Məhkəmə qərarları › İş №2-1(103)-2489/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2489/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2489/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3111/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 27 sentyabr 1996-30 avqust 2003-cü illər, 09 iyul 2012-01 mart 2023-cü illər dövlət qulluğu stajı kimi nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi (pensiya seçim hüququ saxlanılmaqla) pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 25 aprel 1986-dan 26 sentyabr 1996-cı il tarixlərədək Hərbi Komissarlıqda müxtəlif vəzifələrdə işləmiş, 27 sentyabr 1996-30 avqust 2003-cü il tarixlərdə Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuş, son yaş həddinə görə ehtiyata buraxılmışdır. 01 sentyabr 2003-cü il tarixdən 13 fevral 2012-ci illərdə Hərbi Komissarlıqda çalışmışdır. 09 iyul 2012-ci il tarixdən 01 mart 2023-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında baş məsləhətçi kimi çalışmışdır. O, cavabdehə pensiyanın dövlət qulluqçusu kimi hesablanması üçün müraciət etmiş, müraciətin təminindən dövlət qulluğu stajının 15 ildən az olması əsası ilə imtina edilmişdir. İddiaçı hesab edir ki, onun dövlət qulluğu stajı 15 ildən artıq olduğundan dövlət qulluqçusu kimi pensiya hesablanmalıdır. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi pensiya alır. Dövlət qulluqçusu kimi pensiya təyinatı üçün 15 il minimum olmaqla qulluq stajı tələb edilir ki, həmin tələb iddiaçıya münasibətdə ödənilməmişdir. Onun dövlət qulluğu stajı 10 il 7 ay 22 gün təşkil edir ki, digər işlədiyi dövrlər dövlət qulluğu stajına aid edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3111/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi pensiya alır. Dövlət qulluqçusu kimi pensiya təyinatı üçün 15 il minimum olmaqla qulluq stajı tələb edilir ki, həmin tələb iddiaçıya münasibətdə ödənilməmişdir. Onun dövlət qulluğu stajı xx.xx.2012-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olmaqla 10 il 7 ay 22 gün təşkil edir, bu isə qanunvericilikdə tələb olunan 15 ildən azdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İnzibati iş materiallarından görünür ki, iddiaçı 25 aprel 1986-cı il tarixdən 26 sentyabr 1996-cı il tarixinədək Hərbi Komissarlıqda müxtəlif vəzifələrdə işləmiş, 27 sentyabr 1996- 30 avqust 2003-cü il tarixlərdə Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuş, son yaş həddinə görə ehtiyata buraxılmışdır. 01 sentyabr 2003-cü il tarixindən 13 fevral 2012-ci il tarixinədək Hərbi Komissarlıqda, 09 iyul 2012-ci il tarixdən 01 mart 2023-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında baş məsləhətçi kimi işləmişdir. İddiaçı 27 sentyabr 1996-30 avqust 2003 və 09 iyul 2012-01 mart 2023-cü illər arasındakı dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi (pensiya seçim hüququ saxlanılmaqla) pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının 09 iyul 2012-ci il-01 mart 2023-cü il tarixləri ərzində işlədiyi 10 il 7 ay 22 gün dövlət qulluğu stajına qəbul edilmiş, lakin digər dövrlər qəbul edilmədiyindən dövlət qulluqçusu kimi yaşa görə pensiya 15 ildən az dövlət qulluğu stajının olması əsası ilə təyin edilməmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi; 4.1.9. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Həmin Qanunun 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci bəndinə görə Dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Apellyasiya şikayətinin dəlilinə münasibət: Məhkəmə kollegiyası işin araşdırılmış hallarına yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbi baxımından qiymət verərək qeyd edir ki, şəxsə dövlət qulluqçusu kimi pensiya təyini üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajının mövcud olması mütləqdir. İddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən dövlət qulluğu stajı müddəti 09 iyul 2012-01 mart 2023-cü illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin tutduğu dövlət qulluğu vəzifəsi ilə bağlıdır ki, həmin dövrün 15 ildən az olması konkret müəyyən edilir. Hazırda mübahisələndirilən dövr iddiaçının 27 sentyabr 1996-30 avqust 2003-cü il tarixlərdə Silahlı Qüvvələrdə hərbi xidmətdə olduğu dövrdür. Beləliklə, iddiaçıya dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi onun 1996-2003cü illər üzrə hərbi qulluqçu kimi stajının dövlət qulluğu stajı kimi nəzərə alınmasının mümkün olub-olmamasından asılıdır ki, cavabdeh həmin dövrlərin dövlət qulluğu stajına aid olmaması qənaətindədir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növüdür. Dövlət qulluğuna dair qanunvericiliyə yeni tənzimləmələr nəticəsində Qanun və Qaydanın son redaksiyasından da görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilir. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 15 illik qulluq müddəti ilə bağlı şərt ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 1-ci bəndinə görə bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş şəxslərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluğa qəbul edilməsi zamanı dövlət qulluğunun xüsusi növündə xüsusi, hərbi və ya diplomatik rütbə (bundan sonra – rütbə) nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajına və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluq keçmiş şəxslərin dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilməsi zamanı dövlət qulluğunda malik olduqları qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müəyyən edir. Qaydaların 2.1-ci bəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.2. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti. Göründüyü kimi hərbi rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə dövlət qulluğunun xüsusi növüdür və dövlət qulluğunun xüsusi növündə həqiqi hərbi xidmət müddəti dövlət qulluğu stajı hesablanarkən mütləq nəzərə alınmalıdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin faktiki hallarından isə göründüyü kimi cavabdeh iddiaçının 09 iyul 2012-01 mart 2023-cü illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin tutduğu vəzifə dövlət qulluğu stajına sayılmış, onun 10 il 7 ay 22 gün stajı dövlət qulluğu stajı kimi hesab edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının 27 sentyabr 1996-cı il tarixdən 30 avqust 2003-cü il tarixədək hərbi qulluqçu kimi stajı dövlət qulluğu stajına aid edilməmişdir. Halbuki, yuxarıda adıçəkilən normaların, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin konkret tələbindən də göründüyü kimi Silahlı Qüvvələrdə hərbi xidmət dövrü dövlət qulluğu stajı hesablanarkən nəzərə alınan dövrdür. Həmin dövr nəzərə alındıqda isə iddiaçının minimum dövlət qulluğu stajının 15 ildən artıq olması müəyyən edilir ki, həmin şərtin ödənilməsi dövlət qulluqçusu kimi pensiya təyinatı üçün əsasdır. İş materiallarında olan X6 tərəfindən təqdim olunmuş sorğuya cavab məktubunda da qeyd edilmişdir ki, 1996-2003-cü illərdə Silahlı Qüvvələrdə hərbi hərbi xidmət dövrü dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, həmin məktubun mötəbərliyi hər hansı şübhə doğurmamaqla həmin məktub da hazırkı iş üzrə istinad edilən qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, məlum olduğu kimi X6 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. Oxşar işlər üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2-1(102)-1213/2023 saylı, 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1819/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərarlarında da X3 məktubuna münasibətdə oxşar mövqedən çıxış edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Əmək pensiyası haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzusu ilə yalnız bir pensiya təyin edilir. Göründüyü kimi şəxsin müxtəlif əsaslarla pensiya təyinatına münasibətdə hüququnun mövcudluğu imkanı tanınmışdır ki, həmin əsaslardan hər hansı birinə münasibətdə təyinatın aparılması və ödənilməsi şəxsin arzusundan asılı edilmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı hərbi qulluqçu kimi pensiya alan şəxs statusundadır ki, onun dövlət qulluqçusu kimi pensiya hüququ da mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müxtəlif əsaslarla pensiyanın seçim hüququ mövcuddur ki, hazırkı qərar ona hərbi qulluqçu kimi pensiya ilə yanaşı, dövlət qulluqçusu kimi də pensiya təyin edilməsi hüququ verir. Məhkəmə tərəfindən hazırkı mübahisə üzrə dövlət qulluqçusu kimi onun pensiya hüququnun tanınması, iddiaçının pensiya seçmək hüququnun realizəsi imkanı da yaradır. Bu baxımından birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçının ona seçiminə uyğun pensiya seçim hüququnun saxlanıldığı nəzərə alınmalı, hazırkı hüquqi marağına uyğun olaraq iddiaçının arzusu da nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya təyinatı aparılmalıdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqanın mütəxəssisi qismində iştirak edən X2 da izahatında bildirmişdir ki, şəxsə hansı növ pensiyanın təyin edilməsi ilə bağlı məhkəmə tərəfindən öhdəliyin qoyulmasından asılı olmayaraq, hər iki pensiya növü üzrə tərəflərindən hesablama aparılır və əgər məbləğin biri digərindən çox olarsa, bu zaman şəxslə əlaqə saxlanılır, məlumat verilir və şəxsin seçimindən asılı olaraq pensiya təyin edilir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3111/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar