Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-249/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6851/2024 saylı 05 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan cavabdeh qurumun xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiya hüququnun yarandığı tarix 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının aylıq əmək pensiyası 15445,03 manatdan 4041,54 manata endirilmişdir. Bundan narazı qalan iddiaçının müraciətinə əsasən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-19528/2024 saylı Artıq ödənilmiş əmək pensiyası haqqında məktubdan görünür ki, araşdırma zamanı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınının tamamlandığı xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşın tamamlandığı xx.xx.2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 26 il 3 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 30,70 manat (26,01 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 50,29 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 61737,12 manat sığorta kapitalına uyğun 428,73 (61737,12:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 564,02 (50,29+428,73+85,00) manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 744,26 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixinə 5910,64 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 7804,91 manat) əmək pensiyası təyin edilərək ona ödənilib. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar,ona əmək pensiyası təyin olunduqdan sonra 6 il işləməyini ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 137520,48 manat sığorta kapitalına uyğun əmək pensiyasının xx.xx.2017-ci il tarixdən yenidən hesablanmasının duzgun olmadığı müəyyən edilib. Belə ki, 137520,48 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 136 aya ( 63 il 6 ay-58 il 2 ay = 64 ay +(144 ay-72 ay)) bölünməklə 1011,18 manat (137520,48:136) qanuni əmək pensiyasının (744,26 manat) üzərinə əlavə edilərək 1755,44 manat (744,26+1011,18) (indeksləşdirilərək xx.xx.2021-ci il tarixə 2482,45 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirərək xx.xx.2023-cü il tarixinə 15445,03 manat)) artırılaraq ona ödənilib. Bundan başqa xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçı kateqoriyasına keçməyilə əlaqədar əmək pensiyasının həmin tarixdən yenidən hesablanaraq 2482,45 manatdan 3212,31 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 3321,53 manat), xx.xx.2022-ci il tarixdə yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasın akeçməyi ilə əlaqədar isə həmin tarixdən 3321,53 manatdan 3506,91 manata artırılıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1,2-ci maddəsinin tələblərinə uyğun olaraq, sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinizin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 21 dekabr 2023-cü il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Mülahizənizin dinlənilməsi üçün Mərkəzi Filiala 18 dekabr 2023-cü il tarixində gəlmiş, lakin tərtib edilmiş akt onun tərəfinizdən imzalanmamışdır. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə sizə 384494,90 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 384494,90 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə əlaqədar əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etmək xahiş olunur. Əmək pensiyanın Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə görə və 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar həmin tarixdən etibarən 4041,54 manat təşkil edir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və fərq məbləğinin hesablanaraq birdəfəlik ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-17874/2023 saylı qərarının ləğv edilməsi və fərq məbləğinin hesablanaraq ona birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Həmin dövrdən müxtəlif vəzifələrdə, o cümlədən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuş və iddiaçı 15.445,03 manat pensiya almışdır. Lakin, 1 yanvar 2023-cü il tarixdə əmək pensiyası əsassız olaraq azaldılmış və hazırda 4041,54 manat təşkil edir. Cavabdeh tərəfindən mülahizələrinin dinlənilməsi üçün dəvət edilmiş, 18 dekabr 2023-cü il tarixdə Mərkəz Filialında ona əmək pensiyasının yenidən hesablanaraq azaldılacağı bildirilmişdir, buna etiraz edərək əmək pensiyasının məbləğinin qanunvericiliyə uyğun olaraq hesablandığını bildirmişdir. Daha sonra isə 28 dekabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək mülahizələrinin dinlənilməsinin nəticəsi barədə məlumat verilməsini tələb etmişdir. Cavab olaraq pensiyasının azaldılmasına dair ona cavabdeh tərəfindən məktub göndərilmişdir. Məktubda barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraat başlanılması, əmək pensiyasının qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə görə və 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar həmin tarixdən etibarən 4041,54 manat təşkil etməsi göstərilmişdir. Cavabdehin mövqeyi ona görə yanlış hesab edilir ki, iddiaçı xx.xx.1997-ci il tarixədək 20 il ümumi stajı və xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə 10 il staja malikdir. Belə ki, xx.xx.1997-ci il tarixədək ümumi stajı 20 ildən çoxdur, vaxtilə işlədiyi vəzifə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və təricilərin 1 №-li Siyahısında buruqlara xidmət üzrə çilingləri (1100000a-18497) vəzifəsinə, bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərləri (1100000a-18559) vəzifəsinə, quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər (1100000b-23485) vəzifəsinə uyğun gəlir. Lakin cavabdeh belə bir qənaətə gəlir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunu xx.xx.2000-ci ildən etibarən əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara kişilərin güzəştli pensiya hüququ gözləntisi yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan "Vətəndaşların pensiya təminatı qında" Qanunu ilə ("Vətəndaşların pensiya təminatı haqqında" Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Lakin bu qənaət qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən "qazanılmış hüquq" konsepsiyasına, dövlət və hüquqi müəyyənlik prinsiplərinə zidddir. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman "əvvəllər qüvvədə olmuş" ifadəsi ilə fərqli hər hansı şərt və qayda müəyyən etməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, qeyd etmişdir ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən təyin edildiyi aşkar edilib. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 26 il 3 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 30,70 manat (26,01 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 50,29 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 61737,12 manat sığorta kapitalına uyğun 428,73 (61737,12:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 564,02 (50,29+428,73+85,00) manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 744,26 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixinə 5910,64 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 7804,91 manat) əmək pensiyası təyin edilərək ona ödənilib. İddiaçıya əmək pensiyası təyin olunduqdan sonra 6 il işləməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 137.520,48 manat sığorta kapitalına uyğun əmək pensiyanın xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, iddiaçının 137.520,48 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 136 aya (63 il 6 ay-58 il 2 ay=64 ay+(144 ay-72 ay)) bölünməklə 1011,18 manat (137520,48:136) qanuni əmək pensiyasının (744,26 manat) üzərinə əlavə edilərək 1755,44 manat (744,26+1011,18) (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinə 2482,45 manat) ödənilməli olduğu halda, düzgün olmayan 7804,91 manat əmək pensiyası 9248,43 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 15445,03 manat)) artırılmaqla iddiaçıya ödənilib. Bundan başqa, iddiaçının xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 2482,45 manatdan 3212,31 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 3321,53 manat), xx.xx.2022-ci il tarixində yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar isə həmin tarixdən 3321,53 manatdan 3506,91 manata artırılıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinizin dinlənilməsi üçün iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 21 dekabr 2023- cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. İddiaçı mülahizənin dinlənilməsi üçün 18 dekabr 2023-cü il tarixində Mərkəzi Filiala gəlmişdir. Lakin tərtib edilmiş akt iddiaçı tərəfinizdən imzalanmayıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya 384.494,90 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyası Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə görə və 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar həmin tarixdən etibarən 4041,54 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6851/2024 saylı 05 iyun 2024-cü il tarixli qərarı ilə iddianın “qərarın ləğv edilməsi” hissəsində təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-17874/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi və ödənilməmiş pensiyanın fərq məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi və iddianın qalan (birdəfəlik ödənilmə) hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etirazların dəlilləri: İddiaçı və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə etirazların dəlilləri onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 15(112)-232/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-17874/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının icrasının dayandırılması qərara alınmışdır. Cavabdehin Bakı İnzibati Məhkəməsinin 15(112)-232/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 15(103)- 155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, həmin qərardaddan cavabdehin verdiyi kassasiya şikayəti isə Ali Məhkəmənin 15(102)-153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Beləliklə, cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-17874/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının icrası dayandırılmışdır. Hazırki işdə birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət tamamilə əsassızdır və bu səbəbdən təmin olunmamalıdır. Cavabdehin apellyasiya şikayətinin mətni onun iddia ərizəsinə qarşı Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi etirazın mətni ilə eynidir. Hətta müvəqqəti xarakterli təminat tədbirinə dair işdə də cavabdehin bütün şikayətlərinin mətni hazırkı işlə eyni olmuşdur. Apellyasiya şikayətində yeni bir əsaslandırma, dəlil və sair mövcud deyil. Halbuki, iddia ərizəsindəki əsaslandırmaya əlavə olaraq Bakı İnzibati Məhkəməsi əsaslandırma aparmış və sözügedən yenidən hesablama qərarının ləğvi üçün iddia ərizəsində göstərilməyən yeni əsaslar müəyyən etmişdir. Cavabdeh isə apellyasiya şikayətində ümumiyyətlə onlara münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki işdə cavabdeh qurum tərəfindən apellyasiya şikayəti verildiyindən birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissələrdə yoxlanılır. Çünki iddianın təmin edilmədiyi hissədə məhkəmə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırda cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-17874/2023 saylı qərarını mübahisələndirir. Həmin qərar işə birinci instansiya qaydasında baxılarkən təqdim olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddiaçının ikinci tələbi isə birinci tələbdən doğaraq “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin tələb üzrə də iddia müddəti qanunla müəyyən edilmədiyindən həmin tələb üzrə də iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, iddiaçıya 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 17874/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə iddiaçının pensiya hüququnun yarandığı tarix 52 yaşının tamam olduğu xx.xx.2011-cu il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının aylıq əmək pensiyası 15.445,03 manatdan 4041,54 manata endirilmişdir. Qərara əsasən yenidən hesablamanın səbəbi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən İnventar (artıqödəmə), 50-52 yaşdır. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir və hesab edir ki, ona pensiyasında aparılan dəyişikliklə bağlı yaranmış fərq məbləği ödənilməlidir. Həmin hissələrdə iddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-17874/2023 saylı qərar bundan öncə qəbul edilmiş xx.xx.2009-cu il tarixli “əlverişli qanuni inzibati akt” qüvvədə olduğu halda qəbul edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmi Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanununun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Hazırki işdən görünür ki, cavabdeh qurum tərəfindən iddiaçı barəsində xx.xx.2009cu il tarixdən orta aylıq əmək haqqına uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra onun pensiyaya çıxmaq hüququ 50 yaşdan 52 yaşa keçirilərkən bu barədə incibati icraat aparılmış, İddiaçı cavabdehin inzibati binasına dəvət olunmuş, dinlənilməmiş və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş, akt cavabdehin vəzifəli şəxsləri tərəfindən imzalansa da, iddiaçı aktı imzalamaqdan imtina etmişdir. Nəticədə iddiaçının barəsində əlverişsiz qanunsuz inzibati akt qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə qədər qazanmış olsun. xx.xx.2006-cı il tarixədək qüvvədək olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” və “b” bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq sözügedən Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd olunan maddi hüquq normalarının tələbinə görə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən iddiaçıya pensiya təyin olunması üçün onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmalıdır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2009-cu il tarixə olan vəziyyətə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş bütün şərtlər ödənilmişdir. Bu səbəbdən də ona Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinin qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdi ki, iddiaçıya mübahisəli pensiya təyinatı qərarı qüvvədə olan normasına əsaslanaraq qəbul edildiyindən, inzibati orqanın xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunun redaksiyasına əsasən pensiya təyinatı aparması həm də həmin vaxtdan etibarən hazırki tarixədək formalaşmış uzunmüddətli məhkəmə təcrübəsi ilə üst-üstə düşdüyündən iddiaçıya pensiya təyinatı barədə cavabdehin qərarı qanuni əlverişli inzibati akt qismində çıxış edir. Qanuni əlverişli inzibati aktın ləğvinə isə yalnız yuxarıda adı çəkilən Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallarda yol verilə bilər. Hazırki işdən isə müəyyən olunur ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə müvafiq olaraq iddiaçıya əvvəllər 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı düzgün aparılmış və bu zaman qüvvədə olan qanunvericiliyin hər hansı tələbinin pozulması halına yol verilməmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırki işdən isə görünür ki, cavabdeh qurum iddiaçının xeyrinə olan qanuni əlverişli inzibati aktın qəbul edildiyi vaxtdan 14 il sonra həmin qərarın hüquqi nəticəsini aradan qaldıran- pensiya yaşının 50 yaşdan 52 yaşa çəkilməsi, bununla da orta aylıq əmək haqqına istinadən pensiya hesablanması qaydasının dəyişdirilməsinə nail olan pensiyanın yenidən hesablanması barədə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdehin iddiaçıya 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı tarixi 52 yaşa çəkməsi və əvvəlki illər üzrə artıqvermə məbləğinin müəyyən edilməsi barədə xx.xx.2023cü il tarixli, 3-171/3-7-17874/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı qanunsuz, əliverişsiz inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda da qeyd edildiyi kimi, qanunsuz əliverişsiz inzibati aktlar hər bir halda ləğv edilməli və onların hüquqi nəticələri aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına və pensiyanın hesablanma qaydasına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçının pensiya hüququ 50 yaşdan 52 yaşa keçirilərkən və onun pensiyası xx.xx.2023-cü il tarixli qərarla 15445,03 manatdan 4041,54 manata endirilərkən, həmin qərarla 384494,9 manat miqdarında artıq ödəmə müəyyən olunsa da, iddiaçının sonuncu təyin olunan 4041,54 manat pensiya məbləğindən artıqödəmə ilə bağlı hər hansı tutulma həyata keçirilməmişdir. Bu fakt iş üzrə tərəflərin verdiyi izahatlar və iddiaçıya aid Pensiya təyinatı alt sistemdən çıxarışla da təsdiq olunur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiyası xx.xx.2023cü il tarixli qərarla 15445,03 manatdan 4041,54 manata endirildiyi üçün və həmin qərar qanunsuz və əlverişsiz inzibati akt olub ləğv edildiyi üçün xx.xx.2023-cü il tarixdən sonra ona ödənilməli olan fərq məbləğinin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır, buna görə də həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının mübahisələndirilən hissədə ləğv edilib, həmin hissədə iddianın rədd edilməsi üçün əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6851/2024 saylı 05 iyun 2024-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6851/2024 saylı 05 iyun 2024-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-249/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-249/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver