Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2481/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6076/2021 saylı 12.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X17 əmək kitabçasında əksi tapmış onun 04.01.1996-cı il tarixdən 11.07.2005-ci il tarixinədək olan əmək stajını onun sosial sığorta stajına əlavə edilməklə mərhum X3 vəfat etdiyi gündən, yəni 30.12.2020-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi və mərhum X3 yetkinlik yaşına çatmayan oğlu X10 verilməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 30.12.2020-ci il tarixdə həyat yoldaşı X7 vəfat etmişdir. Azər Əliyevin vəfatı ilə əlaqədar ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi və yetkinlik yaşına çatmayan övladları X10 verilməsi məqsədilə o, 2021-ci ilin yanvar ayında ərizə və müvafiq sənədlərlə birlikdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinə müraciət etdi, müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş və 04 fevral 2021-ci il tarixdə həmin quruma daxil olmuşdur. Mərkəzi Filialın 05.03.2021-ci il tarixli **********8 nömrəli məktubuna əsasən mərhum əri X16 oğlunun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunan məktub ona 29.03.2021-ci il tarixdə daxil olmuşdur. X17 əmək kitabçasında onun 02.07.1990-cı il tarixdən 03.08.1992-ci il tarixədək və 05.10.1992-ci il tarixdən 11.07.2005-ci il tarixədək müxtəlif iş yerlərində əmək fəaliyyəti əks olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavab məktubunda qeyd etmişdir ki, X17 ИТ-İ № ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən onun sığorta stajı 01.01.2006-cı ilə kimi 5 il 1 ay təşkil etməklə qanunvericiliklə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 10 il 4 ay müddətindən az olduğundan ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Belə ki, X17 əmək kitabçasında əksi tapmış onun 04.01.1996-cı il tarixdən 11.07.2005-ci il tarixinədək işləmiş olduğu müəssisənin arxiv sənədlərinin araşdırılması zamanı həmin sənədlərin saxlanıldığı ünvan məlum olmadığı üçün "həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından" mümkün olmamışdır. Hesab edir ki, X17 əmək kitabçasında əksi tapmış onun 04.01.1996-cı il tarixdən 11.07.2005-ci il tarixinədək əmək fəaliyyəti də həqiqi iş stajı kimi onun sosial sığorta stajına əlavə edilməklə X17 vəfat etdiyi gündən, yəni 30.12.2020-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi və X17 yetkinlik yaşına çatmayan oğluna verilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6076/2021 saylı 12.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.(hakim: G.Sevdimalıyeva) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, X17 əmək kitabçasındakı müvafiq möhürlərlə təsdiq olunan qeydlərə əsasən onun əvvəl işlədiyi Avtomobil və X1 Nazirliyinin Azavtoremstroy Trestində (AZARSM Tresti RSU-1) iş stajı 11 il 7 ay təşkil edir. Həmin müddətin ilk dövrü, yəni X17 02.07.1990-cı il tarixdən 03.08.1992-ci il tarixədək olan 2 il 1 ay müddətində iş stajı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən mübahisələndirilməmiş və X17 2006-cı ildən sonra təsdiqini tapmış 2 il 11 ay sığorta stajı ilə cəmlənməklə mərhum Azər Əliyev üçün yekun olaraq müəyyənləşdirilən 5 illik sığorta stajına daxil edilmişdir. Əmək kitabçasına əsasən qeyd olunan X17 adı çəkilən müəssisədə (AZARSM Tresti RSU-1) işlədiyi dövrün qalan hissəsi, yəni 04.01.1996-cı il tarixdən 11.07.2005-ci il tarixədək 9 il 6 ay müddətində iş stajı müvafiq arxiv sənədləri ilə öz təsdiqini tapmadığından aidiyyəti dövlət qurumu tərəfindən X17 sığorta stajına daxil edilməmiş və birinci instansiya məhkəməsi bu mövqe ilə razılaşmışdır. X17 əmək kitabçasındakı qeydlərin doğruluğu və mötəbərliyi bu vaxta kimi hər hansı dövlət qurumu tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda iş stajını təsdiq edən müvafiq möhürlərin saxta olması və həqiqiliyin müəyyən olunması ilə bağlı hər hansı ekspertizanın keçirilməsi məsələsi də bu vaxta kimi qaldırılmamışdır. Əlavə olaraq, aidiyyəti cavabdeh dövlət qurumu tərəfindən X17 adı çəkilən müəssisədə (AZARSM Tresti RSU-1) işlədiyi müddətin bir hissəsini sonuncunun sığorta stajına daxil etməsi, lakin həmin müddətin digər hissəsi ilə bağlı bu cür qərar qəbul etməməsi ən azı müvafiq dövlət orqanı tərəfindən adı çəkilən müəssisənin həqiqətdə mövcud olması ilə bağlı şübhələrini istisna edir. Belə olan halda, həqiqətdə mövcud olmuş işəgötürən müəssisəyə dair sənədlərin bir hissəsinin hər hansı səbəbdən tapılmaması, müvafiq arxiv qurumlarına mühafizə üçün təhvil verilməməsi, saxlandığı ünvanın müəyyən olunmaması kimi əsaslara görə həmin müəssisənin işçisi olmuş şəxsin və ya onun övladının ziyanına qərarın qəbul edilməsi əsassız hesab olunmalıdır. Belə ki, vətəndaşın bu məsələdə heç bir təsirə malik olmaması onun hüquqlarının məhdudlaşdırılması və onun zərər çəkməsi ilə nəticələnir. Bundan başqa, məhkəmənin sorğusuna əsasən bir dövlət qurumunun X17 işlədiyi müəssisənin qeydiyyatdan keçməsi və fəaliyyət göstərməsi ilə bağlı məlumatın mövcud olmadığını bildirməsi, digər dövlət qurumu tərəfindən isə müəssisənin mövcudluğu mübahisələndirilməməklə yalnız X17 həmin yerdə işlədiyi dövrün bir hissəsinin həqiqiliyinin təkzib edilməsi, birinci instansiya məhkəməsinin qərarında iş üzrə mövcud olan faktların ziddiyyətli sübutlarla təsdiq olunmasına işarə edir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı X17 əmək kitabçasında əksi tapmış onun 04.01.1996-cı il tarixdən 11.07.2005-ci il tarixinədək olan əmək stajını onun sosial sığorta stajına əlavə edilməklə mərhum X3 vəfat etdiyi gündən, yəni 30.12.2020-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi və mərhum X3 yetkinlik yaşına çatmayan oğlu X10 verilməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, mərhum X3 tələb edilən sığorta stajı vəfat etdiyi vaxt yaşı 46 yaş olduğundan qanunun qeyd edilən normasına əsasən aşağıdakı kimi hesablanır: 46 yaş – 15 yaş =31 il (əmək qabiliyyətli yaş dövrü) 31x4/12=10 il 3 ay. Məhkəmə müəyyən etmişdir ki, mərhum X3 əmək kitabçasında qeyd edilən əsas olaraq işlədiyi iddia edilən Avtomobil və X1 Nazirliyinin Azavtoremstroy Trestinin (AZARSM Tresti RSU-1) mövcudluğu və fəaliyyət göstərməsi müəyyən olunmur. Nəticə etibarilə mərhum X3 10 il 3 ay iş stajı müəyyən olunmadığından mərhumun 18 yaşına çatmamış oğlunun ailə başçısını itirməyə görə pensiya təyin edilməsi hüququ və bununla bağlı iddiaçının “qanuni gözləntisi” yoxdur. Belə ki, X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) Odur ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olduğunu müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan X5 məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onun 02.07.1990-cu ilə qədər əmək stajı olmamış, 02.07.1990-cı il tarixdən 03.08.1992-ci il tarixinədək Avtomobil və X1 Nazirliyinin Azavtoremstroim trestində avtoçilingər (“AZARSM tresti RSU-1”), 05.1.1992-ci il tarixdən 28.12.1995-ci il tarixədək Layihə Texnalogiya elmi-tədqiqat informasiya nəşriyyatında avtoçilingər və 04.01.1996-cı il tarixdən 11.07.2005-ci il tarixədək AZARSM Tresti RSU-1-də avtoçilingər peşələrində işləmişdir. İş materiallarında olan X3 HЗ ******* nömrəli hərbi biletinin notarial qaydada təsdiq olunmuş surətindən və 03.04.2002-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 15.04.1993-cü il tarixdə Milli ordu sıralarına çağırılmış, 22.06.1995-ci il tarixdə isə xidməti yerini özbaşına tərk etmiş, X3 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 05.03.2021ci il tarixli ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən maddənin tələblərinə uyğun olaraq bildiririk ki, əri X4 ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 01.01.2006-cı ilə kimi 5 il 1 ay təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (10 il 4 aydan) azdır. Əlavə olaraq bildirilmişdir ki, Hüquq, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırmalar şöbəsinin xidməti məruzəsinə əsasən əri X4 04.01.1996-cı il tarixindən 11.07.2005-ci il tarixinədək işləmiş olduğu müəssisənin arxiv sənədlərinin araşdırılması zamanı həmin sənədlərin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Qeyd olunanlara əsasən iddiaçıya əri X4 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən 27.05.2021-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı mərhum əri X3 ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən onun Avtomobil və X1 Nazirliyinin Azavtoremstroim trestində (“AZARSM tresti RSU-1”) 02.07.1990-cı il tarixindən 03.08.1992ci il tarixinədək işlədiyi (2 il 1 ay) dövr və 01.01.2006-cı il tarixindən sonra 2 il 11 ay sığorta stajı nəzərə alınmaqla cəmi 5 il sığorta stajı hesablanmışdır ki, bu da qanunvericiliklə tələb olunan müddətdən (10 il 4 ay) azdır. Əlavə olaraq bildirilmişdir ki, X14, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırmalar şöbəsinin 25.02.2021-ci il tarixli xidməti məruzəsinə əsasən A.Əliyevin 04.01.1996-cı il tarixindən 11.07.2005-ci il tarixinədək işləmiş olduğu müəssisənin arxiv sənədlərinin araşdırılması zamanı həmin sənədlərin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 14-18-ci maddələrinin tələblərinə əsasən ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmək üçün iki şərt tələb olunur: 1) Pensiya təyin ediləcək şəxs vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvü olmalı; 2) Ailə başçısının qanunla tələb edilən sığorta stajı olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şərtlərdən hər hansı biri olmadıqda ailə başçısını itirməyə görə pensiya hüququ yaranmış olmur. Birinci şərtə münasibətdə kollegiya aşağıdakıları qeyd edir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X6 arasında nikah 19.02.1999-cu ildə qeydə alınmışdır İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 21.01.2007-ci il təvəllüdlü X9 atası X7, anası İddiaçıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, 19.05.1974-cü il təvəllüdlü X7 30.12.2020-ci il tarixdə vəfat etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Beləliklə də müəyyən olunur ki, iddiaçının oğlu X13, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü hesab edilməklə ona, bu əsasla pensiya təyin edilməsi üçün birinci şərt yerinə yetirilmişdir. Məlum əsas üzrə pensiya təyini üçün ikinci şərtə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddələrin tələblərinə görə, ailə başçısını itirməyə görə əmək pensiyasının təyini üçün sosial sığorta stajının hesablanması əlilliyə görə pensiyanın hesablanması qaydasına görə, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt - şəxsin 5 ildən az olmamaqla əmək qabiliyyətli yaş dövrünün, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 249-cu maddəsinin 1-ci bəndinə əsasən 15 yaşından, hər tam ili üçün 4 ay sığorta stajının olmasıdır. Bu qayda ilə iddiaçının mərhum ərinin 10 il 3 ay (46 yaş – 15 yaş =31 il (əmək qabiliyyətli yaş dövrü) 31x4/12=10 il 3 ay) sığorta stajı olmalıdır. Cavabdeh isə bildirir ki, iddiaçının mərhum əri X3 əmək kitabçasına əsasən sığorta stajı 01.01.2006-cı ilə kimi 5 il 1 ay təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (10 il 4 aydan) azdır. Əlavə olaraq bildirilmişdir ki, Hüquq, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırmalar şöbəsinin xidməti məruzəsinə əsasən əri X4 04.01.1996-cı il tarixindən 11.07.2005-ci il tarixinədək işləmiş olduğu müəssisənin arxiv sənədlərinin araşdırılması zamanı həmin sənədlərin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı iddiaçının mərhum ərinin əmək kitabçasında göstərilən AZARSM Tresti RSU-1-də işlədiyi dövrlər öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən verilmiş 08.05.2021-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində “Avtomobil və X1 Nazirliyinin Azavtoremstroim tresti” adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi tərəfindən verilmiş 07.05.2021-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan Avtomobil və X1 Nazirliyinin Azavtoremstroy Trestinin (AZARSM Tresti RSU-1) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X3 qanunvericiliklə tələb olunan 10 il 3 ay iş stajı müəyyən olunmadığından mərhumun 18 yaşına çatmamış oğlunun ailə başçısını itirməyə görə pensiya təyin edilməsi hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6076/2021 saylı 12.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2481/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2481/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver