Məhkəmə qərarları › İş №2-1(103)-249/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-249/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-249/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X3 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X6 (mərhum İddiaçı hüquqi varisi) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında X7 Auksion Mərkəzi) “hərrac ödənişi həyata keçirilərkən güzəşt edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 645/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13-20 sentyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında X7 Auksion Mərkəzi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Fərmanına uyğun olaraq hərrac ödənişi həyata keçirilərkən ona 30 faiz güzəşt edilməsinin, hərraca çıxarılan obyektin satış dəyərinin 50 faiz aşağı endirilməsinin və hərraca qoyulmuş "X9"nin tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin tikinti-texniki ekspertizası keçirilməsi yolu ilə qiymətinin dəqiqləşdirilməsinin, həmin qiymətlərə müvafiq onunla yeni müqavilə bağlanmasının cavabdehin üzərinə qoyulması və ona vurduğu 60.000 manat mənəvi ziyanın ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ona qarşı Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli köçəsi, 53A ünvanında yerləşən “X9”nin (279,2 kv.m) və 320,8 kv.m torpaq sahəsinin ona satılması barədə 06 mart 2019-cu il tarixdə onunla bağlanmış 4315 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi məsələsinin onun üzərinə qoyulması və onun satıcıya ödədiyi 16.538 azn məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə Xətai rayon məhkəməsində iddia qaldırmışdır. O, həmin iddiaya qarşı qarşılıqlı iddia verərək ’’X9”nin tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin tikinti-texniki ekspertizası keçirilməsi yolu ilə qiymətinin dəqiqləşdirilməsi və həmin qiymətlərə müvafiq olaraq onunla yeni müqavilə bağlanmasının cavabdehin üzərinə qoyulması və cavabdehin ona vurmuş olduğu 60.000 (altımış min) azn mənəvi ziyanın onun xeyrinə tutulması barədə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” fərmanından irəli gələn müvafiq xüsusatlarının yerinə yetirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Xətai rayon Məhkəməsi özünün xx.xx.2019-cu il tarixli qərardadı ilə onun qarşılıqlı iddiasını icraata qəbul etməkdən imtina edərək göstərmişdir ki, qarşılıqlı iddia ərizəsində qeyd etdiyi məsələlərə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Həmin qərardaddan verdiyim şikayət Xətai rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, Bakı Apellyasiya məhkəməsi isə Xətai rayon məhkəməsinin qərarını dəyişdirmədən öz qüvvəsində saxlamışdır. Ona görə də o, inzibat məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki "xxxx" icarə müəssisəsinin sahəsi 279.2 kv.m olan tikilisi və 320.8 kv.m olan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2019cu il tarixində keçirilmiş hərracda 109.125 manata İddiaçı tərəfindən satın alınmışdır. Qeyd edilən tarixdə keçirilmiş hərracın protokolu İddiaçı tərəfindən də imzalanmış və bundan sonra alıcı tərəfindən əmlakın dəyərindən 16.538 manat ödənilmiş, digər hissənin, yəni 92.587 manatın ödənilməsi təmin edilməmişdir. İddiaçı iddia ərizəsində mübahisənin predmeti olan əmlakın özəlləşdirilməsi ilə bağlı 5 dəfədən artıq hərrac keçirildiyindən, əmlakın dəyərinin 50% aşağı salınmalı olduğunu, həmçinin güzəştli satışın həyata keçirilmədiyini qeyd etmişdir. Bu iddialar əsassızdır. Belə ki, özəlləşdirilən "xxxx" icarə müəssisəsinin əmlakının qiymətləndirilməsi həyata keçirilmiş və tikililərin dəyəri 125.000 manat, onun yerləşdiyi torpaq sahəsinin dəyəri 112.000 manat, cəmi əmlakın dəyəri 237.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.2.2-ci bəndinə əsasən kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin (start) qiymətinin 15%-i, digər hissələrin satışı üsulundan asılı olmayaraq, işçilərə birbaşa güzəştli satışa yönəldilir. Həmin Proqramın 4.2.5-ci bəndinə əsasən özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektin ilkin (start) qiymətinin güzəştli satışa yönəldilən hissəsinin 70% güzəşt edilmiş məbləği güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə hər bir işçinin bərabər həcmdə tam ödəyəcəyi məbləğ və ona müvafiq əldə edəcəyi əmlak payı müəyyən edilir. İddiaçı müəssisənin əmək kollektivinin üzvü (direktor) olmuş və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq müəssisənin ilkin start qiymətinin (125.000 manatın) 15 faizi (18.750 manat) güzəştli satışa yönəldilmişdir. Qeyd edilən normativ aktlara uyğun olaraq, əmək kollektivinin yeganə üzvü kimi iddiaçı tərəfindən 18.750 manatın 30 faizi olan 5625 manat ödənilmiş, 18.750 manatın 70 faizi (13.125 manat) ona güzəşt edilmişdir. Beləliklə, özəlləşdirilmiş müəssisənin ilkin start qiymətinin 15 faizinin güzəştli satışı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Müəssisənin əmlakının 85 faizi (106.250), həmçinin dəyəri 112.000 manat olan torpaq sahəsi ilə birlikdə 218.250 manat dəyərində hərraca çıxarılmışdır. 12 dəfə keçirilmiş hərracda sifarişçi olmadığına görə satış baş tutmamışdır. xx.xx.2019-cu il tarixində keçirilmiş 13-cü hərracda əmlak iddiaçı tərəfindən əmlakın dəyəri 50% endirilməklə 109.125 manata satın alınmışdır. Qeyd edilən əmlakın özəlləşdirilməsi zamanı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həm güzəştli satış həyata keçirilmiş, həm də əmlakın dəyəri 50% endirilmişdir. İddiaçının əmlakın dəyəri barədə aldadılmasına dair qeyd etdikləri də əsassızdır. Belə ki, hərrac protokolunda əmlakın dəyərinin 109.125 manat olması qeyd edilmiş və iddiaçı da həmin protokolu imzalamışdır. Bundan başqa iddiaçı hərracdan qabaq hərracda iştirak etmək üçün əmlakın dəyərinin 10 faizi məbləğində beh də ödəmişdir ki, həmin behin məbləğindən əmlakın 100 faiz dəyərinin 109.125 manat olduğu bilinir. İddiaçının tikinti-texniki ekspertizası keçirilməklə əmlakın qiymətinin dəqiqləşdirilməsi, həmin qiymətlərə müvafiq onunla yeni alqı-satqı müqaviləsinin bağlanılmasının, həmçinin ona vurulmuş 60.000 manat mənəvi ziyanın ödənilməsinin cavabdehə həvalə edilməsi barədə tələbləri də əsassızdır. Özəlləşdirilmiş əmlak dövlət mülkiyyətində olmuşdur və mülki hüquq normalarına əsasən mülkiyyətçi öz əmlakının satış dəyərini müəyyən etməkdə sərbəstdir. Qanunvericiliklə alıcının satıcı tərəfindən müəyyən edilmiş əmlakın dəyərini mübahisələndirmək hüququna malik olması müəyyən edilməmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona mənəvi ziyan vurulmasına dair məhkəməyə heç bir sübut da təqdim edə bilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında X7 Auksion Mərkəzi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.(hakim: P.Hüseynov) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılaraq iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, 1989-cu ildə "X4"ndə qəbuledici qismində maddi məsul şəxs kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə isə "X9"ni təsis etmiş və həmin müəssisədə direktor vəzifəsində çalışmışdır. 2001-ci ildə tərəflə onun arasında 6 ay müddətinə ikitərəfli icarə müqaviləsi bağlanmışdır. Bundan sonra qarşı tərəfə dəfələrlə müraciət etməsinə baxmayaraq onunla icarə müqaviləsi bağlamamışdır. O, 2001-ci ildən hal-hazıra kimi heç bir yerdə işləmir. Təsis etdiyi "X9" on iki dəfə X7 auksion mərkəzində hərraca çıxarılmışdır. Sonuncu dəfə 05 mart 2019-cu il tarixdə X7 auksion mərkəzində hərrac komissiyası tərəfindən sahəsi 279.2 kvm olan "X9"nin tikilisinin dəyəri 37.000 azn və müəssisənin yerləşdiyi 320.8 kvm torpaq sahəsi 56.000 azn qiymətləndirilmişdir. Bu qiymətlər hərrac keçirilərkən elan olunmuşdur. Ümumilikdə obyektin dəyəri torpaqla bir yerdə 93.188 manat qiymətləndirilmişdir. Qeyd edir ki, o, hərracı udmuşdur. Lakin cavabdeh Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında fərmanında göstərilən tələbləri kobud surətdə pozmuşdur. Hərracda satılan obyektin dəyəri barədə saxta protokol tərtib edərək hərracda satılan obyektin və onun yerləşdiyi torpaq sahəsinin dəyəri həddindən artıq şişirdilmişdir. Həmin fərmana əsasən hərrac ödənişi həyata keçirən alıcılara 30 faiz güzəşt edilir. Eyni zamanda güzəştli satışda olan obyekt beş dəfədən artıq hərraca çıxarılırsa onun satış dəyəri 50 faiz aşağı endirilməlidir. Ona görə də belə hesab edir ki, X7 auksion mərkəzi tərəfindən keçirilən hərracda cavabdehin mənafeyi, marağı daha üstün tutulmuş və saxtakarlığa yol verərək obyektin və onun yerləşdiyi torpaq sahəsinin dəyəri 109.125 manat yazılmışdır. Bu məbləğ yazılarkən 30 faiz güzəştdən əlavə hərracın dəyəri 50 faiz də aşağı salınmalı idi. xx.xx.2019-cu il tarixdə hərrac komissiyasının sədri Azər Sadıqov onu aldadaraq inandırmışdır ki, hərracın qiyməti 93.188 manatdır, buna görə də o, aldanıb hərrac protokoluna imza etmişdir. Bundan sonra ona həmin obyektin və torpaq sahəsinin alqısatqısı barədə müqavilə təqdim edilmişdir. O, müqavilə ilə tanış olduqda görmüşdür ki, həmin müqavilədə obyektin və torpaq sahəsinin dəyəri şişirdilərək 109.125 manat yazılmışdır. Buna görə də o, aldandığını başa düşüb həmin müqaviləyə imza etməmişdir. ünvan 3 ünvanında yerləşən "X9"nin yerləşmiş olduğu tikili 1960-1962-ci illərdə tikilmişdir. Tikinti təmirdən düşmüş və demək olar ki, istifadəyə yararsızdır. Belə bir tikintinin dəyərinin 37.000 azn qiymətləndirilməsi habelə həmin tikintinin yerləşdiyi cəmi sahəsi 320,8 kvm olan torpaq sahəsinin 56.000 manat dəyərləndirilməsi ağıla və məntiqə sığan bir şey deyildir. Belə ki, həmin icarə müəssisəsinin tikilisi obyektiv surətdə mütəxəssis ekspert tərəfindən qiymətləndirilsə dəyəri 15-20.000 azn dən çox olmaz. Həmin tikintinin yerləşdiyi torpaq sahəsi isə 3-cü kateqoriya torpaq sahəsinə aiddir ki, bu torpaq sahəsinin hər kvadrat metri 33 manatdır. Belə olan halda 320,8 kvm torpaq sahəsinin dəyəri 10.586 manat edir. Göründüyü kimi hərrac komissiyası və cavabdeh onunla həddindən artıq şişirdilmiş qiymətlərlə müqavilə bağlamağa nail olmaq istəmişlər. Lakin o, vaxtında başa düşərək şişirdirilmiş qiymətlərlə onunla bağlamaq istədikləri müqaviləyə imza etməmişdir. Bunlarla yanaşı qeyd etmək istəyir ki, cavabdehin hərəkətləri nəticəsində ona küllü miqdar mənəvi zərər dəymişdir. Belə ki, 2001-ci ildən hal-hazıra kimi cavabdeh onunla icarə müqaviləsi bağlamamış, buna görə o, təsisçisi olduğu "X9"nin fəaliyyətini genişləndirə bilməmiş, streslər keçirmiş. Dəfələrlə əsəbi gərginlikdən ağır ürək əməliyyatına məruz qalmışdır, insult keçirmişdir. Şəkər xəstəliyi və sair xəstəliklər tapmışdır ki, hal-hazıra kimi əziyyət çəkir. 2-ci qrup əlildir. Həyat yoldaşı 3-cü qrup əlildir. Yetkinlik yaşına çatmayan uşağı var. Belə hesab edir ki, cavabdeh ona maddi ziyanla yanaşı çox böyük mənəvi ziyan da vurmuşdur. Həmin mənəvi ziyanı o, 60.000 manat qiymətləndirir. Bakı İnzibati Məhkəməsində işə baxılarkən o, dəfələrlə vəsatətlər qaldırmışdır ki, icarə müəssisəsi əmlak komitəsinin balansında deyil. Əgər balansındadırsa onda reyestrdən çıxarış məhkəməyə təqdim edilsin. Bundan əlavə əgər əmlak komitəsi qanunsuz olaraq icarə müəssisəsini hərrac yolu ilə satarkən 30 və 50 faiz güzəştlər edilmişsə bu barədə olan sənədlər məhkəməyə təqdim edilsin. Hərracda satılan "X4" Binəqədi İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli sərəncamına əsasən "X9" hüquqi şəxs kimi qeydə alınmışdır. Həmin icarə müəssisəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılaraq satıla bilməz. Bütün bu vəsatətləri demək olarki araşdırılmamış və məhkəmə tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə Dövlət Əmlak Komitəsinin saxta bir məktubuna əsaslanaraq qərardadda qeyd etmişdir ki, "X9" kiçik müəssisəsidir və Əmlak Komitəsinin tabeliyindədir, hərrac keçirilərkən ona 30 və 50 faiz güzəştlər edilmişdir, hərrac zamanı heç bir qanunsuzluğa yol verilməmişdir. Əgər belədirsə o, onda niyə tərtib edilən müqaviləyə imza etməmişdir və baxmayaraq ki, Əmlak Komitəsi saxta və qeyri-obyektiv hərrac keçirmişdir, o, məcbur olub İnzibati Məhkəməyə müraciət etmişdir ki, heç olmasa uzun müddət rəhbərlik etdiyi "X9" nin yerləşdiyi bina və torpaq sahəsi tikinti texniki ekspertizası keçirilməsi yolu təkrarən düzgün qiymətləndirilsin və onunla düzgün müqavilə bağlansın. Lakin İnzibati Məhkəmə tərəfindən ətraflı və obyektiv araşdırma aparılmadan onun iddiasının mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə öz qərardadında belə qənaətə gəlmişdir ki, keçirilmiş hərrac ləğv edilməli və yenidən hərrac keçirilməlidir. O, başa düşə bilmir nəyə görə hərrac ləğv edilməlidir? O, hərracın keçirilməsindən narazı deyil, hətta hərrac protokoluna imza edərək 16500 manat pul da ödəmişdir. Ancaq həmin hərrac zamanı ona güzəştlər edilməməsi və "X9"nin yerləşdiyi binanın və torpaq sahəsinin düzgün qiymətləndirilməməsindən narazıdır. Belə olan halda məhkəmə əsassız olaraq onun iddiasını mümkün saymamışdır. Apellyasiya baxışı zamanı iddiaçı X6 (mərhum İddiaçı hüquqi varisi) və nümayəndəsivəkili X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: ünvan 4 ünvanında yerləşən, hərrac vasitəsilə satın aldığınız obyektin və torpaq sahəsinin satış dəyərinə müəyyən güzəştlərin edilməsinə köməklik göstərilməsi barədə xx.xx.2019-cu il tarixli müraciətinizə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qeyd edilən ünvanda yerləşən obyektin satışı üzrə xx.xx.2019-cu il tarixində keçirilən 13-cü hərracda Siz əmək kollektivinin üzvü kimi güzəştlərdən istifadə etməklə yanaşı, həm də hərracın qalibi olmuşsunuz, lakin tərəfinizdən alqı-satqı müqaviləsi imzalanmamışdır. Bildiririk ki, hərracın qalibi ilə bağlanılan alqı-satqı müqaviləsində özəlləşdirilən əmlakın dəyəri əks olunur. Nəzərinizə çatdırırıq ki, sözügedən əmlakın dəyərinin ödəniləcəyi barədə xx.xx.2019-cu il tarixli öhdəlik ərizəsi ilə komitəyə müraciət etmişsiniz, lakin qəbul etdiyiniz öhdəlik tərəfinizdən yerinə yetirilməmişdir. Əlavə olaraq bildiririk ki, qısa müddət ərzində hərrac vasitəsilə satın aldığınız əmlaka dair qanunvericiliklə müəyyən edilmiş müddətdə tərəfinizdən alqı-satqı müqaviləsi bağlanılmadıqda və əmlakın dəyərinin dövlət büdcəsinə köçürülməsi təmin edilmədikdə həmin əmlak təkrar hərraca çıxarılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 19 aprel 2021-ci il tarixli məktubda qeyd olunur: Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 53A ünvanında yerləşən "xxxx" İcarə Müəssisəsi “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli, 1003 nömrəli Fərmanı ilə özəlləşdirilməyə açıq elan olunmuşdur. “Tələbə" İcarə Müəssisəsi hərraca çıxarılması və özəlləşdirilməsi barədə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş və bu barədə “Mülkiyyət” qəzetinin xx.xx.2017-ci il tarixli 46 nömrəli buraxılışında, privatization.az özəlləşdirmə portalında və emlak.gov.az saytında mütəmadi olaraq məlumat verilmişdir. Qeyd olunan müəssisənin ilkin start qiyməti 237.000 manat (125.000 manat əmlakın qiyməti, 112.000 manat torpaq sahəsinin qiyməti) müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.2-ci bölməsinə uyğun olaraq əmlakın ilkin start qiymətinin 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilmiş, 85%-i isə hərraca çıxarılmışdır və bu barədə əmək kollektivinə müvafiq bildiriş göndərilmişdir. Qanunvericiliyə uyğun olaraq torpaq sahəsinin qiymətinə güzəşt tətbiq edilmir. "xxxx" İcarə Müəssisəsinin əmlakının satış qiymətinin 125.000 manatın əmək kollektivi üzvünə güzəştli satışa yönəldilmiş 15%-i 18750 manat təşkil etmişdir. Qanunvericiliyə uyğun olaraq İddiaçı xx.xx.2017 - xx.xx.2017-ci il tarixlərində keçirilmiş güzəştli satışda əmək kollektivinin üzvü kimi iştirak edərək satışa yönəldilmiş 18750 manatın 30%-ni 5625 manatını müvafiq hesaba ödəyərək güzəştli satışda iştirak etmiş, 13125 manat ona güzəşt edilmişdir. xx.xx.2017-ci il tarixdə “Bildirişlərin verilməsi jurnalı”nda qeydiyyat aparılaraq alıcıya təqdim edilmişdir. 15% hissə əmək kollektivi üzvünə güzəştlə satıldıqdan sonra müəssisənin 85%-i 218.250 manat olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 4.6-cı bəndinə əsasən Dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) satıcı tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Eyni zamanda "xxxx" İcarə Müəssisəsi 12 dəfə hərraca çıxarılmış, lakin sifarişçi olmadığından satılmamış və 05 mart 2019-cu il tarixdə keçirilmiş 13-cü hərracda qanunvericiliyə uyğun olaraq hərracın qalibi İddiaçı tərəfindən 109.125 manata satın alınmışdir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 6.4-cü bəndinə uyğun olaraq kiçik müəssisənin hərraca çıxarılan hissənin (obyektin start qiymətinin 85%-nin) hərrac qalibi əmək kollektivi üzvü olduqda bu hissə 100% hesab edilməklə, hərrac qiymətinin 30%-i müvafiq qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra ən geci 30 (otuz) bank günü ərzində pulla ödənilir. Hərrac qiymətinin 30%-i üzrə ödənişi həyata keçirən alıcıya hərrac qiymətinin 30%-i həcmində güzəşt edilir. 40%-i alqı-satqı müqaviləsində müəyyənləşən müddətdə, lakin 2 ildən gec olmayaraq pulla ödənilir. Bildirilmişdir ki, "xxxx" İcarə Müəssisəsinin əmək kollektivinin üzvü və hərracın qalibi İddiaçı tərəfindən xx.xx.2017xx.xx.2017-ci il tarixlərində keçirilən güzəştli satışda iştirak etmək üçün 5625 manat, 05 mart 2019-cu il tarixdə keçirilmiş hərracda iştirak etmək üçün əmlakın ilkin start qiyməti 218.250 manatın 50%-nin 109.125 manat hərrac qiymətinin 10%-i həcmində 10913 manat beh, ümumilikdə 16538 manat vəsait ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Hərrac protokolunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, keçmiş «Azərsutikinti» X2 Birliyinin "xxxx" İcarə Müəssisəsi (ümumi faydalı sahəsi 279.2 kv.m, özəlləşdirilən torpaq sahəsi 320.8 kv.m) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixində keçirilmiş hərracda 109.125 manata İddiaçı (qalib – alıcı) tərəfindən satın alınmışdır. Həmin protokol Komissiyanın sədri və üzvləri tərəfindən, eləcə də hərracçı X1 və Alıcı İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan qəbzin və ödəniş tapşırığının təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" İcarə Müəssisəsi üçün 5625 manat (güzəştli satışda iştirak üçün) və 10913 manat (hərracdan qabaq hərracda iştirak etmək üçün əmlakın dəyərinin 10 faizi məbləğində beh) olmaqla, ümumilikdə 16538 manat ödənilmişdir. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Fərmanına uyğun olaraq hərrac ödənişi həyata keçirilərkən ona 30 faiz güzəşt edilməsinin, hərraca çıxarılan obyektin satış dəyərinin 50 faiz aşağı endirilməsinin və hərraca qoyulmuş "X9"nin tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin tikinti-texniki ekspertizası keçirilməsi yolu ilə qiymətinin dəqiqləşdirilməsinin, həmin qiymətlərə müvafiq onunla yeni müqavilə bağlanmasının cavabdehin üzərinə qoyulması və ona vurduğu 60.000 manat mənəvi ziyanın ödənilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İşdən göründüyü kimi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, keçmiş «Azərsutikinti» X2 Birliyinin "xxxx" İcarə Müəssisəsi (ümumi faydalı sahəsi 279.2 kv.m, özəlləşdirilən torpaq sahəsi 320.8 kv.m) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixində keçirilmiş hərracda 109.125 manata qalib olaraq iddiaçı tərəfindən satın alınmışdır. Həmin protokol iddiaçı tərəfindən imzalanmışdır. Eyni zamanda iddiaçı qeyd olunan hərracla əlaqədar güzəştli satışda iştirak etmiş, güzəştli satışda iştirakla əlaqədar 5625 manat, hərracdan qabaq hərracda iştirak etmək üçün əmlakın dəyərinin 10 faizi məbləğində beh olaraq isə 10913 manat olmaqla, ümumilikdə 16538 manat ödəmişdir. Hazırda iddiaçı ödənişlə bağlı güzəştin edilməsini, hərraca çıxarılan obyektin satış dəyərinin aşağı endirilməsini, hərraca çıxarılan obyektin qiymətinin dəqiqləşdirilməsini, onunla yeni müqavilənin bağlanmasını və ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Lakin qeyd olunduğu kimi, hərrac keçirilmiş və müvafiq hərrac protokolu tərtib edilmişdir. Həmin hərracın keçirilməsi ilə əlaqədar olaraq güzəştlər tətbiq edilmiş, əmlakın dəyəri müəyyən edilmiş, müvafiq endirimlər tətbiq edilmiş, satış qiyməti protokolda əks olunmuş, iddiaçı tərəfindən güzəştli satışda iştirakla əlaqədar və hərracdan qabaq hərracda iştirak etmək üçün əmlakın dəyərindən müəyyən edilən ödənişlər həyata keçirilmişdir. Həmin hərrac protokolu ləğv edilməmiş və ya dəyişdirilməmişdir, hazırda qüvvədədir. İddiaçı isə hərrac protokolunu mübahisələndirmədən qeyd olunan iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar olaraq iddia tələbinin dəqiqləşdirilməsi məhkəmə tərəfindən iddiaçı tərəfə təklif edilməsinə baxmayaraq, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmiş, iddia tələbini qoyulduğu kimi müdafiə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hərrac protokolu mübahisələndirilmədən və hazırda hərrac protokolu qüvvədə olduğundan qeyd olunan iddia tələblərinə baxılması mümkün hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə hesab eetmişdirdir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşdən göründüyü kimi iddiaçının tələbi keçirilmiş hərracın qiymətləndirilməsi ilə razılaşmayaraq qiymətinin dəqiqləşdirilməsinin, həmin qiymətlərə müvafiq onunla yeni müqavilə bağlanmasından ibarətdir. Həmçinin işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilərək hərrac protokolu mübahisələndirilmədən və hazırda hərrac protokolu qüvvədə olduğundan qeyd olunan iddia tələblərinə baxılmasının mümkün hesab edilmədiyi bildirilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmiş, iddia tələbini qoyulduğu kimi müdafiə etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar