Məhkəmə qərarları › İş №2-1(103)-2488/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2488/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2488/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4067/2021 saylı, 30.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşından, yəni, 31.03.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1956-cı il tarixində anadan olmuş, 03.07.1972ci il tarixdən 20.11.2001-ci il tarixədək işləmiş, 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi və 20 ildən çox xüsusi stajı vardır.O cümlədən 05.06.1981-ci il tarixdən 20.11.2001-ci tarixədək usta vəzifəsində işləmişdir ki, həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda «Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri; b) rəhbərlər və mütəxəssislər bölməsində 2290000b—23419 kodu üzrə “tikinti və quraşdırma işlərinin ustaları” və həm də 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bölməsində göstərilən eyni adlı vəzifə kimi öz əksini tapmışdır. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 28.12.2020-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 7 sentyabr 1972-ci il tarixli əmək kitabçasında 05.06.1981 - 03.04.1995-ci il tarixləri arasındakı dövr ərzində “AZQUR” səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin 29.01.2009-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduğu məlum olmuşdur. İddiaçının işlədiyi dövrdə həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də 01 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az təşkil edir. Eyni zamanda güzəştli iş stajı yoxdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında eyni əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4067/2021 saylı, 30.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni 31.03.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (02.12.2020-ci il) əvvəlki üç il üçün, yəni 02.12.2017-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti imtina məktubunda göstərilənlərə uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, iddiaçının əmək kitabçasında 05.06.1981 - 03.04.1995-ci il tarixləri əhatə edən dövr ərzində “AZQUR” səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli Bakı Quraşdırma İdarəsində işlədiyi dövrün, həmin idarənin 2009-cu ilə qədər DSMF-də qeydiyyatı aşkar edilmədiyindən sığorta stajı kimi qəbul edilməsi mümkünsüzdur. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəmənin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna istinadən qeyd olunmuşdur ki, onun ümümi və xüsusi iş stajına dair sənədlərin mötəbərliliyi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığını bildirmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Tağızadə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin «Azqur» Səhmdar firması ilə bağlı dəlilləri ilə razılaşmamış, müvafiq sübutların məhkəməyə təqdim edildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İddiaçının iddia tələbindən göründüyü kimi, 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasını tələb etmişdir. Güzəştli şərtlərlə 57 yaşından pensiya təyin edilməsinin isə qanunvericiliklə müəyyən edilən şərtləri aşağıdakı şərtləri vardır. 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədən qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «d» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, döktoanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Beləliklə də, qanunvericiliyin qeyd olunan tələbləri baxımından 57 yaşından pensiya təmin olunması üçün iddiaçının xx.xx.1956-cı il təvəllüdlü təvəllüdlü iddiaçının 2006-cı ilə qədər azı 25 il ümumi iş stajı, 12 il 6 ay xüsusilə zərərli və ya təhlükəli iş şəraitində əmək fəaliyyətinini əks etdirən xüsusi iş stajı mövcud olmalıdır. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçı: - X3 tərəfindən 05 mart 1975-ci il tarixində verilmiş 004123 saylı diplomun surətinə əsasən 1971-1975-ci illərdə həmin Texnikumda texnik elektrik ixtisası üzrə təhsil almışdır - 4 il ; - 04 may 1975-ci il tarixində Naxçıvan ASSR tərəfindən verilmiş ******* saylı hərbi biletinə əsasən 04.05.1975-09.05.1977-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur - 2 il 5 gün. 07 sentyabr 1972-ci il tarixində doldurulmuş əmək kitabçasının surətinə əsasən (iş vərəqi 31-36) : 03.07.1972 - 05.09.1972 «Azpromelektromontaj» X6 Sahəsi, 2-ci dərəcəli elektrik montajçısı işləmiş – 2 ay 2 gün ; 06.09.1974 - 28.04.1975 həmin X4 Sahəsinin rəisi vəzifəsində işləmiş - 1 il 7 ay 22 gün; 01.06.1977 - 11.10.1977 həmin X4 Sahəsində usta - 4 ay 10 gün ; 14.10.1977 - 22.05.1981 həmin X4 Sahəsinin rəisi vəzifəsində – 3 il 7 ay 8 gün. Beləliklə də iddiaçı 22.05.1981-ci il tarixinə qədər olan dövrdə - 1971-1975-ci illərdə 4 il təhsil müddəti, 2 il 5 gün hərbi xidmət müddəti və 1977-1981-ci illərdə «Azpromelektromontaj» X6 Sahəsində işlədiyi 3 il 11 ay 18-gün əmək fəaliyyəti nəzərə alınmaqla, 9 il 11 ay 20 gün iş stajı toplanır. (1972-1975-ci illər çərçivəsində fasilələrlə işlədiyi müddət (9 ay 24 gün), onun təhsil aldığı müddət ilə üst-üstə düşdüyünə görə “Əmək pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinin tələbi qaydasında, iddiaçının mənafeyinə uyğun olaraq təhsil müddəti nəzərə alınmışdır). Əmək kitabçasının bundan sonrakı qeydindən isə görünür ki, iddiaçı 05.06.1981- ci il tarixində X1 Sahəsndə usta vəzifəsinə qəbul edilmişdir. Lakin onun həmin müəssisədən işdən azad olunması barədə müvafiq qeyd mövcud deyil. Sonrakı qeyddə isə aşağıdakılar təsbit olunmuşdur: “1995.04.01.Nax.ETS-nin ləğvi ilə əlaqədar olaraq Naxçıvan Qİ-nə köçürülsün. K/Ş “imza yoxdur” Babayeva C. əmr 11.“əmrin tarixi yoxdur” Sözügedən qeydin bundan əvvəlki müəssisyəyə, yəni, X1 Sahəsinə məxsus olması aşağıdakılara görə istisna olunur. Birincisi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinin tələbində nəzərdə tutulurdu ki, müəssisə ləğv olunduqda, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilir. Göründüyü kimi, ləğv edilən təşkilat tərəfindən köçürülmə barədə əmr verilə bilməz. İkincisi, sözügedən köçürlmə barədə qeyd kadrlar şöbəsi əməkdaşının imzası ilə də təsdiq olunmamış, həm də burada əmrin tarixi də mövcud deyil. İşə əlavə olunmuş“Naxçıvan MR Dövlət Arxivinin 06.11.2020-ci il tarixli13/787 saylı arxiv arayışlarına əsasən də müəyyən olunur ki, onun 05.06.1981-ci il tarixində X1 Sahəsinə usta qəbul edilməsi barədə əmrlər kitablarında onun azad olunması barədə məlumat aşkar edilməmişdir (Həmin arxiv arayışlarına əsasən qeyd olunan müəssisədə 1972-1977-ci illərdə cəmi 14 ay əmək haqqı alması və 1991-ci ildə cəmi, bir dəfə maddi yardım alması barədə məlumatlar aşkar edilmişdir.) Bütün bu qeyd olunanlar sözügedən qeydin, iddiaçının 05.06.1981-ci il tarixində usta kimi işə qəbul olundığı ləğv edilən X1 Sahəsə tərəfindən icra edildiyini istisna edir və bu səbəbdən də iddiaçının həmin Sahədə əmək fəaliyyətinin 05.06.1981-01.04.1995-ci il tarixinədək olan müddət ərzində fasiləsiz iş stajını qəbuledilməz edir. Bu baxımdan, həm də həmin müddət (05.06.1981-01.04.1995) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısında «Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, b) rəhbərlər və mütəxəssislər bölməsində “2290000b-23419” “tikinti və quraşdırma işlərinin ustaları” koduna uyğun olaraq güzəştli pensiya hüququ verən vəzifədə çalışdığını əks etdirən fasiləsiz iş stajı göstəricisi kimi qiymətləndirilə bilməz. Əmək kitabçasının daha sonrakı qeydindən isə görünür ki, iddiaçı 03.04.1995-ci il tarixində Naxçıvan Qİ-nə usta kimi qəbul edilmiş və 31.03.1997-ci il tarixində həmin Qİ-nin ləğvi ilə əlaqədar tutduğu vəzifəsindən azad edilmiş, yəni burada 1 il 11 ay 28 gün işləmişdir. Bundan sonrakı (axırıncı) qeyddən isə görünür ki, 01.04.1997-ci il tarixində Tikinti- Quraşdırma Dövlət Şirkətinin Texniki Quraşdırma İdarəsinə usta kimi qəbul edilmiş, lakin 20.11.2001-ci il tarixdə həmin İdarənin də ləğv edilməsi ilə əlaqədar yenə də tutduğu vəzifəsindən azad edilmiş, bununla da həmin İdarədə 4 il 7 ay 19 gün işləmişdir (Tədqiq lolunan sonuncu iki qeyd üzrə onun cəmi iş stajı 5 il 7 ay 17 gün təşkil edir). Beləliklə də, təhsil müddəti, hərbi xidməti, əmək kitabçasının 1981-ci ilə kimi olan və 1995-2001-ci illər üzrə qeydləri nəzərə alınmaqla, iddiaçının ümumilikdə 15 il 6 ay 28 gün (9 il 11 ay 20 gün + 5 il 7 ay 17 gün) iş stajı mövcud olur. Başqa sözlə, tələb olunan azı 25 il ümumi iş stajı toplanmır. Onun əmək fəaliyyətinin 1981-1991-ci illərə düşən dövrünün isə yuxarıda göstərilən səbəblər görə qeyd edildiyi kimi, fasiləsiz iş stajı kimi qəbul edilməsi mümkün deyil. Hətta həmin müddət, şərti olaraq, onun ümumi əmək stajı kimi daxil edilsə belə, məhkəmə kollegiyasının qənaətinə görə ona güzəştli pensiya hüququ verən “tikinti və quraşdırma işlərinin ustası” vəzifəsində fasiləsiz iş stajını ehtiva edən mötəbər məlumat kimi qiymətləndirilməsi və qəbul edilməsi istisna edilir. Belə olan halda, ən azından, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi nəzərə alınmaqla, 01.01.2006-cı il tarixinə “Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə müvafiq olan azı 12 il 6 ay xüsusi iş stajı toplanmadığı halda, onun güzəştli şərtlərlə 57 yaşından pensiya hüququ da yaranmır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən qeyd olunanlara diqqət yetirilməmiş, 1981-2001-ci illər üzrə iddiaçının əmək fəaliyyətinin qeydləri və arxiv arayışlarında təsbit olunan məlumatlar hərtərəfli araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmişdir. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edlməsi üçün qanunvericiliklə müəyyən olunan bütün halların hərtərəfli araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu vurğulayan dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4067/2021 saylı 30.06.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4067/2021 saylı, 30.06.2021-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar