Məhkəmə qərarları › İş №2-1(103)-2482/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2482/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2482/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Masallı rayonunun Təzəkənd kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8 qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)-3351/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 28.10.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə təyin edilmiş pensiyasının bərpa edilməsi və ondan alınmış pulun özünə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət çilingər vəzifəsində işləmişdir. 1997-ci ildən 2005-ci il tarixə kimi Lənkəran Təmir Tikinti İdarəsində çilingər kimi işləmişdir. Əvvəllər işlədiyi illərlə bağlı əmək kitabçası olsa da Lənkəran şəhərində işlədiyi idarədə əmək kitabçası yazılmamış qalmışdır. İşlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən məhkəməyə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin 2(049)6765/2017 saylı qətnaməsi ilə onun həmin idarədə işləməyi və həmin illər üzrə iş stajının olması barədə qətnamə qəbul edilmişdir. Bununla bağlı DSMF-nin Masallı rayon şöbəsinə müraciət etmiş və qanunla ona güzəştli şərtlərlə pensiya verilmişdir. Lakin bu son aylar onun pensiyası dayandırılmış və o DSMF-nin Masallı şöbəsinə yaxınlaşmışdır, oradan ona bildirmişlər ki, guya onun sənədləri düz deyil və daha ona pensiya verilməyəcək. Hətta onun bu illər ərzində aldığı pensiyasını da geri istəmişlər. Demişlər ki, o pensiyanı geri qaytarmalıdır, əgər araşdırmadan sonra onun pensiyası təsdiqlənsə o, yenə pulu onlardan alacaq. O da bankdan kredit götürüb 6000 manata yaxın pulu DSMFin hesabına köçürmüşdür. Sonradan pensiyası məsələsi ilə bağlı hüquqşünaslarla söhbət aparanda ona məlum olmuşdur ki, onu aldadıblar və pensiyası haqsız yerə dayandırılmışdır. Bir necə dəfə DSMF-nin Masallı rayon şöbəsinə getmiş və pensiyasının dayandırılması barədə ona rəsmi məktubun verilməsini xahiş etsə də heç kim ona pensiyasının konkret olaraq hansı səbəbdən dayandırılmasını deyə bilmirlər və bu barədə rəsmi məktub verə bilmirlər. Ona güzəştli şərtlərlə təyin edilmiş pensiyası qanuni olduğundan həmin pensiyası sonradan əsassız olaraq dayandırılmışdır. Şirvan İnzibati Məhkəməsinin 02.12.2020-ci il tarixli, 2-1(120)-1739/2020 nömrəli qərardadı ilə (hakim Z.Allahyarov) cavabdeh Dövlət Sosial Müdafiə Fondu X10 Masallı rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Həmin tarixli qərardad ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 16.02.2020-ci il tarixdə dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)-3351/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) İddia tələbi təmin edilmiş, İddiaçı 16.02.2020-ci il tarixdən dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat X8 həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)-3351/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçasında olan qeydlərə əsasən müəyyən olunur ki, iddiaçının ümumi iş stajı 25 ildən az ( 16 il 7 ay 26 gün) təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)- 3351/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960cı ildə Masallı rayonu Təzəkənd kəndində doğulmuşdur. - Masallı rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 554 №-li, 14.10.2020-ci il tarixli arayışından görünür ki, Eyvazov X3 rayonu Təzəkənd kəndində qeydiyyatdadır. Hal-hazırda Təzəkənd kəndində yaşayır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 24.05.1979-cu ildən 15.06.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin 462 №-li, 13.08.2020-ci il tarixli aryışından görünür ki, İddiaçı 24.05.1979-cu ildən 15.06.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 26.06.1978-ci ildən 07.05.1979-cu ilə qədər Azərbaycan Dəmiryollarının Ələt dayanacaq stansiyası vaqon depoda refrijerator qatarında mexanik (10 ay 12 gün), 20.05.1979-cü ildən 15.05.1981-ci ilə qədər Sovet ordusunda xidmət etmiş, 26.10.1981-ci ildən 30.10.1996-cı ilə qədər Azərbaycan Dəmiryolları refrijerator qatarında mexanik (15 il 0 ay 5 gün) vəzifələrində işləmişdir. - Lənkəran Rayon Məhkəməsinin 2(049)-6765/2017 saylı, 14.11.2017-ci il tarixli qətnaməsinin (hakim M.Rzayev) surətindən görünür ki, həmin qətnamə ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı 06.01.1997-ci il tarixdən 28.12.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləməsi faktı müəyyən edilmişdir. - Lənkəran Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 1611/2021 №li, 19.04.2021-ci il tarixli məktubdan (sədr Ə.Ələkbərov) görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)6765/2017 saylı, 14.11.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qeyd olunan qətnamə 18.12.2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı 19.06.2017-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yükdaşımalar Departamenti Yeni X6 Deposu tərəfindən verilmiş 13.06.2017-ci il tarixli məktuba əsasən İddiaçı həqiqətən 26 iyun 1978-ci ildən 07 may 1979-cu ilədək və 26 oktyabr 1981-ci ildən 30 oktyabr 1996-cı ilədək refrijerator qatarının (seksiyasının) mexaniki vəzifəsində işləyib. Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarının “Nəqliyyat” bölməsinin 21.4 bəndinə əsasən refrijerator qatarının (seksiyasının) mexanikləri güzəştli şərtlə 12 il 6 ay iş stajı ilə təqaüdə çıxa bilər. İddiaçı güzəştli şərtlə iş stajı 15 il 10 ay 16 gündür. İddiaçı məxsus 06.01.1997-ci il tarixli, İT-1945471 №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 06.01.1997-ci ildən 28.12.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Sosial X5 şəhər şöbəsinin 11.09.2017-ci il tarixli, 1/5-214 nömrəli məktubundan görünür ki, İddiaçı 1997-2005-ci illərdə Lənkəran Təmir Tikinti Sahəsində işləməsi müəssisənin arxiv sənədləri saxlanılmadığı üçün X4 rayon filialına təhvil verilmədiyindən həmin faktın yoxlanması imkan xaricindədir. Müəssisə Dövlət Sosial X5 şəhər şöbəsinə 2006-cı il tarixədək fəaliyyət göstərmiş və heç bir borcu olmamışdır. DSMF-nin Masallı rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanlanmış 19.09.2017-ci il tarixli məktubdan görünür ki, sənədlərin yerində qarışılıqlı yoxlamasının həyat keçirmək mümkün olmadığı üçün onun əmək pensiyası hüququndan imtina edilir. Lənkəran Rayon Məhkəməsi tərəfindən DSMF-nin Lənkəran şəhər şöbəsinə məhkəmənin 2(049)6765/2017 saylı mülki iş üzrə 14.11.2017-ci il tarixli qətnaməsi göndərilmişdir. DSMF-nin Masallı rayon şöbəsi tərəfindən qəbul edilmiş 629 №-li, 15.12.2017-ci il tarixli qərara əsasən İddiaçı 10.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon filialı tərəfindən məhkəməyə ünvanlanan **********1 №-li, 30.11.2020-ci il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Auidit şöbəsinin Fondun Masallı rayon şöbəsində 2020-ci ilin fevral ayında apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı adına olan əmək kitabçasında onun 1997-2005-ci illərdə Lənkəran təmir-tikinti idarəsində işləməsi barədə qeydlərin olmasına baxmayaraq, işləməsini təsdiq edən möhür isə Lənkəran Yol Təmir- Tikinti İdarəsinə məxsusdur. Lənkəran şəhər Məhkəməsinin 2(049)6765/2017 saylı qətnaməsi ilə İddiaçı 1997-2005-ci illərdə Lənkəran Təmir-Tikinti İdarəsində işləməsi faktını təsdiq etmişdir. İddiaçı əmək kitabçasında 1997-2005-ci illərdə Lənkəran Təmir-Tikinti İdarəsində işləməsi barədə qeydlərin olmasına baxmayaraq, işləməsini təsdiq edən möhür isə Lənkəran Yol Təmir-Tikinti İdarəsinə məxsus olduğu və Fondun Lənkəran şəhər şöbəsinin verdiyi məlumata əsasən Lənkəran Yol Təmir-Tikinti İdarəsinin 1999-2005-ci il tarixlərdə sosialsığorta ödəyicisi olmaması səbəbindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.1-ci maddəsinə əsasən işçini işə götürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti sığorta stajına daxil edildiyi üçün yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası ləğv edilmiş, artıq aldığı vəsait geri qaytarılmışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 22.04.2021-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 16.02.2020ci il tarixindən dayandırılmışdır. İddiaçı pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 26.06.1978-ci ildən əmək fəaliyyətinə başlamış, 26.06.1978-ci ildən 07.05.1979-cu ilə qədər Azərbaycan Dəmiryollarının Ələt dayanacaq stansiyası vaqon depoda refrijerator qatarında mexanik vəzifəsində işləmiş, 20.05.1979-cü ildən 15.05.1981-ci ilə qədər Sovet ordusunda xidmət etmiş, hərbi xidmətdən qayıtdıqdan sonra 26.10.1981-ci ildən 30.10.1996-cı ilə qədər Azərbaycan Dəmiryolları refrijerator qatarında mexanik, 06.01.1997-ci ildən 28.12.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər vəzifələrində işləmişdir. İddiaçı 19.06.2017-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, inzibati orqan sənədlərin yerində qarışılıqlı yoxlamasının, yəni Lənkəran Təmir Tikinti Sahəsində işləməsinin müəyyən edilməsinin mümkün olmamasını əsas gətirərək ona pensiyanın təyin edilməsində imtina etmişdir. Bundan sonra Qüdrət Eyvazov məhkəməyə müraciət edərək onun 06.01.1997-ci il tarixdən 28.12.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləməsi faktının təsdiq edilməsini xahiş etmiş və Lənkəran Rayon Məhkəməsinin 2(049)-6765/2017 saylı, 14.11.2017-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. DSMF-nin Masallı rayon şöbəsi tərəfindən qəbul edilmiş 629 №-li, 15.12.2017-ci il tarixli qərara əsasən İddiaçı 10.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməyə başlanılmışdır. İddiaçı Yəhya Eyazova təyin edilmiş ödəniş 16.02.2020-ci il tarixindən dayandırılmışdır. Cavabdeh inzibati orqan yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılmasını (ləğv edilməsini) İddiaçı əmək kitabçasında 1997-2005-ci illərdə Lənkəran Təmir-Tikinti İdarəsində işləməsi barədə qeydlərin olmasına baxmayaraq, işləməsini təsdiq edən möhür isə Lənkəran Yol təmir-tikinti idarəsinə məxsus olduğu və Fondun Lənkəran şəhər şöbəsinin verdiyi məlumata əsasən Lənkəran Yol Təmir-Tikinti İdarəsinin 1999-2005-ci il tarixlərdə sosial-sığorta ödəyicisi olmaması səbəbindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.1-ci maddəsinə əsasən işçini işə götürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti sığorta stajına daxil edilməsi ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş güzəştli pensiyanın dayandırılmasının əsasını 1997-2005-ci illərdə Lənkəran Təmir-Tikinti İdarəsində işləmədiyi dövrün mübahisələndirilməsi təşkil etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-6765/2017 saylı, 14.11.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı 06.01.1997-ci il tarixdən 28.12.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə 18.12.2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilən hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təkzib edilmiş, eyni zamanda qeyd edilən qətnamənin ləğv edilməsi barədə hər hansı sənəd-sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də nəzərə alınmaqla 25 ildən artıq ümumi iş stajının mövcud olması müəyyən edilir. Məhkəmə Kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının çalışdığı vaqon deposunda refrijerator qatarının (seksiyasının) mexaniki peşəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ bölməsinin 23001000— 23598 şifrinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü Bölməsində nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri peşəsinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)-3351/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(112)-3351/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar