Məhkəmə qərarları › İş №2-1(103)-2479/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2479/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2479/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2 Firidun oğlunun qanuni nümayəndəsi X11 və iddiaçının qanuni nümayəndəsinin vəkili Vəkil iştirakları ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Firidun oğlunun cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 33 nömrəli Sərəncamının ləğv edilməsi və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-729/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X19 məhkəməyə müraciət edərək X14 xx.xx.2019-cu il tarixində vəfat etdiyinə görə, onun qanuni vərəsələri olan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 ataları X6 yerinə yaşayış sahəsinə ehtiyacı olan qismində 132-ci nömrədə qeyd edərək uçota alınması vəzifəsini Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 Firudin İlduz oğlu ilə faktiki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuşdur. Bu faktiki nikahdan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 adlı iki övladları dünyaya gəlmişdir. Az-1 saylı, 241277 nömrəli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 faktiki nikah münasibətində yaşadığı mərhum həyat yoldaşı X6 övladlarıdır. Faktiki nikah dövründə olduğu zaman mərhum yoldaşı X3 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsinin İİ qrup əlili kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Həmin siyahıda 132 nömrə ilə qeyd edilmişdir. Yoldaşı müəyyən müddət bundan qabaq rəhmətə getmişdir. Bu hadisədən sonra Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək bildirmişdir ki, mərhum yoldaşı X14 xx.xx.2019-cu il tarixində vəfat etdiyinə görə onun qanuni vərəsələri olan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 ataları X6 yerinə yaşayış sahəsinə ehtiyacı olan qismində 132-ci nömrədə qeyd edərək uçota alınmasını təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 Binəqədi Rayon İcra Hakimiyyətində mövcud olan mənzil uçot qovluğu araşdırılarkən məlum olmuşdur ki, o, xx.xx.2017-ci il tarixli ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərkən yalnız özünün mənzil növbəsinə götürülməsini xahiş etmiş və ailə üzvləri barədə hər hansı bir sənəd və ya məlumat təqdim etməmişdir. Eyni zamanda, təqdim olumuş sənədlərdən məlum olmuşdur ki, vətəndaş X14 xx.xx.2019cu il tarixində vəfat etmiş və aralarında nikah bağlanmamış, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən övladları İddiaçı2 və İddiaçı1 atası hesab edilsə də, mərhum tərəfindən onların Binəqədi Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin ailə tərkibinə daxil olmaları barədə Rayon İcra Hakimiyyətinə müraciət edilməmişdir. İddiaçı qeyd edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ərizəsinə verilmiş cavab məktubunda qeyd edilmiş imtina əsassızdır. İcra Hakimiyyətinin imtina səbəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli qərar ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması” Qaydasının 3-cü maddəsinin 3 bəndində nəzərdə tutulmuş imtina səbəblərinin içində yer almamaqdadır. Ona görə də hesab edir ki, müraciətinə məhkəmə qaydasında baxılaraq hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsinin iddiaçıya göstərdiyi hüquqi yardıma əsasən, iddiaçı X6 övladları-İddiaçı2 və İddiaçı1 iddiaçı qismində qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X19 əsl iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçıların nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin həcmi artırılaraq Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 33 nömrəli Sərəncamının ləğv edilməsi və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-729/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 729/2023 saylı, 10 mart 2023-cü il tarixli məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixli H- 158-068 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsində olan, lakin vəfat etmiş X6 qanuni vərəsələri İddiaçı1 və İddiaçı2 onun əvəzinə siyahı üzrə 132-ci sırada olmaqla mənzil uçotuna alınmalarına köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti araşdırılarkən müəyyən olunmuşdur ki, vətəndaş X3 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 98 saylı sərəncamı ilə Qarabağ müharibəsinin İİ qrup əlili kimi ailə tərkibi 1 (bir) nəfərlə (özü) güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın 1.2.2-ci maddəsinə əsasən əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslərdir. X1 Binəqədi Rayon İcra Hakimiyyətində mövcud olan mənzil-uçot qovluğu araşdırılarkən məlum olmuşdur ki, o, xx.xx.2017-ci il tarixli ərizə ilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərkən, yalnız özünün mənzil növbəsinə götürülməsini xahiş etmiş və ailə üzvləri barədə hər-hansı sənəd və ya məlumat təqdim etməmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, vətəndaş X14 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, vətəndaş X19 ilə aralarında nikah bağlanmamış, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən övladları İddiaçı2 və İddiaçı1 atası hesab edilsə də, mərhum tərəfindən onların Binəqədi Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin ailə tərkibinə daxil olmaları barədə Rayon İcra Hakimiyyətinə müraciət olunmamış və o vəfat edənə qədər Rayon İcra Hakimiyyətində ailə tərkibi 1 nəfərlə mənzil növbəsində olmuşdur. Vətəndaşın müraciəti araşdırılarkən mənzil növbəsinin X11 X6 əvəzinə Binəqədi Rayonu İcra hakimiyyətində mənzil uçotuna alınması üçün əsaslar olmadığından və X14 vəfat etdiyindən “X2 X6 əvəzinə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmasından imtina edilməsi barədə” 93 saylı xx.xx.2020ci il tarixli sərəncam qəbul olunmuş, X14 mənzil növbəsindən çıxarılmış və qeyd olunan sərəncam xx.xx.2020-ci il tarixli, 02/09-11-25/71-186-068 saylı məktubla iddiaçının yaşadığı ünvana göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, iddiaçının qanuni nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin etməmiş, məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X19 məhkəməyə müraciət edərək X14 xx.xx.2019-cu il tarixində vəfat etdiyinə görə, onun qanuni vərəsələri olan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 ataları X6 yerinə yaşayış sahəsinə ehtiyacı olan qismində 132-ci nömrədə qeyd edərək uçota alınması vəzifəsini Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən X4 İradə Fazil qızından doğulmuş X7 və X10 atası hesab edilmişdir. Birinci instansiya məhkəməsində çıxış edən şahidlər bildirmişdir ki, X14 ilə X19 fakitiki nikah münasibətlərində olmuş, bu münasibətdən İddiaçı1 və X16 doğulmuşdur. X14 ölən günədək X19 və övladları Almaz və İlhamla birlikdə, bir yerdə ailə kimi kirayədə yaşayıblar. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mənzil Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə çıxarılır. Həmçinin, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin 5-ci hissəsinə əsasən, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”ndan: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; 1.2.3. uçota alınmanı həyata keçirən orqan - əlilliyi olan şəxsin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanı. 3.1. Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir: 3.1.1. bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə; 3.1.2. əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə; 3.1.3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə. 3.2. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır. 3.3. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq təmsilçiyə təqdim edilir və ya göndərilir. Həmin qərardan təmsilçi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 98 nömrəli sərəncamına əsasən maddi marağı X8 mülkiyyət hüququnu təşkil etmişdir və iddiaçılar onun qanuni vərəsələridir. Odur ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının mübahisələndirilən xx.xx.2020ci il tarixli 33 nömrəli sərəncamına əsasən X8 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotdan çıxarılması iddiaçıların mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir. Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulması ilə bağlı cavabdeh qurum tərəfindən hər hansı hal təqdim edilməmişdir. Mübahisələndirilən sərəncam qanunsuz əlverişsiz inzibati aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin cavabdeh qurum mərhum X8 vəfat etmiş əlilliyi olan şəxs kimi uçotunu ləğv edərkən onun maraqlarına toxunan şəxsləri – qanuni vərəsələrini inzibati icraata cəlb etməmiş, onların dinləmə hüququnu təmin etmədən mərhumun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotunun ləğvinə dair inzibati akt qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın 3.1-ci bəndində vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina halları konkret tənzimlənmişdir. İnzibati araşdırma zamanı həmin imtina hallarının mövcudluğu cavabdeh tərəfindən müəyyənləşdirilməmişdir. Cavabdehin yeganə dəlili mərhumun uçota götürülərkən yazdığı ərizədə ailə tərkibi kimi tək özünü göstərməsi olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum ölən tarixədək hazırda qanuni vərəsələri olan övladları ilə bir yerdə yaşamış və yuxarıda qeyd edilən Qaydaların 3.1.2-ci maddəsinə əsasən əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi cavabdeh tərəfindən müəyyən edilməmişdir. Əksinə iddiaçılar mərhum F.Həmzəyev ölənədək və ondan sonra da kirayədə yaşadıqlarını bildirirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi uçota alınma hissəsində iddiaçıların hüquqi marağına uyğun olaraq mərhum X8 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs kimi uçotunun onun ailə üzvləri İddiaçı1 və İddiaçı2 üçün saxlanılması kimi təmin edilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-729/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar