Məhkəmə qərarları › İş №2-1(103)-248/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-248/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-248/2023 14.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil1, 3-cü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinəçıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4452/2022 saylı 10 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinənin 506 saylı xx.xx.1997 ci il tarixli sərəncamından görünür ki, İddiaçı ünvan 3 ünvanda “Köhnə Bağ” yerləşən ərazidə fərdi evin tikintisi üçün 1200 kv.m torpaq ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********87 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı xx.xx.1997-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən yerləşmə cizgisində göstərilən torpaq sahəsinin cənubdan bir hissəsi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələri ilə üstüstə düşür. Bundan əlavə torpaq sahəsinin şimaldan böyük hissəsi digər fiziki şəxs adına verilmiş plan-ölçünün baza məlumatı ilə üst-üstə düşür. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamı ilə ona fərdi evin tikintisi üçün 1200 kv.m. torpaq sahəsi ayrılmış, həmin zamandan etibarən sözü gedən torpaq sahəsi daimi olaraq onun sahibliyində və istifadəsindədir. Bu günədək torpaqdan istifadəsinə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. Hesab edir ki, torpağın hasarlanmaması ona dair reyestrdən çıxarışın verilməsinə əsas deyildir. xx.xx.2021-ci tarixli BA02766-2021 saylı Milli Arxiv İdarəsinin arayışından görünür ki, hazırda mübahisəsi gedən torpaq sahəsi iddiaçıya xx.xx.1997-ci il tarixdə ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlət və bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin şərh olunan faktiki hallarında göründüyü kimi, hazırkı iş üzrə cavabdehin Səbail rayonu, Bibiheybət qəsəbəsi Səlyan 32 ünvanında yerləşən 1200 kv.m sahədən ibarət torpaq sahəsinə dair dövlət reyestindən çıxarışın verilməsindən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. Həmçinin qeyd edilməsi zəruridir ki, sözugedən Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin 506 saylı, xx.xx.1997 ci il tarixli sərəncamı “Səlyan şosesi” Bibiheybət qəsəbəsində yerləşən “köhnə Bağ” sahələrinin sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə olmuşdur və sərəncamda da qeyd olunduğu kimi “Bibiheybət” qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş cizgiyə istinad edilmişdir. Səbail rayon İcra Hakimiyyətinin Bibiheybət qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş Bakı şəhəri Səbail rayin İcra Hakimiyəti Başçısının 506 saylı, xx.xx.1997-ci il tarixli Sərəncami ilə ayrılmış yerləşmə cizgisində torpağın ölçüləri göstərilmişdir. İddiaçı tərəfindən 2018-ci ildə Səbail rayon İcra Hakimiyətinə edilmiş müraciətlə əlaqədar olaraq xx.xx.2018-ci il tarixli Ə183-091 saylı “Səbail Rayon İcra Hakimiyəti Başçısının xx.xx.1997-ci 11 tarixli 506 saylı sərəncamı ilə vətəndaş İddiaçı, Səlyan şossesi Bibiheybət qəsəbəsində köhnə bağ sahəsində, fərdi evin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin Stuasiya planı və sxemi və yerləşmə koordinatları qeyd olunmaqla verilmişdir. Beləliklə də müəyyən olunur ki, cavabdeh təşkilatın imtina barədə bildirişində qeyd olunan “əsaslar” həqiqəti əks etdirmir. Cavabdehin imtina məktubunda qeyd etdiyi hallar ümumiyyətlə imtinaya asas ola bilməz. Sabail rayon icra Hakimiyyəti Başçısının 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə istifadəsinə ayrılmış torpaq sahəsi illərdir onun qanuni istifadəsindədir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz veilərək bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı xx.xx.1997-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən yerləşmə cizgisində göstərilən torpaq sahəsinin cənubdan 140 kv.m hissəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələri ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin şimaldan 530 kv.m hissəsi X2 adına verilmiş plan- ölçünün baza məlumatı ilə üst-üstə düşür (**********780). Habelə, sözügedın əraziyə dair X7 da müraciəti daxil olmuşdur. Bu barədə vətəndaşa sonuncu dəfə **********87 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1- ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4452/2022 saylı 10 may 2022-ci il tarixli qərarı ilə iddianın təmin ediləərk, ünvan 3 ünvanda yerləşən “Köhnə bağ” sahələrində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamı ilə iddiaçıya ayrılan və hazırda sahibliyində və istifadəsində olan ünvan 6 ünvanda “Köhnə Bağ” sahələrində yerləşən torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalıdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı xx.xx.1997-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən yerləşmə cizgisində göstərilən torpaq sahəsinin cənubdan 130 kv.m hissəsi X1 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi, 128 kv.m hissəsi isə X1 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin şimaldan 525 kv.m hissəsi X2 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan-ölçünün baza məlumatı ilə üst-üstə düşür (**********780). Habelə, sözügedən əraziyə dair X7 İdarəyə müraciəti daxil olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanların və müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə X10 müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Həmin ərizə icraata qəbul edilərək iddiaçının iddia tələbi “iddiaçıya Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə ayrılmış ünvan 3 ünvanda “Köhnə Bağ” yerləşən 940.kv.m sahədən ibarət olan torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilmişdir. 3-cü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi ekspert rəyinə əsasən hüquqlarını müdafiə etdiyi şəxsin torpaq sahəsi ilə üst-üstə düşmədiyi üçün həmin torpaq sahəsi ilə bağlı iddianın təmin olunmasına etiraz etmir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadı ilə X1 və X2 işə 3-cü şəxslər qismində cəlb edilmələri ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında işirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “ona Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 506 saylı xx.xx.1997 ci il tarixli sərəncamı ilə ayrılmış ünvan 3 ünvanda “Köhnə Bağ” sahəsində yerləşən torpaq sahəsinə çıxarışın verilməsi” ilə bağlıdır. Bununla bağlı iddiaçının cavabdeh inzibati orqana müraciəti olsa da, sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və işə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin qeyd olunan tələblə bağlı gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsində göstərilmişdir: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “torpaqayırma sərəncamında torpaq sahəsinin ölçüsünün göstərilməməsi, həmçinin elektron kadastr məlumatlarına əsasən yerləşmə cizgisində göstərilən torpaq sahəsinin şimaldan və cənubdan bir hissəsinin digər fiziki şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməsi” ilə bağlı olmuşdur. Bununla bağlı işə birinci instansiya qaydasında baxılarkən məhkəmə tərəfindən qeyd edilmiş hallar ərtaflı araşdırılmamış və iş üzrə ekspertiza təyin edilməmişdir. Bu səbəbdən də işin apellyasiya baxışı zamanı Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bibiheybət qəsəbəsi, Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələrindən İddiaçı ayrılmış, faktiki ölçüsü 1200 kv.m. olan torpaq sahəsinin cizgisi ilə **********29 reyestr nömrəsi və **********90 reyestr nömrəsi ilə X1 adına müvafiq olaraq 133 kv.m. və 130 kv.m. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına verilmiş **********0780 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş 531 kv.m. torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə tikintitexniki ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1243 saylı 02 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bibiheybət qəsəbəsi, Səlyan şossesi 32 saylı ünvanda yerləşən "Köhnə bağ” sahələrindən İddiaçı ayrılmış, lakin sərəncama əlavə olunmuş cizgidə ölçüsü göstərilməyən, faktiki ölçüsü 1200 kv.m. olan torpaq sahəsinin 260 kv.metr hissəsi digər şəxslərlə üst-üstə düşür. İddiaçı ayrılmış və digər şəxslərlə üst-üstə düşməyən 940 kv.metr torpaq sahəsinin cizgisi və koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir. Rəyin tədqiqat hissəsində qeyd edilmişdir ki, tədqiqat Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən torpaq sahəsi üzrə aparılır. Tədqiqatın aparılması üçün həmin torpaq sahəsinə baxış keçirilərək ölçü işləri aparılmış və mülki iş materiallarının məlumatlarından istifadə edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin cizgisində qeyd edilən koordinatlar GPS aləti vasitəsi ilə müəyyən olunmuşdur. Daha sonra **********29 reyestr nömrəsi və **********90 reyestr nömrəsi ilə X1 adına müvafiq olaraq 133 kv.m. və 130 kv.m. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına verilmiş **********0780 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş 531 kv.m. torpaq sahəsinin koordinatları “kadastr.az" portalı vasitəsilə müəyyən edilmişdi. İddiaçı məxsus torpaq sahəsinin cizgisində qeyd edilmiş koordinatlarla naturada arasında cüzi koordinat fərqi mövcuddur. Eyni zamanda həmin 0,12 ha torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Belə ki, İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin digər şəxslərlə üst-üstə düşən 260 kv.m hissəsi çıxdıqdan sonra sərbəst olaraq yerdə 940 kv.m torpaq sahəsi qalır. Bu 940 kv.m torpaq sahəsinin cizgisi və koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bibİheybət qəsəbəsi, Səİyan şossesi 32 saylı ünvanda yerləşən "Köhnə bağ” sahələrindən İddiaçı qızma ayrılmış, lakin sərəncama əlavə olunmuş cizgidə ölçüsü göstərilməyən, faktiki ölçüsü 1200 kv.m. olan torpaq sahəsinin 260 kv.metr hissəsi digər şəxslərlə üst-üstə düşür. İddiaçı ayrılmış və digər şəxslərlə üst- üstə düşməyən 940 kv.metr torpaq sahəsinin cizgisi və koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Hazırki iş üzrə ekspert rəyini verən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Teymur Məmmədov məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin koordinatları götürülmüş, 133 kv.m. və 130 kv.m. sahədən ibarət olmaqla ümumilikdə 236 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla X3, 532 kv.m. torpaq sahəsi isə X5 məxsusdur, həmin torpaq sahələri iddiaçıya məxsus torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür, iddiaçıya məxsus 1200 kv.m. torpaq sahəsinin 260 kv.m hissəsi isə başqa fiziki şəxslərə məxsusdur ki, həmin şəxslərin də ad və soyadları ona məlum deyil, belə ki, bunu “kadastr.az" portalından müəyyən etmək mümkün deyildir. X3 və X5 məxsus torpaq sahələri iddiaçınn torpaq sahəsindən aşağıda yerləşir. Beləliklə də, iddiaçıya ayrılmış 1200 kv.m. torpaq sahəsinin 940 kv.m. hissəsi hər hansı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, boş torpaq sahəsidir. Bununla da aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, iddiaçıya ayrılmış 1200 kv.m. torpaq sahəsinin 940 kv.m. hissəsi heç kimin torpağı, o cümlədən cavabdehin imtinasında adıçəkilən və 3-cü şəxs qismində işə cəlb olunan şəxslərin topraq sahələri ilə üst-üstə düşmür. Bu səbəbdən də həmin 3-cü şəxslərin statusu apellyasiya baxışı zamanı ləğv edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin 940 kv.m. hissədə təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kollegiya iş üzrə verilmiş ekspert rəyinə münasibətdə qeyd etməyi zəruri hesab ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-12.3-cü maddələrinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 58.1, 58.3 və 58.7-ci maddələrinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 87.10-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Yuxarıda sadalanan prosessual hüquq normalarının mənasından aydın olur ki, məhkəmənin xüsusi bilik tələb olunan məsələlərlə bağlı ekspertiza təyin etmək hüququ vardır və bu hüquq hər hansı norma ilə məhdudlaşdırılmamışdır. Əksinə, inzibati işlərə baxılması zamanı məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğundan zərurət olduqda ekspertiza təyin etmək vəzifəsi daşıyır. Bundan əlavə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli, 252 saylı Fərmanına əsasən məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı qəbul etdiyi qərar isə iddiaçının dəqiqləşmə ərizəsinə uyğun dəyişdirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin “iddiaçının torpaqayırma sənədində torpağın ölçüsünün göstərilməməsi” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının torpaqayırma sənədi olan sərəncamda həqiqətən də iddiaçıya hansı ölçüdə torpaq sahəsinin ayrılması göstərilməsə də, Səbail rayon İH tərəfindən verilmiş torpaq sahəsinin cizgisində həmin torpaq sahəsinin 1200 kv.m. olduğu göstərilmişdir. Həmin cizgi torpaqayırma sənədinin (sərəncamın) texniki göstəricilərini əks etdirən ayrılmaz tərkib hissəsidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müvafiq sərəncamla ayrılması qərara alınan torpaq sahəsinin ölçüsü 1200 kv.m. olmuşdur, hansı ki, həmin torpağın da ekspert rəyinə əsasən 260 kv.m. hissəsi başqa şəxslərin torpaqları ilə üst-üstə düşür, lakin 940 kv.m. hissəsi boşdur və iddiaçının dəqiqləşmə ərizəsinə əsasən tələbi də məhz həmin 940 kv.m. torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlıdır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçıya ayrılmış torpaq sahəsinin 260 kv.m. başqa şəxslərlə üstüstə düşən hissəsi üzrə həmin şəxslərin işə cəlb olunmasına zərurət görməmişdir. İddiaçı 940 kv.m. torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı tələbində haqlı olduğu üçün onun həmin tələbi təmin olunmalıdır. Beləliklə, cavabdehin dəlilləri iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4452/2022 saylı 10 may 2022-ci il tarixli qərarı dəyişdirilərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 506 saylı xx.xx.1997 ci il tarixli sərəncamı ilə ayrılmış ünvan 3 ünvanda “Köhnə Bağ” sahəsində yerləşən 940 kv.m. sahədən ibarət olan torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4452/2022 saylı 10 may 2022-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinənin 506 saylı xx.xx.1997 ci il tarixli sərəncamı ilə ayrılmış ünvan 3 ünvanda “Köhnə Bağ” sahəsində yerləşən 940 kv.m. sahədən ibarət olan torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar