Məhkəmə qərarları › İş №2-1(103)-2489/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2489/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2489/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, X7 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “qanunvericiliklə müəyyən edilmiş qaydada mənzilin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3670/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı ona verilən birotaqlı mənzilin cavabdeh orqan tərəfindən təhvil alınaraq ona ailə fərdlərinin sayı və yerli icra hakimiyyətinin müvafiq sərəncamı nəzərə alınmaqla verilməli olan üçotaqlı mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 44 günlük şanlı vətən müharibəsinin veteranı və əlilidir. 44 günlük şanlı vətən müharibəsində 13 oktyabr 2020-ci il tarixində ağır yaralanmışdır deyə ordu sıralarından tərxis olunmuşdur. Suqovuşan torpaqlarına girən ilk 3 bölükdən birinin komandiri olmuşdur və Azərbaycan ordusuna illərlə Azərbaycan zabiti kimi xidmət etmişdir. Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 154 nömrəli sərəncamı ilə Vətən müharibəsi əlili olduğu üçün, imtiyazlı mənzil növbəliliyinə alınmışdır. Daha sonra yaşayış yerimi dəyişdiyi üçün, ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Bu səbəbdən Goranboy RİH-nə müraciət etmişdir və Goranboy RİHB-nin xx.xx.2022-ci il tarixli, 101 nömrəli sərəncamı ilə yaşayış yeri üzrə Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Daha sonra qeyd edilən nüanslar və ailə tərkibi nəzərə alınaraq, Suraxanı RİHB-nın xx.xx.2022-ci il 168 nömrəli sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə bərabər Suraxanı rayonunda növbəliliyi xx.xx.2021-ci il saxlanılmaqla növbəyə dayanmışdır. 2022-ci ilin noyabr ayında, çoxsaylı müraciətlərindən sonra cavabdeh qurum Sosial Xidmətlər Agentliyi ona, ailə tərkibi, yerli icra hakimiyyətinin müvafiq sərəncamı və qanunvericiliyin tələblərini nəzərə almadan, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi MİDA 1 adlanan ərazidə 1 (bir) otaqlı ümumi sahəsi 32-35 kv.m içdən hesablandıqda isə daha azdır, təxmini olaraq (20-25kv) mənzil vermişdir. Dəfələrlə şifahi müraciətlər etsə də, qurum və rəsmiləri onun müraciətlərinə məhəl qoymamış və belə bir şeyin mümkün olmayacağını bildirmişlərdir. xx.xx.2024-cü il tarixində ilk övladı X9 doğulmuşdur, hal-hazırda isə qeyd etdiyi mənzildə 5 (beş) nəfər yaşayır. 7 ay sonra da bir övladı doğulacaqdır. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamının icrası çərçivəsində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi, Yeni yaşayış kompleksi, bina 7, giriş 56, mənzil 3, mərtəbə 6 ünvanında 1 (bir) otaqlı mənzil ilə təmin edilmişdir. Həmçinin, adıçəkilən vətəndaş yenidən mənzil ilə təmin edilməsi üçün Sosial Xidmətlər Agentliyinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli 3-17- 3/2-X-33070/2024 nömrəli məktubla iddiaçıya artıq bir dəfə mənzillə təmin edildiyi üçün yeni mənzil ilə təmin edilməsinin qanunvericiliyə uyğun olmaması səbəbilə imtina verilmişdir. Bakı şəhəri X6 4cü sessiayasının 1988-ci il 08 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Belə ki, İddiaçı məhkəməyə təqdim etmiş olduğu sənəddə xx.xx.2022-ci il tarixində verilmiş Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışda onun həmin tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, M.F.Axundov küçəsində qeydiyyatda olması müəyyənləşdirilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 168 №-li sərəncamından göründüyü kimi İddiaçı yaşayış yerini dəyişərək, ünvan 3 ünvanında qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixində elektron qaydada mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Agentliyə ərizə ilə müraciət etmişdir. Qeyd etdiyimiz Qaydanın 8ci bəndinin tələbindən göründüyü kimi onun 5 il ərzində daimi pasport qeydiyyatı Bakı şəhəri olmamış və burada yaşamamışdır. Bu səbəbdən, İddiaçı mənzil şəraitini yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi uçota götürülməsi məqsədəmüvafiq deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3670/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, adambaşına düşən 16 kv.m. yerdən sadəcə 2 (iki) nəfər üçün nəzərdə tutulan ölçüdə, yəni 32 kv.m. mənzil verilmişdir. Lakin yerli icra hakimiyyətinin sərəncamına əsasən o və ailə üzvləri daxil olmaqla, ümumilikdə 4 nəfər mənzil uçotuna dayanmışlar. Bütün bunlar nəzərə alınmadan isə ona 1 otaq 32 kv.m. ölçüdə mənzil verilmişdir. Hal-hazırda deyilən mənzildə o, həyat yoldaşı, atası, anası, qardaşı, azyaşlı qız övladı yaşayır və yaxın vaxtda da yeni bir qız övladı gözləyirlər. Verilən mənzilin isə, daxildən kvadratı nəinki 32 kv, heç 20-25 kv.m. etmir. Bundan başqa cavabdeh orqan iddiaya qarşı etirazını yazarkən qanunvericilik normalarını kobudca pozmuş və ləğv olunan hazırda qüvvədə olmayan X6nin qərarlarını və ləğv olunmuş bir neçə qanunları əlavə edərək etirazını bildirmişdir. Birinci instansiya məhkəməsi onun həmin tarixdən Bakıda yaşayıb-yaşamadığını soruşmuşdu, o isə əvvəl yaşadığı İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdən arayışı da təqdim etmiş, lakin məhkəmə onun təqdim etdiyi sübutlara səthi yanaşaraq iddianı təmin etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia tələbinin “ona verilmiş bir otaqlı mənzilin təhvil alınaraq sərəncamda göstərilən ailə üzvlərinin sayı nəzərə alınmaqla verilməli olan mənzilin qanunvericiliklə müəyyən edilmiş qaydada kvadrat sahəsi ilə verilməsi” kimi icraata qəbul edilməsini xahiş edərək və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edildi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mənzil Məcəlləsi: Maddə 4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: ... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. ... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. ... 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının 1-ci bənd- məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Qeyd olunan Sərəncamın 3.1-ci bəndinə əsasən bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; ... Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı: ... Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

Məhkəmə kollegiyası iş materiallarında olan sübutları nəzərdən keçirir: - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 168 nömrəli sərəncamından müəyyən edilir ki, iddiaçı Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 154 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı üçüncü dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. O, yaşayış yerini dəyişdiyindən üçüncü dərəcəli əlil İddiaçı mənzil-uçot işi növbəyə alınma tarixi (xx.xx.2021-ci il) saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə birinci növbədə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin sırasına daxil edilmişdir. - “Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqənda” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi, Yeni yaşayış kompleksində birotaqlı mənzil İddiaçı təhvil verilmişdir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 154 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı üçüncü dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. O, yaşayış yerini dəyişdiyindən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 168 nömrəli sərəncamı ilə üçüncü dərəcəli əlil İddiaçı mənzil-uçot işi növbəyə alınma tarixi (xx.xx.2021-ci il) saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə birinci növbədə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin sırasına daxil edilmişdir. “Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi, Yeni yaşayış kompleksində birotaqlı mənzil İddiaçı təhvil verilmişdir. İddiaçı mənzilin onun tərəfindən təhvil alındığını təsdiq edir. İddiaçı ona ayrılan yaşayış sahəsinin ayrılma normasından az olduğunu əsas gətirərək həmin mənzilin təhvil verilərək sərəncamda qeyd olunan ailə tərkibinə uyğun olaraq yeni mənzillə təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh Sosial Xidmətlər Agentliyi ona bir dəfə mənzil ayrıldığını əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir. Göründüyü kimi hazırki iddia ərizəsi ilə iddiaçı daha geniş mənzil verilməli olduğu halda birotaqlı mənzil verildiyini mübahisələndirir. Cavabdeh orqan tərəfindən verilmiş imtina ilə (1 otaqlı mənzilin verilməsi ilə) razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin əsas dəlili yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma barədə sərəncama uyğun olaraq iddiaçıya mənzil verilməsidir. Belə ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən mənzil verilərkən 2 nəfərdən ibarət ailə üzvləri nəzərə alınaraq ona 32 kv.m ölçüdə mənzil verilmişdir. Halbuki o, ailə üzvləri birlikdə yaşayır və sərəncamla yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınarkən özü ilə birgə ailə üzvlərinin sayı 4 nəfər olmuşdur. Məhkəmə araşdırmaları zamanı xüsusən apellyasiya baxışında cavabdehin gətirdiyi dəlil ondan ibarətdir ki, Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. Şəxsin mənzillə təmin edilməsi üçün yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruri olsa da, bu Agentliyin mənzillə təmin edərkən, həmin şəxslərin yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsasları yoxlamaq vəzifəsindən azad etmir. Odur ki, icraat zamanı sərəncamda qeyd edilən ailə üzvlərinin yaşayış yerinin Goranbay rayonu olduğu aşkar edilmiş və bu səbəbdən yalnız iddiaçı və onun həyat yoldaşı nəzərə alınmaqla mənzil təqdim edilmiş və vətəndaş da bununla razılaşaraq həmin mənzildə məskunlaşmışdır. Birinci instansiya məhkəməsi də məhkəmə aktını qeyd edilən dəlilə uyğun əsaslandırmış və iddiaçı imtiyazlı şəxs kimi dövlət tərəfindən bir dəfə mənzillə təmin edildiyindən onun sosial-məişət şəraitinin yenidən yaxşılaşdırılması üçün əsas olmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yuxarıda istinad olunan Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamının təsiri altına düşən şəxs olduğundan və müvafiq qaydada yerli icra hakimiyyətinin sərəncamı ilə mənzil uçotuna alındığından onun qeyd edilən sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlil kimi mənzil məişət şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsini tələb etmək hüququ vardır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı barəsində verilmiş sərəncama uyğun olaraq mənzil sahəsi ilə (müvafiq sahə ölçüsü nəzərə alınmaqla) təmin olunmasına nail olmaqdan ibarətdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 459 nömrəli 27 noyabr 2019-cu il tarixli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə əsasən yerli icra hakimiyyəti başçısının əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahələrində səlahiyyətlərinə sosial yardımlara hüququ olan şəxslərin ilkin uçotunun aparılmasını təşkil etmək də daxildir. Göründüyü kimi, həm qeyd edilən Əsasnamədən həm də yuxarıda sadalanan Sərəncamlardan aydın görünür ki, yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin uçotunu aparmaq yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamı da məhz həmin səlahiyyətin icrası gedişatında verilmiş və hazırki cavabdeh qurum da məhz həmin sərəncamı nəzərə alaraq şəxsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qismində mənzillə təmin etmişdir. Suraxanı Rayon İcra Başçısının sözügedən sərəncamıinzibati akt ləğv edilməmiş, dəyişdirilməmiş, geri çağrılmamış və ya etibarsız hesab edilməmişdir. Belə olduğu təqdirdə bir inzibati qurumun digər inzibati qurumun inzibati aktını -gəldiyi nəticəni fərqli cür şərh etmək səlahiyyəti yoxdur. İddiaçının adına olan və cavabdeh qurumun istinad etdiyi Sərəncam konkretdir və həmin Sərəncamda iddiaçı 4 nəfər (özü və digər 3 ailə üzvü) olmaqla uçota götürülmüşdür. Cavabdehin qeyd etdiyi məqam -mənzillə təmin edilmə zamanı sərəncamda göstərilən şəxslərin qeydiyyat yerinin Bakı şəhəri olmaması dəlilinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, mənzil növbəsində olan şəxsin mənzillə təmin edilən zamanı ailə üzvlərinin fərqli ünvanda qeydiyyatda olması əsası kimi imtina əsası, qadağanedici norma mövcud deyildir. Bundan əlavə iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə i.ə.d. üzrə nümayəndəliyi tərəfindən verilmiş 92 nömrəli xx.xx.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı nümayəndəlikdə olan məlumata görə 2022-ci il tarixdən ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Həmçinin, elektron sistem məlumatlarından görünür ki, Sərəncamda iddiaçının ailə üzvü kimi qeyd edilən qardaşı X5 Azərbaycan Respublikası DNŞ Qaz İxrac İdarəsində (ünvan:Rövşən Əliyev, Bakı şəhəri, Xətai, AZ1025) əmək müqaviləsi əsasında çalışır. Bununla bağlı diqqətə çatdırılmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Göründüyü kimi, cavabdeh inzibati icraat zamanı qeyd edilən qanunvericilik normalarına istinad etməmişdir. Hazırki mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə hər bir ailə üzvünə düşən sahə ayrılma normasından (16 kv.m.) azdır. İddiaçının hər bir ailə üzvünün sayına görə düşən sahə mövcud ayrılma norması nəzərə alındıqda ona ümumi sahəsi 64 kv.metrdən az olmayan mənzil təhvil verilməli idi. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3670/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarı ləğv edilərək, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, iddiaçıya təqdim edilmiş 1 otaqlı mənzil təhvil alınmaqla ona qüvvədə olan Sərəncamda qeyd edilən ailə üzvlərinin sayına uyğun mövcud qanunvericilik norması ilə müəyyən edilmiş ölçüdə mənzil təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3670/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarı ləğv edilsin. Dəqiqləşdirilmiş iddia tələbi təmin edilsin. İddiaçı verilmiş bir otaqlı mənzil təhvil alınaraq Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 168 nömrəli sərəncamında göstərilən ailə tərkibinin sayı nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilmiş sahə ölçüsündən az olmayan (4x16 kvm=64kvm) ölçüdə mənzilin təhvil verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar