Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2489/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndələri X2 və Murad-zadə Elnur Nurəddin oğlunun iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “pul təminatı üzrə müavinatın yenidən hesablanıb ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1956/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 20.6 və 20.7-ci maddələrinə əsasən pul təminatı müavinatlarının müraciət etdiyi gün üzrə (hal-hazırkı) məbləğləri əsas götürülməklə hesablanaraq, birdəfəlik ödənilməsi üçün cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi 26 il 11 ay (güzəştli imtiyazlı 32 il 2 ay 3 gün) müddətdə xidmət etmişdir. N №li hərbi hissə komandirinin N may N-cü il tarixli 0104 №-li əmri ilə Sahil mühafizəsi rəisinin 1-ci müavini-qərargah rəisi (1-ci dərəcəli kapitan rütbəsində) vəzifəsindən azad olmaqla şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq DSXdan Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. xx.xx.N-cü il tarixdə sol mədəciyin ön divarının kəskin miokard infarktından sol koronar arteriyasının stenləşdirilməsi əməliyyatı keçirmişdir. Daha sonra xx.xx.N-cü il tarixdə DSX-nın Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadələndirilərək xəstəliklə əlaqədar 30 gün və xx.xx.N-cü il tarixdə təkrarən DSX MHHK tərəfindən şəhadətləndirilərək 30 gün xəstəliklə əlaqədar ümumilikdə 60 gün xəstəliyə görə məzuniyyətdə olmuşdur. 2008-ci ildən DSX rəisinin müvafiq əmrinə əsasən kəşfiyyat və əks kəşfiyyat subyekti əməkdaşları siyahısına daxil edilmişdir. O, ehtiyata buraxılarkən N-cü ildə “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 20.6 və 20.7-ci maddələrinə əsasən nəzərdə tutulan müavinatlar verilməmişdir. Bununla bağlı DSX-ya 20 iyun 2022-ci il tarixdə ərizə təqdim etmişdir. Ərizəsində qanunvericilkdə nəzərdə tutulan pul təminatı müavinatlarının birdəfəlik ödənilməsini və ödəməni həyata keçirərəkən müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə hesablanmaqla birdəfəlik ödənilməsini xahiş etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinat verilir. Müalicə müavinatı hərbi qulluqçuların raportuna əsasən müavinatın ödənilməsi barədə əmrin imzalandığı gün hərbi qulluqçuya hesablanan pul təminatı nəzərə alınır (kompensasiya xarakterli ödənişlər nəzərə alınmır). Müraciəti ilə bağlı xidmət etdiyi hərbi hissəyə sorğu verilmişdir. Qeyd etdiyi müraciət ilə bağlı raportu və müvafiq əmr olduqda ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 20.6 və 20.7-ci maddələrinə əsasən tərxis olunduğu N-cü ildə ödənilməyən pul təminatı müavinatlarının müraciət etdiyi gün üzrə (hal-hazırki) məbləğləri əsas götürülməklə hesablanaraq, birdəfəlik ödənilməsi üçün cavabdehə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1956/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1956/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “N” nömrəli hərbi hissə komandirinin Nizami hissə üzrə “Şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış hesab edilmə” barədə 0104 №-li N may N-cü il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Sahil Mühafizəsi rəisinin 1-ci müavini-qərargah rəisi 1-ci dərəcəli kapitan İddiaçı N may N-cü il tarixdən vəzifəsindən azad olunması; “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün ona N may N-cü il tarixdən 90 (doxsan) gün müddətinə məzuniyyət verilməsi və 01 avqust Ncü il tarixdən DSX-da həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilməsi; Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinə göndərilməsi əmr edilmiş, əmrdə onun 01 avqust N-cü il tarixə xidmət illəri aşağıdakı kimi qeyd olunmuşdur: təqvimi 26 il 11 ay 00 gün; güzəştli 05 il 03 ay 03 gün; cəmi 32 il 02 ay 03 gün. Əmrdə İddiaçı N-cü il üçün nəzərdə tutulmuş məzuniyyətdən istifadə etdiyi, məzuniyyət müavinəti və maddi yardım aldığı, xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixə qədərki xidmət dövrü üçün birdəfəlik pul mükafatını 100 faiz həcmində almağa layiq olduğu qeyd olunmuşdur. - İddiaçının müraciətinə cavab olaraq DSX-nin 10/R-131 №-li xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Kəşfiyyət və əks kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Müalicə müavinəti hərbi qulluqçunun raportuna əsasən müavinətin ödənilməsi barədə əmrin imzalandığı gün hərbi qulluqçuya hesablanan pul təminatı nəzərə alınır (kompensassiya xarakterli ödənişlər nəzərə alınmır). Onun müraciəti ilə bağlı xidmət etdiyi hərbi hissəyə sorğu verilmişdir. Qeyd etdiyi müraciət ilə bağlı raportu və müvafiq əmr olduqda ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. - DSX rəisinin 22 iyun 2018-ci il tarixli 0210 №-li əmri ilə təsdiq olunmuş “DSX-nın fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlama müddətləri üzrə 2018-ci il tarixli Siyahısı”ndan müəyyən olunur ki, birdəfəlik və digər nağd yardımların verilməsi barədə yazışmların saxlama müddəti 3 il müəyyən olunmuşdur (s/s 904). - 06 mart 2019-cu il 01 №-li məhvetmə aktının surətindən müəyyən olunur ki, DSX rəisinin 22 iyun 2018-ci il tarixli 0210 №-li əmri ilə təsdiq olunmuş “Dövlət Sərhəd Xidmətinin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddəti üzrə Siyahısı”nı rəhbər tutaraq elmi, tarixi, praktiki və s. dəyərini itirmiş sənədləri (kitabları, jurnalları, işləri) məhv etmək üçün seçib ayırmışdır. Qeyd: Məhvetmə aktına daxil edilmiş xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan maliyyə-təsərrüfat sənədləri DSX rəisinin xx.xx.2016-cı il tarixli 22 №-li sərəncamına əsasən təftiş olunmuşdur (DSX MPİdən daxil olmuş xx.xx.2016-cı il tarixli 10/561N arayış). - Maliyyə Plan İdarəsi tərəfindən İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli Xidməti məktubda qeyd olunmuşdur ki, İddiaçı xidmət etdiyi hərbi hissəyə ödənişlərlə bağlı sorğu verilmiş və sorğu nəticəsində pul təminatı və əmək haqqı üçün tərtib olunmuş vərəqəsinə əsasən müəyyən olunmuşdur ki, qeyd olunan dövr üzrə bütün ödənişlərlə nağd və köçürmə yolu ilə tam təmin edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, 2015-ci ildə DSX-nın Maliyyə-Plan İdarəsinin Təftiş şöbəsi tərəfindən, 2018-ci il tarixdə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən və 2020-ci il tarixdə məhkəmənin qərarı ilə Maliyyə Nazirliyinin Maliyyə Nəzarət Xidməti tərəfindən maliyyə təsərrüfat fəaliyyəti təftiş olunduğu səbəbindən saxlama müddəti bitmiş bütün paylama cədvəlləri məhv edilmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-38-16/2-11411/23 №li məktubu ilə təqdim edilmiş: - N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, № 030 əmrindən çıxarışa əsasən Sahil Mühafizə rəisinin 1-ci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan İddiaçı “Kəşfiyyət və əks kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçulara müalicə olunmaları ilə əlaqədar iki aylıq pul təminatı məbləğində müavinət ödənilməsi qərara alınmışdır.(ƏSAS: 1-ci dərəcəli kapitan İddiaçı xx.xx.2023-cü il tarixli R-505 nömrəli raportu.) - N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, № 054 əmrindən çıxarışa əsasən Sahil Mühafizə rəisinin 1-ci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan İddiaçı “Kəşfiyyət və əks kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə müvafiq olaraq hərbi qulluqçulara məzuniyyətə çıxması ilə əlaqədar iki aylıq pul təminatı ödənilməsi qərara alınmışdır (ƏSAS: 1-ci dərəcəli kapitan İddiaçı xx.xx.2023-cü il tarixli R-971 nömrəli raportu.) - Azərbaycan Respublikası DSX-nin 3200№-li hərbi hissə tərəfindən təqdim edilmiş arayışa əsasən Silahlı Qüvvələrin ehtiyatında olan 1-ci dərəcəli kapitan İddiaçı N-cü il üçün Sahil Mühafizəsi rəisinin müvafiq əmrləri ilə 823.00 (səkkiz yüz iyirmi üç manat 00 qəpik) manat Maddi yardım, 3537.40 manat 2 qat Məzuniyyət müavinəti və 3537.40 manat 2 qat Müalicə müavinəti ödənilmişdir. Arayışa şəxsi hesab vərəqəsinin surəti əlavə edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 711-İİQ nömrəli Qanununun: 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.6-cı maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunmuş Maliyyə Plan İdarəsi tərəfindən İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli Xidməti məktubun surətindən və məktuba surəti əlavə olunmuş İddiaçı aid “Pul təminatı və Əmək haqqı üçün Şəxsi vərəqə”dən müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən dövr üzrə bütün ödənişlər nağd və köçürmə yolu ilə tam təmin edilmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı cavabdehin müvafiq məktubu ilə təqdim edilmiş əmrlərin təsdiq edilmiş surətlərindən də iddiaçıya tərxis olunduğu N-cü ildə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6 və 20.7-ci maddələrinə əsasən pul təminatının ödənilməsi təsdiq edilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1956/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1956/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2489/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2489/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver