət etmək, təmsil olunmaq imkanından məhrum edilməməsi barədə qeyd etdikləri tam əsassızdır. İddiaçının istər nümayəndə, istərsə də şəxsən məhkəməyə müraciət etməsi onu daim stress və gərginlik içərisində olması deməkdir. Bu isə onun səhhətinin ağrlaşmasına səbəb olaraq faciə ilə nəticələnə bilərdi. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4545/2023 nömrəli 16 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda bildirilir: Sabiq gömrük əməkdaşı İddiaçı xidmətdə olmanın son yaş həddinə çatdığına görə Komitənin 1000/089ş nömrəli 18 yanvar 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinin tələbinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə xitam verilə bilər. Əsasnamənin 27-ci maddəsində isə gömrük xidməti mayoru, tibb xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı üçün 55 yaş son yaş həddi kimi müəyyən edilmişdir. Hazırda mübahisələndirilən əmrdən göründüyü kimi sabiq əməkdaş İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi üçün əsas xidmətdə olmağın son yaş həddinə çatdığına görə Qərb Ərazi Baş Gömrük idarəsinin rəisi Telman Mehdiyevin təqdimatı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsində göstərilən hüququnun pozulmasının aşkar edildiyi gün, yəni iddiaçı özünə məxsus əmək kitabçasını götürdüyü gündən (xx.xx.2022-ci il) keçən müddət nəzərə alınmaqla hazırkı iş üzrə iddiaçının işə bərpa ilə bağlı iddia müddətini ötürdüyü sübut olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. İnzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia müddətinin məqsədi ilə bağlı insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4545/2023 nömrəli xx.xx.2023-cü il qərardadınının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/089Ş nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı körpü” gömrük postunda baş inspektoru İddiaçı gömrük orqanlarında xidmətinə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əsas: Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinin təqdimatı. İddiaçı xx.xx.2022-ci ildə əmrin üzərinə əmrlə tanış olduğunu qeyd etməklə imzalamışdır. İş materiallarına əlavə edilmiş 180-19 nömrəli əmək kitabçalarının təhvil verilməsinin qeydiyyatı kitabından çıxarışa əsasən İddiaçı xidmətdən azad edildikdən sonra xx.xx.2022-ci il tarixdə əmək kitabçasını imza etməklə qəbul etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iş üzrə iddiaçının əmrin ləğv edilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Mübahisələndirilən xx.xx.2022-ci il tarixli 1000/089Ş nömrəli əmrin mövcudluğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. Belə ki, iş materiallarına əlavə edilmiş əmrin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2022-ci ildə əmrlə tanış olmuşdur və bu barədə əmrin üzərinə qeyd etməklə imzalamışdır. Həmçinin 180-19 nömrəli əmək kitabçalarının təhvil verilməsinin qeydiyyat kitabından çıxarışdan görünür ki, iddiaçı xidmətdən azad edildikdən sonra xx.xx.2022-ci il tarixdə əmək kitabçasını imza etməklə qəbul etmişdir. Göründüyü kimi, xx.xx.2022-ci ildən mübahisələndirilən əmr iddiaçıya elan edilmiş və iddiaçı həmin əmrlə tanış olmuş, əmrin nömrəsi, tarixi barədə qeydlərin də olduğu əmək kitabçasını götürmüşdür. Bundan başqa, iddiaçı əmrdən sonra xidməti vəzifəsinin icrasına buraxılmamasını qeyd olunan əmrlə xidmətdən xaric edilməsi ilə bağlı olduğunu da bilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı sözügedən əmrdən əmr ona elan olunduğu vaxtdan məlumatlı olmuşdur. Məhkəmədə iddia qaldırmaq üçün inzibati aktın rəsmi qaydada əldə etməsinə hüquqi zərurət olmamışdır. İddiaçının xidmətdən azad edilmə barədə məlumatlı olduğu vaxtdan əmək kitabçasının surəti ilə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanını istisna edən hər hansı hal mövcud olmamışdır. İddiaçının 24 noyabr 2022-ci il tarixdə mülki məhkəmə icraatında iddia qaldırdıqdan sonra inzibati məhkəmə icraatında iddia qaldırması belə iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. İddiaçı mülki məhkəmə icraatında belə iddia müddətini ötürməklə iddia qaldırmışdır. Ərizəyə əlavə edilmiş tibbi sənədlər iddiaçının xidmətdən azad edilmədən öncə 2021-ci ilin oktyabr ayı və əmrdən 1 ay sonra 2022-ci ilin fevral ayı ərzində müayinə və mülaicə olunması ilə bağlı sənədlərdir. İddiaçının özünün də qeyd etdiyi kimi xx.xx.2021-ci ildə koronar angioqrafiya əməliyyatı icra olunmuş, əmr verildikdən sonrakı dövrdə iddiaçının iddia qaldırmaq imkanını aradan qaldıra biləcək uzun müddətli, stabil stasionar müalicə şəraitində olması sübut olunmur. Hətta iddiaçının iddia etdiyi səhhəti ilə əlaqədar “stres və gərginlikdən uzaq olması”na dair həkim tövsiyəsi belə onun şəxsən olmasa da istər inzibati icraatda, istərsə də məhkəmədə nümayəndəsi vasitəsilə hüquqlarının müdafiəsi üçün müraciət etmək, təmsil olunmaq imkanından məhrum etməmişdir. Beləliklə, iddiaçı mübahisələndirilən qərardan ən geci xx.xx.2022-ci il tarixdən məlumatlı olsa da, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etsə də, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən, habelə müddətin onun təqsiri olmadan buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4545/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar