Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2479/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X8” ASC-nin cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon polis idarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8383/2021 saylı 27.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanından X4, X2, X5, X3 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8383/2021 saylı 27.07.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İş üzrə cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və inzibati iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmamasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR qanunun 9-cu maddəsinə istinad edərək şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri kimi onun barəsində yaşayış sahəsindən çıxarılması və ya istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğunu göstərmişdir. Məhkəmə hesab etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub, orada yaşayan şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncuların yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırılmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan iş materiallarında olan Yasamal rayon məhkəməsinin 22 oktyabr tarixli qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almadan iddianı mümkün saymamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, "xxxx" KB ASC tərəfindən verilmiş kredit borcu üzrə öhdəlik icra olunmadığından, borc öhdəliyinin təminatı qismində ipotelka ilə yüklü edilən ünvan 2 saylı mənzilinə tutma yönəldilmiş, qanuni qüvvəsini alan məhkəmə qətnaməsi ilə ünvan 2 saylı mənzilinin açıq hərracda satıldıqdan sonra ən geci bir ay müddətində sözügedən daşınmaz əmlakın boşaldılması barədə qətnamə 05 iyul 2019-cu ildə qanuni qüvvəyə minmişdir. Həmin əmlaka mülkiyyət hüququ əldə edən "xxxx" KB ASC sözügedən məzzildə pasport qeydiyyatında olan X4, X2, X5, X3 və X6 qeydiyyatdan çıxarılması üçün AR DİN Bakı şəhəri, Yasamal rayon polis idarəsinə müraciət etməsinə baxmayaraq, cavabdeh orqan verdiyi 05.06.2021-ci il tarixli 091-29648 saylı məktub ilə həmin qətnamədə qeyd olunan cavabdehlərin fərdi yaşayış evindən çıxarılması hissəsini nəzərə almayaraq, əksinə mənzildə qeydiyyatda olan şəxslərin yaşayış yerindən çıxarılmaqla bağlı qanuni qüvvəyə minmiş qətnamə əsasında qeydiyyatdan çıxarıla biləcəyi qeyd olunmaqla, həmin şəxslərin qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmasından imtina olunmuşdur. AR DİN Bakı şəhəri, Yasamal rayon polis idarəsinin 05.06.2021-ci il tarixli 091-29648 saylı imtina məktubunun qanunsuz və əsassız olması səbəbilə "xxxx" KB ASC pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanından X4, X2, X5, X3 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh AR DİN Bakı şəhəri, Yasamal rayon polis idarəsinin üzərinə qoyulması tələbi ilə iddia qaldırılmasına baxmayaraq, məhkəmə iddiaçı bankın polis orqanı tərəfindən pozulan haqlı hüququnu bərpa etməyərək, əsassız olaraq hətta qaldırılımış iddianı belə mümkün saymamışdır. Halbuki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatda haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli Qərarının 3-cü bəndində birbaşa qeyd olunur ki, “Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibatı məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır…İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir….Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır…İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, ümumi mənada subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv mənada iddia vermək hüququ bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8383/2021 saylı 27.07.2021-ci il tarixli qərardadı ləğv olunaraq iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8383/2021 saylı 27.07.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-2479/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2479/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver