Məhkəmə qərarları › İş №2-1(103)-2491/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2491/2021

25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2491/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2675/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 12.04.2017-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş və 1982-ci ildə əmək fəaliyyətinə başlamışdır. İddiaçı 03.05.1982-ci ildə “X19”nin 3 saylı sexinə yapışqançəkən şagirdi peşəsinə işə qəbul edilmişdir. İddiaçı 17.01.1983-cü il tarixdən 31.12.2003-cü il tarixədək kəsici-biçici sahəsində 5-ci dərəcə ilə yaş dəri xammalı biçicisi peşəsində işləmişdir. “Xalq üçün X11 04.09.1990-cı il tarixli 321 saylı əmrinə əsasən 10.10.1990-cı ildə “X19” “X10” ilə birləşmiş, Bakı X21 İstehsal edən X2 yaradılmışdır. 13.09.1997-ci il tarixdə 832 saylı Sərəncama əsasən X21 İstehsal Edən X2nin adı dəyişdirilərək "xxxx" ASC olmuşdur. Cavabdeh tərəfindən iddiçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın 27 sentyabr 2019cu il tarixli məktubunda imtinanın əsası kimi 01.01.2006-cı il tarixədək iddiaçının ümumi əmək stajının 20 ildən az təşkil etdiyi göstərilmişdir. Cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tam əsassızdır. Çünki iddiaçının 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan həm ümumi, həm də xüsusi stajı var. İddiaçının cavabdeh orqana təqdim etdiyi əmək kitabçasından və "xxxx" ASC-nin arayışından görünür ki, iddiaçının 01.01.2006-cı il tarixədək 21 il 7 ay 28 gün ümumi stajı yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı bölməsinin 26.7-ci bəndi ilə müəyyən edilmiş dəri xammalı biçicisi peşəsi üzrə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Həmçinin, 23 yanvar 2007-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2 №-li əlavəsinin 2 №-li Siyahısında (2210800a-17742) göstərilən dəri xammalı biçicisi peşəsi üzrə iddiaçının topladığı xüsusi əmək stajına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyası haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaranır. "xxxx" ASC-nin arayışında göstərilmişdir ki, iddiaçı 01.01.1998-ci il tarixdən 31.12.2003-cü il tarixədək müəssisədə xammal çatışmazlığı ilə əlaqədar öz hesabına məzuniyyətdə olmuşdur. Cavabdeh orqana təqdim edilən əmək kitabçasından və "xxxx" ASC-nin arayışından görünür ki, iddiaçının həmin müəssisədə 15 il 3 ay 25 gün ümumi və xüsusi stajı yaranmışdır. İddiaçının uşaqları X13 06.10.1998-ci ildə, X17 26.06.2000-ci ildə, X14 02.11.2004-cü ildə doğulmuşdur. İddiaçı uşaqları üç yaşına çatanadək onlara qulluq etməsi ilə əlaqədar işləməmişdir. 01.01.2006cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ə” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşağa 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət ümumi iş stajına daxil edilir. İddiaçının uşaqlarına qulluq etdiyi qanunla müəyyən edilmiş 6 il də əlavə edilməklə ümumi stajı 20 ildən çox edir. Göründüyü kimi iddiaçının 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün tələb olunan 20 ildən çox ümumi və 10 ildən çox xüsusi stajı var. İddiaçının 52 yaşının tamam olduğu 12.04.2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı 12.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2675/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı 12.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Belə ki, "xxxx" ASC-nin 12.06.2017-ci il tarixli 18/33 nömrəli arayışına əsasən iddiaçı 01.01 . 1998-ci il tarixindən 31.12 2003-cü il tarixinədək xammal çatışmazlığı ilə əlaqədar ödənişsiz məzuniyyətdə olduğu və həmin dövr ərzində əmək fəaliyyəti ilə məşğul olmadığı üçün həmin müddət onun ümumi iş stajına daxil edilə bilməz. Bundan əlavə məhkəmə 23.09.1992-cı il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü hissəsinə istinad edərək iddiaçının körpə uşaqlara qulluq etdiyi dövrü onun ış stajına daxil edilməli olması qənaətinə gəlmişdir. Belə ki, hal-hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin həmin Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına yuxarıda qeyd edilənlərdən əlavə daxil edilən müddətlər göstərilmişdir. Halbuki həmin siyahıda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən X5 ünvanlanmış 27.09.2019-cu il tarixli **********5 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - Azərbaycan Respublikası "xxxx" ASC-nin 12.06.2017-ci il tarixli 18/33 nömrəli arayışından görünür ki, Zeynalova - İddiaçı 03.05.1982-ci il (Əmr № 43, 03.05.1982-ci il) tarixdən 31.12.2003-ci il (Əmr № 10 KŞ, 01.12.2003-ci il) tarixədək X12 3 saylı sexində müxtəlif peşələrdə işləmişdir. Zeynalova - İddiaçı qızı 17.01.1983-cü il tarixdən 31.12.2003cü il tarixədək kəsici-biçici sahəsində 5-ci dərəcə ilə dəri xammalı biçicisi peşəsində işləmişdir. Zeynalova - İddiaçı qızı 01.01.1998-ci il tarixdən 31.12.2003-cü il tarixədək müəssisədə xammal çatışmazlığı ilə əlaqədar olaraq öz hesabına məzuniyyətdə olmuşdur. "xxxx" Dövlət Konserninin 04.09.1990-cı il tarixli 321 saylı əmrinə əsasən X10 X19 ilə birləşmiş, Bakı X21 İstehsal edən X3 yaradılmışdır. 13.09.1997-ci il tarixdə 832 saylı sərəncama əsasən XTMİE X1 adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən 2 saylı siyahının 26-cı bölməsinin 26.7 bəndi ilə (səh.151, sət.50) Zeynalova - İddiaçı işlədiyi dəri xammalı biçicisi peşəsi güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququnu verir. Arayış əmrlər kitabı və T-2 şəxsi vərəqəsi əsasında yazılmışdır. - Vİ-JQ seriyalı 314471 saylı nikahın bağlanması haqqında şəhadətnamənin, AZ- İİİ seriyalı 633399 nömrəli, AZ-İİİ seriyalı 593424 nömrəli və AZ-İ seriyalı 537215 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X9 ilə X6 16.02.1993-cü ildə nikahlarını bağlamışlar (nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir), onların birgə nikahlarından 06.10.1998-ci ildə X13, 26.06.2000-ci ildə X15 və 02.11.2004-cü ildə X14 adlı övladları doğulmuşdur. - iddiaçı Ağayeva (Zeynalova) Ruqiyə Ağasəf qızına məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 03.05.1982-ci ildə X19 3 saylı sexə yapışqan çəkən şagirdi peşəsinə işə qəbul edilmiş, 14.09.1982-ci ildə 2-ci dərəcə verilmiş, 17.01.1983-cü ildə Kəsici-biçici sexinə 5-ci dərəcə ilə yaş dəri xammalı biçicisi vəzifəsinə keçirilmiş, 10.10.1990-ci ildə X19 X10 ilə birləşmiş, Bakı X21 istehsal edən X3 yaradılmışdır, 10.09.1997-ci ildə XTMİE X1 adı dəyişdirilərək "xxxx" ASC olmuşdur, 31.12.2003-cü ildə Azərbaycan Respublikası ƏM-nin 70ci maddəsinin A bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan hüquq normalarından da göründüyü kimi 2 nömrəli siyahı üzrə qadınlara 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Hazırkı iş üzrə iddiaçı ona 52 yaşdan, yəni hüququnun yarandığı 12.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsini xahiş edir. İş materiallarından müəyyən edilir ki, o, 03.05.1982-ci ildə X19 3 saylı sexə yapışqan çəkən şagirdi peşəsinə işə qəbul edilmiş, 14.09.1982-ci ildə 2-ci dərəcə verilmiş, 17.01.1983-cü ildə Kəsici-biçici sexinə 5-ci dərəcə ilə yaş dəri xammalı biçicisi vəzifəsinə keçirilmiş, 31.12.2003-cü ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin A bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 12.06.2017-ci il tarixli 18/33 nömrəli arayışına əsasən iddiaçı 01.01.1998-ci il tarixdən 31.12.2003-cü il tarixədək müəssisədə xammal çatışmazlığı ilə əlaqədar olaraq öz hesabına məzuniyyətdə olmuşdur. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az olması təşkil etmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından müyyən olunur ki, X9 ilə İddiaçı 16.02.1993-cü ildə nikahlarını bağlamış və onların birgə nikahlarından 06.10.1998-ci ildə X13, 26.06.2000-ci ildə X15 və 02.11.2004-cü ildə X14 adlı övladları doğulmuşdur. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin «e» bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq, iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçı 06.10.1998-ci ildən 02.11.2007-ci ilədək 3 nəfər körpə uşağa hər uşaq 3 yaşına çatanadək qulluq etmiş və iddiaçının körpə uşaqlara qulluq etdiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin müddət iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının 03.05.1982-ci ildən 01.01.1998-ci ilədək ümumi iş stajı və iddiaçının uşaqlara qulluq etdiyi dövr nəzərə alındıqda iddiaçının ümumi iş stajı 01.01.2006-cı il tarixədək 20 ildən artıq olduğu müəyyən edilir. Məhkəmə Kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, onun qanunvericiliklə nəzərdə tutulmuş 10 ildən artıq güzəştli iş stajı mövcuddur. Belə ki, iş materiallarına əsasən iddiaçı 17.01.1983-cü ildən 01.01.1998-ci ilədək "xxxx" ASC-də (X19, daha sonra Bakı X21 istehsal edən X3) Kəsici-biçici sexində 5-ci dərəcə ilə yaş dəri xammalı biçicisi vəzifəsində işləmişdir. iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XX bölmə - Yüngül sənaye, 7-ci bənd - Dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emalı («a» fəhlələr), kod 2210800a—17742 - dəri xammalını biçənlər. Həmin peşə həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur: Bölmə 26 - Yüngül sənaye, 26.7-ci bənd - Dəri və xəz istehsalatları, dəri xəz xammalının ilkin emalı («a» fəhlələr) - dəri xammalını biçənlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017- ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1-ci yarımbəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının güzəştli iş stajı iş materiallarında olan güzəştli iş stajı barədə iş yerindən arayışla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin mötəbər olması,ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırmasının aparılması ilə bağlı qeyd edir ki, müvafiq dövr üzrə iş stajı arxiv arayışında, həmçinin, iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçının 20 ildən artıq ümumi və 10 ildən artıq güzəştli iş stajı olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 12.04.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2675/2021 saylı, 24 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar