Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2486/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-966/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və 60 yaşı tamam olduğu gündən pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci təvəllüdlüdür. xx.xx.1981-ci ildən əmək fəaliyətinə başlamışdır. xx.xx.1979-xx.xx.1981-ci il tarixlərində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə xidmət etmişdir. ИТ-İ nömrəli əmək kitabçasına əsasən xx.xx.1981-ci il (əmr № 198k/5 xx.xx.1981) tarixindən xx.xx.1996-cı il (əmr № 121k xx.xx.1996) tarixinədək Azərbaycan Respublikası "xxxx" ASC-də tökməçi vəzifəsində işləmişdir. xx.xx.1996-cı il tarixində (əmr № 320/k xx.xx.1996) xx.xx.1997-ci il tarixinədək (əmr № 23/k xx.xx.1997) ARDNŞ-nin Quruda Neft və X3 H.Z.Tağıyev adına neft qazçıxarma zavodunda, çilingər vəzifəsində işləmişdir. xx.xx.1997-ci il tarixində (əmr № 56k xx.xx.1997) "xxxx" QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun MVHHnın 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixində (əmr № 93k xx.xx.2000) MVHH-nın təmir sexinə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixində (əmr № 60k xx.xx.2002) MVHH-nın maşinistköməkçisinin əvəzedicisi keçirilmişdir. xx.xx.2002-ci il tarixində (əmr № 73k xx.xx.2002) MVHH-nın maşinist-köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixində (əmr № 74/k xx.xx.2009) təkər cütlərinin əsaslı təmiri sexinə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixində (əmr № 169/k xx.xx.2009) hazırlıq sexinə 5-ci dərəcəli dəmirçi vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixindən (əmr № 122/k xx.xx.2010) bu günə kimi MVHH-nın maşinist köməkçisi vəzifəsində işləyir. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən xx.xx.1981-xx.xx.1996-cı il tarixlərində tökməçi peşəsində işləmişdir, bu da 15 il 2 ay 18 gün təşkil edir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə zərərli əmək şəraiti hesab edilir. Həmçinin "xxxx" QSC Bakı Lokomotiv Deposu xx.xx.2021-ci il tarixli arayışa əsasən xx.xx.2002-xx.xx.2009-cu illərdə və xx.xx.2010-cu ildən bu günə kimi elektrik qatarlarının maşinisti köməkçisi vəzifəsində işləməyi qeyd edilmiş və Bakı Lokomotiv Deposu üzrə güzəştli iş stajının maşinist köməkçisi kimi 19 il təşkil etdiyi arayışda qeyd edilmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadaların fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsinin 21.4-cü maddəsinə əsasən onun əmək fəaliyyəti zərərli əmək şəraiti hesab edilir. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi qaydada müraciət etsə də xx.xx.2021-ci il tarixində cavabdeh müraciətinə rəsmi qaydada imtina etmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 11 yanvar 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair xx.xx.2020-ci il tarixli 16 nömrəli arayışında xx.xx.1981-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə tökməçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Mərkəzi Filiala təqdim edilən 11 yanvar 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində xx.xx.2010-cu il tarixindən bugünədək "xxxx" QSC-də motor vaqon hərəkət hissələrinin maşinist köməkçisi işlədiyi qeyd edildiyi halda, həmin müəssisənin ona dair xx.xx.2020-ci il tarixli 351 nömrəli arayışında həmin dövr ərzində elektrik qatarlarının maşinist köməkçisi vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi onun təqdim etdiyi sənədlərdə uyğunsuzluqlar vardır. Bundan başqa, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Bakı Lokomotiv Deposunda işlədiyi motor vaqon hərəkət hissələrinin maşinist köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40046,52 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-966/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 11 yanvar 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2010-cu il tarixindən bugünədək "xxxx" QSC-də motor vaqon hərəkət hissələrinin maşinist köməkçisi işlədiyi qeyd edildiyi halda, həmin müəssisənin ona dair xx.xx.2020-ci il tarixli 351 nömrəli arayışında həmin dövr ərzində elektrik qatarlarının maşinist köməkçisi vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, onun təqdim etdiyi sənədlərdə uyğunsuzluqlar vardır. Bundan başqa, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Bakı Lokomotiv Deposunda işlədiyi motor vaqon hərəkət hissələrinin maşinist köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Həmçinin, cavabdeh inzibati qurum tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən 2006-cı il tarixinədək əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20083,47 manat, 2006-cı ildən sonrakı dövr üçün 20089,89 manat olmaqla cəmi pensiya kapitalı 40173,26 manat təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əsas vermədiyini, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı ona xx.xx.2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2cimaddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. İddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsi təşkil edir. - 9.1-ci maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: 1) müəyyən olunmuş yaş həddinə çatmalı; 2) xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı; 3) xx.xx.2006-cı il tarixədək azı 12 il 6 ay xüsusi iş stajı mövcud olmalıdır. 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 60 yaşı xx.xx.2021-ci ildə tamamlanmışdır. İddiaçının ümumi stajının 25 ildən çox olması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1981-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. AB 028672 nömrəli, xx.xx.1998-cı il tarixli diplomun surətinə əsasən İddiaçı xx.xx.1997-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu litseyinə daxil olmuş və xx.xx.1998-ci ildə elektrovozun maşinist köməkçisi peşəsi üzrə tam kursu bitirmişdir. Göründüyü kimi, iddiaçının hərbi bilet, təhsil barədə sənəd və əmək kitabçasına əsasən xx.xx.1979-xx.xx.1981-ci il hərbi xidmət dövrü 02 il 12 gün, xx.xx.1997-xx.xx.1998ci ilədək təhsil dövrü 08 ay, xx.xx.1981-xx.xx.1996-cı ilədək 15 il 02 ay 19 gün, xx.xx.1996xx.xx.1997-ci ilədək 02 ay, xx.xx.1997-xx.xx.2021-ci il tarixədək (60 yaşı tamam olanadək) 24 il 01 ay 22 gün təşkil edir. İddiaçının xx.xx.1997-xx.xx.1998-ci ilədək təhsil dövrü onun xx.xx.1997-xx.xx.2021-ci il tarixədək olan iş dövrü ilə üst-üstə düşür. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır Yuxarıda qeyd edilən iddiaçının ümumi iş stajına aid olan təhsil dövrü əmək fəaliyyəti dövrü ilə bütövlükdə əhatə olunduğundan həmin dövrü ümumi iş stajına hesablamır. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, xx.xx.1982ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1981-ci ildə Az. SSR "xxxx" Dövlət Şirkətinin “Yoltexnika” X5 baş korpusa 3-cü dərəcəli çilingər qismində işə qəbul olunmuş, xx.xx.1983-cü ildə eyni yerdə 4-cü dərəcəli çilingər peşəsi verilmiş, xx.xx.1983cü ildə eyni yerdə 5-ci dərəcəli çilingər peşəsi verilmiş, xx.xx.1983-cü ildə tökmə istehsalatı və metalkonstruksiyalar sahəsinə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1985-ci ildə tökmə peşəsinə yiyələndiyi üçün həmin sahəyə 3-cü dərəcəli tökməçi vəzifəsinə keçirilmiş,xx.xx.1996-cı ildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildə Neftqazçıxarma idarəsinə 4-cü dərəcəli kompresar qurğuları üzrə maşinist qəbul edilmiş, xx.xx.1997-ci ildə işdən azad edilmişdir. xx.xx.1997-ci ildə Az. Dəmir Yolu Bakı Lokomotiv Deposuna qaldırıcı sexə 4-cü dərəcəli çilingər keçirilmiş, xx.xx.2000-ci ildə MVHH KR-1, TR 3 təmir sexinə 4-cü dərəcəli çilingər keçirilmiş, xx.xx.2002-ci ildə MVHH-nin maşinist köməkçisinin əvəzedicisi keçirilmiş, xx.xx.2002-ci ildə MVHH-nin maşinist köməkçisi keçirilmiş, xx.xx.2009-cu ildə təkər cütlərinin əsaslı təmiri sexinə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.2009-cu ildə hazırlıq sexinə 5-ci dərəcəli dəmirçi keçirilmiş, xx.xx.2010-cu ildə MVHH-nin maşinist köməkçisi keçirilmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdən "xxxx" QSC-nin X1 Xidməti Lokomotiv Briqadalarına elektrik qatar maşinist köməkçisi vəzifəsinə işə qəbul olunmuş və hazırda həmin vəzifədə işləyir. Göründüyü kimi, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək olan ümumi iş stajı 41 il 06 ay 23 gün təşkil etdiyi müəyyən olunur. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 aydan az olması işin mübahisəli halıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş: - "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun xx.xx.2021-ci il tarixli, 23 nömrəli arayışından görünür ki, verilir xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ondan ötəri ki, o, aşağıda qeyd olunan illərdə Bakı Lokomotiv deposunda göstərilən peşədə işləmişdir: xx.xx.2002-xx.xx.2009-cu illərdə və xx.xx.2010-cu ildən bu günə kimi elektrik qatarlarının maşinist köməkçisi vəzifəsində əmək fəaliyyətini davam edir. İddiaçı əmək kitabçası üzrə Bakı Lokomotiv deposunda güzəştli iş stajı - maşinist köməkçisi kimi - 19 il təşkil edir. Yuxarıda qeyd olunan müddət İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının Nəqliyyat bölməsinin 21.4 maddəsinə əsasən güzəştli təqaüd almasına imkan verir. - "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 76082 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı Lokomotiv deposunda çilingər, dəmirçi, maşinist köməkçisi peşələrində çalışıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 21.4-cü bəndinə əsasən dəmiryol nəqliyyatında elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri və elektrik qatarlarının (seksiyalarının) maşinistləri güzəştli kateqoriyaya aid peşə növləri hesab edilmişdir. İddiaçı Bakı lokomotiv deposunda elektrik qatarlarında maşinist köməkçisi işlədiyi dövrlər aşağıdakı kimidir: - xx.xx.2002 - xx.xx.2002; Bakı Lokomotiv deposunda motor-vaqon hərəkət heyətinin (MVHH) əvəzedici maşinist köməkçisi elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi peşəsində 5 (beş) gün; xx.xx.2002 - xx.xx.2009; Bakı Lokomotiv deposunda motor-vaqon hərəkət heyətinin (MVHH) maşinist köməkçisi elektrik qatarlarının (seksiyalarının) maşinistləri köməkçisi 07 il, 01 ay, 04 gün (yeddi il, bir ay, dörd gün); - xx.xx.2009 - xx.xx.2009; 01 ay, 22 gün (bir ay, iyirmi iki gün) müddətinə müvəqqəti olaraq Hazırlıq sexində dəmirçi kimi çalışmışdır. xx.xx.2010-cu ildən bugünədək Elektrik qatarlarının maşinist köməkçisi kimi çalışır. İddiaçı maşinist köməkçisi işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün qısaldılmış iş rejimi tətbiq edilmiş, həmçinin bununla əlaqədar əmək haqqına və məzuniyyət günlərinə müvafiq əlavələr edilmişdir. - "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun xx.xx.2021-ci il tarixli, 40 nömrəli arayışında göstərilmişdir ki, Bakı Lokomotiv deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiaysı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları eynilik təşkil edir. - "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 22 nömrəli arayışaçıqlamada göstərilmişdir ki, bu arayış xx xxxx 1961-ci ildə anadan olan İddiaçı ona görə verilir ki, o həqiqətən “Yoltexnika” X5 güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququna malik peşədə işləmişdir. xx.xx.1983-cü ildə - “Yoltexnika” X5 Metallkonctruksiya istehsalatın tökmə sahəsinə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir (işəmuzd-xüsusi zərərli əmək şəraiti ilə), xx.xx.1985-ci ildən Tökmə peşəsinə yiyələndiyi üçün həmin sahədə 3-cü (üçüncü) dərəcəli tökməçi vəzifəsinə keçirilmişdir (işəmuzd-xüsusi zərərli əmək şəraiti ilə), xx.xx.1996-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı hər gün saat 8-00 - 17-00-dək əli ilə tam iş günü ərzində tökməçi xüsusi zərərli əmək şəraiti ilə işləmişdir və əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş sənədə əsasən 1 №li siyahı 11100000 Xİ bölmə Metal emalı 11101000 1.Tökmə istehsalı, 1110100a-12176 a) fəhlələr metal tökücüləri işlərdə kodu ilə müəyyənləşdirilmişdir. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 25 nömrəli arayışında göstərilmişdir ki, verilir xx xxxx 1961-ci ildə anadan olan İddiaçı ondan ötəri ki, o həqiqətən xx.xx.1981-ci ildən (əmr № 198k $5 xx.xx.1981-ci il) xx.xx.1996-cı ilə qədər (əmr № 121k xx.xx.1996-cı il) çilingər və tökməçi vəzifəsində işləmişdir. Dövlət müəssisələrinin özəlləşdirilməsi ilə əlaqədar olaraq “Yoltexnika” X9 01 yanvar 2001-ci il tarixindən "xxxx" ASC-yə çevrilmişdir. Ona görə də xahiş edilir möhürü və ştampı həqiqi hesab edəsiniz. İddiaçı hər gün saat 8- 00 - 17-00-dək əli ilə tam iş günü ərzində tökməçi xüsusi zərərli əmək şəraiti ilə işləmişdir. Xüsusi geyimlə və südlə təyin olunmuşdur. Əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Çuqunun əritmə dərəcəsi - 1100 qradus, alüminium isə - 850 qradusdur. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş sənədə əsasən 1 №li siyahı 11100000 Xİ bölmə Metal emalı 11101000 1.Tökmə istehsalı, 1110100a-12176 a) fəhlələr metal tökücüləri işlərdə kodu ilə müəyyənləşdirilmişdir. Zərərli metalların isti halda tökməçi peşəsi üzrə güzəştli təqaüdə çıxmağa hüquq verir. Həmin məktuba əlavə edilmiş məlumata əsasən tökmə sexində tökməçilərin texnologiyası. Alüminium. Alüminium çuşkaları tiqilə salmaq və onları əritmək. Alüminium əritmə dərəcəsi - 850 qradusdur. Sonra uzun çömçəylə ərimiş metalı formaya tökmək və təzyiq altında detalları vurmaq və isti halda detalları çıxartmaq. Əsas işlər yol nişanalərini düzəltmək. Çuqun. Çuqun balvankalar peçə salınır və əridilir. Çuqunun əritmə dərəcəsi 1100 qradusdur. Sonra ərinmiş metal opokalara tökülür və sonradan opokalardan çıxarılır. Əsas "xxxx" yol texnikaların təmiri ilə məşğul idi və ona görə yolların nişanların və yol texnikasının təmirinə lazım olan detallarını hazırlayırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nda 11100000 Xİ. Metal emalı bölməsində Tökmə istehsalı yarımbölməsində a) fəhlələr - 1110100a—12176 metal tökücüləri kodu altında zərərli peşə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə aid olduğu sahə, icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. İddiaçının “Yoltexnika” X5 işlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci - Metal emalı bölməsində nəzərdə tutulmuş peşə və vəzifələrlə eynilik təşkil etmir. Belə ki, metal emalı dedikdə metalların metallurgiya istehsalatında xammal kimi istifadə üçün hazırlanması başa düşülür. “Yoltexnika” X6 əsas fəaliyyət sahəsi - yol tikinti maşınlarının və avtomaşınlarının ehtiyat hissələrinin hazırlanması və onların cari və əsaslı təmiri yol avadanlıqlarının hazırlanması ilə bağlı olmuşdur. Göründüyü kimi zavodda metal bilavasitə xammal kimi istehsal olunmamış, hazır metal xammalından yol tikinti maşınlarının və avtomaşınlarının ehtiyat hissələrinin hazırlanması və təmiri fəaliyyəti həyata keçirilmişdir. Başqa sözlə, iddiaçının qeyd edilən xx.xx.1983-cü ildən xx.xx.1996-ci ilədək olan tökməçi vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ilin tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunda xx.xx.2002-xx.xx.2009-cu illərdə və xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək motor-vaqon hərəkət heyətinin (MVHH) maşinist köməkçisi elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi vəzifəsində işləmişdir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi motor-vaqon hərəkət heyətinin maşinist köməkçisi vəzifəsinin siyahıda nəzərdə tutulmadığına istinad etmişdir. Halbuki, iş yerindən əldə edilmiş arayışlardan da müəyyən olunur ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyəti) adlandırılmış, motorvaqon hərəkət heyətlərinin maşinist köməkçisi siyahıda qeyd edilmiş elektrik qatarlarının (seksiyalarının) maşinistləri və elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşəsinin əvvəlki adıdır. İddiaçının işlədiyi R2 tipli elektrik qatarının maşinist köməkçisi olmuşdur və R2 tipli elektrik qatarı motor-vaqon hərəkəti heyəti hesab edilir. 388-H saylı xx.xx.1999-cu il tarixli Lokomotiv briqadalarının vəzifə təlimatının 1-ci bəndindən də görünür ki, lokomotivlərin, motor-vaqon hərəkət heyətlərinin (MVHH) maşinsitləri və maşinist köməkçiləri, həmçinin ocaqçılar (paravozda) lokomotiv briqadası sayılır. İşəgötürənin təqdim etdiyi iddiaçının işlədiyi motor vaqon hərəkət heyətində maşinist köməkçisi peşəsinin əmək funksiyaları 388-H saylı xx.xx.1999-cu il tarixli Lokomotiv briqadalarının vəzifə təlimatının 2.5.1-2.5.4-cü bəndlərində nəzərdə tutulmuş vəzifə funksiyaları ilə eynilik təşkil edir. Beləliklə, iddiaçının işlədiyi vəzifə Lokomotiv briqadasında MVHH - motor vaqon hərəkət heyətinə aid olan elektrik qatarlarının maşinist köməkçisi vəzifəsi olmaqla “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşəsi ilə eynidir. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının xx.xx.2002-xx.xx.2009-cu illərdə və xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək Bakı Lokomotiv Deposunda motorvaqon hərəkət heyətinin (MVHH) əvəzedici maşinist köməkçisi vəzifəsində güzəştli iş stajı 17 il 08 ay 23 gün təşkil edir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Cavabdehin mövqeyi ilə razılaşmayan Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş müvafiq məlumatın təqdim edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********6 saylı məktubdan aydın olur ki, İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 40000,00 manat hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı və 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan cəmi pensiya kapitalı 40173,26 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-966/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-966/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2486/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2486/2022
16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver