Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2486/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1028/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, orqanizmin funksiyalarının 50 faiz pozulması ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir eşitmə zəifliyindən əziyyət çəkir. Bununla bağlı bir çox müalicələr almağına baxmayaraq, bu problem getdikcə dərinləşmişdir və hal-hazırda hər iki qulağı eşitmir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Qulaq burun boğaz şöbəsinin xx.xx.2023-cü il tarixli Bera müayinəsinin nəticəsinə əsasən ona “ikitərəfli xroniki neyrosensor ağıreşitmə. Sol İV, Sağ İV dərəcəli.” Diaqnozu qoyulmuşdur. Eyni zamanda digər bir klinikada da aparılmış müayinənin nəticəsinə əsasən qeyd edilmişdir: “Xəstəyə medikamentoz yuxuda Bera testi aparıldı. Sağ qulaqda 70db, sol qulaqda 80 db n HL intensivlikdə V dalğa forması əldə edildi. Nəticə: sağ tərəfli orta ağır (İİİ-İV), sol tərəfli ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı”. Qeyd edilənlərə əsasən dövlət tibb müəssisəsi tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə verilmiş E001416J6NSG nömrəli göndəriş xx.xx.2023-cii il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə ötürülmüşdür. Əlillik vəziyyəti dövlət tibb müəssisəsinin sözügedən göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra müraciətinə əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə cəlb edilmişdir. Əyani müayinənin nəticəsi barədə ona rəsmi məlumat verilmədiyindən xx.xx.2023-cü il tarixdə Agentliyə müraciət etdikdə ona əyani müayinənin nəticəsində sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmadığı bildirilmiş və xx.xx.2023-cü il tarixli 3-17-4/2-H- 31365 nömrəli rəsmi məktub təqdim edilmişdir. Cavabdeh Agentlik tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: H93.3 Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxlear nevrit.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Aparılan müayinə nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd olunsun səbəbi ilə Mərkəzə geri göndərilmişdir. Daha sonra iddiaçı Agentliyə hər hansı formada müraciət etməmişdir. İddianın mümkün hesab edilməməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1028/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərarı (hakim H.Ağalarov) ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixli, E00141616NSG nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. Lakin məhkəmə yalnız məhkəmə-tibbi ekspertizasının ekspert rəyinə əsaslanaraq cavabdehin mövqeyi bəlli olmadan iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Həmçinin ekspert rəyinə nəzər yetirilsə, ekspert yalnız iddiaçının təqdim etdiyi “X7” və “Respublika Diaqnostika Mərkəzinin” epikrizlərinə əsaslanaraq rəy tərtib etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli, E00141616NSG nömrəli göndərişdə - Əsas diaqnoz: “H93.3-Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit.; H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Sağ tərəfli orta ağır (İİİ-İV), sol tərəfli ağır(İV) dərəcəli sensonevral tip eşitmə azlığı” qeyd olunmuşdur. - İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz: “H93.3-Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit.; H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Sağ tərəfli orta ağır (İİİ-İV), sol tərəfli ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və “Natamam doldurulma” səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, T489/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyində audiometriya müayinəsi zamanı sağ qulaqda 45db, sol qulaqda isə 55db intensivlikdə dalğa əldə edildi. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, T 853/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıda xx.xx.2024-cü il tarixdə “X10” Ton Odyometri müayinəsində ikitərəfli çox ağır dərəcədə olan sensonevral tip ağıreşitmə qeyd edilmişdir. xx.xx.2024-cü il “Respublika Diaqnostika Mərkəzi”ndə Bera müayinəsi zamanı isə sağ qulaqda 70 db nHl-də dalğa, orta-ağır (İİİ, İV) dərəcəli, sol qulaqda 80 dB nHl-də dalğa, ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ekspert yalnız iddiaçının təqdim etdiyi “X7” və “Respublika Diaqnostika Mərkəzinin” epikrizlərinə əsaslanaraq rəy tərtib etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-4/2- H-31365 nömrəli rəsmi məktubda qeyd edilir ki, iddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində sonuncu dəfə verilən tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları - Əsas diaqnoz: “H93.3- Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit.; H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Sağ tərəfli orta ağır (İİİ-İV), sol tərəfli ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd edilən 9.1.3-cü bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 9.1. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri. H60-H95 Qiymətləndirmə 9.1.1. 7 yaşa qədər anadangəlmə və ya qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması) (60 faiz, müddətsiz); 9.1.2. daha sonra qazanılmış (8-18 yaşlarında) eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məhdudluğu) (60 faiz, müddətsiz); 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə (40 faiz, 5 il); 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli (50 faiz, müddətsiz); 9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi (60 faiz, müddətsiz); 9.1.6. psixi pozulmalarla müşayiət olunan eşitmənin tam itirilməsi və nitqin tam olmaması (85 faiz, müddətsiz); Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İşin halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müayinə edilmiş və sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmaması müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması Meyarları”na “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair Əlavənin 9-cu bəndinə əsasən – Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri: H60-H95 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə (orqanizm funksiyalarının 40 % olmaqla itirilməsi) – 5 il müddətinə əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar şəxsdə H60-H95 (Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri) kodu üzrə 9.1.3-cü bəndinə uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə isə təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixi və dərəcəsinin (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırma aparmamışdır. Bununla bağlı məhkəmə kollegiyası diqqətə çəkir ki, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsi). Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı “İnzibati icraat haqqında" Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq, hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, hazırkı işin hallarından görünür ki, ilkin olaraq iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin E00141616NSG nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, əlilliyin təyinat tarixinin E00141616NSG nömrəli göndərişin dövlət tibb müəssisəsinə geri qaytarılması tarixi (xx.xx.2023-cü il) nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası həmçinin, nəzərə çatdırır ki, iddiaçıda “H93.3-Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit.; H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Sağ tərəfli orta ağır (İİİ-İV), sol tərəfli ağır(İV) dərəcəli sensonevral tip eşitmə azlığı” ekspert rəyləri, həmçinin tibbi sənədləri ilə müəyyən edildiyindən, diaqnoz üzrə “Əlilliyin müəyyən olunması Meyarları”nın 9.1.3-cü bəndində göstərilən qiymətləndirmə üzrə orqanizm funksiyalarının 40% olmaqla 5 il müddətinə itirilməsi müəyyən edildiyindən, iddiaçıya da əlillik təyinatı zamanı həmin faiz və müddət göstəricisi nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1028/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2023-cü il tarixli, E00141616NSG nömrəli tibbi göndəriş əsasında ümumi əsaslarla (orqanizmin funksiyalarının 40% olmaqla itirilməsi) əlilliyin xx.xx.2023-cü il tarixdən 5 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85, 87 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1028/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2023-cü il tarixli, E00141616NSG nömrəli tibbi göndəriş əsasında ümumi əsaslarla (orqanizmin funksiyalarının 40% olmaqla itirilməsi) əlilliyin xx.xx.2023-cü il tarixdən 5 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2486/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2486/2025
16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver