Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2483/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyadan tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair işi üzrə Açar sözlər: (qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyadan tutulmuş məbləğin geri qaytarılması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyadan tutulmuş məbləğin geri qaytarılması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(112)-1776/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 20 may 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən 07 iyun 2024-cü il tarixli 3-17-1/2-Z-133768/2024 nömrəli imtina məktubu ilə ona kifayət qədər pensiya kapitalının olmaması bildirilmiş, bu səbəbdən də əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş əmək pensiyası ödənişinin dayandırılması qərarlarının ləğv edilməsi, İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyasından tutulmuş məbləğin ona geri qaytarılması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuş, 1978-ci il tarixdən 1981-ci il tarixədək Bakı maliyyə kredit texnikomunda təhsil almışdır. 1977-ci il tarixdən 2007-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətlərinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və xx.xx.2024-cü il tarixli pensiya təyinatından imtina etmişlər. Müraciətə cavabda bildirilmişdir ki, “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə xx.xx.2017-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və pensiyanın ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Xidməti araşdırma zamanı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək Lerik rayon 43 saylı Yol təmir-tikinti idarəsindəki dövrün əmrlər kitabına sonradan yazıldığı və xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək Mənzil İstismar Müəssisəsində əmək fəaliyyəti dövrünüz təsdiqini tapmadığından əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajınızın olmadığı müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, Lerik rayonu X8 Təsərrüfatının 1996-2005-ci il illər üzrə hesabatları pensiya işinizdə aşkar edilmədiyi üçün 1996-2005-ci illərdə Lerik rayon X8 təsərrüfatında olan əmək fəaliyyəti dövrünüz araşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 1 saylı Lənkəran- Astara regional filialının xx.xx.2024-cü il tarixində Lerik rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi akta əsasən xx.xx.1996-cı ildə X8 təsərrüfatının rəhbəri təyin edilmisiniz və xx.xx.2002-ci il tarixli 10 nömrəli əmrlə müvəqqəti olaraq fermer təsərrüfatının işi dayandırılmışdır. Məlumat üçün bildirilir ki, xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövr 5 il 11 ay 18 gün təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən X8 təsərrüfatının əmək haqqı cədvəlləri Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün 1996-2005-ci illər üzrə əmək haqqı ödənişlərinizi müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sizə əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müvafiq xidməti məktuba əsasən saxtalaşdırılmış sənədlər və ya təhrif edilmiş məlumatlarla pensiya təyinatına nail olunmuş işlər üzrə artıq ödənilmiş vəsait son 3 il üzrə məhdudlaşdırılmadan tam məbləğdə tutulur. Qanunun 39.1ci maddəsinə uyğun olaraq əmək pensiyanızdan tutulan məbləğin ləğv olunması və ya dayandırılması mümkün hesab edilmir (pensiya işinizdə olan VT-İ No ******* saylı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlər sığorta stafı kimi təsdiqlənmədiyindən). Əlavə olaraq bildiririk ki, pensiya işinizdə olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 14 il 10 ay 6 gün olmaqla qanunla tələb olunan müddətdən (13 il 8 aydan) çox olmasına baxmayaraq, fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 3 ay 6 gün sığorta stajınıza uyğun 5.253,12 manat, xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək 80,38 manat olmaqla, ümumilikdə 5.333,50 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 13.530,00 manat pensiya kapitalından (56 yaşınıza uyğun olaraq) azdır və minimum pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir". Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda Mərkəzi Filiala təqdim etdiyi sənədlərə cavabdeh əsassız olaraq "saxta" kimi qiymətləndirmişdir. Hazırki vəziyyətdə isə inzibati orqan müraciətini araşdırmaq əvəzinə, formal əsaslarla ona imtina edib. Bu azmış kimi ondan əlavə ödəniş tələb edir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı 20 may 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılmasını xahiş etmiş. Mərkəzi Filial tərəfindən 07 iyun 2024-cü il tarixli 3-17-1/2-Z-133768/2024 nömrəli imtina məktubu ilə ona kifayət qədər pensiya kapitalının olmaması bildirilmiş, bu səbəbdən də əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və pensiyasının ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Xidməti araşdırma zamanı, iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Lerik rayon 43 saylı Yol təmirtikinti idarəsindəki dövrün əmrlər kitabına sonradan yazıldığı və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Mənzil İstismar Müəssisəsində əmək fəaliyyəti dövrünün təsdiqini tapmadığından əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Həmçinin Lerik rayonu X8 Təsərrüfatının 1996-2005-ci il illər üzrə hesabatları iddiaçının pensiya işində aşkar edilmədiyi üçün 1996- 2005-ci illərdə Lerik rayon X8 təsərrüfatında olan əmək fəaliyyəti dövrü araşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixdə Lerik rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi akta əsasən iddiaçı xx.xx.1996-cı ildə X8 təsərrüfatının rəhbəri təyin edilmiş və xx.xx.2002-ci il tarixli 10 nömrəli əmrlə müvəqqəti olaraq fermer təsərrüfatının işi dayandırılmışdır. xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr 5 il 11 ay 18 gün təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının 05.04 2024-cü il tarixli aktına əsasən X8 təsərrüfatının əməkhaqqı cədvəlləri Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün iddiaçının 1996-2005-ci illər üzrə əmək haqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Müvafiq xidməti məktuba əsasən saxtalaşdırılmış sənədlər və ya təhrif edilmiş məlumatlarla pensiya təyinatına nail olunmuş işlər üzrə artıq ödənilmiş vəsait son 3 il üzrə məhdudlaşdırılmadan tam məbləğdə tutulur. Qanunun 39.1-ci maddəsinə uyğun olaraq iddiaçının əmək pensiyasından tutulan məbləğin ləğv olunması və ya dayandırılması mümkün hesab edilmir. Həmçinin İddiaçı cavabdeh Mərkəzi Filiala ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, artıq ödənilmiş vəsaitin ondan aylıq 10 faiz həcmində tutulmasına razılıq vermişdir. İş üzrə cavabdeh Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-92014/2024 nömrəli xidməti məktubundan görünür ki, İddiaçı təqdim etdiyi təhsil haqqında 048338 nömrəli sənədin surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil illəri, ******* nömrəli hərbi biletin surətinə əsasən 13.12 1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, 02.04 1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 16 il 1 ay 4 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda iddiaçının xx.xx.2017-ci il tarixdə 56 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 164 ay sığorta stajı tələb olunur ((56-15)x4=164). Sözügedən Qanuna əsasən xx.xx.2020-ci il tarixədək sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-ə olan nisbəti şəklində müəyyənləşdirilir: K- 164/192=0.8541 KT-0.8541x144=123 Tələb olunan pensiya sığorta kapitalı=123x110(baza hissə)=13530 manat. İddiaçı xx.xx.2006-cı il tarixədək 16 il 1 ay 4 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalı 4924.89 manat təşkil edir: (16+(1+4/30gün)/12ay)x306=4924.89 xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2024-cü il tarixə indeksləşdirilmiş məbləği 16217,38 manat təşkil edir. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək, xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 122,05 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixinədək sığorta stajına uyğun olaraq hesablanan pensiya kapitalı daxil olmaqla ümumilikdə 16339,43 manat pensiya kapitalı müəyyən edilmişdir. İşin araşdırılmış hallarından və yuxarıda qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün onun qanunveriliklə tələb olunan pensiya kapitalının olması öz təsdiqini tapmır. Həmçinin iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(112)-1776/2025 nömrəli qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi təmin edilərək, İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilməsi, İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyasından tutulmuş məbləğin ona geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2- 1(112)-1776/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini etirazın dəlillərinə uyğun əsaslandırmış, həmçinin əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Lerik rayon 43 saylı Yol təmir-tikinti idarəsindəki dövrün əmrlər kitabına sonradan yazıldığı və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Mənzil İstismar Müəssisəsində əmək fəaliyyəti dövrünün təsdiqini tapmadığından əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Həmçinin Lerik rayonu X8 Təsərrüfatının 1996-2005-ci il illər üzrə hesabatları iddiaçının pensiya işində aşkar edilmədiyi üçün 1996-2005-ci illərdə Lerik rayon X8 təsərrüfatında olan əmək fəaliyyəti dövrü araşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixdə Lerik rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi akta əsasən iddiaçı xx.xx.1996-cı ildə X8 təsərrüfatının rəhbəri təyin edilmiş və xx.xx.2002-ci il tarixli 10 nömrəli əmrlə müvəqqəti olaraq fermer təsərrüfatının işi dayandırılmışdır. xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr 5 il 11 ay 18 gün təşkil edir. İşə birinci instansiyası qismində baxmış Bakı İnzibati Məhkəməsi iddiaçının iddia tələbi üzrə işi prosessual maddələrin tələblərinə uyğun olaraq araşdırmamış, proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənmiş, iddia tələbini təmin edərkən sadəcə olaraq cavabdehin dəlillərinin əsassızlığına fokuslanmışdır. İşin araşdırılmış hallarından müəyyən olur ki, məhkəmə iddiaçının iddia tələbinin təmin olunması zamanı yeganə hüquqi əsas kimi onun əmək kitabçasını, daha dəqiq orada olan xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr üzrə qeydləri mötəbər hesab edərək həmin dövləri onun iş stajına daxil etmişdir. Məhkəmə kollegiyasının iddianı təmin edərkən mübahisəli dövrlərin iddiaçının əmək kitabçasında qeyd olunmasına söykənən mövqeyi formalaşmış təcrübəyə ziddir. Belə ki, formalaşmış təcrübəyə əsasən 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir (Azərbaycan Respulikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il 2-1(102)-269/2024 nömrəli qərarı). Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçası ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Məhkəmə mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. İşin hallarından görünür ki, məhkəmə mübahisəli əmək stajını təsdiq edən dəlilləri öz qərarında göstərməmiş, sadəcə olaraq cavabdehin dəlillərinin təkzib olunmasına yönələn formal mülahizələrinə əsaslanmışdır. Əksinə, məhkəmə icraatı zamanı təqdim edilmiş və məhkəmənin şifahi məhkəmə baxışı iclaslarında səsləndirilmiş etirazdan görünür ki, iddiaçının iddiasının hüquqi əsası kimi təqdim etdiyi əmək kitabçasında olan X8 təsərrüfatının əməkhaqqı cədvəlləri Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün iddiaçının 1996-2005-ci illər üzrə əmək haqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. Sözügedən mübahisəli hallar iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı onun əmək kitabçasının yeganə hüquqi əsas kimi götürülməsini istisna edir. Həmin kitabçanın mötəbərliyini şübhə altına alan kifayət qədər faktlar və sübutlar vardır. Bu halların isə araşdırılması, iş üzrə qanuni və əsaslı qərarın çıxarılması məhkəmənin vəzifəsindən irəli gəlir. Bundan başqa qeyd olunanlardan görünür ki, Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(112)- 1776/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(112)-1776/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən: əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Əvvəlki redaksiyada (xx.xx.2017-ci ildə qüvvəyə minmişdir) deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş əmək pensiyası ödənişinin dayandırılması qərarlarının ləğv edilməsi, İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyasından tutulmuş məbləğin ona geri qaytarılmasından ibarətdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən 07 iyun 2024-cü il tarixli 3-17-1/2-Z-133768/2024 nömrəli imtina məktubu ilə ona kifayət qədər pensiya kapitalının olmaması bildirilmiş, bu səbəbdən də əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. 1996-2002-ci illərdə işləməsi üzrə işəgötürən tərəfindən əməkhaqqı cədvəllərinin təqdim edilməməsi (arxivdə aşkar edilməməsi) onun həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil. Belə ki, işəgötürən tərəfindən sənədlərinin arxivə verilməməsi və ya əməkhaqqı cədvəllərinin arxivdə saxlanılmaması iddiaçının əleyhinə təsvir edilə bilməz. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. İddiaçının X8 təsərrüfatında xx.xx.1996-xx.xx.2002-ci illərə dair əməkhaqqı almağını təsdiq edən sənədlərin mövcud olmaması iddiaçının həmin iş stajının nəzərə alınmaması üçün əsas ola bilməz. İddiaçı ilə bərabər eyni vaxtlarda X8 təsərrüfatında işləyən X3 bir daha təsdiq etdi ki, iddiaçıya məxsus X8 təsərrüfatında işləyib və həmin dövr üçün əmək haqqı alımışdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, ona pensiya təyin olunduğu tarixdə xx.xx.2017-ci il tarixində qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İİ dərəcə əlilliyə görə 56 yaşa münasibətdə 164 ay sığorta stajı və buna uyğun pensiya kapitalının qeydə alınması tələb edilir. Göründüyü kimi, iddiaçının xx.xx.1996-xx.xx.2002-ci il tarixlərdə işlədiyi dövr nəzərə alınmaqla sığorta stajı 164 aydan çox olmuşdur. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə 1996-cı ildən 2002-ci ilədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Lerik rayonu X8 Təsərrüfatının 1996-2005-ci il illər üzrə hesabatları iddiaçının pensiya işində aşkar edilmədiyi üçün 1996-2005-ci illərdə Lerik rayon X8 təsərrüfatında olan əmək fəaliyyəti dövrü araşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixdə Lerik rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi akta əsasən iddiaçı xx.xx.1996-cı ildə X8 təsərrüfatının rəhbəri təyin edilmiş və xx.xx.2002-ci il tarixli 10 nömrəli əmrlə müvəqqəti olaraq fermer təsərrüfatının işi dayandırılmışdır. xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr 5 il 11 ay 18 gün təşkil edir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, xx.xx.1961-ci il təvəllüdlüdür, ona pensiya təyin olunduğu vaxtda, yəni xx.xx.2017-ci il tarixində qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İİ dərəcə əlilliyə görə, 164 ay sığorta stajı və buna uyğun pensiya kapitalının qeydə alınması tələb edilir. İddiaçının əmək kitabçasından cavabdehin mübahisələndirdiyi dövrlərə münasibətdə müəyyən edilir ki, iddiaçının əmək kitabçasında xx.xx.1996-xx.xx.1999-cu illərdə Lerik rayon 43 saylı Yol təmir-tikinti idarəsində və xx.xx.1999-xx.xx.2004-cü illərdə Mənzil İstismar Müəssisəsində işlədiyi qeyd edilmişdir. Bundan başqa, əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1996-cı ildə X8 təsərrüfatında rəhbər təyin edilmiş, xx.xx.1996-cı ildə baş mühasib təyin edilmiş, xx.xx.1996-cı il ildə vəzifəsindən azad edilmiş, xx.xx.1996-cı ildə X8 təsərrüfatında rəhbər təyin edilmiş, xx.xx.2002-ci ildə müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır. Cavabdeh X8 təsərrüfatının əməkhaqqı cədvəllərinin Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün iddiaçının 1996-2005-ci illər üzrə əmək haqqı ödənişlərinin müəyyən etməyin mümkün olmadığını əsas gətirərək iddiaçının xx.xx.1996-xx.xx.2002-ci ilədək iş stajını ümumi iş stajına əlavə edilməsindən imtina etmişdir. İddiaçı ilə bərabər eyni vaxtlarda X8 təsərrüfatında işləyən X3 notariat qaydasında verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində təsdiq etmişdir ki, 1996-cı ilin may ayından 2002-ci ilin iyun ayına kimi İddiaçı məxsus X8 təsərrüfatında işləyib və həmin dövr üçün əmək haqqı almışdır. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının iş illəri barədə məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərkibi tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə tərkibinin qənaətinə görə, “X8 təsərrüfatının əməkhaqqı cədvəllərinin Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün «iddiaçının 1996-2005-ci illər üzrə əmək haqqı ödənişlərinin müəyyən etməyin mümkün olmadığını əsas gətirərək iddiaçının xx.xx.1996xx.xx.2002-ci ilədək iş stajını ümumi iş stajına əlavə edilməsindən imtina edilməsi» kimi gəlinən nəticə səhvdir. Ümumiyyətlə, iddiaçının işlədiyi müddət üzrə əmək haqqı kitablarının, cədvəllərin və əmrlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar yalnız ehtimallara əsaslandığından sübutun (əmək kitabçasının və arxiv arayışının) qeyrimötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək, xx.xx.2024-cü il tarixdən pensiya ödənişi dayandırılmışdır. Mahiyyət etibarı ilə əmək pensiyasının təyin edilməsi qərarı ləğv edilmiş və iddiaçıya sosial müvainətin ödənilməsi qərara alnmışdır. Göründüyü kimi, cavabdeh təxminən 6 il sonra “səhv” etdiyinin fərqinə varmış və mübahisləndirilən qərarı qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlıdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın iddiaçının əmək pensiyasını əsassız alması barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş hədlərdə qorunur. Bundan başqa, cavabdeh inzibati orqan iddiaya etirazında qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının 05.04 2024-cü il tarixli aktına əsasən, X8 təsərrüfatının əməkhaqqı cədvəlləri Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün iddiaçının 1996-2005-ci illər üzrə əmək haqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Müvafiq xidməti məktuba əsasən saxtalaşdırılmış sənədlər və ya təhrif edilmiş məlumatlarla pensiya təyinatına nail olunmuş işlər üzrə artıq ödənilmiş vəsait son 3 il üzrə məhdudlaşdırılmadan tam məbləğdə tutulur. Qanunun 39.1-ci maddəsinə uyğun olaraq iddiaçının əmək pensiyasından tutulan məbləğin ləğv olunması və ya dayandırılması mümkün hesab edilmir. Həmçinin İddiaçı cavabdeh Mərkəzi Filiala ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, artıq ödənilmiş vəsaitin ondan aylıq 10 faiz həcmində tutulmasına razılıq vermişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunun 39.1-ci maddəsinə əsasən, Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh inzibati orqan iddiaya etirazında qeyd edir ki, iş üzrə iddiaçı tərəfindən Mərkəzi Filiala ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, artıq ödənilmiş vəsaitin ondan aylıq 10 faiz həcmində tutulmasına razılıq vermişdir. Halbuki, iddiaçı məhkəmə iclasında belə bir ərizə vermədiyini bildirmiş və məhz bu səbəbdən iş üzrə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2025-ci il tarixli 4/1262 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 162-ci vərəqində İddiaçı adından olan xx.xx.2024-cü il tarixli ərizədəki yazılar və “İmza: Zülfiqarov Ş” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli ərizə iddiaçı tərəfindən tərtib edilməmişdir. Belə olan halda cavabdehin həmin ərizəyə istinad edərək iddiaçının müavinətindən tutulmalar aparması qanunsuz olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(112)-1776/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2483/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2483/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver