Məhkəmə qərarları › İş №2-1(103)-2483/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2483/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2483/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Abbasov Zeynəlabidin Abbas oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X29, Üçüncü şəxsin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" QSC) “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-639/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-639/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində də qeyd edildiyi kimi ona məxsus torpaq sahəsinin koordinatları müəyyən edilsə də, "xxxx" QSC-nin mülkiyyətində olan 71,20 kv.m daşınmaz əmlakın koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin mütəxəssis rəyi ilə iddiaçıya məxsus torpaq sahəsi və tikililərin "xxxx" QSC-nə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməməsini, eləcə də həmin fərdi yaşayış evi ilə "xxxx" QSC-nə məxsus fərdi yaşayış evinin yerləşmə vəziyyətlərini də müəyyən etmək də mümkün olmamışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra "xxxx" QSC-nin əməkdaşları tərəfindən mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin bir hissəsi zəbt edilmişdir. Ona görə də məhkəmənin qəbul etdiyi qərarda qeyd edilən ünvandakı fərdi yaşayış evinin və torpaq sahəsinin bir hissəsinə "xxxx" QSCnin faktiki istifadəsində olması barədə gəldiyi qənaət də təmamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın ümumi sahəsi 185.10 kv.m, torpaq sahəsini ölçüsü 0, mülkiyyət növü dövlət, istifadə hüququ olmaqla İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - ünvan 3 nömrəli fərdi yaşayış evi ilə bağlı hüquq subyekti İddiaçı və başqalarının adına xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********84-10301 reyestr nömrəli texniki pasporta əsasən torpaq sahəsi haqqında məlumat - faktiki sahə 0.05813 ha, tikinti altı sahə 0.01688 ha, digər sahələr 0.04125 ha, “A” literli yaşayış evi, “İ”, “İİ”, “İİİ”, “İV”, “V”, literli yardımçı tikililər və “Vİ” literli hasar tikilisi yerləşir. “A” literli, yaşayış evi yarımzirzəmi mərtəbəsi və birinci mərtəbədən ibarət olmaqla yarımzirzəmi mərtəbəsi 1, 3 və 4 saylı təsərrüfat otağı, 2 saylı qaraj, 5 saylı giriş-dəhliz hissədən, 1-ci mərtəbəsi 1, 2 və 4 saylı yaşayış otağı, 3 və 5 saylı mətbəx, 6 saylı giriş-pilləkən hissəsindən ibarət olmuşdur. “A” liter tikilisinin tikildiyi il 1959-cu il, mərtəbəliyi 1, ümumi sahə 185.1 kv.m, yaşayış sahəsi 70.7 kv.m, köməkçi sahə 24.1 kv.m, yarımzirzəmi 90.3 kv.m, tikinti altı sahə 118.4 kv.m göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabına 142 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində ipoteka hüququ "xxxx" QSC-nin adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2018 nömrəli, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər "xxxx" firmasına və X6 qarşı müqavilə üzrə debitor borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdeh "xxxx" firmasının iddiaçı “Lukoyl-Azərbaycan" QSC-yə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin geri qaytarılması barədə qarşılıqı iddiasının qismən təmin edilməsi, iddiaçı “Lukoyl- Azərbaycan" QSC-dən 65175,80 manat tutulub cavabdeh "xxxx" firmasına verilməsi, aparılmış ekspertiza tədqiqatının 200 manat dəyərinin “Lukoyl-Azərbaycan" QSC-yə aid edilməsi və həmin məbləğin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13649/2018 nömrəli, 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" QSC-nin iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh "xxxx" firmasından 57722.47 manat əsas borc və 5800 manat cərimə borcu ümumilikdə 63522,47 manat məbləğində debitor borcu və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyan X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanda yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin ev ilkin olaraq 150.000 manat qiyməti ilə açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaiti hesabına "xxxx" firmasının "xxxx" QSC-yə olan 63522,47 manat borcun ödənilməsi, "xxxx" firmasının "xxxx" QSC-yə qarşı "xxxx" QSC-dən "xxxx" firmasının xeyrinə 71547 manat məbləğində pulun tutulması, tərəflər arasında bağlanmış 140053 saylı 11 fevral 2014-cü il tarixli kommersiya subkonsessiyası müqaviləsinin 4-cü maddəsinin 4.1 bəndinin 5-ci yarımbəndində qeyd olunan “bir ton avans alınmış neft məhsulu üçün 11,80 manat məbləğində (ƏDV daxil olmaqla) komissiya haqqını Subfrançayz verənin hesablaşma hesabına ödənilməsini öz öhdəsinə götürür. Komissiya haqqına Subfrançayz verənin bu Müqavilənin icrası ilə əlaqədar bütün çəkdiyi xərclər daxil edilir. İpoteka rəsmiləşdirilənə qədər ödəniş avans olaraq neft məhsulları təchiz edilən tarixdən etibarən 3 (üç) gün ərzində həyata keçirilir” hissəsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza tədqiqatının 200 manat dəyərinin cavabdeh "xxxx" firmasına aid edilməsi və həmin məbləğin ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3854/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13649/2018 nömrəli iş üzrə 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, Y-16 nömrəli protokoluna əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13649/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-116266-15 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə: “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC əmlakı 95625 (doxsan beş min altı yüz iyirmi beş) manata almışdır. xx.xx.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən "xxxx" MMC ilə "xxxx" QSC arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi alıcı "xxxx" QSC-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın ümumi sahəsi 71.20 kv.m, torpaq sahəsini ölçüsü 0.005343 ha, mülkiyyət növü dövlət, istifadə hüququ olmaqla xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" QSC-nin adına qeydə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki: - 013130 nömrəli, xx.xx.1973-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı Masazır küçəsi, 19/17 nömrəli fərdi yaşayış evinin ½ hissəsi X19, digər hissəsi isə X7 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunaraq Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsindəki 19/17 saylı fərdi yaşayış evinin 1 və 3, 2 və 3, 6 və 9 saylı tikililəri arasındakı qapılar balanmaqla, 2 saylı qarajla 1 saylı otağın arasında olan divarda və 1 saylı otaqdan həyətyanı sahəyə keçid qapısı açmaqla, 2 saylı tikilidən (qarajdan) 7 saylı tikiliyə pilləkən qəfəsəsi yaradılmaqla təcrid olunan 1, 2, 6 və 7 saylı tikililərin iddiaçı Kərimova XanımSultan Fərman qızının mülkiyyətinə verilməsi, evin 3, 4, 5, 8, 9 və 10 saylı tikililərinin X13 və X20 istifadəsində saxlanması, Kərimova Xanım-Sultan Fərman qızının adına ayrıca qeydiyyat şəhadətnaməsinin verilməsi, mənzilin 3 və 1 saylı tikililərin arasında olan arakəsmədən həyətyanı toropaq sahəsinə istiqamətdə qonşu hasara qədər sərhəd hasarı hörülməklə, 1 saylı tikilinin qarşısındakı həyətyanı torpaq sahəsinin Kərimova Xanım-Sultan Fərman qızının istifadəsinə verilməsi, qalan həyətyanı torpaq sahəsinin X13 və X20 istifadəsində saxlanması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Müki İşlər üzrə Məhkəmə Kollegiyasının 1 mk263/2007 nömrəli, 23 may 2007-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qətnaməsinin X9 iddia tələblərinə aid hissədə qismən ləğv edilməsi, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsi, 19/17 saylı fərdi yaşayış evinin X19 adına qalmış 3/20 hissəsinə X20, X21 və X9 hər birinin 1/20 pay hüququnun tanınması, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi, qalan hissədə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qətnaməsinin dəyişdirilməsi: X14 2657.94 manat alınaraq Kərimova Xanım-Sultan Fərman qızına verilməsi, Kərimova Xanım-Sultan Fərman qızının pay hissəsi digər hissələrdən təcrid olunduqdan sonra, onun mülkiyyətinə aid, əvəzi X30 tərəfindən ödəniləcək 2.46 kv.m yaşayış və 2.94 kv.m yardımçı sahələrə onun mülkiyyət hüququnun tanınması qət edilmişdir. Miras evdəki paylarından istifadə etməyən digər vərəsələr X15, X22 və X24 paylarının naturada ayrılması mümkün olmadığından, bu sahələrin hazırda faktiki istifadəçisi X25 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsində nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməsi barədə iddia vermək hüququ izah edilmişdir. - AN-İ ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Kərimova Xanım-Sultan Fərman qızı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evini bütünlüklə alıcı X10 mülkiyyətinə verir. - AN-İ ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X26 bir otaqlı ümumi sahəsi 71,2 kv.m, yaşayış sahəsi 28,0 kv.m olan və ünvan 3 ünvanında yerləşən evi alıcı X3 mülkiyyətinə verir. - AN-İ ******* nömrəli, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Əliyeva (Kərimova) Sara Rafiq qızı, Əbilova (Kərimova) Bəsti Rafiq qızı, X2 ünvan 3 ünvanında faktiki 0.05813 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.9 kv.m, yaşayış sahəsi 70.7 kv.m, köməkçi sahəsi 162.2 kv.m olan 3 otaqlı evdən paylı mülkiyyət hüququ üzrə öz paylarına düşən hissələri bütünlüklə Əliyeva (Kərimova) Sara Rafiq qızına məxsus 1/20 hissə, Əbilova (Kərimova) Bəsti Rafiq qızına məxsus 1/20 hissə və X1 məxsus 1/20 hissədən y/s 2.46 kv.m, k/s 2.94 kv.m alıcı X3 mülkiyyətinə verir. - AN-İ ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X16 DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə onun adına verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında istifadədə olan 0.01688 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 70.7 kv.m, yardımçı sahəsi 162.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissə, 3 otaqdan ona aid 4/20 hissəsini alıcı X4 mülkiyyətinə verir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında dövlət mülkiyyətində istifadədə olan 0.01184 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ, 10/14 hissədən bir hissə X8, 10/14 hissədən bir hissə X5, 4/14 hissə X4 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 10/14 hissədən bir hissə X11 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X17 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 4/14 hissə, 66.54 kv.m hissəni alıcı İddiaçı mülkiyyətinə verir. - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X23, X18, X28 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinin hər biri ona aid 10/14 hissəni (55.45 kv.m) İddiaçı mülkiyyətinə verir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən dövlət mülkiyyətində istifadədə olan 0.01184 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinin 10/14 hissə X8, X5, X11 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 4/14 hissə İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********77 nömrəli məktubda bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi və həyət tikililəri digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən, qonşular arasında notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evinin xüsusi mülkiyyətində olduğunu əsas götürərək həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin "xxxx" QSC-yə aid tikili və torpaq sahəsi ilə üst-üstə düşdüyünü, bu halda hər iki mülkiyyətçi arasında torpaq sahəsinin bölgüsünə dair notarial razılığın təqdim edilməli olduğunu, iddiaçının isə belə bölgü razılığı təqdim etmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı müıkiyyətdə olmamaqla, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. F fərdi yaşayış evinə dair texniki pasportda göstərilən tikililər onun istifadəsindədir, həmin tikililərdən hər hansı digər şəxs sahiblik və istifadə etmir. Həmin ünvanda "xxxx" QSC şirkətinə aid ev və torpaq sahəsi yoxdur. Məhkəmə iddianın təmin edilməməsi ilə bağlı nəticəsini əsaslandırarkən bildirmişdir ki, “... nə qədər ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı iddiaçı ilə yanaşı "xxxx" QSC-nin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakında qeydiyyata alınmış qeydlər mövcuddur, üçüncü şəxsin adına olan qeydlər mübahisələndirilməmiş, ləğv edilməmiş, qeydlərin qeyri-dəqiqliyi sübuta yetirilməmiş, bu barədə məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcud olmadığından, həmin qeydlərin mötəbərliyi və tamamlığı prezumpsiyası qüvvədədir, belə olan halda cavabdehin mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vahid əmlak olaraq iddiaçının adına qeydiyyata almasından imtina etməsi qanunazidd hesab edilməməlidir.” Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə tərəfindən mübahisənin faktiki halları və təqdim edilən sübutlar çərçivəsində kifayət qədər araşdırma aparılaraq düzgün nəticəyə gəlinmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işin aşağıdakı faktiki halları müəyyənləşdirilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı hazırda xx.xx.2020-ci il tarixdə İddiaçı adına aparılmış qeydiyyat mövcuddur. İddiaçı adına birinci dəfə paylı mülkiyyətçi kimi xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılarkən torpaq sahəsinin ölçüsü 0.01184 ha, daşınmaz əmlakın ümumi sahəsi 232.9 kv.m göstərildiyi halda, İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat zamanı isə daşınmaz əmlakın ümumi sahəsi 185.10 kv.m, torpaq sahəsinin ölçüsü isə göstərilməmişdir. ünvan 3 ünvanı ilə bağlı xx.xx.2020-ci il tarixdə reyestr nömrəsi **********84-10301 olan texniki pasport tərtib edilmişdir ki, həmin texniki pasportun özündə hüquq subyekti kimi “İddiaçı və başqaları” qeyd edilmişdir. Texniki pasportda tikintialtı sahə 0.01688 ha, faktiki sahə isə 0.05813 ha qeyd edilmişdir. "xxxx" QSC-dən götürülmüş neft məhsulunun dəyərinin ödənilməsinin təminatı olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 13649/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin xeyrinə "xxxx" Firmasından 57.722,47 AZN əsas borc və 5.800,00 AZN cərimə məbləğin tutulması, tutmanın ipoteka predmeti olan X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və hərracın nəticələrinə dair yekun protokol əsasında "xxxx" QSC-yə satılmış, xx.xx.2020-ci il tarixdə torpaq sahəsinin ölçüsü 0.005343 ha, mülkiyyət növü dövlət, istifadə hüququ göstərilməklə ümumi sahəsi 71.20 kv.m olan daşınmaz əmlak üzərində mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə “LUKOYL-Azərbaycan QSC-nin adına qeydə alınmışdır. Hazırda həmin ünvan üzrə "xxxx" QSC-nin adına xx.xx.2020-ci il tarixdə aparılmış qeydiyyat mövcuddur. Həmin qeydlərdə torpaq sahəsinin ölçüsü 0.005343 ha, daşınmaz əmlakın ümumi sahəsi isə 71.20 kv.m göstərilmişdir. Qeyd edilməlidir ki, "xxxx" QSC-nin adına aparılmış qeydiyyatla bağlı fərdi yaşayış evinin texniki pasportu və ya həmin əmlakın yerləşdiyi torpaq sahəsinin plan-ölçüsü yoxdur. AR İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarına əsasən, məhkəmənin yerli baxışı zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə iki tərəfdən giriş vardır. Yarımzirzəmi mərtəbəsində tikililər, birinci mərtəbədə yerləşən tikililərin bir qismi "xxxx" QSC istifadəsində, digər qismi İddiaçı faktiki istifadəsindədir, eyni zamanda evin yerləşdiyi torpaq sahəsi təcrid edilmiş şəkildə daş divarla hissəyə bölünmüş, bir hissəsi mişar daşı ilə hasara alınaraq "xxxx" QSC-nin istifadəsində, bir hissəsi İddiaçı oğlunun faktiki istifadəsindədir. Yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan hissəsində texniki pasportda göstərilməyən fərdi yaşayış evinə bitişik inşa edilmiş əlavə tikililərin olduğu müşahidə olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki:

1. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185.10 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edildi.

2. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.20 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə verilmiş (müraciətə əlavə edilmiş) reyestr nömrəsi **********18-10301 nömrəli çıxarışın koordinatları plan-ölçü sənədinin təqdim edilməməsi (mövcud elektron kadastr bazasında "xxxx" QSC-yə dair məlumat aşkar edilməməsi) səbəbindən "xxxx" QSC mülkiyyətində olan 71.20 kv.m daşınmaz əmlakın koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır.

3. "xxxx" QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə verilmiş (müraciətə əlavə edilmiş) reyestr nömrəsi **********18-10301 nömrəli çıxarışın koordinatları və plan-ölçü sənədinin təqdim edilməməsi (mövcud elektron kadastr bazasında "xxxx" QSC-yə dair məlumat aşkar edilməməsi) səbəbindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.20 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin reyestr nömrəsi **********84-10301 olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən (faktiki sahə 0.05813 ha, tikinti altı sahə 0.01688 ha, digər sahələr 0.04125 ha) torpaq sahəsində yerləşib-yerləşmədiyinin müəyyən edilməsi mümkün olmamışdır.

4. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185.10 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin elektron bazada çıxarışın yerləşmə mövqeyinin koordinatlarına görə müəyən etmək mümkün olsa da, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi, reyestr nömrəsi **********84-10301 olan çıxarışın koordinatları və plan-ölçü sənədinin təqdim edilməməsi səbəbindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi qeydiyyata alınmış sahəsinin və tikililərin xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməməsini müəyyən etmək mümkün olmamışdır.

5. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185.10 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evi ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.20 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşmə vəziyyətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Sadalananlardan əlavə kollegiya bildirir ki, məhkəmə araşdırması zamanı xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış ümumi sahəsi 71.20 kv.m olan fərdi yaşayış evi və həmin evin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyətini “İddiaçı və başqaları”nın adına xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən faktiki cəhətdən müəyyən etmək mümkün olmamış, eyni zamanda qeyd edilən fərdi yaşayış evinin ayrıca texniki pasportunun olmaması səbəbindən yerləşmə vəziyyətini sənəd üzrə də müəyyən etmək mümkün olmamışdır. İddiaçı isə şikayətində göstərilən ünvanda "xxxx" QSC-yə aid fərdi yaşayış evi və torpaq sahəsinin olmadığını, ona məxsus əmlakın söküldüyünü qeyd etməklə həmin ünvanda yerləşən daşınmaz əmlakın və yerləşdiyi torpaq sahəsinin yalnız ona aid olduğunu iddia etmiş, lakin bununla bağlı məhkəməyə müvafiq sübutlar təqdim etməmişdir. Eyni zamanda, işin qeyd edilən hallarını nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, “"xxxx" QSC-yə aid mövcud əmlakın texniki pasportunun əldə edilməsi və ya onun adına verilmiş həmin əmlakın söküldüyü iddia edildiyi halda əmlaka dair qeydlərin mübahisələndirilməsi ilə bağlı məsələlər hazırkı inzibati məhkəmə icraatında öz həllini tapa biləcək məsələlər deyildir. Başqa sözlə, hazırkı hüquqi vəziyyət cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təminindən imtina etməsinin əsaslı olması qənaətinə gəlməyə əsas verir.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; ... Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qəraraaldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-639/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar