Məhkəmə qərarları › İş №2-1(103)-2491/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2491/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2491/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5993/2023 nömrəli 14 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-5993/2023 nömrəli 14 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququn yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5993/2023 nömrəli 14 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmış və xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Qanunun 7-ci maddəsinin tələblərinə əsasən 01 07.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmiş və iddiaçının pensiya yaş həddinə çatdığı - 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təyinatına imkan verməsi üçün hədd 34560 manat olmuşdur. İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə cavabdeh inzibati orqan tərəfindən baxılmış və iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan müvafiq pensiya kapitalı (azı 34560 manat) və ya sığorta stajına (azı 25 il) malik olmadığından, müraciətin təmin edilməsindən imtina edilmişdir. Qanunun 22-1.1-ci maddəsinin tətbiq edilərək avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 11 ay (xx.xx.2006-cı il tarixədək 22 il 7 ay, xx.xx.2006-cı il tarixdən sonra mdss haqqı ödənilən 01 il 4 ay) təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 7 ay sığorta stajına uyğun olaraq 18363,15 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 919,81 manat olmaqla, ümumilikdə 19282,97 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına əsasən iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək “Elmar-N” kiçik müəssisəsində işləməsinə dair qeydlərdə əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün - xx.xx.2002-ci il tarixdə işdən çıxma əmri olmadığı üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunveriliciliklə tələb olunan göstəricilərə uyğun gələrsə, iddiaçının pensiya təminatı hüququna yenidən baxıla bilər. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamış, həmçinin mübahisələndirilən dövrlə bağlı hər hansı araşdırma aparmamışdır. Məhkəmə iddia tələbini təmin edərkən təkcə ona əsaslanmışdır ki, əmək kitabçasının doldurulmasına cavab verməli olan şəxs iddiaçı deyil, işəgötürəndir, əmək kitabçasında iddiaçının işdən çıxması barədə əmrin nömrəsinin göstərilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Halbuki əmək kitabçasının tərtib qaydlarının pozulmasının işəgötürənin təqsiri üzündən baş verməsi özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur. Belə ki, mübahisələndirilən illər üzrə nəinki iddiaçının faktiki əmək fəaliyyəti, əməkhaqqı alıb-almaması, sığorta haqlarının ödənilibödənilməməsi, hətta ümumiyyətlə, həmin müəssiənin mövcud olub-olmaması, dövlət qeydiyyatına alınıb-alınmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022ci il tarixli imtina məktubunda bildirilmişdir: Təqdim etdiyiniz əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 23 il 11 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə ilinmiş pensiya kapitalı 22 il 7 ay sığorta stajına uyğun olaraq 18363,15 manat, xx.xx.2020cı il tarixindən 01,10.2021-ci il tarixinədək 919,81 manat olmaqla, ümumilikdə 19282,97 nanat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın doldurulma qaydası pozulduğu üçün (xx.xx.2002-ci il tarixində işdən çıxma əmri olmadığı üçün) xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunveriliciliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* №-li əmək kitaçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildə Bakı şəhəri “Avtomobillərə texniki xidmət” İdarəsinin Minik Avtomobillərin Mərkəzi Texniki Xidmət Stansiyasında avtomaşınların qəbuledicisi qismində 18 saylı ödənişli avtodayanacağa işə qəbul edilib, xx.xx.1977-ci ildə hərbi xidmətə gedib, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək sovet ordusu sıralarında hərbi xidmətdə olub, xx.xx.1979-cu ildən A/M qəbuledicisi qismində avtodayanacağa ehtiyata qəbul edilib, xx.xx.1980-ci il tarixdə 18 saylı a/dayanacağa eyni vəzifəyə qəbul edilib, xx.xx.1984-cü il tarixdə işdən azad edilib, xx.xx.1984-cü ildən xx.xx.1989-cü ilədək “Qlavazmeliovodstroy” SPMK-38-də müxtəlif işlərdə işləmişdir, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək Bakı avtomotoservis və ticarət müəssisəsində sifarişlərin qəbuledicisi işində işləmişdir, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “İnam” avtodayanacaqların Bakı İcarə müəssisəsində avtomaşınların qəbuledicisi işində işləmişdir, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Sabunçu balıq ovu emalı zavodunda balıqçı fəhlə işində işləmişdir, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək Bakı balıq hisləmə zavodunda “Azərbalıq” ş/k “Nardaran” d/p balıq ovçularının briqadiri işində işləmişdir, xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək “Elmar-N” Kiçik müəssisəsində fəhlə işində işləmişdir, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək “Avtomotoservis və ticarət” ATSC-də ehtiyat dispetçer işində işləmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli cədvəldən müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 6910,50 manat pensiya kapitalı hesablanmış (22 il 7 ay iş stajına uyğun olaraq), xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2022-ci ilədək indeksləşdirilmiş məbləği 18363,01 manat, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində 919,81 manat pensiya kapitalı qeydə alınmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023 üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 ildir. İddiaçının xx.xx.2022-ci ildə 65 yaşı tamam olmuşdur. Qeyd olunan normalardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək (6 il, 8 ay, 3 gün) “Elmar-N” kiçik müəssisəsində işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, əmək kitabçasının doldurulma qaydası pozularaq iddiaçının həmin müəssisədən işdən çıxması barədə əmrin tarixi və nömrəsi göstərilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı xx.xx.1975-ci il tarixdən bir sıra müəsisələrdə işləyərək əmək fəaliyyəti ilə məşğul olmuş, əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir. Əmək kitabçasından iddiaçının xx.xx.1996-cı il tarixli 02 №-li əmrlə “Elmar- N” Kiçik müəsisədə fəhlə işinə qəbul edilməsi işin mübahisələndirilməyən halıdır. Eyni zamanda əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2002-ci ildə həmin işdən öz xahişi ilə azad edilmiş və işdən azad edildikdən bir gün sonra, yəni xx.xx.2002-ci il tarixdə yeni müəssisədə işə qəbul edilmişdir. Əmək kitabçasının doldurulmasına cavab verməli olan şəxs iddiaçı deyil, işəgötürəndir. İddiaçının həmin müəssisədən işdən çıxması barədə tarix (il, ay, gün) dəqiq göstərilmişdir. Əmək kitabçasında iddiaçının həmin işdən çıxması barədə əmrin nömrəsinin göstərilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Əmək kitabçasında olan bu qeyri-müəyyənlik iddiaçının əmək kitabçasına müdaxiləsi nəticəsində də (möhürlərdə, tarixlərdə, vəzifədə və ya əmrdə dəyişiklik, düzəliş, qaralama və s.) baş verməmişdir. Həmçinin həmin qeyddən əvvəl və sonra olan qeydlərdə də hər hansı müdaxilə və qeyri-müəyyənlik yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. Göründüyü kimi, hərbi xidmət dövrü (xx.xx.1977-xx.xx.1979), əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrü (xx.xx.1975-xx.xx.1977, xx.xx.1979-xx.xx.1984, xx.xx.1984-xx.xx.1989, xx.xx.1989-xx.xx.1992, xx.xx.1992-xx.xx.1992, xx.xx.1992xx.xx.1993, xx.xx.1995-xx.xx.1995, xx.xx.1996-xx.xx.2002, xx.xx.2002-xx.xx.2005) və xx.xx.2006-cı ildən sonra mdss haqqı ödənilən 01 il 04 ay daxil olmaqla iddiaçının ümumilikdə iş stajı 29 il, 03 ay, 03 gün təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, iddiaçının 65 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur və həmin tarixə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5993/2023 nömrəli 14 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar