Məhkəmə qərarları › İş №2-1(103)-2486/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2486/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2486/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Yevlax rayonunun Malbinəsi kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki olaraq yaşadığı ünvan- ünvan 2nın Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-3065/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 04.12.2020-ci il tarixində cavabdeh Bakı şəhəri Binəqədi Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 3 ünvana pasport qeydiyyatına alınmağının cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 448 saylı, 04 may 2007-ci il tarixli qərarına əsasən X5 ayrılmış Biləcəri qəsəbəsi ərazisində yerləşən və fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 250 kv.m torpaq sahəsinə və üzərində yerləşən tikilini özəlləşdirdikdən sonra alqı-satqı müqaviləsi bağlanması üçün 17 aprel 2019-cu il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaq sahəsi və fərdi yaşayış evi həmin vaxtdan onun istifadəsinə verilmişdir, fərdi yaşayış evi faktiki olaraq ona məxsusdur və o, bu ünvanda yaşamaqla təsərrüfatı aparır. Bu fərdi yaşayış evi onun daimi yaşayış yeridir, digər yerdə yaşayış yeri yoxdur. Fərdi yaşayış evi bütün kommunal şəraitə malikdir, fərdi yaşayış evinə işıq, qaz və su xətti çəkilmişdir və müvafiq olaraq sərfiyyatla bağlı ödənişlər həyata keçirilir. Onun fərdi yaşayış evinə qeydiyyata alınmamağı səbəbindən hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. O, faktiki olaraq bu fərdi yaşayış evindən istifadə edir, sahiblik etmişdir və fərdi yaşayış evinə aid kommunal xərclər tərəfindən ödənilir. Bu ünvana pasport qeydiyyatına alınmaqla bağlı Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir, lakin əsassız olaraq imtina edilmişdir, onun qeydiyyata alınmağı ilə bağlı tədbir görülməmişdir. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-3065/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) İddiaçı iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. 18.10.2021-ci il tarixində cavabdeh tərəfindən ərizə ünvanlanaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi xahiş olunmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Yevlax rayonu, Malbinəsi kəndində doğulmuşdur. - AR-İ seriyalı, 264823 nömrəli, 11.07.2013-cü il tarixli 11.07.2063-cü ilədək qüvvədə olan etibarnamənin surətinə əsasən qeyd edilmişdir ki, X2 Zöhrə Nadir qızına etibarnamə vermişdir. - AR-İ seriyalı, 767004 nömrəli, 17.04.2019-cu il tarixli, 44 il 2ay 24 gün müddətinə verilmiş etibarnamənin surətinə əsasən qeyd edilmişdir ki, etibar edən-X10, səlahiyyətləri ötürmüş-X11, etibar edilən-İddiaçı. - ünvan 5 ünvanlanmış 451 №-li, 24.02.2021-ci il tarixli məktuba əlavə olunmuş 3M- 452 №-li notariat işinin materiallarından görünür ki, 17.04.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən birinci tərəf X11 (X10 əvəzinə), ikinci tərəf İddiaçı 17.04.2069-cı il tarixədək Biləcəri rayonu, Biləcəri Bələdiyyəsinin 448 saylı 04.05.2007-ci il tarixdə verilmiş qərarına əsasən "Satıcı" X10 ona ayrılmış Biləcəri rayonu, Biləçəri qəsəbəsi ərazisində yerləşən fərdi mənzil inşa etmək üçün ayrılmış 250 kv.m. torpaq sahəsinə və üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 15000 (on beş min) manata "Alıcı" İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Satılacaq torpaq sahəsinin üzərində tikilmiş tikilini Biləcəri rayonu, Biləcəri Bələdiyyəsinin 448 saylı 04.05.2007-ci il tarixdə verilmiş qərarına əsasən Biləcəri rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi mənzil inşa emək üçün ayrılmış 250 kv.m torpaq sahəsinə üzərində tikilmiş tikilini X5 ayrılmışdır. X1 torpaq sahəsini 26000 (iyirmi altı min) manata qiymətləndirir və gələcəkdə torpaq sahəsini həmin qiymətə “Alıcı” İddiaçı alqı-satqı müqaviləsi bağlayaraq satmağı öhdəsinə götürür. “Alıcı” İddiaçı isə torpaq sahəsini gələcəkdə 15000 (on beş min) manata almağı öhdəsinə götürür. “Alıcı” Əsədov (mətnə uyğun) İddiaçı satış məbləğinin 10000 (on min) manata notariusun depozit hesabı vasitəsi ilə satıcıya ödədi, satıcı isə həmin məbləği aldı. 5000 (beş min) manat isə 3 (üç) gün müddətinə ödəməyi öhdəsinə götürmüşdür. X3, X7 və X8 notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən onlar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu ünvanında yerləşən 61C nömrəli fərdi yaşayış evinin satılmasına etiraz etmirlər. - Həmin notariat işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 448 №-li, 04.05.2007-ci il tarixli qərarının surətindən görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri tikdirdiyi və hazırda yaşadığı evin altındakı və ətrafındakı 250,0 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında ünvan 6 ünvanda yaşayan X4 adına alqı-satqı yolu ilə sənədləşdirilməsi qərara alınmışdır. - Bakı şəhər Binəqədi Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18.11.2020-ci il tarixli, 059-41936Ə №-li məktubdan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun, X12, X16, X13 və X14 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 61C ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir, 2.3-cü bəndinə görə isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi yaşayış sahəsinə qanuni əsaslarla köçüb yaşaması və buna hüquq verən sənədlərin mövcudluğu iş materialları ilə sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-3065/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar