Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2479/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Mixaylovnanın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının mənzillə təmin edilməsi» iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Mixaylovna cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının mənzillə təmin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2046/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı Mixaylovnanın yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota alınması qərara alınmışdır. Cavabdeh Sosial Xidmətlər Agentliyinin 1 noyabr 2023-cü il tarixli məktubu ilə iddiaçının oğlu ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi növbədənkənar mənzillə təmin olunmasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və belə qənaətdədir ki, inzibati orqanın vəzifəli şəxsinin hərəkətsizliyi onun qanuni mənafeyini və mənzil hüququnu pozur. Müvafiq hüquq müəyyənedici sənədlərdən müəyyən olunur ki, iddiaçı 21 noyabr 1978-ci il tarixdə Bakı şəhəri Xətai rayonu qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmaqla X6 ilə nikaha daxil olmuşdur. 11 il müddətində əri ilə Bakı şəhərində birgə yaşamışdır və onlar eyni təsərrüfat aparmışlar. Birgə nikahdan 20 noyabr 1981-ci il tarixdə Bakı şəhərində X3 doğulmuşdur. X2 1990-cı ilin 20 Yanvar faciəsi zamanı həlak olmuş və Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixli 695 saylı «20 Yanvar Şəhidi fəxri adının təsis edilməsi haqqında» Fərmanına uyğun olaraq ona “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunda göstərilən güzəşt və imtiyazdan istifadə etmək hüququndan yararlanmaq üçün 1993-cü ildə Bakı şəhəri Sabunçu RİH-ə mənzil almaq üçün verdiyi ərizə təmin edilmiş və o, müvafiq üçota alınmışdır. 15 iyun 1996-cı il tarixdə oğlu ilə birlikdə İsrail dövlətinə köçmüşdür və onlar Təl-Əviv şəhərində yaşamışlar. 10 avqust 2021-ci il tarixdə barəsində “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında“ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. 2019-cu ilin dekabr ayından daimi yaşamaq üçün oğlu ilə birlikdə Bakı şəhərinə köçüb, baldızı X4 mülkiyyətindəki mənzilində qeydiyyata alınmışdır. Həmin vaxtdan oğlu ilə birgə kirayədə yaşayırlar. Ayrıca yaşayış sahəsi ilə təmin edilməsinə dair cavabdehə rəsmi müraciəti təmin edilməmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 saylı Şərəncamı ilə 2014-cü ilin yanvarın 1-dən 2023-cü il yanvarın 1dək mənzil növbəsində olan şəxslərə 2025-ci ilədək mənzil verilməsi nəzərdə tutulduğuna görə iddiaçını yalnız 2025-ci ildən sonra mənzillə təmin edə bilərlər. Həmin imtina iddiaçının konstitusion mənzil hüququnun məhdudlaşdırır və qanunsuzdur. İddiaçının 78 yaşı var və hazırda ağır xəstədir. “20 Yanvar“ şəhid ailəsi üçün təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdündən başqa müstəqil qazancı da yoxdur. Oğlunun davamlı qazancı və təqaüdü ilə ayrıca mənzil almaq mümkün deyildir. Şəhid ailəsinin üzvləri olmaqla dövlət hesabına mənzillə təmin edilməsinə təxirəsalınmaz ehtiyac var. Hazırda ölkə üzrə cəmi 145 “20 Yanvar” şəhid ailəsi yaşamaqdadır və həmin ailələr içərisində az sayda olan mənzilsiz ailələrdən biridir. Göstərilənlərə və İPM-in 2.2.2, 33.1-ci maddələrinə əsaslanaraq, İddiaçı Mixayılovnanın “20 Yanvar Şəhidi“ ailə üzvi kimi 3 otaqlı ayrıca mənzillə təxirə salınmadan təmin edilməsi öhdəliyinin cavabdeh Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Həmçinin iddiaçı məhkəməyə əlavə ərizə (iddia ərizəsi) təqdim etmişdir. Ərizədə Bakı şəhəri Suraxanı RİH üçüncü şəxs qismində göstərilmiş və iddianın «Bakı şəhəri Suraxanı RİH-in 20 iyun 2023-cü il tarixli 125 nömrəli sərəncamı dəyişdirilməklə iddiaçının və oğlunun 11 fevral 2022-ci il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin üçüncü şəxs Bakı şəhəri Suraxanı RİHin üzərinə, sərəncamın icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmiş və iddia mümkün sayılmamışdı. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin 11 fevral 2022-ci il tarixli, məktubu ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınmağına dair verdiyi ərizə təmin edilməyərək, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların üçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”-nın 8-ci bəndinə əsasən azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamadıqlarını əsas göstərib Suraxanı rayon İcra Hakiyyətindəki mənzil növbəsinə götürməkdən imtina edilmişdir. Həmin imtina cavabından 16.08. 2022 tarixində, AR İPM-nin 2.2.3 -cü maddəsinə əsasən öhdəliyin icrası haqqında, Bakı İnzibati Məhkəməsində cavabdeh Suraxanı İcra Hakimiyyətinə qarşı iddia qaldırmışdır. İddia ərizəsinə Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2022- ci il tarixli məktubunu və digər rəsmi sənədləri də əlavə etmişdir. (112 )-2046 inzibati işə təxminən 6 ay müddətində baxılaraq 24 fevral 2023- cü il tarixli qərarı ilə iddiası təmin edilmiş və İddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində Suraxanı RİHB-nin 20 iyun 2023-cü il tarixli, 125 nömrəli sərəncamı ilə anası və o X5 növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik şəxslərin siyahısına daxil edilmişlər. Məhkəmə aktı və sözügedən sərəncam icra edilməsi üçün AR ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etdikdə, onlara birinci növbədə mənzil ayrılmasından imtina edilərək bildirilmişdir ki, “ Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlliliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin sosital -məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında “ AR Prezidentinin xx.xx.2021-ci il tarixli, 2449 nömrəli sərəncamı ilə 2014-cü ilin yanvarın 1-dən - 2023-cü ilin yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan şəhid ailələrinin nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə təmin edilməsi nəzərdə tutulduğuna görə və onların 01 yanvar 2014-cü il — 01 yanvar 2023-cü il tarixlərindən sonra uçota alındıqları üçün bu barədə növbəti hüquqi akt qəbul olunarsa, Suraxanı RİHB-nın 20 iyun 2023-cü il tarixli 125 nömrəli sərəncamı ilə əldə edikləri sosialməişət şəraitlərinin yaxşılaşdırılmasına növbəlik qaydasında baxılacaqdır. Məhkəmə qeyd edilən normativ hüquqi aktın dəyişdirilməsi və mənzil üçotuna götürülməkəri tarixinin 11 fevral 2022-ci il ildən hesablanmasının müəyyən etmək üçün iddiaya 3-cü şəxs qismində cəlb edilmiş Suraxanı İcra Hakimiyyətinin vəzifəli şəxsinin iştirakını mütləq təmin etmək üçün inzibati işin araşdırılmasını təxirə salmalı və AR İPM-nin 32.2.3- cü maddəsinin tələbi qaydasında inzibati aktların mübahisələndirilməsini müəyyən edən iddia predmetinə mahiyyəti üzrə baxmalı idi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: - (1.1) 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; - (1.2) yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020 – 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respoublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi»nin 3.1.16-cı bəndinə görə dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aiddir. İşin hallarından görünür ki, İddiaçı Mixaylovnan hazırkı iddianı cavabdeh inzibati orqan Sosial Xidmətlər Agentliyinə qarşı qaldırsa da, onun hüquqi marağı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma vaxtı dəyişdirilərək (2023-cü il yanvarın 1-dək olan dövrə) Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamının 1-ci bəndinin təsiri altına düşən şəxs sayılmaqla müvafiq mənzillə təmin olunmasıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, “iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə sərəncam isə, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2046/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qərarı əsasında həmin iş üzrə cavabdeh inzibati orqan Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulmuş öhdəliyin icrası çərçivəsində verilmişdir. Belə olan halda, iddiaçının hüquqi marağı baxımından hazırkı iddia əlverişli qiymətləndirilmir. Daha dəqiq desək, bununla bağlı, uçota alınma tarixinin dəyişdirilməsi məqsədi olduğu halda hazırkı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iddia qaldırılması səmərəli müdafiə vasitəsi sayıla bilməz. Odur ki, iddia mümkünsüzdür.” Kollegiya iddianın dəyişdirilməsinin qəbulundan imtina edilməsi ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək bildirir ki, iddiaçının dəyişdirilməsi ilə bağlı ərizədə Bakı şəhəri Suraxanı RİH-in 20 iyun 2023-cü il tarixli 125 nömrəli sərəncamının dəyişdirilməklə iddiaçının və oğlunun 11 fevral 2022-ci il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin üçüncü şəxs Bakı şəhəri Suraxanı RİH-nin üzərinə qoyulması tələb edilmişdir. Kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatında müvafiq iddia növü üzrə mübahisə çərçivəsində cavabdeh qismində icraata cəlb olunmayan qurumun inzibati aktının dəyişdirilməsi, eləcə də icraata cəlb olunan üçüncü şəxsin üzərinə yeni inzibati akt qəbul etmək öhdəliyinin qoyulması mümkün olmadığından biirinci instansiya məhkəməsi haqlı olaraq dəyişikliyin qəbulunu məqsədəuyğun hesab etməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal mülahizlərdən ibarət olduğundan və apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut və ya hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması və iddianın dəyişdirilməsinin qəbulundan imtina edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçıların apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2479/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2479/2024
31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver