Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2491/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1647/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********6733 saylı məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1647/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, müəssisə tibbi xidmət fəaliyyəti ilə məşğuldur, Vergi Orqanının göstərdiyi mal qalığı stol-stuldan, mebel və kompyuterlərdən, müayinə aparatlarından ibarətdir ki, bunlar da heç bir halda müəssisə tərəfindən hər hansı bir təqdimetmənin, işlərin, xidmətlərin predmeti olmamışdır ki, bu nöqteyi nəzərdən göstərilənlər birmənalı şəkildə Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tərkibindən kənardır. Vergi orqanın xx.xx.2021-ci il tarixli № **********6733 saylı məsuliyyətə cəlb edilmə qərarında Məcəllənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Vergi Məcəlləsinin 58-ci maddəsinə formal olaraq istinad etməklə maliyyə sanksiyası hesablamışdır. Bu isə birbaşa olaraq müəssisənin sərbəst iqtisadi fəaliyyətinin məhdudlaşdırılmasıdır. Çünki müəssisənin fəaliyyətindən heç bir kənarlaşma mövcud deyil, dövlət büdcəsinə heç bir zərər toxunmamışdır. Hesab edirik ki, məhkəmə tərəfindən işin bu hallarına düzgün hüquqi qiymət verilərək hesablanmış vergi məbləği ləğv edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan: - “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********0760 nömrəli qərar ilə, İddiaçınə (VÖEN **********) məxsus olan qeyri-yaşayış binasında (**********-15001) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il (xx.xx.2020 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır; - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2020-ci il tarixli, KY**********9 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Mcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunmuşdur; - DVX seriyalı 001292 nömrəli, 27 noyabr 2020-ci il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətin nəticəsi haqqında akt”dan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 oktyabr 2020-ci il tarixli **********0760 №-li qərarına əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2020-ci il tarixində İddiaçı MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev 116A ünvanında yerləşən Medistyle klinikasında 139421,07 AZN dəyərində dərman preparatları və tibbi ləvazimat, 1139600,0 AZN dəyərində isə tibbi avadanlıq aşkar olundu. Aşkar olunmuş 1139600,0 AZN dəyərində avadanlığın sənədlərlə (eqf, igb, alış akt və s.) öz əksini tapmadığı müəyyən olunmuşdur; - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6733 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 113960.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 113960.00 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır; - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********6734 nömrəli tələbnamədən görünür ki, İddiaçındən büdcəyə ödənilməli olan 113960.00 manat vəsaitin xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında **********851500 nömrəli 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı operativ vergi nəzarətinin nəticəsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli şikayəti təmin edilməmiş, xx.xx.2020-ci il tarixli DVX seriyalı 001292 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6733 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilmədiyindən yanlış nəticəyə gəlinmişdir. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2020-ci il tarixli qərarla İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsinin nəticəsi olaraq 27 noyabr 2020-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə 1139600,0 manat dəyərində qaimə faktura, elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmayan müxtəlif adda mallar aşkar edilmişdir. Qeyd olunan aktın əsasında vergi orqanı tərəfindən 15 yanvar 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar əsasında iddiaçıya Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 113960,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, vergi orqanının göstərdiyi mal qalığı stol-stuldan, mebel və kompyuterlərdən, müayinə aparatlarından ibarətdir ki, bunlar da heç bir halda müəssisə tərəfindən hər hansı bir təqdimetmənin, işlərin, xidmətlərin predmeti olmamışdır ki, bu nöqteyi nəzərdən göstərilənlər birmənalı şəkildə Vergi Məcəlləsinin 58.8ci maddəsinin tərkibindən kənardır. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... iddiaçı aşkar olunmuş malların cəmiyyətin təsisçisi tərəfindən əvəzsiz istifadəyə verildiyini qeyd etsə də, həmin malların əvəzsiz istifadəyə verilməsi ilə bağlı təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmiş, yalnız xx.xx.2019-cu il tarixli “Borc müqaviləsi”nin surətini təqdim etmişdir ki, bu müqavilə həmin əmlakın əvəzsiz istifadəyə verildiyini təsdiq etmir. "xxxx" və “əvəzsiz istifadə” anlayışları (müqavilələri) fərqli olmaqla, hüquq münasibətinin subyektləri üçün də fərqli hüquq və vəzifələr yaradır. ... borc müqaviləsinə əsasən müqavilənin predmetinə mülkiyyət hüququ borc alana keçdiyi halda, əvəzsiz istifadə müqaviləsində mülkiyyət hüququ digər tərəfə keçmir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 736.1-ci maddəsinə görə, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən qanunvericilik normalarının məzmunundan aydın olur ki, əvəzsiz istifadə müqaviləsinin səciyyəvi cəhətləri əmlakın əvəzsiz olaraq verilmiş olması və müəyyənləşdirilmiş müddət bitdikdən sonra olduğu kimi geri qaytarılmasının şərtləndirilməsidir. Qanunveriicliklə konkret olaraq müəyyənləşdirilmiş qeyd edilən səciyyəvi göstərişlər “əvəzsiz istifadə” müqaviləsini "xxxx" müqaviləsindən fərqləndirməyə imkan verir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki normaların məzmununa əsasən "xxxx" və “əvəzsiz istifadə” anlayışları fərqləndirilsə də, hazırki işin faktiki hallarına münasibətdə qanunvericilik düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 01 №li müqaviləyə əsasən: “Bir tərəfdən X3 (Ünvan: Bakı şəhəri, Firuz Qəmbərov ev 14, mənzil 12 ) (bundan sonra borc verən adlandırılacaq), digər tərəfdən isə X3 şəxsində "X1 Cəmiyyəti (VÖEN: ********** , Hüquqi ünvan: ünvan 2rılacaq) aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar:
1. Bu müqaviləyə əsasən "Borc verən" bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən avadanlıq, mebel və inventarları birdəfəlik və ya hissə-hissə “borc alan”a borc olaraq verir. 2."Borc alan" "Borc verən"dən qəbul etdiyi avadanlıq, mebel və inventarları borc olaraq qəbul edir.
3. “Borc alan” hansı tarixdə verilməsindən asılı olmayaraq bu müqavilə əsasında 1 saylı əlavə əsasında qəbul etdiyi borcunu xx.xx.2021-ci il tarixədək “borc verən”ə qaytarmağı öz öhdəsinə götürür.”
4. Bu müqavilə üzrə borcun qaytarılması faizlə şərtləndirilməmişdir. ... ” Göründüyü kimi, xx.xx.2019-cu il tarixli müqavilə borc müqaviləsi adı altında bağlansa da, mahiyyətindən açıq görünür ki, "xxxx" adı ilə verilmiş əmlak iddiaçı MMC-yə əvəzsiz istifadə üçün verilmiş, yəni müvafiq əmlakın istifadəsi qarşılığında hər hansı maddi tələb müəyyənləşdirilməmiş, faizlə şərtləndirilməmişdir. Həmçinin, 3-cü bəndə əsasən, konkret tarixədək istifadəyə verilən malların qaytarılması öhdəliyi müəyyənləşdirilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, xx.xx.2019-cu il tarixli 01 №li müqavilə hazırki inzibati mübahisə üzrə borc müqaviləsi deyil, əvəzsiz istifadə müqaviləsi kimi nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “... iddiaçının təqdim etdiyi borc müqaviləsini əsas götürsək, həmin əmlakın mülkiyyətçisi İddiaçı MMC-dir və Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi hesab edilməlidir. ... həmin müqavilə Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən malların alışını və ya mədaxilini təsdiq edən sənədlər siyahısında nəzərdə tutulmamışdır və həmin müqavilə əsasında əldə edilmiş malların Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədlər əsasında alınmasını istisna etmir.” Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Göründüyü kimi, qanunvericiliyin 13.2.10-cu maddəsində vergi tutula bilən təqdimetmələrin dairəsi konkret olaraq müəyyənləşdirilmiş, əvəzsiz istifadə isə bu cür təqdimetmələrin siyahısına daxil edilməmişdir. AR Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6733 nömrəli qərara əsasən, iddiaçı MMC vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə məsuliyyətə cəlb edilmişdir. Lakin, işdən aydın olduğu kimi, inzibati orqan tərəfindən vergiyə cəlb edilən əmlak MMC-yə borc müqaviləsi əsasında verilmədiyindən onun mülkiyyətinə keçməmişdir. Sözügedən əmlak iddiaçıya əvəzsiz və müvəqqəti istifadə üçün verildiyindən MMC-nin balansına daxil olmamış, bilavasitə sahibliyində olmamışdır. Həmin əmlaka dair hər hansı alqı-satqı münasibətləri də olmadığından, sahiblikdə olan əmlak kimi qeyd edilən sənədlərin (elektron qaimə-faktura, təhvil-qəbul aktı, hesab-faktura, alış aktları və s.) təqdim edilməməsi səbəbindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi əsassız olmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2018-2019-cu illər üzrə mənfəət vergi bəyannamələri və sadələşdirilmiş vergi bəyannamələrindən də görünür ki, cavabdeh tərəfindən vergitutma obyekti hesab edilmiş əmlak amortizasiyaya cəlb edilməmişdir ki, bu da sözügedən əmlakın vergitutma obyekti olmadığını sübut edir. AR VM-in 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqın-da” xx.xx.2003-cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Hazırki mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçı MMC-yə müvafiq qərarlar üzrə vergi borcu hesablanarkən yuxarıda sadalanan normaların tələblərinin kobud surətdə pozulması müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadan mübahisəli məsələ üzrə yalnış nəticəyə gəlindiyindən mübahisələndirilən məhkəmə qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli və mübahisələndirilən 2-1(112)-1647/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərar ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1647/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6733 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Kamran Əkbərov