Məhkəmə qərarları › İş №2-1(103)-2481/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2481/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2481/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Ceyhun Bəşir oğlu və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Bakı şəhəri Cavabdeh1 başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə qarşı “qohumluq əlaqələrinə dair məlumatlara düzəlişlər edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7797/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Bakı şəhəri Cavabdeh1 başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanla bağlı cavabdehlərin təqdim etdikləri rəsmi sənədlərdəki məlumatlara dair qeydlərinin qanunsuz hesab edilməsi və qeyd edilən ünvanda yaşayan şəxslərin qohumluq əlaqələrinə dair məlumatlara düzəlişlər edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, təqaüdçü, FHN-in əməkdar işçisi 9 nəfərdən ibarət ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Yaşadığı həyətdə yaranan vəziyyətlə əlaqədar hüquqlarını və yaşayış yerində azadlığını müdafiə etmək üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Onlarla bir həyətdə yaşayan vətəndaşlar problemlər yaradır. Belə ki, həyətdən istifadə haqqını məhdudlaşdırır, zorakılıq yolu ilə demək olar ki, bütün yaşayış və yardımçı sahələri zəbt ediblər. Bu işdə onlara rayon üzrə İcra hakimiyyəti, bələdiyyə, polis köməklik göstərir. ünvan 1 ünvanı üzrə torpağın ilk sahibi iddiaçının babası 1876-cı il təvəllüdlü X2b. 1931-ci ildə naməlum şəraitdə vəfat edib. Onun adına sənədlər var. Onun ölümündən sonra həmin sahədə iddiaçının lal-kar və savadsız atası, 1904-cü il təvəllüdlü X12 yaşamışdır. Anası 1883-cü il təvəllüdlü X9 və kiçik bacısı onun himayəsində qalmışlar. X1 adına torpaq rentası və 427 kv.m sahədə torpaq sahəsinə və tikililərə vergi üzrə ödəniş bildirişi var. 40-cı illərdə həmin həyətə qonşularının ataları kirayəçi qismində köçmüşdür. İşə düzəlmək, sonra isə mənzil almaq üçün onları qeydiyyata almışlar və onlara pasportlar verilmişdir, ilk olaraq 1944-cü ilin yanvar ayında 1922-ci il təvəllüdlü X5 qeydiyyata alınmışdır. Ondan sonra 1947-ci ildə onun qardaşı 1930-cu il təvəllüdlü X4 qeydiyyata düşmüş və pasport almışdır. Pasport aldıqdan sonra onlar özlərini ev sahibi kimi aparmağa başlamışdırlar. Onlar yerli hakimiyyət və milislə əlbir olmuşdular. Onların haradan gəldiyi və həmin vaxta qədər harada yaşadığı məlum deyil. Onlardan sonra onların digər ailə üzvləri: qardaşları, bacısı və anası da qeydiyyata alınmışdır. Onlarla birlikdə daha bir vətəndaş yaşayırdı. Onların deməsinə görə, həmin adam onların atası idi, lakin o, ev kitabında qeydə alınmamışdır. Sonra o, elan etdi ki, iddiaçının atasının doğma qardaşıdır və atasının soyadı Səfərov oldu. 1939-cu ildən atasının ümumiyyətlə heç bir soyadı olmamışdır, çünki o, nə tələffüz edə, nə də yaza bilirdi. Həmin soyad atasına 1948-ci ildən verilmişdir. Həmin şəxslər həyətə köçəndən sonra qəsəbə sovetliyində iddiaçının babasının və atasının adına olan sənədlər yoxa çıxmışdır. Onların həyətində digər kirayəçilər də yaşayırdı. Ev kitabında onların haradan gəldiyi və ailə vəziyyəti qeyd olunmuşdur. Onlardan aldığı gəlirdən atası dövlətə vergi ödəyirdi. Hazırkı iş üzrə Cavabdeh1 və onun bilavasitə tabeliyində olan Cavabdeh1 Başçısının Bibi Heybət qəsəbəsində nümayəndəliyi tərəfindən verilən rəsmi sənədlərdə mənbəyi olmayan, heç bir sənədlə əsaslanmayan yanlış məlumatlar qeyd edilmişdir: Cavabdeh1 Başçısının Bibi Heybət qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş 234 saylı, xx.xx.2021-ci il tarixli forma 2 arayışında bir çox şəxsləri onların qohumu kimi təqdim etmişlər. Həmin arayış qızına təqdim edilmişdir. Lakin qonşularını həmişə olduğu kimi, əvvəlcədən razılaşmış qaydada qohum kimi qələmə vermişlər. Rəsmi dövlət orqanının belə məsuliyyətsiz hərəkəti nəticəsində, dövlətin adından qərar çıxarmağa səlahiyyət verilən məhkəmələrin yanlış qənaətə gəlmələrinə səbəb olmuşdur. Qoşma kimi iddia ərizəsinə əlavə etdiyi arayışdan da görünür ki, sıra nömrəsi 7-dən başlayaraq ailəsinə yad insanlar qohum kimi qeyd edilmişlər. Onların qohum olmalarını rəsmi dövlət orqanı hansı sənədə istinadən yazır? Çünki belə sənəd mövcud deyil. Cavabdeh1 Başçısının Bibi Heybət qəsəbəsində nümayəndəliyi tərəfindən əvvəlki tarixlərdə də analoji forma 2 arayışları verilmişdir ki, onların yanlış məlumatları əsasında rəsmi sənədlərdə saxtakarlıqlara nail olunmuşdu. Cavabdeh tərəfindən bu məlumatların verilməsi iddiaçı kimi onun və ailə üzvlərinin hüquqlarını pozur. O cümlədən yekunda mülkiyyət hüquqları ilə bağlı gözlənti hüquqlarına da xələl gətirir. Lazımi qaydada hüquqlarından istifadə edilməsinə maneəçilik yaradır. Belə ki, ünvan 1 ünvanı üzrə dövlət reyestrinə əsasən 9 otaqlı yaşayış və qeyri- yaşayış sahələri olması qeyd edilmişdir. Həmin sahələr 1989-cu il tarixdə ona təqdim edilmiş texniki pasporta əsasən (həmçinin əvvəlki illərə aid sənədlərə əsasən atasına və babasına məxsusluğu qeyd edilmişdir) ona məxsusdur. Yanlış məlumatlara əsasən (həmçinin qohumluğu inkar edən sənədlərin olmamasına görə) 2005ci il tarixdə qeyd edilən ünvan üzrə yalnız 59,5 kv.m sahə özəlləşdirilmişdir. Ünvan üzrə qalan sahələrin yuxarıda qeyd edilən əsassız məlumatlara əsasən özəlləşdirilməsi aparılmamışdır. Əvvəllər mübahisələri məhkəmə müstəvisində həlli zamanı Səbail Bələdiyyəsinin nümayəndəsi olmuş, sonralar bələdiyyə işçisi statusunu itirdikdən sonra onun yalançı qohumlarının nümayəndəsi kimi məhkəmə proseslərində iştirak edən Babayeva Nilufər adlı xanım da iddiaçının maraqlarına ciddi xələl gətirmişdi. Onun sonradan da “qohumlarının” nümayəndəsi kimi məhkəmə iclaslarına çıxması halı bir daha sübut edir ki, bələdiyyə orqanının verdiyi “qohumluq”, “tikili və torpaq sahələrinə dair” məlumat-sənədlər yanlış olub və heç bir mənbəyi olmadan “havadan” götürülmüşdür. İddiaçının mülkiyyətinə dair “domovoy” kitabda da “yalan” məlumatlar öz əksini tapmışdır. Bu məlumatlar da cavabdehlərin məsul əməkdaşlarının nəzarətsizliyi və məsuliyyətsizliyi nəticəsində əmələ gəlmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində sahəsi özgə adamlar tərəfindən zəbt edilmişdir. Həmin adamlar özlərini qohum kimi təqdim etmişlər. Əslində isə onlar qohum olmayıblar. Saxtakarlıqla əmlakını ələ keçirmək istəyiblər. Onlar iddiaçının yaşayış şəraitinin pisləşməsinə səbəb olurlar. Əvvəllər qonşu , “kirayənişin” kimi sahəsində məskunlaşıb, indi isə “qohum” iddiasını bildirirlər. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-7797/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 1- 2(112)-7797/2025 saylı, 18 mart 2025 tarixli qərardadının ləğv edilməsini xahiş edir. Belə ki, həmin qərardadın nəticə hissəsi ilə razı deyil. Hesab edir ki, onun iddiası inzibati mübahisə olmaqla, inzibati məhkəmə tərəfindən araşdırılmalıdır. Onun tələbi “ünvan 1 ünvanla bağlı cavabdehlərin təqdim etdikləri rəsmi sənədlərdəki məlumatlara dair qeydlərinin qanunsuz hesab edilməsi və qeyd edilən ünvanda yaşayan şəxslərin qohumluq əlaqələrinə dair məlumatlara düzəlişlər edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması“ndan ibarətdir. Göründüyü kimi, onunla bir həyətdə yaşayan şəxslərin qohumluq faktlarının dəqiqləşdirilməsini istəmir. Onların qohum olmadıqları ona məlumdur. Onların əlində və cavabdehin əlində qohumluq faktını göstərən hər hansı sənəd mövcud deyil. Ona ilk növbədə cavabdehlərin onun həyətində yaşayan və onlara özlərini qohum kimi təqdim edən şəxslər barəsində verdikləri rəsmi sənədlərdəki qeydlərinin qanunsuz hesab edilməsi lazımdı. Əgər iddia tələbinin məzmununu dəqiq qeyd etməmişdirsə, məhkəmə tərəfindən ona yardım edilərək tələbinin düzəldilməsinə köməklik göstərilməli idi. Bundan başqa, həyətində yaşayan şəxslərin qohum kimi tanınmalarını istəsəydi, bunu arzu etsəydi Səbail Rayon Məhkəməsində “faktların müəyyən edilməsi ilə bağlı” iddia qaldırardı. Cavabdehlərin təqdim etdikləri qanunsuz “qohumluq əlaqələrini özündə əks etdirən” rəsmi sənədlər səbəbindən indiyədək bir çox haqlı məhkəmə mübahisələrində iddiaları təmin edilməmişdir. Məhkəmələr məhz hazırki işdəki cavabdehlərin sənədlərinə istinad etməklə, həyətində məskunlaşan qarşı tərəfləri onlara qohum kimi qeyd etmişlər. Bununla da onun tələbinə əks qətnamələr qəbul etmişlər. Ən sonuncu məhkəmə iclası 2022-ci il tarixdə həyətinə yeni qeydiyyata düşən şəxsin qeydiyyatdan çıxarılması barədə qaldırdığı iddia rədd edilmişdir. Rəddin səbəbi o göstərilmişdir ki, qohum olan şəxsin istifadə hüquqlarının araşdırılması üçün ümumi məhkəməyə müraciət edilməlidir. Bu mövqeyə də məhkəmənin gəlməyində hazırki iş üzrə cavabdehlərin rəsmi sənədləri səbəb olmuşdur. Bundan başqa, məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi həyətində yaşayan şəxslərin qohum olması barədə onlarda sənədin olmadığını etiraf etmişdir. Deməli, onun iddia tələbi də düzgün olduğu və təmin edilməli olduğu halda, ona faktın tanınması ilə bağlı ümumi məhkəməyə müraciət etməyi və hazırki iddianın qeyrimümkün olması bildirilmişdir. Təkcə bu hal qərardadın ləğvinə və geri qaytarılmasına əsasdır. Əslində onun ünvanı ilə bağlı “orada yaşayan şəxslərin” sənədləri saxtalaşdırılmışdır. Bununla bağlı xüsusi qərardad çıxarılmaqla prokurorluğa müraciət edilməlidir. Cavabdehlər əlbir olub, digər şəxslərin xeyrinə yalan rəsmi məlumatlar veriblər. Məqsəd ona məxsus olan sahənin zəbtində onlara yardımçı olmaq idi. “Həyətini zəbt edən şəxslərin” ilk qohum kimi adlandırdıqları Safarov Kərim adlı şəxs mövcud olmayıb, (güya həmin şəxs onun atasının qardaşı olub). “Domovoy kitabda” da Safarov Kərim adlı şəxs yazılmayıb. Heç vaxt belə şəxs qeydiyyatda olmayıb. Sovet dövründə də şəxslərin qeydiyyatına ciddi nəzarət var idi. “Safarov Kərimin” oğlu kimi özünü tanıdan Fətəli adlı şəxs sadəcə onun babasına məxsus həyətdə kirayənişin kimi qeydə alınmışdır. Sonradan isə cavabdehlərin səyləri və yalan məlumatları əsasında Safarov Kərim onun əmisi kimi qələmə verilməklə, şəxslərin həyətinə olan hüquqları təsdiqlənmişdir. Bütün bu hallar cinayətdir. Onların araşdırılması və cinayətdə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi mütləq olan halda onun haqlı tələbinə baxılmadan, qeyri-mümkün hesab edilmişdir. Cavabdehlər qohumluq sənədlərini göstərə bilmədikləri halda necə və nə əsasla verdikləri arayışlarda şəxslərin onlara qohum olmalarına dair qeydlər yazırlar? Hesab edir ki, belə olan halda şəxslərin onun qohumu olmadıqlarını sübut etmək vəzifəsi onun üzərinə deyil, məhz cavabdehlərin üzərinə (qohumluğa dair sübutların təqdim edilməsi və ya qohumluq faktının inkar edilməsi) qoyulmalıdır. Məhkəmə qərardadında qeyd edilib ki, qohumluq münasibətlərinin müəyyən edilməsi üçün məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Belə faktın müəyyən edilməsi tələbi onun hüquqi marağını əks etdirmir. O, “saxta, yalan, yoxlanılmamış məlumatları rəsmi sənədlərdə qeyd edən cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsini, onlar tərəfindən belə hərəkətlərin gələcəkdə edilməməsini və indiyədək onların yanlış sənədləri ucbatından qəbul edilmiş qərarların ləğv edilməsini” arzulayır. Hesab edir ki, iddia düzgün və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddia tələbindən görünür ki, iddiaçı yuxarıda qeyd edilən ünvanda yaşayan şəxslərin qohumluq əlaqələrinə dair məlumatlara düzəlişlər edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş edir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, qohumluq münasibətlərinin müəyyən edilməsi cavabdehlərin səlahiyyətlərinə aid olan məsələ deyildir. İddiaçının digər predmetli iddia ilə (məsələn, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsindən qeydiyyatdan çıxarılma, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması ilə bağlı mübahisələr və s.) məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7797/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar