Məhkəmə qərarları › İş №2-1(103)-2485/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2485/2021

29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2485/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalının yenidən hesablanaraq əmək pensiyasının artırılmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3088/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı xx.xx.1952-ci ildə doğulmuşdur, müharibə veteranıdır. 11.08.1970-ci ildən əmək fəaliyyətinə başlamış, 08.08.1979-cu ildən 02.03.1999-cu ilədək SSRİ Silahlı Qüvvələrində və Azərbaycan Respublikası Milli Qvardiyasında həqiqi hərbi xidmətdə olmuş, 22.11.1999-cu ildən 01.06.2011-ci ilədək "xxxx" MMC-də fəhlə işləmişdir. 02.03.1999-cu ildə İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin 19.08.2019-cu il tarixli qərarına əsasən təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq 01.08.2019-cu ildən müddətsiz 756,82 manat müəyyən edilmişdir, fərdi şəxsi hesabında toplanmış kapital məbləği 27431.27 AZN təşkil edir. Mübahisənin predmeti: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19.10.2020-ci il tarixdə müraciət edərək – pensiyaya çıxdıqdan sonra əmək fəaliyyəti ilə məşğul olarkən əmək pensiyaçısı statusunda olmasının nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalına uyğun olaraq əmək pensiyasının yenidən hesablanıb hazırkı pensiyasının artırılmasını xahiş etmişdir. İnzibati orqanın 29.10.2020-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciəti təmin edilməmişdir. İddia tələbi, cavabdehin etirazı və birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanaraq artırılmasının təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08.08.1979-cu il tarixdən SSRİ Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının Milli Qvardiyasında həqiqi hərbi xidmətdə olmuşdur və 02.03.1999-cu il tarixdə hərbi xidmətdən yaşa görə ehtiyata buraxılmışdır. Həmin tarixdən ona əmək pensiyası təyin edilmişdir. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini başqa sahədə davam etdirmişdir. 22.11.1999-cu il tarixdən 01.06.2011-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Ona pensiya təyin olduqdan sonra əmək fəaliyyəti nəticəsində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 28.000 (iyirmi səkkiz) min manat təşkil edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanaraq hazırkı pensiyası artırılmalıdır. Hazırda əmək fəaliyyəti ilə məşğul olmur.Cavabdehin onun müraciətindən imtinası əsassız və qanunsuz olmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qurumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqi”indəki təminat xərcliyinə əsasən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində qeyd edildiyi kimi hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təyinatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-cü maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3088/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini başqa sahədə davam etdirərək, sosial sığorta haqqını ödəmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddə ilə tanınan hüququn bu şərtləri yerinə yetirən şəxslərə şamil olunmasını istisna edəcək bir tənzimləmə, o cümlədən pensiyanın təyin edilməsi əsasının müəyyənedici olması və ya digər hər hnsı bir məhdudlaşdırıcı müddəa yoxdur. Apellyasiya şikayəti və izahatlar: Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3088/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin yuxarıda qeyd edilmiş imtina məktubu ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Həmin Qanunun 22.4-cü bəndinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onlaın müvafiq qurumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqi”nə əsasən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunda qeyd edilən sığorta və yığım hissələri hərbi qulluqçuların pensiya məbləğinə aid deyil və onlara şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsindəki pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Eyni zamanda bildirilmişdir ki, Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: 1) Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; 2) Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. İddiaçı sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququ vardır. Lakin, bu zaman o yuxarıda qeyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcəkdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə hərbi qulluqçu kimi ona ödənilən əmək pensiyasından imtina etməklə yalnız sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon filialına (xidmət nümayəndəliyinə) müraciət etməyi tövsiyə olunur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi X2 apellyasiya şikayətinə uyğun izahat verərək iddiaçının müraciətinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən imtina edildiyini bildirmiş, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən, hərbi qulluqçuların yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Hərbi qulluqçular yalnız güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olan kateqoriyaya daxildirlər. Buna görə də, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara aid edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçı 01.03.1999-cu ildən hərbi xidmətdən yaşa görə ehtiyata buraxılmış və ona əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçı əmək fəaliyyətini davam etdirərək 22.11.1999-cu ildən 01.06.2011-ci ilədək "xxxx" MMC-də fəhlə işləmiş və həmin tarixədək məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Bununla bağlı tərəflər arasında mübahisə yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda,onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Həmin normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulmuşdur: şəxlərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi ilə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra 6 ildən çox işlədiyi, bu dövr ərzində onun qazanılan sığorta hissəsi üzrə pensiya kapitalının toplanması, hazırda işləməyən əmək pensiyaçısı olduğu nəzərə alınaraq ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi şamil edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11.12.2017-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Həmin Qərarın 5.3-cü bəndinə görə, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya güzəştli şərtlə əmək pensiyası təyin edildikdən sonra o, hərbi qulluqçu işləməmiş, fəhlə işləmişdir. Bu halda onun sonrakı iş fəaliyyəti ilə bağlı hər hansı məlumat vərəqinin tərtib edilərək cavabdehə təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə görə, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi ümumən işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı da həmin şəxslərin kateqoriyasına daxil olduğundan ona münasibətdə tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan cavabdehin imtinası inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3088/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar