Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2487/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5236/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 05.10.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ümumi sığorta stajının 22.04.2018-ci ilədək (55 yaşı tamam olan günədək) 39 il 05 ay 09 gün olması və bu müddətin 26 il 00 ay 07 gününün “elektrik mexaniki” peşəsində “yeraltı işlərdə”, “əmək şəraiti zərərli və ağır olan” işlərdə işləməsi nəzərə alınmaqla, həmin tarixdən başlayaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 ildən artıq sosial sığorta stajı var və bu müddətin 13 il 8 ay 17 gününü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (bundan sonra - 2 nömrəli Siyahı) təsiri altına düşdüyündən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır. Daha sonra iddiaçının ərizəsinə əsasən Məhkəmənin 2-1(112)-5236/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ümumi sığorta stajının 22.04.2020-ci ilədək (57 yaşı tamam olan günədək) 41 il 05 ay 09 gün müddətində olmasının və bu müddətin 28 il 00 ay 07 gününün “elektrik mexaniki” peşəsində “yeraltı işlərdə”, “əmək şəraiti zərərli və ağır olan” işlərdə işləməyi nəzərə alınmaqla həmin tarixdən, yəni 22.04.2020-ci il tarixindən başlayaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5236/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 22.04.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nomrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin 21; metropolitenlər bölməsində (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəz Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin ona dair 21 sentyabr 2020-ci il tarixli A/237 nömrəli arayışında 04 04 1994-01 07 2019-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən muəssisədə elektrik mexaniki, böyük elektrik mexaniki (gecə növbəsi olmaqla zərərli iş şəraitinə gorə əmək haqqının 12 faizi miqdarında əlavə), 01 07.2019-cu tarixindən bugunədək isə elektrik mexaniki (gecə növbəsi olmaqla zərərli iş şəraitinə görə əmək haqqının 24 faizi miqdarında əlavə) vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının “Bakı Metropoliteni" QSC-dəki iş stajına aid sənədlərdə qeyd olunan məumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı 04.04.1994-18.07.2019-cu il tarixləri arasındakı dövr ərzində elektrık mexaniki boyuk elektrık mexaniki vəzifələrində növbəlıliklə (zərərli iş şəraitinə görə əmək haqqının 12 faizi miqdarında əlavə), 01.07 2019-cu il tarixindən bugünəcən isə yalnız gecə növbəsi olmaqla elektrik mexaniki (zərərli iş şəraitinə görə əmək haqqının 24 faizi miqdarında əlavə) vəzifəsində çalışdığı müəyyən olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 01.07.2019-cu il tarixindən bugünədək yalnız gecə növbəsi olmaqla işlədiyi “elektrik mexaniki” vəzifəsi nəzərdə tutulmuşdur. Qeyd edilən faktlar "xxxx" QSC tərəfindən 12 fevral 2021-ci il tarixli Aktla təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının 01 yanvar 2006-ci il tarixinək güzəştli iş stajı olmadığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin, НЗ № ******* nömrəli hərbi biletin, təhsil haqqında 539 nömrəli, 28.09.2020-ci il tarixli arxiv arayışının, ДТ-İ №772443 nömrəli diplomun, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətlərinə əsasən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, 26.08.1978-ci il tarixdən 06.03.1982-ci il tarixədək Bakı Baza Energetika texnikumunda təhsil almış, 08.04.1982-ci ildən 20.04.1982-ci ilədək “Kibernetika” institutunda texnik işləmiş, 30.04.1982-25.05.1984-cü il tarixlərində hərbi xidmətdə olmuşdur. 07.06.1984-cü il tarixdən 02.09.1985-ci il tarixədək “Kibernetika” institutunda elektrik çilingər vəzifəsində, 16.09.1985-ci il tarixdən 08.04.1992-ci il tarixədək “Bakı şəhər tikinti mexanikləşdirmə” trestində elektrik çilingəri vəzifəsində işləmişdir. 15.04.1992-ci il tarixdən Bakı Metropoliteninə elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir, 04.01.1994-cü il tarixdən həmin idarədə elektrik mexaniki vəzifəsində işləyir. Eyni zamanda Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 40N- 10/3-468 nömrəli, 16 aprel 2021-ci il tarixli məktubuna əsasən İddiaçı 15.04.1992-ci il tarixindən 04.01.1994-cü il tarixinədək Bakı Metropoliteninin Elektrik təchizatı xidmətinin Elektrik yarımstansiyaları distansiyasında “elektrik montyoru” peşəsində, 04.04.1994-cü il tarixindən 18.07.2014-cü il tarixinədək “elektrik mexaniki”, “böyük elektrik mexaniki” vəzifələrində çalışmışdır (gecə növbəsi olmaqla 12% zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən 01.07.2019-cu il tarixinədək "xxxx" QSC-nin Elektrik təchizatı xidmətinin Elektrik yarımstansiyaları distansiyasında “elektrik mexaniki” vəzifəsində (gecə növbəsi olmaqla 12% zərərli iş şəraiti ilə) işləmişdir. 01.07.2019-cu il tarixindən Elektrik təchizatı xidmətinin Elektrik işıqlandırma və kabel şəbəkəsi distansiyasının təmir sahəsində elektrik mexaniki vəzifəsində işləyir (yalnız gecə, 24% zərərli iş şəraiti ilə). Gecə saatlarına görə İddiaçı əmək haqqına 40% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 13 il 8 ay 16 gün güzəştli iş stajı olmuşdur. Belə ki, iddiaçı 15.04.1992-ci il tarixindən 04.01.1994-cü il tarixinədək Bakı Metropoliteninin Elektrik təchizatı xidmətinin Elektrik yarımstansiyaları distansiyasında “elektrik montyoru” peşəsində (2 nömrəli Siyahı, yarımstansiyaların xidməti üzrə elektrik montyorları - 2290100a—19842), 04.04.1994-cü il tarixindən 01.01.2006-cı il tarixinədək elektrik mexaniki vəzifəsində (2 nömrəli Siyahı, elektrik mexanikləri - 2300200b—25410) işləmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir. “X3” AR Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “X3” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “X3” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlilini iddiaçının elektrik mexaniki vəzifəsi üzrə əmək funksiyası ilə yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olmaması təşkil etmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, 2 nömrəli Siyahının “23000000 - XXVİİİ. Nəqliyyat; 23002000 - 2. Metropolitenlər” sətri üzrə 2300200a kodu “a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”ə aid edilmişdir. İddiaçı elektrik mexaniki olmaqla fəhlə kimi deyil, mütəxəssis kimi çalışmışdir. Belə ki, “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin X7 Sorğu kitabçasına (hissə 56 - 2) əsasən “Elektrik Mexaniki” İİ Metropoliten Xidmətləri 2) Mütəxəssislər kateqoriyasına aid edilmişdir və vəzifə borcu “xidmət göstərilən qurğu və avadanlıqların saz saxlanılmasını, qəzasız və etibarlı işini, düzgün istismarını, onların texniki cəhətdən saxlanılması üzrə təlimatlara, təsdiq edilmiş çertyoj və sxemlərə, mövcud texniki şərtlərə və normalara müvafiq surətdə vaxtlı-vaxtında keyfiyyətlə təmir olunmasını və modernləşdirilməsini təmin etmək; qurğuların iş şəraitini öyrənmək, vaxtından əvvəl köhnəlməsinin səbəblərini aşkara çıxarmaq; onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək; qurğuların istismarı və onlara xidmət göstərilməsi üzrə texnoloji prosesə, təlimatlara, əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə qaydalara briqada tərəfindən riayət olunmasına nəzarət etmək; qurğuların işindəki nasazlıqların aradan qaldırılmasında iştirak etmək; İş yerlərinin materiallarla, xammalla, ehtiyat hissələri ilə, ölçü cihazları ilə, mühafizə vasitələri ilə, alət və mexanizmlərlə, texniki sənədlərlə təmin edilməsinə nail olmaq; əməyin və istehsalın elmi təşkilinin, əməyin qabaqcıl üsullarının tətbiqində iştirak edir, qovşaq və detalların təmirinin və bərpasının mütərəqqi metodlarını; habelə qurğu və avadanlıqların xidmət müddətinin artırılması, təmir işinə əmək sərfinin və onun maya dəyərinin azaldılması, təmirin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri işləyib hazırlamaq və tətbiq etmək; təhkim olunmuş texniki vasitələrin etibarlığının, iş keyfiyyətinin yüksəldilməsi üzərində tədbirlərin işlənib hazırlanmasında, mövcud qurğuların mənimsənilməsində və modernləşdirilməsində iştirak etmək; materiallar, ehtiyat hissələri və alətlər üçün tələbnamələrin tərtib olunmasında iştirak etmək və onların qənaətlə və səmərəli surətdə sərf olunmasını təmin etmək; avadanlıqlarda qəzaların səbəblərinin təhqiq olunmasında qəza və istehsalat travmatizmi hallarının qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək; qurğu və avadanlıqlara xidmətin, onların cari və əsaslı təmirinin keyfiyyətlə aparılması işinə operativ rəhbərliyi həyata keçirməkdən ibarətdir”. Eyni zamanda, 2 nömrəli Siyahıdan görünür ki, iddiaçının işlədiyi vəzifə 2300200b— 25410 koduna aid edilsə də, cavabdehin istinad etdiyi tələb (meyar) 2300200a kodu üzrə nəzərdə tutulmuş və iddiaçının işlədiyi müəssisə onun işlədiyi dövrləri güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən sahəyə aid etməklə, bu barədə arayış vermişdir. Bundan əlavə iddiaçının işlədiyi əmək şəraitinin zərərli olmasına dair əmək kitabçasında müvafiq qeyd aparılmışdır. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 12 il 06 aydan artıq güzəştli və hərbi xidmət və təhsil müddəti nəzərə alınmaqla 25 ildən çox ümumi iş stajı mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının yalnız gecə vaxtlarında zərərli iş şəraitində tunellərdə və yeralti qurğularda daimi məşğul olan mütəxəssis kateqoriyasına aid olmasını qərarında əsaslı olaraq göstərmişdir ki, bu da iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 il ümumi stajı olması və onun 12 il 06 aydan çox müddətin 2№-li Siyahı üzrə nəzərdə tutulmuş sahələrdə (kod 2290100a-9842 və kod 2300200b-25410) işləməsi tam sübuta yetirilməsinin səbəbindən onun 57 yaşından “X3” AR Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna əsas verir. "xxxx" QSC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi 04 noyabr 2021-ci il tarixli, A/298 saylı arayışı ilə də cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu bir daha təsdiq olunur. Həmin arayışdan da göründüyü kimi X4 15 aprel 1992-ci il tarixindən 04 yanvar 1994-cü il tarixədək Bakı Metropoliteninin Elektrik Təchizatı Xidmətinin Elektrik yarımstansiyasının distansiyasında “elektrik mantyoru” peşəsində, 04 aprel 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək isə “elektrik mexaniki”, “böyük elektrik mexaniki” (gecə növbəsi olmaqla, zərərli iş şəraiti ilə) peşələrində işləmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5236/2021 saylı, 25 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2487/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2487/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver