Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-248/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X4) “texniki pasport və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-5151/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla məhkəmədə iddia qaldıraraq ünvan 4-da X1 adına verilmiş texniki pasport və çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli, 2(008)-5362/2014 saylı qətnaməsinə əsasən ilk iddia təmin edilmiş, Bakı şəhəri Bakıxanov qəsəbəsi Ü.Hacıbəyov küçəsi 10 və 12 saylı evlər arasındakı mövcud olan ortaq sərhəd hasarının sökülməsi və həmin hasarın Azərbaycan Respublikası şəhərsalma və tikinti şərtlərinə uyğun yenidən bərpa olunması, hər iki evin 2-ci mərtəbəsindən bir-birinə istiqamətində quraşdrılan pəncərənin sökülərək bağlanması qərarı verilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və Sabunçu icra şöbəsi tərəfindən icra edilmişdir. Lakin cavabdeh tərəf qanunsuz yollarla AR ƏMDK yanında DƏDR xidmətindən şəhərsalma və tikinti qaydalarını kobudcasına pozmaq şərtilə çıxarış və texniki pasport alması nəticəsində qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq yenidən söküntüləri bərpa etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazını onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər-torpaq sahəsi üzərində müikiyyət, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə məlumat verilməsini təsdiq edən sənəd əsasında və digər payçıların notarial qaydada təsdiq olunmuş razılıq ərizələri nəzərə alınmaqla müvafiq fərdi yaşayış evinə dair X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ü.Hacıbəyov küçəsi, 10 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən müvafiq fərdi yaşayış evinə dair X1 adına olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Nəzərinə çatdırmaq istərdik ki, texniki sənədlər, o cümlədən daşınmaz əmlaka dair tərtib olunan texniki pasport müvafiq əmlakın cari anda mövcud olan vəziyyətini əks etdirir. Hazırda sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X4, X15, X18, X6 mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın, (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 13cü bəndinə əsasən reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Yenə həmin Qərarda qeyd olunur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X4 etirazını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı evi mərhum əri X10 1966-cı ildə çıxarış əsasında öz adına almış və xüsusi mülkiyyətində olmuşdur. Ailə üzvləri həmin ildən orada qeydiyyatda olmuşdur və bu günə qədər qeyd olunan ünvanda yaşayır. Əri öldükdən sonra onun adına olan ünvan 2 ünvanındakı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixli **********38-10302 saylı reyestr nömrəli çıxarış əsasında onun adına rəsmiləşdirilmişdir. Qeyd olunan ünvana fərdi yaşayış evi kimi AR.ƏMDK yanında DƏDRX-ti 1 saylı Bakı ərazi idarəsi tərəfindən texniki pasport verilmiş, torpaq sahəsi 0.03468, tikinti altı sahə 0.01749 digər sahələr 0.01719 olması qeyd olunmuşdur. AR.ƏMDK yanında DƏDRX-tinin verdiyi ********** saylı xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi olan çıxarışda ümumi birgə torpaq sahəsi göstərilməklə X4, X11, X16 və X15 qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-5151/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasının ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair üçüncü şəxs X1 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-5151/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasının Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 10 (Yeni: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyli küçəsi, ev 12) saylı fərdi yaşayış evinə dair üçüncü şəxs X1 adına tərtib edilmiş **********38-10302 reyestr nömrəli xx.xx.2019-cu il tarixli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadı ləğv edib, baxılması üçün həmin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli 2(008)-5362/2014 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 10 və 12 saylı evlərin arasında mövcud sərhəd hasarının sökülməsi və həmin hasar Azərbaycan Respublikasının şəhərsalma və tikinti şərtlərinə uyğun olaraq yenidən bərpa olunması; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində 10 saylı evin ikinci mərtəbəsində yerləşən və həmin ünvandakı 12 saylı ev istiqamətində quraşdırılmış pəncərənin sökülərək bağanması qət edilmiş, qətnamə icra edilmişdir. Lakin cavabdeh 5 il sonra xx.xx.2019-cu il tarixdə qanunu pozmaqla əldə etdiyi sənədlə yenə də sökülənləri bərpa edib. İnzibati məhkəmə həmin sənədlərin qanunu pozmaqla verilməsini araşdırmaq üçün ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Bakı İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə eyni iddia ilə müraciət etmişdir. Eyni hakim, 5 ay məhkəmə sənədləri araşdırmış və ona ilk əvvəl cavabdeh orqana müraciət etməyini bildirərək, iddia mümkün sayılmamışdır, iddia ərizəsi icraata qəbul edilməmişdən əvvəl bütün bu nöqsanları göstərərək iddia ərizəsini geri qaytara bilərdi. Yenidən verilən iddia ərizəsində 3 aydan sonra texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehə həval edilməsinə görə mümkün saymamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 006970 №-li qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacıbəyov küçəsindəki 4 (dörd) otaq 62, 76 kv.m yaşayış sahəsindən, 167, 53 kv.m ümumi sahədən ibarət 12 saylı fərdi yaşayış evinin ½ hissəsi İddiaçı Məmməd oğlunun, ½ hissəsi isə X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 03 saylı reyestr kitabında 441-ci səhifədə 30/9667 nömrəli ilə xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli 2(008)- 5362/2014 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh X2 qarşı onun Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanda cavabdehə məxsus olan 10 saylı evin arasında mövcud olmuş 1,5 metr hündürlüyündəki daş divarın üstündə tikilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı X4 cavabdeh İddiaçı qarşı pəncərələrin bağlanmamasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli 2(008)-5362/2014 saylı qətnaməsi ilə ilk iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 10 və 12 saylı evlərin arasında mövcud sərhəd hasarının sökülməsi və həmin hasar Azərbaycan Respublikasının şəhərsalma və tikinti şərtlərinə uyğun olaraq yenidən bərpa olunması; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində 10 saylı evin ikinci mərtəbəsində yerləşən və həmin ünvandakı 12 saylı ev istiqamətində quraşdırılmış pəncərənin sökülərək bağanması; qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində 112 saylı evin ikinci mərtəbəsində yerləşən və 10 saylı ev istiqamətində quraşdırılmış pəncərənin sökülərək bağlanması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli 2(008)- 5362/2014 saylı qətnaməsindən narazı qalan tərəflər apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(103)-635/2015 saylı qətnaməsi ilə hər iki apellyasiya şikayətinin təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2014-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh orqana müraciət edərək, üçüncü şəxsə aid fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********59 №li xx.xx.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5362/2014 saylı, xx.xx.2014cü il tarixli qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi X1, 1/3 hissəsi isə X7 adına xüsusi mülkiyyət kimi xx.xx.2013-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 218 nömrəli reyestr kitabının 20148 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 196337 saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinin 9/12 X1, 1/12 X6, 1/12 X12, 1/12 X8 adına paylı mülkiyyət hüququ kimi xx.xx.2019-cu il tarixdə hüquqları qeydiyyatdan keçirilmiş və bu barədə 218 nömrəli reyestr kitabının 20148 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 196337 saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 10 (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi birgə mülkiyyət hüququ ilə X1, X6, X12, X8 adına xx.xx.2019-cu il tarixdə hüquqları qeydiyyatdan keçirilmiş və bu barədə 504 nömrəli reyestr kitabının 47389 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********38- 10302 reyestr nömrəli xx.xx.2019-cu il tarixli Texniki pasportda X4 və başqalarının mülkiyyətində olan fədi yaşayış evinin ünvanı ünvan 7 Bakı şəhəri, Sabuçu rayonu, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyli küçəsi ev 12) qeyd olunmuşdur. Texniki pasportda torpaq sahəsi 0, 03468 ha, faktiki sahə 0,03468 ha, tikinti altı sahə 0,01749 ha, digər sahələr 0,017719 ha qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi doğru olaraq «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsini tətbiq etmişdir, belə ki, həmin maddəyə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçının iddia tələbindən görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə dair verilmiş «Texniki pasport»un ləğv edilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını tələb edir. Halbuki qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, mübahisələndirilən «Texniki pasport» inzibati akt kimi qəbul edilə bilməz və buna görə də hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.1-ci bəndinə istinad etmişdir, belə ki, həmin bənddə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın qeyd olunan əsasla mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-5151/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Fuad Babayev
Məhkəmə qərarları › İş №2-1(103)-248/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-248/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver