Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2480/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1416/2025 saylı, 17.02. 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təyin edilmiş 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və dayandırma müddətində ödənilməmiş pensiya məbləğinin də hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 409 nömrəli qərarı ilə ona xx.xx.2015-ci il tarixdən 52 yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2020-ci il tarixə qədər pensiya ödənişi edilmişdir. “Pensiya təyinatı" alt sistemindən əldə olunan çıxarışa əsasən DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktuba əsasən ona təyin edilmiş pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin məktuba istinad edərək xx.xx.2021-ci il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırıması haqqında **********3 nömrəli qərar qəbul etmişdir. Daha sonra Mərkəzi Filial ona ünvanladığı məktubda bildirmişdir ki, aparılan araşdırma zamanı vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1980xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "Trikotaj” ATSC-də işlədiyi qeyd olunmuşdur. Mütəxəssislər tərəfindən sənədlərdə qeyd olunmuş məlumatların dəqiqləşdirilməsi zamanı 1994- 2000-ci illərdə haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Həmin məktubda DSMF-nin Aparatının Daxili nəzarət departamenti tərəfindən xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 12426.74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tapşırılmışdır. Bununla əlaqədar ona pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********.3 nömrəli qərarının ləğv olunması və pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərarın qəbul edilməsi tələbləri ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qərarına əsasən pensiya ödənişi bərpa olunmuş, 2023-cü ilin sentyabr ayında pensiya ödənişinin bərpası ilə bağlı mobil nömrəsinə mesaj gəlmiş, avqust və sentyabr ayının pensiya ödənişi edilmişdir. Lakin daha sonra pensiya kartına ödəniş olunmadığı üçün DSMF ilə əlaqə saxlasa da, iddiaçıya dəqiq məlumat verilməmişdir. 1994- 2000-ci illər cavabdeh tərəfindən miibahisələndirilsə belə həmin dövr ərzində iddiaçının 3 övladı (X1 - xx.xx.1994; X3 - xx.xx.1996; X2 - 20.1 1.1998) ardıcıl olaraq dünyaya gəlmişdir və həmin dövrlərdə analıq məzuniyyətində olmaqla iş yerindən uşağa qulluğa görə müavinət də almışdır. Əmək kitabçasında da həmin dövrlərdə əmək müqaviləsinə xitam verilmədiyi əks olunmuşdur. Bu səbəbdən pensiya təyin olunarkən düzgün olaraq əmək kitabçasında qeyd olunan müddətlər nəzərə alınmalıdır. İddiaçının 3 övladını dünyaya gətirib onlara qulluq etdiyi dövrdə "Vətəndaşların pensiya təminatı haqqında" Qanun qüvvədə olmuşdur. Həmin qanunun 67-ci maddəsinin “e" bəndinə əsasən işləməyən ananın körpə uşaqlara quluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq şəxsin iş stajına daxil edilir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə Mərkəzinin 26 nömrəli Şəhər Poliklinikasının təqdim etdiyi ambulator kitabçadan çıxarışdan göründüyü kimi pensiya ödənişi almağı üçün faktiki əsaslar mövcuddur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahıya görə 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Aparılan araşdırma zamanı iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərində xx.xx.1980-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Trikotaj ATSC”də işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının sənədlərində qeyd olunmuş məlumatların dəqiqləşdirilməsi zamanı 1994-2000-ci illərdə haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd edilən fakt Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2020-ci il tarixli 544 nömrəli birgə Aktla təsdiq edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün əmək pensiyası təyin edilərkən (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) ödənişsiz məzuniyyətdə olduğu, iddiaçının işləmədiyi müddəti onun ümumi iş stajına daxil etmək mümkün deyil. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər, iddiaçının “Trikotaj ATSC”də işlədiyi dövrdə ödənişsiz məzuniyyətdə olduğu müddət isə 6 il təşkil edir. Göründüyü kimi, qeyd olunan maddə nəzərə alınaraq ödənişsiz məzuniyyətdə olduğu müddətin 6 aylıq hissəsi əmək stajı kimi nəzərə alındıqda belə iddiaçının ümumi iş stajı 20 ildən az (17 il 6 ay 20 gün + 6 ay ödənişsiz məzuniyyət dövrü) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq iddiaçıya, 52 yaşının tamamlandığı xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, iddiaçıya 2023-cü ilin avqust ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 mart 2023-cü il tarixli 2-1 (102)-311/2023 nömrəli qərarına əsasən 2023- cü ilin avqust ayında 327,22 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə Mərkəzi Filiala gəlməsi xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Bu səbəbdən də, iddiaçıya vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırılması haqqında inzibati akt qəbul edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, yuxarıda göstərilən maddənin də tələbləri nəzərə alınaraq, iddiaçıya son üç il üzrə 7660,17 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 7660,17 manat pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş edilmişdir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1416/2025 saylı, 17.02. 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, “Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 18863/2023 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1416/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuş, 52 yaşı xx.xx.2015-ci ildə tamam olmuşdur. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin 409 nömrəli, xx.xx.2015-ci tarixli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. - xx.xx.2020-ci il tarixli, 544 nömrəli aktdan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin böyük mütəxəssisi Eyvaz Əhmədov, böyük mütəxəssisi Kamran Cümşüdlü və Milli Arxiv idarəsinin Bakı filialının aparıcı arxivçisi Məleykə Cabbarzadənin iştirakı ilə iddiaçının sığorta stajına daxil edilən ümumi stajı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən xüsusi iş stajı yerində əsaslı sənədlərlə qarşılıqlı şəkildə araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək qəlibləyici, xx.xx.1994-cü ildən baş mexanik şöbəsinə mühəndis keçirilməsinə dair qeyd aparılmış, xx.xx.2003-cü ildən işdən azad edilmişdir (DƏK-nin 27 dekabr 1997-ci il 909 saylı əmri ilə ATSC-yə çevrilmişdir.). Müəssisənin 2015-ci ildən Dövlət Arxivinin Bakı Filialında mühafizə olunan sənədlərində 1994-1997-ci illərdə öz hesabına məzuniyyət, 1996-1997-ci illər ərzində 1 il 6 ay öz hesabına məzuniyyətdə olması, həmçinin 1997ci ildən 2001-ci ilədək yenidən öz hesabına məzuniyyətdə olmasına dair qeydlər öz əksini tapmışdır. 2001-ci il tarixinin pozularaq 2000-ci ildən işdə hesab edilməsi qeydiyyatı aparılmışdır. - İddiaçıya məxsus “Pensiya təyinatı” alt sistemindən çıxarışdan görünür ki, DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli xx.xx.2020-ci il tarixli məktuba əsasən iddiaçıya təyin edilmiş pensiya ödənişi xx.xx.2020 ci il tarixdən dayandırılmışdır. - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin məktuba istinad edərək xx.xx.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında **********3 nömrəli qərar qəbul etmişdir. - cavabdeh iddiaçıya məktub ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1980-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Trikotaj ATSC”də işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı iddiaçının 1994-2000-ci illərdə haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün əmək pensiyası təyin edilərkən (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) ödənişsiz məzuniyyətdə olduğu müddət iddiaçının ümumi iş stajına daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 20 ildən az (17 il 6 ay 20 gün) təşkil edir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12426,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. - Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-1580/2022 nömrəli qərarı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərarı ləğv olunmuş, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2995/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-1580/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102) 311/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-2995/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2-1(112) 1580/2022 nömrəli məhkəmə qərarının icrası məqsədilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı tarixdən bərpa olunmuş, həmçinin aylıq pensiya məbləği 327,22 manat müəyyən edilərək məhkəmə qərarının icrası başa çatdırılmışdır. - “Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18863/2023 saylı qərarından görünür ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş və adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1- ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göründüyü kimi, inzibati orqan qanunsuz inzibati aktı ləğv edə bilər, lakin əgər həmin inzibati aktın qəbul edilməsinə rüşvət, hədəqorxu və ya aldatma yolu ilə nail olunmamışsa, inzibati orqan qanunsuz inzibati aktın ləğv edilməsini şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində həmin inzibati aktı ləğv etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçiyə pensiya təyin edilməsi barədə əlverişli inzibati aktın rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə qəbul edilməsinə dair heç bir sübut yoxdur. Cavabdeh həmin qərarın qanunsuz olmasını xx.xx.2020-ci il tarixli aktla aşkar etmiş, lakin həmin qərarı bundan 3 il sonra, xx.xx.2023-cü il tarixdə ləğv etmiş, bununla da Qanunun 67.12-ci maddəsinin tələbini pozmuşdur. Bundan əlavə, qanunverici maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, cari pul öhdəliklərinin nəzərdə tutulduğu qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol vermir. İş materialları ilə müəyyən edilir ki, hazırkı cari pul öhdəlikləri nəzərdə tutan inzibati akta iddiaçı etimad göstərmiş, onun bu etimadı qanunla qorunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1416/2025 saylı, 17.02. 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1416/2025 saylı, 17.02. 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2480/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2480/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver