Məhkəmə qərarları › İş №2-1(103)-2485/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2485/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2485/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə xərclərinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6082/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyətinin mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi, həmçinin müvafiq mənzil növbəsinə götürülməyindən imtina olunması barədə xx.xx.2022-ci il tarixli inzibati aktının ləğv edilməsi, mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödəniliməsi üçün ərizənin Binəqədi rayon İcra Hakimiyyətinə daxil olduğu gündən -yəni, xx.xx.2021-ci il tarixindən müvəqqəti mənzil kirayəsi xərclərinin hesablanması və ödənilməsi və müvafiq mənzil növbəsinə götürülməyi üçün müvafiq tədbirlər görülməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan polkovnik-leytenant İddiaçı 1999-2003 illərdə Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbində hərbi təhsil almış, peşəkar hərbçi olaraq 2003-2021 -ci illərdə Azərbaycan Ordusunda zabit kimi xidmət keçmişdir. Xidmətimin əsas hissəsi 20042019-cu illəri ön xətt bölmələrində düşmənlə bilavasitə təmas vəziyyətində keçmişdir. xx.xx.2021-ci il tarixdə polkovnik-leytanat rütbəsi ilə ehtiyata buraxılmışdır. Bundan sonra ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə qanuni köməklik göstərilməsi üçün xx.xx.2021-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Ailəsi 5 nəfərdən (3 az yaşlı uşaq olmaqla) ibarətdir, mülkiyyətində mənzil (yaşayış) sahəsi yoxdur, başqasının mülkiyyətində olan müvəqqəti yaşayış sahəsində yaşayır. Lakin Binəqədi RİH-dən daxil olmuş. 08.12.21-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, öz arzusu ilə ehtiyata buraxıldığından "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin qərarına əsasən mənzil növbəsinə götürülməsi və mənzil kirayəsi haqqının ödənilməsinə köməklik göstərilməsi mümkün deyil. Sonradan iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (vəkili) xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apararaq iş üzrə İddiaçı mənzil növbəsinə götürülməsi və Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edildiyi vaxtdan yəni xx.xx.2021-ci il tarixdən etibarən mənzillə təmin olunanadək kirayə xərclərinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6082/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4723 saylı arayışda İddiaçı adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti həsabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeyd olunduğundan, onun yaşayış yeri üzrə Binəqədi RİH-də mənzil növbəsinə götürülməsi mümkün olmamışdır.Həmçinin, iddiaçı Səlimov B\xtiyar Ələkbər oğlu Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin j bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılıb. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 2ci maddəsinin 7-ci bəndində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır.Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 saylı 06 avqust 2012-ci il tarixli qərarına əsasən müvəqqəti mənzil kirayəsi xərcləri yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsində dayanmış şəxslərə ödənilir. Lakin, məhkəmə Binəqədi RİH-in üzərinə iddiaçının mənzil növbəsinə götürülməsi və birbaşa xx.xx.2021-ci ildən hesablanmaqla, ona kirayə xərclərinin ödənilməsi öhdəliyini qoymuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. İnzibati işdən müəyyən olunur ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, və Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0748 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən (hərbi geyim formasını daşımaq hüququ verilməklə) ehtiyata buraxılmışdır. İddiaçı yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti həsabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeyd olunduğundan, həmçinin öz arzusu ilə tərxis olunmasını əsas gətirərək müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını məhkəmədə mübahisələndirmişdir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə iddiaçı mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə xərclərinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 144 nömrəli arayışın surətindən görünür ki, 1981-ci il təvəllüdlü ehtiyatda olan polkovnik-leytenant İddiaçı həqiqətən xx.xx.1999-cı il tarixdən xx.xx.2003cü ıl tarixədək AR SQ-da kursant, xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmişdir. AR MN-nin xx.xx.2021-ci il tarixli 0748 saylı əmrinə əsasən "HXH” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq AR SQ-da həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə müvafiq olaraq, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Göründüyü kimi, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2021ci il tarixli 4723 nömrəli arayışın surətindən görünür ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanının Preambulasında isə qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun madditexniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan vermişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosial-təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, İddiaçı adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında olduğundan, onun yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadında qeyd edilir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12- ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. İnzibati işin araşdırılmış hallarına məcmu halda qiymət verərək, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6082/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6082/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı “mənzil növbəsinə götürülməsi və Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən etibarən mənzillə təmin olunanadək kirayə xərclərinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar